Reklam
Arif Ərşadın "Yanlış zəng"i - Hekayə
03-09-2026 11:30
Arif ƏrşadDalidag.az Sevinc Qəribin təqdimatında Arif Ərşadın hekayəsini təqdim edir.
YANLIŞ ZƏNG
Gözüm səssiz işləyən televizor ekranına zillənsə də, xəyallarım uzaqlarda dolaşırdı. İçimdə qəribə bir narahatçılıq vardı. Birdən telefonun qəfil çalan səsi süst düşmüş bir günün sakitliyini yarıb keçdi. Elə bil illərlə toxunulmamış köhnə bir qapı gözlənilmədən arxadan çırpılmışdı. Diksindim. Stulda yarıyuxulu oturmuşdum; başımda dolaşan ağır xatirələr sanki bir anda dağıldı.
Telefonun ekranına baxdım və nəfəsim kəsildi. Onun adı... - sadəcə bir ad. Amma o ad, sanki içimdə dərin bir uçurumu oyadıb üstümə tökdü.
Telefonu götürmək üçün əlimi uzadarkən barmaqlarım bir anlıq havada dondu. Nə baş verirdi? Niyə indi? Niyə bu qədər ildən sonra?..
Hələ suallarımı tam düşünmədən zəng kəsildi. Sanki içimdə nəsə sınmış kimi oldu. Tələsik nömrəsini geri yığdım. Açmadı. Yenə yığdım. Yenə… Hər dəfə telefonun sakit, laqeyd səsi mənə eyni şeyi deyirdi:
— Abonent zəngə cavab vermir…
Elə bil “Sənə aid deyil o zəng” demək istəyirdi. Qollarım boşaldı. Məyus oldum… həm də çox. Amma nömrəmi silməmişdi deyə, bu məyusluğun içində qəribə bir sevinc payı vardı. Bu kiçik, zəif, bəlkə də gülünc fakt içimdə naməlum bir ümid cücərdirdi.
Telefonu masanın üstünə qoyub gözlərimi yumdum. Xatirələr məkansız bir külək kimi otağa doldu. Saatlarla fasiləsiz telefonuma baxdım. Sanki o zəng ikinci dəfə gəlsə, hər şey dəyişəcəkdi. Elə bir hiss idi ki, heç nə deməsə belə, səsi bütün susqunluqları əridəcəkdi.
Axşamüstü idi. Pəncərənin kənarında oturub çölə baxırdım ki… telefonumun ekranı yenə işıqlandı.
— Salam…
Səsi… elə idi ki, illərin arxasından qopub gələn bir köhnə mahnının ilk notunu xatırladırdı. Tanış, amma yorğun bir səs idi. İsti və ehtiyatlı.
— Salam… — deyə birtəhər dilləndim. — Zəng etmişdin…
Qısa bir sükut. Hər ikimizin nəfəsi çarpışırdı.
— Yanlışlıq idi, — dedi. — Sənin nömrən qalmışdı. Silməmişdim.
Səsi titrədi. Elə bil nəsə deyib-deyə bilmədiyi arasında ilişib qalmışdı.
— Elə bildim… — dedim, cümləni bitirmədən dayandım.
— Bilirəm, — deyə cavab verdi. — Mən də bildim ki, sən belə düşünəcəksən…
Səsini eşitdikcə içimdə illərlə gizlənmiş nisgil oyandı. Gözlərim doldu.
— Niyə zəng etdin?.. Əslində… niyə heç vaxt zəng etmədin? — dedim.
Bir neçə saniyə susdu. Sanki bu sualı illər əvvəl cavablandırmalı idi, amma gecikmişdi.
— Bilirdim ki, səsimi eşitsən, hər şey yenidən başlayacaq. Mən isə… — nəfəsi titrədi. — qorxdum.
Otağa sükut çökdü. Bax indi… bu sükut vururdu adamı.
— Bəs indi? — dedim, səsim boğazımda ilişərək. — İndi niyə danışırsan?
— Çünki… — dərin nəfəs aldı. — Çünki illərdir ilk dəfə səni yığanda əllərim yenə titrədi.
Bu cümlə içimi yandırdı, həm də sevindirdi.
— Demək… təsadüf deyildi?
— Heç nə təsadüf deyil, — dedi. — Sadəcə gecikmiş bir həqiqətdir.
Telefonun o başında kimsə sakitcə ağlayırdı. Bəlkə o, bəlkə mən… ayrılması çətin idi.
— Bəs indi nə olacaq? — soruşdum.
— Bilmirəm… — dedi. — Amma bir şeyi bilirəm ki, zaman keçsə də səndən qaça bilmədim.
Bu cümlə hər şeyi yenidən oyatdı. Bir ömür boyu yolunu gözləyən ümidin qapısı cırıldadı.
— Mən… — dedim, — bir zənglə hər şeyi xatırladım.
— Mən isə bir yanlışla… - pıçıltı ilə tamamladı, - çox şeyi itirdiyimi başa düşdüm.
Bir müddət heç nə demədik. Sanki ikimiz də keçmişimizlə danışırdıq, bir-birimizə yox.
— Görüşək? — deyə soruşdu birdən.
Səsi vurğun bir qorxu ilə titrədi. Ürəyim çırpındı. Sanki illərin qapısı yenidən açılırdı.
— Bəzən “yanlış” bir zəng bir ömrü geri qaytara bilər. Görüşək... — dedim asta səslə. — Bəlkə də bunu çoxdan etməli idik.
Gecə boyu yata bilmədim. Telefonun o başından eşitdiyim səs hələ də qulağımda idi — yorğun, amma içində sönməmiş bir işıq var idi. Elə bil o işıq illərlə qaranlıq bir hücrədə gizlədilib, indi qəfildən azadlığa buraxılmışdı.
Səhər tezdən oyandım. Pəncərənin kənarında dayanıb uzun-uzadı çölə baxdım. Hava tutqun idi — qəribədir, bu gün elə bil bütün səma da mənimlə eyni hisslər içində idi: həyəcanlı, gərgin, bir az da qorxmuş.
Görüş yeri kimi köhnə bir kafe seçmişdik — vaxtilə tez-tez oturduğumuz, hər guşəsində səsimizin, gülüşümüzün izi qalan bir kafe.
Yola çıxanda əllərim tərləyirdi. Bədənim içimdəki həyəcanı gizlətməyə çalışsa da, əllərim həqiqəti ələ verirdi.
Kafeyə girəndə ilk hiss etdiyim — yaddaşın səsi idi. Stollar, sakit musiqi, pəncərə kənarındakı köhnə oturacaq… hər şey yerli-yerində idi.
Birdən onu gördüm. Pəncərənin yanında oturmuşdu, başını bir az yan çevirmişdi, sanki məni gözləyə - gözləyə düşüncələrinin içində itib qalmışdı. İnsan bəzən illərlə tanımadığı birini bir baxışda tanıdığı kimi, illərlə sevib itirdiyini də bir baxışda yenidən tapırmış — mən bunu o anda anladım.
O da başını qaldırdı. Göz-gözə gəldik. İllərin arası birdən daraldı. Keçmişlə indinin arasındakı məsafə bir anda sıfıra endi.
O, ayağa qalxdı. Mən də ona tərəf addımladım.
— Salam… — dedi.
— Salam… — dedim, səsim eşidilməz qədər astaydı.
Acı-acı gülümsədi.
— Dəyişmisən…
— Sən də… — dedim. — Amma yaxşılığa doğru, daha da gözəlləşmisən.
Gülümsədi. Gülüşündə sıxılmış bir həsrət və dərin bir peşmançılıq vardı.
Qarşı-qarşıya oturduq. Bir neçə dəqiqə heç nə demədik. Sanki hər ikimiz eyni qorxunu yaşayırdıq: “Bir kəlmə ilə hər şey ya düzələr, ya da birdəfəlik qırılar”.
— Mən… — dedi, sonra susdu. — Bu illər ərzində mən çox şey itirdim.
Gözlərində dəniz kimi bir dolğunluq vardı.
— O gün səni yanlışlıqla yığanda anladım ki… heç nəyi unutmamışam. Özümü aldadırmışam.
Başımı yüngülcə tərpətdim. Mən də belə düşünürdüm, amma demək asan deyildi.
— Bəs niyə getdin? — dedim. O sual illərlə içimdə ilişib qalmışdı.
Dərindən nəfəs aldı.
— Çünki qorxdum. Sən o qədər saf, o qədər təmiz idin ki… mən o təmizliyə yaraşmaram deyə düşündüm. Səni əlimdə saxlaya bilməyəcəyimdən, yolunda ayağına dolaşacağımı sandım.
— Amma getməyin daha çox ziyan vurdu, — dedim sakitcə.
— Bilirəm… — deyə gözlərini qaçırdı. — Sənin yoxluğunu özümə cəza etdim. Hər gün. Hər il.
Sükut yenə aramıza doldu. Sonra o, sanki uzun illər saxladığı bir həqiqəti çölə çıxarmaq üçün güc tapmış kimi dedi:
— Necə düşünürsən... hələ gec deyil ki?
Bu sual içimə ağır bir daş kimi düşdü.
— Bilmirəm… — dedim. — Amma bilirəm ki, sənin səsini eşidəndə içimdə nəsə dirildi. Sırf o zənglə.
Gözlərimin içinə baxdı, orada cavab axtardı. Tapdı da. Əlini masanın üstündəki əlimə toxundurdu — yavaşca, tərəddüdlə.
— Yenidən başlamaq sənin üçün ağırdırsa, anlayaram. Amma bu dəfə səndən qaçmaram.
Əllərimizi ayırmadıq. Hər ikimiz sanki eyni sükutun içində eyni şeyi düşünürdük: Bəzən bir zəng bir həyatın qapısını yenidən döyür. Bəzən bir görüş insanı özünə qaytarır.
Və mən o anda anladım ki, bu görüş təsadüf deyildi. Heç o zəng də təsadüf deyildi. Bəzən taleyin ən böyük həqiqəti “yanlış zəng” adı ilə gəlir.
Kafedən çıxdıqda hava soyumuşdu. Ağacların saralmış yarpaqları küləyin zəif toxunuşu ilə titrəyirdi. Yan-yana gedirdik, lakin aramızda görünməyən bir məsafə vardı – ehtiyatlı, amma yumşaq.
— Hara gedək? — deyə o, soruşdu. Səsində çəkindirmə vardı.
— Bir az gəzək, — dedim, — Hara getdiyimiz vacib deyil… özümüzü necə hiss etdiyimiz vacibdir.
Gülümsədi. Gülüşündə əvvəlki yorğunluq yox idi. Elə bil ruhunda bir düyün açılmışdı.
Parkda oturacaq tapıb əyləşdik. Qaranlıq düşürdü. Fənərin altında saçlarına düşən işıq onu illər əvvəlki kimi göstərirdi — həm tanış, həm də dəyişmiş.
— Bir söz deməliyəm, — dedi birdən. — Amma çətinlik çəkirəm.
—De - dedim.
Gözlərini qırpmadan dərindən nəfəs aldı.
— Mən… ailəli idim. Səni tərk etdiyim dövrdə.
Sözlər bıçaq kimi kəsdi. Hava ağırlaşdı.
— Ailəli idin?..
Başını təsdiqləyici tərzdə yüngülcə tərpətdi.
— Bəli… Amma heç vaxt xoşbəxt olmadım. Hər şey tez bitdi. Bir neçə il əvvəl ayrıldıq. Sənə yaxınlaşmağa cəsarətim yox idi. Bilirdim — sənin qəlbinə yalanla gəlmək olmaz. Səndən qaçmağımın səbəbi də bu idi.
Susdum. Nəfəsim ağırlaşmışdı.
— Niyə deməmişdin? — dilləndim.
— Çünki itirməkdən çox qorxurdum. İtirdim də. İndi isə… — O, gözlərini yumub açdı. — İndi isə nə səni aldatmaq istəyirəm, nə də özümü.
Bir müddət sükut oldu.
— İndi sən nə istəyirsən? — dedim.
— Səni... — baxışları dərin idi. — Səni itirdiyim yerdən tapmaq istəyirəm. Amma bu dəfə doğru şəkildə.
Ayağa qalxdım. O da qalxdı. Diqqətlə ona baxdım. Gecənin havası soyuq olsa da içim isti idi.
— Bilirsən… — dedim, — insanlar bəzən bir-birini itirir, amma unuda bilmir. Mən də səni unutmadım.
Bir addım ona yaxınlaşdım.
— Amma bağışlamaq və yenidən başlamaq — ayrı şeylərdir. Mən tələsə bilmərəm. Özümü də, səni də yandırmaq istəmirəm.
O, başını aşağı saldı. Məyus deyil — anlayış dolu bir məyusluq idi bu.
— Haqlısan, — dedi. — Mən də tələsmirəm. Sadəcə… artıq susmaq istəmirəm.
Aralığa yenə sükut çökdü. Sonra o, asta səslə əlavə etdi:
— Sən necə desən… elə də olsun. Mən gözləyərəm.
Bu cümlə… illərin yükünü götürüb bircə anda yüngülləşdirən cümlə idi. Artıq qərar vermək tələskənliyi yox idi. Qapılar bağlanmamışdı. Heç açıq da deyildi. Sadəcə… aralı idi.
Biz parkdan ayrıldıq. Küçənin lampaları sarı işığını asfaltın üstünə tökürdü. Addımlarımız eyni ritmdə idi. Ayrılarkən o, sakitcə dedi:
— Səni yenidən itirməkdən qorxuram. Amma bu dəfə qorxum qaçmağıma səbəb olmayacaq.
Mən onun gözlərinə baxdım, bu dəfə rahat idi.
— Görüşərik, — dedim və ayrıldıq.
Günlər keçirdi. Hər şey yavaş, amma sakit gedirdi. Bəzən yazışırdıq, bəzən susurduq. Amma susqunluq artıq qaçmaq deyildi — nəfəs almaq idi.
Bir axşam ondan mesaj gəldi:
— Ehtiyacın olsa, burdayam.
Bu cümlə mənə qəribə təsir etdi. Heç nə tələb etmirdi. Sadəcə “burdayam”. Həmin axşam ona bircə söz yazdım:
— Mən də.
Bir həftə sonra yenidən görüşdük. Bu dəfə kafe yox, dənizkənarını seçdik. Hava bir az küləkli idi, dənizin duzlu qoxusu havaya qarışmışdı. Addımlayırdıq, amma heç birimiz danışmağa tələsmirdik.
O, bir anda dayandı.
— Mənim bir qorxum var, — dedi.
Mən də dayanıb ona baxdım. Səsi sakit idi, amma içində ağır bir yük vardı.
— Nə qorxusu? — soruşdum.
— Sənə yenidən yaxınlaşmağa başlayıb… bir gün səndən məni bağışlamanı gözləməkdən.
Gülümsədi, amma gülüşü çox kədərli idi:
— Mən bilmirəm, sən məni nə vaxt bağışlayacaqsan. Heç bilmirəm bağışlayacaqsanmı. Amma… səninlə olmaq istəyirəm. Tələsmədən, təkidlə yox. Sadəcə… səninlə.
Sözləri o qədər astadan dedi ki, elə bil gecənin içindən keşikçi kimi keçib gəlirdi.
— Sən artıq hər şeyi etmisən, - dedim. - Həqiqəti demisən. Qorxa-qaça yox, düzünə. Bu bağışlanmağın yarısıdır.
Gözləri işıqlandı.
— Bəs o biri yarısı? — soruşdu.
Dənizə baxdım. Dalğalar gecənin qaranlığı ilə yarışırdı.
— O biri yarısı zamandır, — dedim. — Bizə lazım olan tək şey… budur.
O, yüngülcə başını tərpətdi. Elə bil “hazıram” demək istəyirdi. Bir neçə addım daha getdik. Sonra o, qəfil soruşdu:
— Sən… məni hələ də sevirsən?
Bu sual gecəni yarıb keçən bir ox kimi dəyib qaldı. Sanki bütün dəniz də dayanıb cavabı gözləyirdi. Mən ona tərəf döndüm. Gözlərində o qədim, o tanış qorxu vardı.
— Sevgi… bir düymə deyil. Basdın, söndü. Açdın, yandı. Belə deyil, — dedim sakitcə. — Mən səni… unutmamışam. Bəlkə də bu daha ağırdır.
O, qaşlarını qaldırdı, təəccübləndi.
— Yəni?..
— Yəni… - dedim, - sənin üçün içimdə qalan hiss, sevgidən də artıq bir şeydir. Nəsə yarım qalmış bir nəbz kimi. Vurur, amma sakit. Acıtmır, amma həm də susmur.
O, gözlərini yumdu. Sanki illərlə axtardığı bir cümləni tapmışdı.
— Mən də elə hiss edirəm, — pıçıltıyla dedi. — Buna görə də daha düzgün olmaq istəyirəm. Bu dəfə nə gizli sözlər olacaq, nə də gizlin qorxular. Necə varamsa… elə görünmək istəyirəm.
— Mən də, — dedim. — Yalansız, incikliksiz, amma tələsmədən.
Gecə düşəndə ayrılmalı olduq. O, dönüb mənə baxdı.
— Mən sənə tələsmə deməyəcəm. Çünki bu dəfə vaxtı sən müəyyən etməlisən. Mən isə… sadəcə, olduğum yerdə qalım. Yanında.
Bu söz — bir etirafdan çox, bir söz idi. Tələbsiz, şərtsiz, sakit bir söz. Mən başımla təsdiqlədim.
— Qal, — dedim. — Çünki mən də artıq qaçmaq istəmirəm.
O gülümsədi. Bu dəfə gülüşü əvvəlkindən daha işıqlı idi.
— Onda… davam edək? — soruşdu.
— Davam edək, — dedim. — Amma bu dəfə… daha doğru.
Və biz dənizdən ayrıldıq. Dənizin səsi arxamızca gəlirdi — sanki bu səs gecənin öz içindən gələn yeni bir başlanğıcın səsi idi.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-09-2026 11:30
Baxış sayı: 322Yazı axını
03 / 09 / 2026
03 / 09 / 2026
02 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
01 / 09 / 2026
31 / 08 / 2026
31 / 08 / 2026
30 / 08 / 2026
30 / 08 / 2026
29 / 08 / 2026
28 / 08 / 2026
28 / 08 / 2026
27 / 08 / 2026
27 / 08 / 2026
26 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
23 / 08 / 2026
22 / 08 / 2026
Ən çox oxunanlar





























