Nə müddətdir camalına həsrətəm, Başlıbeli ziyarətə gəlmişəm - ŞEİRLƏR

19-10-2026 10:25
   
             
Şahbaz Əli oğlu Mirzəyev 
1960-cı ildə Kəlbəcər rayonunun Qılınclı kəndində müəllim ailəsində doğulub. 1965-ci ildə ailəsi ilə Gəncə şəhərinə köçüb, Gəncədə  orta məktəbi və  1982 –ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. Uşaqlıq və gənclik illəri Gəncə şəhərində keçsə də, atası professor Əli Mirzəyev hər il yay aylarında ailəsini də götürüb özünün doğulub boya-başa çatdığı Kəlbəcər rayonunun Başlıbel kəndinə gətirər, uşaqlar yay tətilini Başlıbel kəndində keçirərdilər. Uşaq yaşlarından Şahbaz Dəlidağın füsünkar təbiətinə vurulmuş, dərslər başlayandan sonra bütün dərs ili boyunca yenidən Başlıbelə nə vaxt qayıdacaqlarını səbirsizliklə gözləyirdi. İnstitutu bitirdikdən sonra Şahbaz keçmiş SSRİ-nin Moskva, Leninqrad və Daşkənd şəhərlərində yaşamış,1990-cı ildə Qarabağ müharibəsinə görə  Kəlbəcərə qayıtmışdır. 1993-cü ildə Qarabağ və Kəlbəcər erməni faşitləri tərəfindən işğal olunanda Gəncədə məskunlaşmışdır. Hazırda Bakı şəhərində yaşayır, BP Azərbaycan şirkətində işləyir. Gənc vaxtlardan seirə, ədəbiyyata böyük həvəsi olub. ”Həkəri “qəzetində seirləri çap edilib.
Şahbaz Əlioğlunun bir neçə şeirini dəyəri
li 
Dalidag.az-ın oxucularıma təqdim edirəm:
                                                                                        Oqtay Salahlı,
                                                                                       AJB üzvü



Belə qalmaz

Səbr eylə, ürəyim, dəyişər gərdişi-dövran, belə qalmaz,
Gül açar, gülzar olar baği-qülüstan, belə qalmaz.
Yetişər öz gülünə bülbüli-şeyda, sevinər,
Kəsilər ahu-zarı, naleyi-əfğan, belə qalmaz.

Millətim səhidlərə Allahımdan rəhmət dilər,
Qayıdar vətəninə, edər firavan, belə qalmaz.
Dəyişər külli bəşər, biz də bir ağ gün görərik,
Yox olar böhtanü-şər, iblisi-şeytan, belə qalmaz.

Nə güman eyləyirsən çərxi-fələk dövranını,
Fırlanıb tərsə dönər, dinü-imanın, belə qalmaz!
Allahım əfv eləyər Şahbazı, islama gələr,
Ucalar asimana, olar müsəlman, belə qalmaz!
                                                    13.04.2025                
  Biləydim                                

Ya Rəbb! Nolaydı yenə qayıdıb,
On altı yaşıma çata biləydim!
Kənddəki illəri bir də yaşayıb,
Qayğını, kədəri ata biləydim!

Bir aylı gecədə dostlar yan-yana,
Atları səyirdək Novlu Bulağa,
Armudun Boynundan Güzdəkli Yala,
Kürənin boynuna yata biləydim!

Ağa Bulağından su içib yenə,
Qəjəlin Yalından dolanıb belə,
Mehdinin Cilində sərilib yerə,
Çəmənin şehinə bata biləydim!

Kim bilirdi “bağda alma “işini?!
Qıcasın üstümə “O qız” dişini,
Aldadıb “salam”la Qarakişini,
Almaya bir salva ata biləydim!

Ya Rəbb! At üstümdən qəmin libasın,
Rüsxət ver Şahbazı istəyə çatsın,
Barutlu çayının şirin laylasın,
Yuxuma şərbəttək qata biləydim!
                                 25.12.1999.

 İndi

Həsrətin çəkirəm gör neçə ildi,
Gözləri yollarda qalmışam indi...
Barmaqlar, Şor Dərə, Mehdinin Cili...
Şirin xəyallara dalmışam indi.

Saraldı omrümün yazı,baharı,
Sındı ürəyimin əhdi, ilqarı,
Dərdimə dərmandı dağların qarı,
Səhrada kol kimi solmuşam indi.

Xəyalnan özünü yubatma, Şahbaz,
Badamdar dəyişib Başlıbel olmaz,
Kahanın Başına oxşayır bir az,
Mehrimi təpəyə salmışam indi...
                                     22.12.1999.

Ya Rəbb, həsrət qoyma məni dağlara!

Gecə-gündüz yalvarırıam Rəbbimə,
Ya Rəbb, həsrət goyma məni dağlara!
Tamarzıyam Allahımın rəhminə,
Ya Rəbb, həsrət goyma məni dağlara!

Qürbətdə hər günüm qəmdir,qübardır,
Gen dünya vətənsiz gözümdə dardır,
Sənin səxavətin,qüdrətin vardır-
Ya Rəbb, həsrət goyma məni dağlara!

Xəyalım dolanır dağda,düzündə,
Ürəyim alışır hicran közündə,
Qoyma ümidlərim qala gözümdə,
Ya Rəbb,həsrət qoyma məni dağlara!

