“Xalq düşmənləri”nin həbs düşərgəsində işgəncə görən, zorlanan qadınları – “ALJİR” cəhənnəmi

04-02-2020 18:25
“Qadınlar üçün yerdə cəhənnəm”. Akmola düşərgəsini məhz belə adlandırıblar. İşgəncə tətbiqinə görə analoqu olmayan bu düşərgəyə xalq düşməni adı ilə güllələnlərin həyat yoldaşlarını sürgün ediblər. Düşərgədə cəza çəkən qadınlar öz aralarında cəhənnəmi xatırladan bu məkana qeyri-rəsmi “ALJİR” adası (Акмолинский лагерь жен изменников Родины) adını qoyublar. Düşərgə hazırda Qazaxıstanın paytaxtı olan Nur-Sultandan çox da uzaqda olmayan səhralığın ortasında salınıb.

Ətrafla tam təcrid olunan düşərgənin ərazisinə giriş yalnız “NKVD” başçısı Nikolay Yejovun imzası ilə olan xüsusi buraxılışla həyata keçirilib. Düşərgədə cəza çəkən qadınlar yaxın adamları ilə görüşmək, bağlama qəbul etmək, məktub göndərmək və almaq hüquqlarından məhrum olunublar.
Akmola düşərgəsi 15 avqust 1937-ci ildə “NKVD” başçısı Nikolay Yejovun imzaladığı 00486 nömrəli əmrə əsasən yaradılıb. Əmrə əsasən düşərgəyə güllələnmiş “xalq düşmənləri”nin həyat yoldaşları, xüsusi təqdimat olduqda isə onların anaları, bacıları və həddi-büluğa çatmış qızları sürgün ediliblər. Sürgünə göndərilənlərlə bağlı heç bir istintaq və məhkəmə işi aparılmayıb. Onların bütün əmlakları müsadirə olunub, mənzilləri möhürlənib. Sonradan həmin mənzillər başqalarına verilib.

Sürgünə göndərilən qadınların uşaqları əllərindən alınaraq adları, soyadları dəyişdirilib və onlar uşaq evlərinə veriliblər.
Akmola düşərgəsinə göndərilənlərin şəxsi işlərində iki bənddə aparılan qeydlər fərqli şriftlərlə qeyd olunub. Cinayət dərəcəsi - “xüsusi təhlükəli cinayətkar”, işə yararlığı - “ən ağır işlrin görülməsi üçün”.
Düşərgədə cəza çəkənlərin yaşam tərzi ağılasığmaz dərəcədə ağır olub. Gün ərzində ən azı iki-üç dəfə sıra baxışı keçirilib. Qış fəslində havanın temperaturunun mənfi 40 dərəcə olduğu halda sıra baxışına düzülmək üçün bir dəqiqə vaxt verilib. Verilmiş müddətdə sırada olmayanları cəza gözləyib. Elə buna görə də bəzən qadınlar sıraya gecikməmək üçün üst geyimlərini götürməyə imkan tapmayıblar. Belə vəziyyətlərdən nəzarətçilər zövq alıblar və sara qarşısındakı “leksiya”laranı bir az da uzadıblar.

Düşərgədə saxlanılan qadınlara düşərgədə nəzarət üçün saxlanılan itlərə verilən yemək verilib. Çox nadir hallarda onlara düşərgədə xidmət edənlər üçün kəsilmiş donuz və inəklərin ayaqları verilib ki, nə vaxtsa alim, narkom, həkim, müəllim, dövlət xadimlərinin arvadları üçün bu, sözün əsl mənasında bayram payı sayılıb.
Akmola düşərgəsində cəza müddəti 5 ildən 10 ilə qədər olub. Amma 1941-ci ildə müharibə başlananda cəza müddəti qeyri-müəyyən vaxta qədər uzadılıb. Yəni, cəza müddəti başa çatanlar bu cəhənnəm məkanından xilas ola bilməyiblər.
Düşərgədə çox sərt daxili rejim qaydaları hökm sürüb. Bu qaydaları pozanlara isə rejim qaydalarından da daha sərt cəzalar tətbiq edilib. Məsələn, qış fəslində, temperaturun mənfi 30-40 dərəcə olduğu bir vaxtda rejim qaydalarını pozan qadınların lüt şəkildə ərazidə 1 saat “gəzintisi” ən adi cəzalardan biri sayılıb. Yaxud, eyni vəziyyətdə olan qadının nəzarətçinin otağında yanan sobanın bir neçə santimetrliyində stula bağlayaraq yüksək temperatur verilməsi və sonra stul qarışıq həyətə buzun, qarın üstünə atılması da bu düşərgədə təəcüblü hadisə sayılmayıb.

Düşərgə əməkdaşları tərəfindən tez-tez təşkil edilən “yemək-içmək” məclislərindən sonra da qadınların vəziyyəti acınacaqlı olub. Hətta bəzi hallarda aclıqdan, qidasızlıqdan zəifləyən qadınlara qatqısız texniki spirt içirdilib və onların düşdüyü vəziyyət nəzarətçilər üçün əyləncəyə çevrilib. Belə məclislərin sonunda barakların qapıları düşərgə rəhbərliyi üçün açılıb, sərxoş rəislər qadın seçimi ediblər, istədikləri ilə məcburi cinsi əlaqəyə giriblər.
Yuyunmaq və paltar yumaq üçün gün ərzində qadınlara yalnız bir vedrə su verilib. Lap yaxınlıqda su mənbəyinin olmasına baxmayaraq əlavə sudan istifadə etmək ciddi qanun pozuntusu sayılıb.

Düşərgədəki qadınlara mənəvi əzab vermək üçün yerli “NKVD” orqanlarının əməkdaşları tez-tez görüşlər keçiriblər. Onlar qadınlara övladları haqqında məlumat veriblər, bildiriblər ki, uşaqlar valideynlərinə xalq düşməni kimi nifrət edirlər və heç vaxt onlarla görüşmələrini arzu etmirlər.
30 hektar ərazidə yerləşən düşərgədə ilk tikinti işlərini, barakları, tikiş sexlərini, inzibati və yardımçı otaqları ilk sürgünə göndərilən qadınlar tikiblər. Düşərgənin tikintisi üç növbədə aparılıb. Təkcə altı ay müddətindəki tikinti zamanı soyuqdan 98 nəfər qadın ölüb.

Akmola düşərgəsində mövcud olduğu illər ərzində 18 min qadın (bəzi versiyalara görə 26 min) cəza çəkib. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalininin həyat yoldaşı Yekaterina Kalinina, marşal Tuxaçevskinin bacısı Yelizaveta Tuxaçevskaya, yazıçı Qalina Serebryakova, Siyasi Büronun üzvü Nikolay Buxarinin həyat yoldaşı Anna Buxarina, aktrisa Tatyana Okunevskaya, tanınmış müğənni Lidiya Ruslanova və digər tanınmışlar uzun illər bu düşərgənin sakinləri olublar.
1938-ci ildən 1953-cü ilə qədər fəaliyyət göstərən Akmola düşərgəsinin üç rəisi olub, Aleksandr Bredixin, Sergey Barinov, Mixail Yuzipenko. Düşərgə sakinləri üçün Sergey Barinov az da olsa mərhəmətli rəis sayılıb.
Akmola düşərgəsinin fəaliyyəti 1953-cü ildən dayandırılsa da, 1958-ci ilə qədər bu düşərgədə cəza çəkən qadınlara Qazaxıstanı tərk etmək qadağan olub.

Akmola düşərgəsi ilə bağlı 2009-cu ildə bu düşərgədə cəza çəkən Lidiya Frnkelin rejissor nəvəsi Darya Violina “Biz yaşayacağıq” filmini və 2019-cu ildə 11 seriyalı “ALJİR” serialı çəkilib. Bununla yanaşı, düşərgə haqqında bir neçə kitab da işıq üzü görüb. Hazırda düşərgənin ərazisində muzey fəaliyyət göstərir, həmçinin ərazidə çox böyük xatirə kompleksi də yaradılıb.musavat.com
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 04-02-2020 18:25
Baxış sayı: 4555
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını