Dövlət Komitəsində vətəndaşlarla virtual ünsiyyət davam etdirilir - ŞƏKİL

24-04-2020 20:08
Ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin tələblərin uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vətəndaşlarla virtual ünsiyyətə üstünlük verir. Bu məqsədlə komitənin rəhbər işçilərinin videoqəbulları təşkil edilir, mobil rabitə vasitəsilə qurulan görüntülü bağlantılarda vətəndaşların müraciətləri dinlənilir. 
Bu gün komitənin sədr müavini Fuad Hüseynov növbəti videoqəbul keçirib. Sədr müavini əvvəlcədən qəbula yazılmış 30-dan çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb. 
Komitənin rəsmi “Facebook” səhifəsində isə “Virtual qəbul otağı”nın növbəti canlı yayımı gerçəkləşdirilib. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda da vətəndaşların müraciətlərini komitənin Hüquq sektorunun müdiri Ziya Məmmədov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib. 
Virtual ünsiyyət zamanı ölkəmizdə məcburi köçkünlərin problemlərinin həllinin sosial siyasətin prioritet istiqamətlərindən olduğu bir daha xatırladılıb. Koronavirus pandemiyasının iqtisadi fəallığa mənfi təsir göstərdiyi vaxtda belə Prezident İlham Əliyev sosial layihələrin, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə layihələrin tam həcmdə icra  olunacağını bəyan edib. Dövlətimizin başçısının bu il 7 mindən çox məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəllərinin salınması barədə tapşırığının icrası istiqamətində zəruri iş aparılır. Bu işlər Prezident İlham Əliyevin şəxsi nəzarətindədir. Ölkə rəhbərinin 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində inşa edilən yaşayış məhəllələrində tikinti işlərinin gedişi ilə tanış olması bunu bir daha təsdiqləyir. 
“Virtual qəbul otağı”nda saat 13:00-da başlanan və bir saatdan çox davam edən canlı yayım  zamanı səhifənin rəy bölməsinə 200-dən çox vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib. Hüquqi məsələlərlə bağlı müraciətlər  dərhal cavablandırılıb. Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacağı bildirilib. 
“Virtual qəbul otağı”nın canlı yayımında izləyicilərə COVID-19 qlobal pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyə və tələbləri barədə məlumat verilib. 
Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 24-04-2020 20:08
Baxış sayı: 3494
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını