Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib -ŞƏKİLLƏR

28-12-2019 21:23
Bu gün Kürdəmir rayonu ərazisində  məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə,  yeni kompleksdəki mənzillərə köçürüləcək məcburi köçkünlər iştirak ediblər. 

Prezident İlham Əliyevin tapşırığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində məcburi köçkünlərin inşası başa çatdırılmış yaşayış komplekslərində və qəsəbələrdə yerləşdirilməsinə başlanıldığını bildirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində məqsədyönlü, ardıcıl iş aparıldığını bildirib. Qeyd olunub ki, məcburi köçkünlərə dövlət qayğısı kompleks xarakter daşıyır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, məşğulluğunun artırılmasını, sosial müdafiəsinin gücləndirilməsini,  sağlamlığının qorunmasını, təhsilini, mədəni inkişafını əhatə edir. Bu il inşası başa çatdırlan yeni yaşayış sahələrinin 5 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraitini  əsaslı şəkildə yaxşılaşdıracağı, hazırda tikintisi davam etdirlən və gələn il salınacaq qəsəbələrdə isə 7 minədək ailəyə mənzil verilməsinin mümkün olacağı diqqətə çatdırılıb. 
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərə yeni mənzilllərin birinci növbədə verilməsi barədə tapşırığının paytaxtla yanaşı, bölgələrdə də icra edildiyi bildirilib. Qeyd edilib ki, bir gün əvvəl Şirvan şəhərində istifadəyə verilən qəsəbədə olduğu kimi, Kürdəmirdəki qəsəbədə də ətraf rayonlarda müvəqqəti məskunlaşmış, ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələrə mənzillər təklif olunacaqdır. 
Rövşən Rzayev məcburi köçkünləri birliyimizin və həmrəyliyimizin rəmzi olan əlamətdar gün və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib, onlara yeni mənzillərdə xoşbəxtlik, səadət arzulayıb. Belə bir inam vurğulanıb ki, dövlətimizin başçısının apardığı qətiyyətli siyasət tezliklə Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə nəticələnəcəkdir.  
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək, məcburi köçkünləri təbrik edib, hər bir ailəyə yeni mənzildə xoş günlər arzulayıb, onların müraciətlərinə bundan sonra da yerli orqanların hər zaman diqqət və həssaslıq göstərəcəyini bildirib. 
Sonra yeni kompelksdə mənzillə təmin ediləcək məcburi köçkünlərin bir qrupu arasında püşkatma keçirilib. Püşkatmada iştirak edən ailələr bəxtlərinə hansı bina və mənzil düşəcəyini müəyyənləşdiriblər.         
Kürdəmir rayonu ərazisində zəruri sosial-texniki infrastrukturu olan kompleksin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə 
tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 108-ci qəsəbədir. 
Yeni yaşayış məhəlləsi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 3 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin may ayında başlanılıb.  
Yeni yaşayış kompleksində hər biri 4 mərtəbəli olmaqla 17 yaşayış binası inşa edilib. Kompleksə daxil olan mənzillərdən 44-ü birotaqlı, 236-ı ikiotaqlı, 228-i üçotaqlı, 56-ı dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 432 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası və həkim məntəqəsi tikilib, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.  
Bu kompleksə Kürdəmir rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.  
Kompleksin elektrik təchizatını təmin etmək məqsədi ilə “Kürdəmir” yarımstansiyasında yenidənqurma işləri aparılıb, 1.2 km uzunluğunda iki dövrəli elektrik veriliş xətti çəkilib. Bundan əlavə, kompleksin ərazisində 1 ədəd transformator məntəqəsi tikilib və 2 ədəd transformator quraşdırılıb. Sahədaxili elektrik təchizatı üzrə 18.52 km  uzunluğunda kabel xətləri çəkilib və kompleksin ərazisinin işıqlandırılması təmin edilib. 
İçməli su təchizatını təmin etmək üçün 0,366 km uzunluğunda boru kəməri çəkilib, 2 ədəd (içməli su) su anbarı, 2 ədəd yanğın su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Ərazidə 3,43 km sahədaxili içməli və yanğın su şəbəkəsi tikilib və 10 ədəd yanğın hidrantları quraşdırılıb. Sahədaxili 1,717 km və xarici 1,026 km kanalizasiya şəbəkəsi qurulub. 1 ədəd çirkab su təmizləyici qurğu və 1 ədəd kanalizasiya naosxanası quraşdırılıb. Ərazidə 2 km uzunluğunda qapalı drenaj şəbəkəsi tikilib. 
Yaşılaşdırma sahələrinin suvarılması üçün 1 ədəd su anbarı, nasosxana tikilib, 2,8 km sahədaxili suvarma şəbəkəsi çəkilib və 68 ədəd suvarma kranları quraşdırılıb. 
Qaz təchizatını təmin etmək məqsədi ilə 31,529 km uzunluğunda xətt çəkilib, məhəllədə 9 ədəd şkaf tipli qaz tənzimləyici məntəqə quraşdırılıb, yaşayış məhəlləsində dayaqlar üzərində 3,23 km uzunluğunda qaz xəttləri çəkilib. 
Sosial təyinatlı obyektlərin istilik təchizatı üçün müxtəlif diametrli polad borulardan 0,816 km uzunluğunda istilik xətləri çəkilib. Mənzillərin qızdırılması və isti su üçün mənzillərdə 564 ədəd kombi tipli su qızdırıcıları quraşdırılıb. 
Ərazidə 2,86 km xarici rabitə xətti, 4,76 km məhəllədaxili rabitə və videomüşahidə xəttləri olmaqla cəmi 7,62 km rabitə xətti çəkilib. 
Kompleksdə abadlıq işləri görülüb, məhəlləyə 0,053 km uzunluğunda asfalt beton örtüklü giriş yolu, 3,78 km uzunluğunda  məhəllədaxili yollar tikilib, 15 ədəd sanitariya-təmizləmə meydançası tikilib və 3,2 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb.

Dalidag.az



















Kateqoriya: Sosium
Tarix: 28-12-2019 21:23
Baxış sayı: 2919
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını