Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

22-04-2023 10:30

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, "Qarabağ" klubunun keçmiş futbolçusu və baş məşqçisi olmuş əfsanəvi komandir Allahverdi Bağırovun anadan olmasının 77 ili tamam olur.
Dalidag.az xəbər verir ki, Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub. O, orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından etibarən udmana böyük həvəs göstərən A.Bağırov məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda iştrirak edib və Ağdamın qələbə qazanmasında rolu olub.
O, həm də Ağdamın "Qarabağ" futbol klubunun şərəfini qoruyub. 1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda "Ağdam"-"Cəbrayıl" oynunda, "Ağdam" klubunun kapitanı olib. 1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub. Keçmiş futbolçu Müşfiq Hüseynov Allahverdi Bağırov haqqında bunu deyib:
"İlk məşqçim, rəhmətlik milli qəhrəman Allahverdi Bağırov olub. Allahverdi müəllim futboldan öncə bizə dürüst olmağı öyrətmişdi. Bizim həyata müstəqil olaraq atılmağımızda rəhmətliyin böyük əməyi olub. Həqiqətən də o, futbolçulara gözəl bir örnək idi".
O, 1991-ci ildə "Qarabağ" və "Neftçi" veteranları arasında keçirilən oyunda iştirak etmişdi. 1:1 başa çatan qarşılaşmada Ağdam klubunun qolunu Allahverdi Bağırov vurub. 1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi.
760 nəfərlik olan batalyon "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib.
Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı və batalyona rəhbərlik edirdi. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülüb.
Allahverdi Bağırovun ən böyük hərbi uğurlarından biri də 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olub. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 düşmən əsgərini əsir götürüb. Onun Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Bağırov üç gün ərzində 1003 Xocalı girovunu ermənilərin əlindən xilas edib. 1992-ci ilin 12 iyunda təcili iş üçün geri, Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın geri qayıdarkən minaya düşüb. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə şəhid olub.
Tankçı Sevil Abbasovanın sözlərinə görə, oni ancaq sənədlərindən tanımaq mümkün olub. Bağırov şəhid olanda Bakıdakı Şəhidlər Xiyabanında ona məzar yeri hazırlanıb. Lakin o, müəyyən səbəblərə görə qardaşı Eldar Bağırovun yanında -Ağdam rayon Şəhidlər Xiyabanında dəfn edilib. Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub. 2014-cü ilin fevralın 25-də Binəqədi rayonu Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılıb. Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırov "Qızıl Ulduz" medalı ilə təltif olunub.
1993-cü ildə işğal edilmiş Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də işğaldan azad olunub. Elə həmin ay Milli Qəhrəmanın övladları Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova 28 ildən sonra ilk dəfə atalarının məzarını ziyarət ediblər.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 22-04-2023 10:30
Baxış sayı: 4170
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını