Bir qrup gəncin könüllülük fəaliyyəti uğurla başa çatıb

21-01-2020 20:08
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində iki aylıq könüllülük fəaliyyətini başa çatdıran bir qrup gəncə müvafiq sertifikat təqdim olunub. 
Dalidag.az Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizdə könüllülüyün milli dəyərlərimizdən qaynaqlandığını, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edildiyini vurğulayan sədr müavini qeyd edib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı olmaqla yanaşı, həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. 
Qaçqınlar və məcburi köçkünlərlə iş kimi həssas bir sahədə könüllü fəaliyyət göstərən gənclərin həm sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə gördüyü, həm də bu prosesin daha səmərəli təşkilinə öz töhfələrini verdiyi bildirilib. İki aylıq könüllülük fəaliyyəti dövründə gənclər komitənin struktur bölmələrində konkret tapşırıqlar yerinə yetirib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, öz biliklərini artırıb, qaçqın və məcburi köçkünlərlə iş təcrübəsi əldə ediblər. 
İki ay müddətində Dövlət Komitəsinin müxtəlif şöbələrində təcrübəli mütəxəssislərlə birlikdə  çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.  
Dövlət Komitəsində iki aylıq müddətdə könüllülük fəaliyyəti göstərən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi İdris Şirinli bu praktikanın gələcək karyerasında mühüm yer tutacağını qeyd edib: “İki aylıq müddətdə komitədə praktik olaraq biliklərə yiyələndim. Bu təcrübə bizə gələcək iş həyatımızda daha da uğur qazanmağımızda yardım olacaq”.  
Gənc könüllü, Bakı Dövlət Universitetinin məzunu Dəniz Mehdiyeva da iki aylıq təcrübə proqramının başa çatması münasibətilə öz minnətdarlığını bildirib: “Üzərimizdə əməyi olan, bizə vaxt ayıran, hər bir məsələdə bizə yardımçı olan bu cür gözəl və dəyərli kollektivə təşəkkür edirəm. Qısa zaman ərzində bizlərə çox şey öyrətdiniz”.  
Sonra könüllülərə sertifikat təqdim edilib, xatirə şəkli çəkdirilib. 
Qeyd edək ki, Dövlət Komitəsində könüllülər üçün təcrübə proqramı davamlı xarakter daşıyır. Hazırda komitədə 23 nəfər gənc könüllü fəaliyyət göstərir. 

Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 21-01-2020 20:08
Baxış sayı: 2545
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını