Reklam
Qarabağdan Ermənistana yeni yolu kim çəkir? – “Bizim evdən Azərbaycanın bayrağı görünür”
05-02-2022 10:47
Azərbaycan Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək avtomobil yolunun tikintisinə başlayıb.
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ətrafındakı erməni icmalarının rəhbərləri veriblər. Ermənilərin “Hin Şen” adlandırdıqları Kiçik Qaladərəsindəki icmanın başçısı Samvel Sarkisyan müxbirlərə deyib: “Artıq səkkiz aydır ki, işləyirlər. Siz harda yatmısınız? Bütün dünyadan qəzəbliyəm...”
Sayt yazır ki, bu, yerli ermənilər üçün çox ağrılı mövzudur: “Birincisi, bu o deməkdir ki, Azərbaycan tərəfi Laçını azərbaycanlı şəhəri etməyə tələsir. Hazırda Dağlıq Qarabağdan Ermənistana gedən yeganə yol bu şəhərdən keçir. 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına görə üç il ərzində Laçın dəhlizi boyunca yeni marşrutun layihəsi təsdiq olunmalıdır”.
Azatutyunun yazdığına görə həmin yolda da Rusiya sülhməramlıları yerləşdirilməlidir. Yeni yol Böyük Qaladərəsi və Kiçik Qaladarəsi kəndlərinin ərazisindən keçməlidir. Ermənilərin Mets Şen (Böyük Qaladərəsi-red) və Hin Şen (Kiçik Qaladərəsi-red) adlandırdıqları bu iki kənd Azərbaycanın Şuşa rayonuna aiddir.
Samvel Sarkisyan deyib: “Yolun bir hissəsini adamların əkin sahələrindən keçirmək qərarına gəliblər. Biz öz hökumətimizə (separatçı quruma - red) şikayət etdik. Gəldilər, işi dayandırdılar. Yeni xəritələr tapıblar, bizim tələbimizlə onları təqdim ediblər. Təsdiqlədib gətirməlidirlər”.
Böyük Qaladərəsindəki icmanın başçısı David Davtyan da təsdiq edir ki, azərbaycanlılar hazırda fəal işləyirlər: “İşə çoxdan başlayıblar, bir müddət bilmirəm niyə, nə ilə əlaqədar işi dayandırdılar. Bir aydan çox heç bir iş görmədilər, indi yenidən başlayıblar”.
Davtyanın sözlərinə görə yeni marşrut belədir: “Yerevandan Qarabağa getmək üçün Berdzor (Laçın-red) və Şuşanın bəzi ərazilərindən yan keçirsən. Sünikdəki Teğdən Laçına yox, Kornidzora gedirsən. Burdan Hin Şen (Kiçik Qaladərəsi-red), Mets Şen (Böyük Qaladərsi-red) kəndlərindən, Artsaxa (Qarabağ-red) daxil olursan, Yextsaox (Salatınkənd, Sarıbaba-red) və Lisaqor (Turşsu-red) meşələrindən keçib Stepanakertə (Xankəndi-red) çatırsan”.
Davtyan sözünə belə davam edib: “Şuşa altındakı yolu da verəcəyik. Meşəlikdən keçib Lisaqora (Turşsu-red) çıxan təzə yol salınmalıdır. Sonra o yol bizim kəndlərimizdən keçib Kornidzora çıxacaq”.
Davtyanın dediyinə görə ilkin xəritədə yol kəndlərin içindən keçirmiş, amma onlar Rusiya tərəfinə narazılıqlarını bildiriblər: “Kəndin yarısını, 500 yaşı olan kilsəni sökməyi planlaşdırırdılar. Biz təklif etdik ki, yol kəndə girməsin, kəndin aşağısından keçsin. Biz danışıqları ruslarla aparırdıq. Ruslar dedilər ki, məsələni müzakirəyə çıxaracaqlar. Görək nəsə dəyişiklik etmək olacaqmı?”
Yerli sakinlər güman edirlər ki, dəhlizin eni 5 kilometr olsa, azərbaycanlılar Kiçik Qaladərəsinin ətraflarından getməli olacaqlar. Kənd sakini Karen Barseqyan deyir ki, o öz həyətində oturanda Azərbaycan bayrağını görür: “Onlar bizim evdən 200-300 metr yüksəkdə otururlar. Onların bayrağı dalğalanır. Orda 30-40 nəfər var. Hazırda biz tam mühasirədəyik”.
Azatutyun yazır ki, Həkəri çayı və Laçın dəhlizinin alternativ yolu üstündən körpünün tikintisi artıq başlanıb. Bundan bir neçə gün əvvəl Azərbaycanın bir hərbi eksperti internetdəki saytında bu körpünün tikintisini əks etdirən foto dərc etmişdi.
Azatutyun qeyd edir ki, üçtərəfli bəyanatın imzalanmasından bir aydan da az vaxt keçəndə Azərbaycan prezidenti İlham Əliyev artıq Laçın dəhlizini əvəz edəcək yolun çəkiləcəyini bəyan etmişdi:
“...Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.
Azatutyun yazır ki, Azərbaycan hələki hazırda tikilən yolun Laçın dəhlizinə alternativ yol olması barədə rəsmi açıqlama verməyib. Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarova da bu suala cavab verməyib. O deyib ki, hazırda onun tikilən hər hansı yol barədə məlumatı yoxdur.
Azatutyun yazır ki, Azərbaycan tərəfinin tikdiyi yol barədə separatçılar da şərh verməyiblər. Separatçıların tikinti işlərinə məsul şəxsi – Aram Sarkisyan deyib ki, hələki məsləhətləşmələr gedir və Erməni tərəfi heç bir tikinti işinə başlamayıb.
Sayt yazır ki, sözü gedən erməni icmaları narahatdırlar. Bu yolun onların kəndlərindən keçməsi heç ürəklərindən deyil. Onlar deyirlər ki, Laçın şəhəri yenidən Azərbaycanın olsa, buradakı bir neçə erməni kəndi də boşalacaq. Böyük Qaladərəsində yaşayan erməni icmasının rəhbəri deyir: “Onlar bu şəhəri məskunlaşdırsalar, bizim kəndə çox yaxın olacaqlar. Yaşamaq çox çətin olacaq”.
Sözügedən erməni icmalarında deyirlər ki, yolun Böyük və Kiçik Qaladərəsi kəndlərindən keçən hissəsini də Azərbaycan inşaatçıları tikəcəklər. David Davtyan deyir ki, ruslar onları təmkinli olmağa çağırıblar:
“Bizə dedilər ki, “bunlar mülki inşaatçılardır, müharibə ilə heç bir əlaqələri yoxdur. Təmkinli olun, onlar da adamdırlar. Qoy buralarda insident olmasın””./yenisabah.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 05-02-2022 10:47
Baxış sayı: 4244
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23