Ziyarət eyləyim bağçamı,bağı,
Dolanım çəməni, gəzim yaylağı,
Şehində islanım qoy səhər çağı,
Ya Rəbb, həsrət qoyma məni dağlara!

Durum səcdəsinə qoy Dəlidağın,
Düşüm ayağına,öpüm torpağın,
Şahbazam ,zirvədən gəlsin sorağım,
Ya Rəbb, həsrət qoyma məni dağlara!
               17.12.2024.
                
Gəlmişəm

Nə müddətdir camalına həsrətəm,
Başlıbeli ziyarətə gəlmişəm.
Odur bu dünyada Məkkəm, Mədinəm,
Torpağına ibadətə gəlmişəm.

İstərəm yaylaqlar ola laləzar,
Çəmənlər gül aça,ola gülüzar,
Qıymasın qəlbimdə qala intizar-
Dağlardaki səxavətə gəlmişəm.

Şahbaz,mən də bu dünyada qonağam,
Ömür keçdi, yetirmədim sanayam,
Başlıbelim, hüzurunda qınağam,
İtirdiyim əmanətə gəlmişəm.
23.06.2026

Tapmadım

Görüşə gəlmişdim Dəlidağımın,
Hüsnünü seyr edəm-gözü tapmadım...
Düşüm ayağına, öpüm torpağın,
Keçsin günahımdan-sözü tapmadım...

Ana nəvazişli, ata zəhmli,
Gözəl təbəssümlü, baba rəhimli,
Nənə xalçasıtək güllü-ətirli,
Dağlarda sevdiyim üzü tapmadım...

Qoynunda boy atıb ərşə yetdiyim,
Gəzib çəmənində dağa getdiyim,
Çubuqdan at minib cövlan etdiyim,
Şehinə batdığım düzü tapmadım...

Qəjəlin Yalında gəzə biləydim,
Aga Bulağına salam verəydim,
Qalxıb Göy Bulağa yenə gedəydim,
Zirvəyə qalxdığım dizi tapmadım..

Dolandım yaylağı yorğun qalınca,
Həsrətlə Şahbazın baxdım dalınca.
Ömrün baharında  yarın dalınca,
Bulağa getdiyim izi tapmadım...
                               29.08.2026              
Sənə qalmaz

Vaxtı çatıb vədəsinə yetəndə,
Sevib bəslədiyin can sənə qalmaz.
Abu-kövsər olub axsa da yalan,
Nə tərif, nə şöhrət-şan sənə qalmaz.

Şahbaz doğrusunu deyər sözlərin,
Uyma gülüşünə siyah üzlərin,
Kaman qaş altında qara gözlərin,
Alış söləsinə, yan, sənə qalmaz.
                                 30.12.2025    

 Olubdu

Bu bəşər yaranıb əzəldən belə,
Var-dövlət insana şöhrət olubdu.
Rüşvət,riyakarlıq,yaltaq əqidə,
Adını dəyişib “hörmət” olubdu.

Uyuşmadım nə yaltağa,oğruya,
Dayaq durdum mərd oğula,döğruya,
Məhəttələm insanlarda duyğuya-
Haq sözü söyləmək töhmət olubdu.

Şahbaz zirvələrdən baxır dünyada,
Bir insan ümmanı axır dünyada,
Gəlimli-gedimli, paxıl dünyada,
Yaşamaq özü də möhnət olubdu.  
                 07.02.2026

Bənd olar

Bülbül gülüstanı güzar eyləyər,
Bir incə,xuraman gülə bənd olar.
Xoşbəxt o bülbüldür güllər içində,
Dilrubə, bir şirin dilə bənd olar.

Ötüşər yaz-bahar, zimistan gələr,
Solar lalə yanaq, başa qar ələr,
Yarpaqtək titrəyən sevən ürəklər,
Budaqdan qopmağı yelə bənd olar.

Fələk öz çərxini döndərsə , qardaş,
Qurunun oduna yanacaqdır yaş,
Uca zirvələrdə olsa da bir daş,
Düzlərə düşməyi selə bənd olar.

Deyirlər,dünyanın çoxdur möhnəti,
Ağrıdır qəlbimi nadan söhbəti,
Ay Şahbaz,igidin şanı-şöhrəti,
Qədir-qiymət bilən elə bənd olar.
                              21.01.2026                

Fələyin işinə olmuşam heyran   

Ömrümün kitabın varaqladıqca,
Fələyin işinə olmuşam heyran.
Üzmü döndəribdi məndən Yaradan,
Fələk də doymayır mənə cəfadan?!

Ey fələk,zalımsan, de, neyçün belə,
De, neyçün salırsan məni əngələ?!
Özünü dost kimi göstərib mənə,
Sonra da vurursan kürəkdən zərbə...

Fələk pıçıldayıb dedi astadan:
Hər dərdi,kədəri məndən sanırsan?
Nəzər et bəşərə,görərsən, inan,
Nə qədər fitnələr törədir insan!

Ay Şahbaz,dünyanı Yaradan ancaq,
Bu sirrin mənasın bizə açacaq.
Öldürüb,dirildib divan quracaq,
Onda gör nə sirrlər agah olacaq!
                               21.07.2026  





Kateqoriya: Poeziya-nəsr
Tarix: 19-10-2026 10:25
Baxış sayı: 3107
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını