Reklam
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri Nəsib bəy Yusifbəylinin doğum günüdür
05-07-2020 13:02
1918-ci ildə Azərbaycan Cümhuriyyətinin və Azərbaycanın müstəqilliyinin təməl daşını qoyanlardan biri də görkəmli ictimai və dövlət xadimi Nəsibbəy Yusifbəyli idi. Nəsibbəy Yusif oğlu Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində anadan olmuşdur. Öz doğma şəhərində klassik gimnaziyanı bitirən Nəsibbəy 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olur. Birinci rus inqilabı ərəfəsində Odessa tələbələrinin siyasi tətillərində digər azərbaycanlı tələbələrlə birlikdə Nəsibbəy də fəal iştirak etmişdir.
1907-ci ildə tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar hökuməti Odessa universitetini müvəqqəti bağlayır. Nəsibbəy Krımın Bağçasaray şəhərinə gedərək, İsmayılbəy Qasprinskinin nəşr etdiyi «Tərcüman» qəzetində əməkdaşlıq etmiş və məqalələr dərc etdirmişdir. Həmin vaxt o, İsmayıl bəyin qızı Şəfiqə Soltan xanımla evlənərək bir müddət Bağçasarayda yaşamışdır. Burada o, Krım tatarlarının ədəbi-mədəni həyatında fəal iştirak edir və teatr həvəskarları tərəfindən tamaşaya qoyulan Ə.B.Haqverdiyevin «Dağılan tifaq» əsərində Nəcəfbəy rolunda çıxış edir. Ehtiyac üzündən təhsilini başa çatdıra bilməyən Nəsibbəy 1908-ci ildə çar xəfiyyələrinin təqiblərindən yaxa qurtarmaq üçün bir müddət Türkiyəyə mühacirət etməyə məcbur olur. 1909-cu ildə isə o, yenidən Gəncəyə qayıdır. Burada şəhər bələdiyyə idarəsində fəaliyyət göstərən Nəsibbəy xidməti işlər üçün tez-tez Bakıya gəlir, hər gələndə də o, «Açıq söz» qəzeti redaksiyasına gedərək onun redaktoru, dövrünün görkəmli ictimai xadimi M.Ə.Rəsulzadə ilə görüşür. Sonralar M.Ə.Rəsulzadə Nəsibbəy Yusifbəyli haqqındakı məqaləsində yazırdı ki, «Daha ilk görüşümüzdə rəhmətliklə aramızda özündən ayrıldığımız son may 1920-ci ilədək zərrə qədər xələldar olmayan bir səmimiyyətlə davam edən dostluq təsis etmişdi. Bu dostluq o qədər mətin bağlarla, bir görüşmədə başlayan şey şübhəsiz, müştərək bir səyə, müştərək bir ruh daşıdığımızı mütəğabilən kəşf edişimiz idi».
1917-ci il fevral burjua inqilabından sonra Nəsibbəy Yusifbəylinin rəhbərliyi ilə həmin ilin mart ayıfnda Gəncədə «Türk ədəmi-mərkəziyyət partiyası» yaradılır. Bu partiya Rusiyanı federativ şəkildə qurmaq və Azərbaycana muxtariyyat verməyi tələb edirdi. Bu fikri Nəsibbəy 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayındakı çıxışında da qəti şəkildə qoyur. O göstərir ki, bu vəzifəni yerinə yetirmək üçün mövcud olan bütün qüvvələri bu və ya digər şəkildə birləşdirməliyik. Həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanlarının qurultayında da Nəsibbəy Yusifbəyli fəal iştirak edir.
M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi «Müsəlman demokratik müsavat partiyası» ilə Nəsibbəy Yusifbəylinin rəhbərlik etdiyi «Türk ədəmi-mərkəziyyət partiyası» birləşərək «Türk federalist müsavat partiyası» adını alır. İyun ayında həyata keçirilən bu tədbir həmin il partiyanın oktyabr ayının 26-31-də keçirilən I qurultayında rəsmiləşdirilir. Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən qurultay Rusiyanın gələcək dövlət quruluşunu «milli ərazi muxtariyyatı əsasında federativ demokratik respublika formasında olmasını» nəzərdə tutan proqramını qəbul edir. Qurultayın hazırlanması və keçirilməsində fəal iştirak edən və onun proqramının nəzəri məsələlərini hazırlayanlardan biri də Nəsibbəy Yusifbəyli idi. Nəsibbəy qurultay tərəfindən seçilən müsavat partiyasının Mərkəzi Komitəsinə daxil olur və partiyanın Gəncə şöbəsinə rəhbərlik edir.
Rusiya Müəssislər Məclisinə nümayəndə seçilən, lakin Oktyabr inqilabının qələbəsi nəticəsində Petroqrada gedə bilməyən Nəsibbəy Yusifbəyli Zaqafqaziyada qanunverilicillik orqanı olan Zaqafqaziya seyminin yaradılmasında fəal iştirak edir. 1918-ci il aprelin 22-də Zaqafqaziya Demokratik Federativ Respublikası elan olunur. Aprelin 26-da təşkil olunan Zaqafqaziyanın yeni hökumətində N.Yusifbəyli maarif naziri vəzifəsini tutur.
Lakin Zaqafqaziya Federasiyasının yaradılması bu əraziyə heç bir yenilik gətirmir. Zaqafqaziyada vəziyyət mürəkkəb olaraq qalırdı. Belə bir şəraitdə a türklərlə danışıq aparmaq üçün Batuma gedən nümayəndə heyəti qarşısında çıxış edən Nəsibbəy Yusifbəyli demişdir ki, biz ölkəmizin daxili və xarici vəziyyətini dərindən götür-qoy etməliyik. Biz daxili vəziyyətimizi nəzərə alaraq dost Türkiyəyə müraciət etməliyik. Ola bilsin ki, bu qonşularımızın xoşuna gəlməyəcək. Lakin bizim başqa çıxış yolumuz yoxdur. Kürdəmir hadisələri zamanı Tiflis silah cəbbəxanasından bizə silah verən dost gürcü xalqının xeyirxah niyyətlərini qeyd etməmək olmaz. Ancaq xatir üçün xəstə düşə bilmərik». Biz Batuma gedib Türkiyə hökumətindən kömək istəməliyik. Nəsibbəy axırda xəbərdarlıq edirdi ki, «bütün bunlarla bərabər heç vaxt müstəqil Azərbaycanın sərbəst yaşaması ideyası da nəzər-diqqətdən yayınmamalıdır».
1918-ci il may ayının 26-da Zaqafqaziya seyminin son iclası keçirilir. Gürcüstan öz müsiəqilliyini elan edir. Mayın 27-də isə Seymin azərbaycanlı nümayəndələrinin fovqəladə iclası keçirilir. İclas Azərbaycan Milli Şurasını yaradır. Nəsibbəy Milli Şuranın rəyasət heyətinə üzv seçilir. Milli Şura Azərbaycanın istiqlaliyyətini elan edir və bitərəf Fətəlixan Xoyskiyə Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətini təşkil etməyi tapşırır. F.Xoyskinin təşkil etdiyi yeni hökumətdə N.Yusifbəyli Maliyyə və Xalq Maarif Naziri vəzifələrini tutur.
Sonralar F.Xoyskinin təşkil etdiyi ikinci və üçüncü hökumət kabinetlərində də xalq maarif naziri vəzifəsini Nəsibbəy icra edir.
Nəsibbəy Yusifbəylinin başçılıq etdiyi Azərbaycan Xalq Maarif Naziriliyi öz fəaliyyətinə Xalq Cümhuriyyəti yaranana qədər Azərbaycanda xalq maarifinin vəziyyətini öyrənmək və onu yaxşılaşdırmaq üçün konkret təkliflər planı hazırlamaq işindən başlayır. Xalq maarifi sahəsində həyata keçiriləcək istahatlara dair təkliflər baxılmaq üçün hökumətə təqdim edilir.
Nəsibbəy Yusifbəylinin rəhbərliyi ilə hazırlanmış xalq maarifi işi sahəsindəki islahatların məqsədi bu iş üçün sərf olunacaq xərclərə maksimum qənaət etməklə qısa müddətdə xalq maarifi işini sürətlə inkişaf etdirmək idi.
Xalq cümhuriyyəti hökumətinin maarif işi sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. Bu vəzifəni həyata keçirmək üçün başlıca yol təhsil işini tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək idi. Xalq təhsilini milli zəminlər üzərində qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə də böyük ehtiyac var idi.
Xalq maarif naziri Nəsibbəy Yusifbəylinin təqdimatı ilə 1918-ci il avqustun 28-də Azərbaycan hökuməti məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul edir. Həmin il sentyabrın 7-də və noyabrın 13-də Xalq Maarif Nazirliyinin təqdimatı ilə Azərbaycan hökuməti xalq təhsili haqqındakı əvvəlki qərarına əlavələr edir. Bu qərarlara görə azərbaycan dili ölkə ərazisindəki bütün məktəblərdə məcburi fənn kimi tədris olunmalı idi.
Azərbaycan Cümhuriyyətinin Xalq Maarif Naziri N.Yusifbəyli 1918-ci il dekabrın 31-də Azərbaycan qubernatorlarına yazdığı məktubunda bildirirdi ki, indi respublikamızda maarif işi sahəsində qarşıda böyük və çətin vəzifələr durur. Nazirlik bütün qüvvələri səfərbər edir ki, mümkün qədər qısa müddətdə respublikada yeni məktəblər açılsın, müəllimlər hazırlayan kurslar təşkil etməklə maarif işi sahəsində ölkəni qısa vaxtda lazımi səviyyəyə qaldıra bilən kadrlar hazırlansın. O, öz məktubunda daha sonra göstərirdi ki, müasir zəmanəmizdə yalnız yüksək maarifli xalqların yaşamağa haqqı vardır. Ona görə də Azərbaycanın bütün quberniya və qəzalarında xalq maarifi işinə ciddi fikir verilməlidir.
Məhz Xalq Maarif Nazirliyinin ciddi səyləri nəticəsində 1919-cu ilin əvvəllərində artıq Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbləri fəaliyyət göstərirdi.
1919-cu ilin martında Fətəlixan Xoyskinin başçılıq etdiyi nazirlər kabineti istefa verir. Yeni kabinetin təşkili Nəsibbəy Yusifbəyliyə tapşırılır və aprelin 14-də o, özünün yeni hökumətinin tərkibini elan edir. Burada Nəsibbəy baş nazir vəzifəsi ilə yanaşı daxili işlər naziri vəzifəsini də tutur.
Öz hökumətinin daxili və xarici siyasət məsələləri haqqında parlamentdə hökumət proqramı ilə çıxış edən Nəsibbəy elan edir ki, xarici siyasət sahəsində onun hökumətinin başlıca məqsədi böyük dövlətlər tərəfindən Azərbaycanın istiqlaliyyətinin tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə olacaqdır.
Daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və s. azadlıqların təmin olunması, fəhlələrin həyati tələblərini təmin etməklə onlara əmək azadlığı vermək, kəndlilərin torpaqla təmin olunmasını isə hökumət özünün başlıca vəzifəsi hesab edir. Milli məsələdən bəhs edən N.Yusifbəyli qeyd edir ki, hökumət özündən asılı bütün qüvvəsini sərf edəcək ki, Azərbaycan burada yaşayan bütün millətlərin sevimli vətəni olsun.
N.Yusifbəylinin təşkil etdiyi hökumət bu dövrdə Denikin konüllülərinin xaricdən və bolşeviklərin isə daxildən törətdikləri təhlükələrlə qarşılaşır. Beləki 1919-cu il may ayının 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı fəhlə konfransı tərəfindən hazırlanan tətil şəhəri bürüyür. Hətta iş o yerə çatır ki, Azərbaycan Cümhuriyyəti Parlamenti həmin gün keçirdiyi iclasda başqa məsələlərin müzakirəsini dayandıraraq Bakıda keçirilən fəhlə tətili haqqında məsələni müzakirə etməli olur. Özüdə tətil guya iqtisadi tətil idi. Əslində isə çıxış edən parlament üzvləri bildirirlər ki, tətili təşkil edənlər onun iqtisadi tətil olduğunu qeyd etsələr də əslində onların məqsədlərinin nədən ibarət olduğu aydındır. Bu məsələni ilə bağlı hökumət məlumatı ilə çıxış edən Cümhuriyyət Hökumətinin Sədri və Daxili İşlər Naziri N.Yusifbəliy deyir: «Bu tətilin iqtisadi deyil, siyasi olduğunu güman edirəm bilməyən yoxdur. Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdirmək istəyən adamların özləri də inkar etmirlər. Onlar öz məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən Azərbaycanda da onlar onu Rusiyanın bir parçası hesab edirlər Sovdep (deputatlar Sovetləri – A.P.) Şura Hökuməti təşkil edək». Sonra öz nitqinə davam edən natiq qeyd edir ki, «onlar hər vasitə ilə Azərbaycanı Rusiyaya ilhaq etmək istəyirlər». Belələrinə xəbərdarlıq edən Nəsibbəy bildirir ki, «Lazım gələrsə və çox inad edilərsə ətrafdan gələrək burada Sovdep lehinə işləmək istəyənlərə təklif olunacaq ki, gedib öz sovdeplərində əyləşib işləsinlər».
Bu vaxt elə bir ərəfə idi ki, 1919-cu ilin mayında Şimali Qafqaz və Dağıstanı tutan Denikin orduları Zaqafqaziyanı xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoyur. Mayın axırlarında Bakıda xəbər yayılır ki, Denikin orduları Azərbaycan Cümihuriyyətinin hüdudlarına qədər gəlib çıxıblar. Hətta guya Qubaya yürüşə də hazırlaşırlar. Belə bir şəraitdə xalq böyük təşviş və həyacan hissi keçirir.
1919-cu il may ayının 26-da Azərbaycan Cümhuriyyəti Parlamentinin 41-ci iclasında «Müsavat» fraksiyasının parlamentə ünvanladığı suala cavab vermək üçün hökumət sədrinin iclasa dəvəti təklif olunur. «Müsavat» fraksiyasının sualında soruşulurdu: «Denikin ordusunun Petrovsk (Mahaç-qala – A.P.) ilə Dərbəndi işğal etdiyi hökumətə məlumdurmu? Məlum olduğu təqdirdə Azərbaycanın istiqlalını təhdid edən bu hadisəyə hökumət nə nəzərlə baxır və bu xüsusda nə kimi tədbirlər görülməlidir?».
Parlamentə dəvət edilmiş hökumətin sədri N.Yusifbəyli bu barədə geniş məlumat verərək bildirir ki, verilən «suala cavab verməzdən əvvəl Sizə ərz edirəm ki, bizim hüdudlarımızı heç kəs keçməmişdir. Və ancaq meyitlərimiz üzərindən keçə bilərlər».
Sonra o, nitqinə davam edərək bildirir ki, ingilis hökuməti nümayəndələri həmişə bizə söz vermişlər ki, könüllü ordu əsgərləri Azərbaycanın hüdudlarını keçməyəcəkdir. Nəsibbəy bu məsələ ilə bağlı yenicə ingilis generalı D.Şatelvorq ilə görüşdüyünü və general bu məsələ barədə ingilis əsgəri qüvvələrinin fikirlərinin dəyişmədiyini bildirmişdir. Beləki könüllü ordu Petrovskdən bu tərəfə keçməməlidir. Eşalonun Yalamaya qədər gəlməsinə kiminsə icazə verdiyindən onun xəbəri yoxdur.
N.Yusifbəyli Parlamentə məlumat verir ki, ingilis nümayəndəliyinə etiraz edərək bildirdim ki, «Biz bu vədlərdən artıq doymuşuq. Bundan belə biz özümüzə güvənəcəyik. Və lazım gələrsə bir nəfər kimi hürriyyət və istiqlalımızı müdafiəyə qalxacağıq (ümumi alqış). Kim olursa olsun dünyanın böyük və qüvvətli dövləti də olursa-olsun, qarşısına çıxıb müdafiə edəcəyiz (alqış). Əlbəttə ingilislərin mənim sözümə ayrı cavabları olmazdı. İngilis komandanlığı dedi ki, «Bu sözlərə haqqınız var. Vətəni müdafiə etmək vəzifənizdir».
Nəsibbəy həm də məlumat verir ki, İngilis komandanlığı yanında Denikinin nümayəndəsi polkovnik Lazarev isə bir neçə gün əvvəl mənə məktubla bildirmişdir ki, «Cənubi Rusiya könüllü ordusu Azərbaycana qarşı heç bir təcavüzkar hərəkətdə bulunmaq fikrində deyil. Əksinə Azərbaycanın istiqlalını münasib görür və onu tanıyır».
N.Yusifbəylinin məlumatından sonra parlamentin sosialist fraksiyasından İbrahim Əbilov, «Əhrar» fraksiyasından Muxtar Əfəndizadə, «Musavat» fraksiyasından M.Ə.Rəsulzadə çıxış edərək bütün qüvvələri Denikinlə mübarizəyə yönəltməyə çağırırlar.
Parlamentin bu münasibətlə qəbul etdiyi qərarda isə oxuyuruq: «Konüllü ordunun Azərbaycan hüdudlarında dayanması Azərbaycan xalqının canına qəsd, inqilabın səmərələrini məhv edəcəyindən, bizim Cümhuriyyətimiz üçün böyük bir təhlükə kəsb etdiyindən Azərbaycan Məclisi-Məbusanı elan edir ki, Azərbaycan xalqının elan etmiş və [bir] sənə mütəmadiyyən müdafiə etdiyi istiqlaliyyətini bütün xalq bir nəfər kimi əldə silah olaraq indidə əksinqilabçı könüllü ordusu tərəfindən qəti və şiddətli müdafiə olunacağını elan edir».
Maraqlıdır ki, iyunun 5-də keçirilən Parlamentin 45-ci iclasında təkrarən Denikin könüllü orduları ilə bağlı məsələ müzakirə olunur. Hökumətin sədri N.Yusifbəyli ölkənin hazırkı vəziyyətinə dair məlumat verərək bildirir ki, «Möhtərəm məbuslar! Bir neçə gün bundan əvvəl sizə ərz elədim ki, Denikin nümayəndəsinin tərəfindən kağız aldıq. Gördünüz ki, rəsmi kağızda istiqlalımızı tanıyırlar. Ancaq nə mən oxuyan zaman, nə də siz eşitdiyiniz zaman buna etibar etmədiniz. O kağız ki, yazılmışdır onun mürəkkəbi qurumamış bir kağız da gəldi ki, hüzurunuza ərz etmək istəyirəm.
Oxuyur: «Azərbaycan Cümhuriyyətinin Heyəti – Vükalə Rəisinə. Surəti: İngiltərə komandanlığına və Qroznı-Petrovsk qrupu komandanlığına.
Məsələnin gələcəkdə Rusiyada təşkil olunacaq Ali hakimiyyət tərəfindən həllinə qədər Azərbaycanın istiqlalını münasib görür və tanıyırıq. Polkovnik Lazarev».
Bu məsələ ətrafında M.Ə.Rəsulzadə, Ə.C.Pepinov, S.Ağamalı oğlu, Əsədulla Əhmədzadə, Abdulla bəy Əfəndizadə, Q.Qarabəyov, A.Malaxazyan, V.Bakaradze çıxış edirlər. Bütün natiqlər bir məsələni vurğulayırlar ki, partiya və fraksiya mənsubiyyətindən asılı olmayaraq parlamentin üzvləri və xalq bütün qüvvələrini Denikin ordularına qarşı mübarizəyə yönəltmişdir. Onu qeyd etmək yerinə düşərdi ki, Cümhuriyyətin hakimiyyəti illərində – yalnız bu hadisə ilə bağlı iyun ayında «Müsavat» partiyası ilə Sosialistlər bloku birlikdə Bakıda izdihamlı mitinq-yürüş təşkil etmişdilər.
Denikin təhlükəsi ilə bağlı Parlament belə bir qərar qəbul edir ki, mövcud hökumət daxilində bir heyət seçilsin və həmin heyət ölkənin müdafiəsini təşkil etsin. Belə bir heyət isə 5 nəfərdən ibarət «Dövlət Müdafiə Komitəsi» oldu. Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında Azərbaycan Cümhuriyyəti hökuməti 1919-cu il iyun ayının 9-da xüsusi qərar qəbul edir. Qərarda göstərilirdi:
«1. Dövlətin Müdafiəsi üçün yaradılan xüsusi orqan – Dövlət Müdafiə Komitəsi adlandırılsın.
2. Dövlət Müdafiə Komtəsi 5 nəfər üzvdən ibarət müəyyən edilsin. Komitəyə – Nazirlər Şurasının sədri, Hərbi Nazir, Yollar Naziri, Xarici İşlər Naziri və Ədliyyə Naziri daxil edilsinlər».
1919-cu il iyun ayının 11-də isə Dövlət Müdafiə Komtitəsi fövqəladə vəziyyət dövrünə uyğun olaraq məcburi qərar qəbul edir. Həmin qərarla Azərbaycan Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan olunur. Habelə qərarda hərbi vəziyyət dövrü üçün tətbiq olunacaq tədbirlər də sadalanır.
Elə həmin gün ölkədə Dövlət Müdafiə Komitəsinə tabe olan Əksinqilab ilə Mübarizə təşkilatı da yaradılır.
1919-cu ilin avqustunda ingilislər Azərbaycanı tərk edirlər. Azərbaycan hökumətinin bütün cidd-cəhdlərinə baxmayaraq onlar öz donanma gəmilərinin bir hissəsini Azərbaycana deyil, Denikinə verirlər. Bununla bağlı 1919-cu il avqustun 28-də keçirilən Parlament iclasında «Sosialistlər» fraksiyası hökumətə sorğu verir və həmin iclasda bu barədə çıxış edən sosialistlər Əhməd Cövdət Pepinova cavab verən baş nazir Nəsibbəy Yusifbəyli deyir ki, burada sosialistlərin qaldırdığı məsələlər haqqında düşünəndə görürük ki, «Əhmədbəy iki cür arşın qollayır. Birisi Denikin, ikincisi bolşevik. Birinci məsələyə gələndə Denikinin Bakıda qərargahı var, rəsmi möhürləri var. Millətə (rus milləti nəzərdə tutulur – A.P.) işləyir deyir. Fəqət bolşeviklərdən bəhs olunanda deyirlər ki, xeyr, onlara toxunmaq olmaz. Hürriyyəti-vicdan var, hürriyyəti-kəlam var… Məlumunuzdur ki, cəmiyyətimiz arasında bolşevizmin artmasına çalışanlar və hökuməti yıxmaq istəyənlər də vardır. Bolşevikləri buraya dəvət edəlim deyənlər də var, hətta bizim içimizdə də var. Onun üçün mən yenə təkrar edirəm ki, bolşevizm bizim üçün bir təhlükədir, bəlkə də böyük təhlükədir».
Öz nitqində Nəsibbəy Yusifbəyli bildirir ki, Əhməd əfəndi bir tərəfə tam sərbəstlik vermək istədiyi halda, digər tərəfi boğmaq istəyir. Lakin hər şeyin bir həddi var. İstər bolşevik olsun, istər menşevik olsun, istər Denikin tərəfdarı olsun, hüdudu keçərsə, onun hərəkəti bizim tərzi-idarəyə sədəmə vurarsa, onu orada dayandıraram.
Sonra o, deyir: «Mən heç görmədim ki, Əhməd əfəndi bir kərə də olsun hətta ədalətsiz olaraq tutduğum Denikin adamlarından birinin xilası üçün xahişə gəlsin. Lakin hətta tam ədalətli şəkildə də olsa elə bir bolşevik tutmadım ki, Əhməd əfəndi onun xilası üçün xahişə gəlməsin».
1919-cu ilin dekabrında özünün ikinci hökumətini təşkil edən Nəsibbəy 1920-ci il martın axırına qədər bu hökumətə başçılıq etmişdir. Nəsibbəy Baş Nazir olduğu vaxt xalqımızın tarixində ən böyük hadisə 1920-ci il yanvarın 11-də böyük dövlətlər tərəfindən Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması olur. Bu münasibətlə 1920-ci il yanvar ayının 14-də Cümhuriyyət hökumətinin sədri N.Yusifbəyli Azərbaycan xalqına müraciət edir. Müraciətdə belə bir ələmətdar gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edən N.Yusifbəyli yazırdı: «Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə Azərbaycanın müstəqilliyi tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tam hüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlanır. Hökumət inanır ki, bütün vətəndaşlar yenidən hər hansı bir maniə və təhlükə yaranarsa belə, azad və müstəqil Vətənin xoşbəxtliyini təmin etmək üçün birləşəcəklər. Yaşasın Mustəqil Azərbaycan Xalqı !»
N.Yusifbəyli hökumət kabinələri dövründə Bakı Dövlət Universiteti açılır, müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərilir, torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq 1920-ci ilin fevralında xalqın müzakirəsinə verilir, savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açılır. İbtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanır və s.
N.Yusifbəyli hökumətinin son qərarlarından biri də 1920-ci il yanvarın 30-da hərbi ordenlərin, Milli himnin, dövlət gerbi və möhürün layihələrinin hazırlanması barədəki qərar idi. Bu qərar ilə Hərbi Nazirə tapşırılırdı ki, ordenlərin layihələrinin hər biri üçün 25 min manat mükafat olmaqla konkurs elan etsin. Konkursda iştirak edənlərə tapşırılsın ki, ordenlərin layihələrində Azərbaycanın müstəqilliyi simvolu öz əksini tapmalıdır.
Xalq Maarif Nazirliyinə isə Milli himn, dövlət gerbi və möhürü barədə konkurs elan etmək tapşırılır. Himn üçün 50 min manat, dövlət gerbi və möhürünün hər biri üçün isə 25 min manat mükafat müəyyən edilir. Konkurslar elan olunmuş, lakin XI Ordunun Azərbaycanı işğal etməsi bu işi başa çatdırmağa imkan verməmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz planlarını axıra qədər yerinə yetirə bilmədi. 1920-ci ilin əvvəllərində Şimali Qafqazda və Dağıstanda Denikin ordularını məğlub edən Sovet Rusiyasının Orduları Zaqafqaziyanı, ilk növbədə isə Azərbaycanı, xüsusilə Bakını təhlükə altına alır. Sovet Rusiyası ilə diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası Azərbaycanın öz daxilində də bolşeviklər vasitəsilə ilə bu işə hazırlıq görürdü. Bunun nəticəsi idi ki, 1920-ci il mart ayının axırlarında N.Yusifbəylinin ikinci hökuməti istefa verməyə məcbur olur. Hökumət böhranı yaranır. Yeni hökumətin təşkili M.H.Hacınskiyə tapşırılır. Onun Azərbaycan Parlamentindəki fraksiyalarla apardığı danışıqlar bir səmərə vermir. Xüsusilə kəskin fikir ayrılıqları «Müsavat» fraksiyası ilə sosialist fraksiyası arasında gedirdi. Solsialistlər yeni hökumətdə əsas aparıcı nazirliklərin – hərbi, xarici və daxili işlər nazirliklərinin portfellərini tələb edirdilər. «Müsavat» partiyası isə M.H.Hacınskiyə yeni kabinetin təşkililində sərbəst hərəkət etməyə imkan vermirdi. Digər tərəfdən isə bolşeviklərlə gizli şəkildə görüşən M.H.Hacınski özüdə yeni hökumət yaratmaq işinin təşkilinə təşəbbüs göstərmirdi.
Azərbaycan ordusu isə martın axırlarında, belə bir vaxtda Qarabağda ermənilərin qaldırdıqları qiyamı yatırmaqla məşğul idi. Bütün bu şəraitdən istifadə edən XI Qızıl Ordu 1920-ci il aprelin 27-də Azərbaycanın sərhədlərini keçərək Bakıya doğru hərəkət edir. Elə həmin gün yaranmış siyasi vəziyyəti müzakirə edən Azərbaycan Parlamenti hakimiyyəti qan tökülmədən bolşeviklərə təslim edir. Hakimiyyəti təslim edərkən Azərbaycan parlamentinin tələblərindən biri bu idi ki, keçmiş hökumət üzvləri təqib olunmayacaqlar. Lakin onların bu tələblərinə əməl olunmur. Arxivdə saxlanılan bir sənəddən məlum olur ki, guya xalq pulunu talayaraq qaçmaq istəyən Məlik-Aslanovlar ailəsi, Yusifbəylinin həyat yoldaşı və başqaları dəmir yol vağzalında həbs olunurlar. Təqibdən yaxa qurtarmaq üçün Bakını tərk edən Nəsibbəy Yusifbəyli isə yolda faciəli surətdə qətlə yetirilir. Xalqımızın azadlığı uğrunda mübarizədə şərəfli yer tutan görkəmli milli xadimlərimizdən biri Nəsibbəy Yusifbəylinin həyat yolu da bu cür faciəli şəkildə sona yetir./mai
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-07-2020 13:02
Baxış sayı: 4631
Yazı axını
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar