Reklam
Erməni kilsəsi sülhə qarşı: “Yenidən silahlanaq...”
31-12-2021 11:13
Katolikos I Aram “artsax”ı və ordunu gücləndirməyə çağırır; Hacı Şahin: “Erməni cəmiyyəti kilsənin onu faciəyə dəvət etməsinin fərqində olmalıdır”
Ermənistanda revanşist çağırışlar səngimək bilmir. Xüsusən də bu çağırışlar hökumət başçısı Nikol Paşinyanın son açıqlamasından sonra güclənib. Hakimiyyəti ittiham edən radikal və millətçi müxalifət hesab edir ki, Paşinyan administrasiyası Qarabağ məsələsindən tam əlini çəkməkdə, təslimçiliyə getməkdədir. “Yeni Müsavat” bildirir ki, özəlliklə sabiq prezident Robert Köçəryan onun çıxışını demaqogiya etməklə məşğuldur.Köçəryan bəyan edib ki, hakimiyyətə gələcəyi halda Qarabağla bağlı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına yenidən baxmayacaq: “Çünki bu sənədin əsas bəndləri artıq icra olunub. Bütün ən pis şeylər artıq baş verib. Mən heç olmasa keçmiş DQMV-nin sərhədlərini bərpa etməyə, Hadrut və Şuşanı geri qaytarmağa çalışacağam. Bəzi sahələrdə nəyisə düzəldə bilərik, o cümlədən ”artsax"ın statusu ilə bağlı məsələni".
Diqqətçəkən məqam budur ki, Köçəryanla yanaşı erməni kilsəsi, din xadimləri də bu cür revanşist çağırışların önündə gedirlər.
Böyük Kilikiya Evinin katolikosu I Aramın Yeni illə bağlı erməni xalqına müraciətdə dedikləri buna sübutdur. Onun müraciətində din xadiminə xas olmayan mürtəce çağırışlar öz əksini tapıb: “Bu gün Türkiyə, Azərbaycan Ermənistan və bütün regionla bağlı panturan strategiyası həyata keçirirlər. Odur ki, ayıq və uzaqgörən olaq. Həqiqətən də Azərbaycanla ”artsax”ın Azərbaycanın ərazi bütövlüyünə daxil olduğu hər hansı müqavilənin imzalanması əslində Müstəqillik Bəyannaməsi və Ermənistanın konstitusion prinsiplərinin pozulması olardı. Diaspor belə təhlükəli addımlara biganə qala bilməz. Nədənsə biz döyüşdə məğlub olduq, amma müharibədə yox. Ermənistanın və “artsax”ın müstəqilliyini möhkəmləndirmək və milli hüquqlarımızı bərpa etmək üçün ümumerməni mübarizəsi davam edir. Ermənistan ordusunu yenidən təşkil etmək və müasir silahlarla təmin etmək lazımdır".
Göründüyü kimi, Ermənistanda sülhə qarşı ciddi müqavimət var və bunun əsas aparıcı fiqurları kilsə mənsublarıdır. Halbuki din xadimləri qan-qadaya yox, sülhə, sabitliyə çağırmalıdırlar. Katalikos Qaregin şəxsən bu işdən “uzaq görünməyə” çalışır, amma onun da Xankəndiyə gəlib ermənilərə “mübarizə davam edir” deməsi yaddan çıxmamalıdır. Şübhə yoxdur ki, erməni lobbisinin kisəsindən asılı olan Eçmiədzin bu müqavimətin əsas təşkilatçılarındandır. Bəs kilsənin bu mövqeyi Ermənistan ictimai rəyinə necə təsir edə bilər? Müqaviməti din adı altında təşkil etməyin fəsadları nə ola bilər?
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, dinin əsas missiyası insanları sülhə dəvət etməkdir: “İstər İslam, istər Xristianlıq olsun, dinin mahiyyətində təcavüzkarlığa dəstək və dəvət yoxdur. Əfsuslar olsun ki, tarix boyu erməni kilsəsi belə mövqedən çıxış edib, qızışdırıcı cinahda dayanıb. Hətta Vətən müharibəsi getdiyi günlərdə bəzi erməni din xadimləri insanlara ”cənnət qəbzləri" paylayırdı, hərbi geyimdə çıxış edərək erməniləri müharibəyə təşviq edirdilər. Ancaq alınmadı və işğala son qoyduq. Bununla belə, erməni din xadimləri bu acı məğlubiyyətdən dərs çıxarmır və insanların ölümünə səbəb olacaq müharibə çağırışları edirlər". QMİ nümayəndəsi bildirdi ki, din yalnız təcavüzə qarşı mübarizəyə səsləyir: “Dinimiz deyir ki, sizə qarşı vuruşanla vuruşun. Amma dinin zorakılığa çağırışı yoxdur. Təəssüf ki, erməni kilsəsi öz köhnə ampluasındadır. Lakin erməni cəmiyyəti kilsənin onu faciəyə dəvət etməsinin fərqində olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi və din xadimləri həmişə sülhə çağırıb. Eyni zamanda erməni kilsəsi rəhbəri ilə görüşlərdə bu məqam qeyd olunub. Amma biz görürük ki, ermənilərin kilsə adamları müharibəyə çağırış edirlər”.
Hacı Şahin qeyd etdi ki, ermənilər bu illər ərzində baş verənləri dini müharibə, xristian-müsəlman davası kimi qələmə verməyə çalışıblar: “Amma Azərbaycanda heç vaxt dini müstəvidə müharibə olmayıb, bu ölkədə dini tolerantlıq var, müxtəlif dini icmalar fəaliyyət göstərir, eləcə də müharibə zamanı bütün dini konfessiyalar vətənimizin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarla çıxış etdilər. Ona görə erməni kilsəsinin siyasəti iflasa uğrayıb, sadəcə, yenə təcavüzə dəstək niyyətindədirlər, amma faydası olmayacaq”.
Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, ermənilər uzun müddət dövlətçiliyin nə olduğunu bilməyiblər. Onun sözlərinə görə, bu millətə həmişə kilsə rəhbərlik edib. “Əslində din adamları insanları qardaşlığa, humanizmə çağırmalıdırlar. Amma bunun əvəzinə, Qriqoriyan kilsəsinin keşişləri xalqı millətçilik əhval-ruhiyyəsinə kökləyirlər, müharibəyə səsləyirlər. Bu, dünya dinləri praktikasında görünməmiş hadisədir”, - deyə Q.Hüseynli vurğuladı.
Politoloqun fikrincə, Paşinyan məsələləri tamamilə düzgün vurğulayır: “Haqlı olaraq deyir ki, ermənilər Qarabağa tək özlərinin yaşadığı yer kimi iddia edə bilməzlər. Çünki bu bölgədə əhalinin böyük hissəsini azərbaycanlılar təşkil edib. Ona görə ermənilərin mənəvi haqqı yoxdur ki, Qarabağın dağlıq hissəsini özlərinki saysınlar. Qaradağlı, Meşəli kimi qətliamların törədilməsi sübut edir ki, ermənilər bölgədə hansı vəhşiliklər hesabına separatizmi yarada biliblər. Amma Paşinyan kimi bir çox ermənilər hadisələri dəqiq başa düşür. Proseslərin inkişaf dialektikası ona gətirəcək ki, revanşistlərin qızışdırıcı mövzuları cəmiyyət tərəfindən rədd ediləcək. Eləcə də din xadimlərinin çağırışlarına da məhəl qoyulmayacaq. Erməni cəmiyyəti 44 günlük müharibə ilə həqiqətləri tam gördü. Ona görə Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesinə heç bir qüvvə əngəl ola bilməyəcək”.
Q.Hüseynli hesab edir ki, Paşinyanın mövqeyi Ermənistan üçün ən məqbul variantdır. Onun fikrincə, bundan sonra revanşist çağırışlar zəifləməyə başlayacaq və erməni cəmiyyətində də bu müraciətlərə qulaq verilmir: “Ermənilər başa düşdülər ki, Azərbaycana aid torpaqlarda döyüşmək, öz əsgərlərini itirmək heç bir məna kəsb etmir. Təəssüf ki, erməni kilsəsi sülhün yox, qan tökülməsinin yanında olduğunu göstərməkdədir”.
Siyasi şərhçi Ramiyə Məmmədova yada salır ki, həmin katalikos Ermənistanı Putinə yox deməyə və üçtərəfli bəyanata məhəl qoymamağa da çağırmışdı: “Böyük Kilikiya Evi” kilsə mafiyasıdır. Onlar həmişə erməni xalqını məhvə sürükləyiblər. Erməni kilsəsinin təfəkkürünə görə, ərazilərin itirilməsinin əsas günahkarı Ermənistan deyil, bu prosesin möhkəmlənməsinə kömək edən Putindir. Ancaq Ermənistanda xüsusilə yeni nəsil bu cür din xadimlərinin nifrət dolu radikal çıxışlarına səs vermirlər. Onlar seçkidə Paşinyanı dəstəkləməklə nə istədiklərini açıqlayıblar. Ermənilərdə kilsə həmişə dövlətin başı olub. Ümumiyyətlə, Ermənistan kilsə dövlətidir. Hətta onlar dünyaya özlərini xristianlığı ilk qəbul edən millət kimi sırımaqdadırlar. Ona görə Eçmiədzin kilsəsinin təsirləri erməni cəmiyyətinin üzərində hakim olub, 44 günlük müharibə isə kilsənin də rolunu alt-üst elədi".musavat.com
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 31-12-2021 11:13
Baxış sayı: 4462
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23