"Sən sevgilər selində süslənən bir səhərsən..." - Nadir Məmmədli

31-08-2026 19:23
                       Nadir Məmmədli

Dalidag.az Sevinc Qəribin təqdimatında Nadir Məmmədlinin şeirlərini təqdim edir:

***
Sən necə keçib gəldin lənətli qapıları?!
Qırxıncı otağın da tilsimləri çözülmüş.
Baxışlarına təslim inadımın açarı-
Durub gülümsəyirsən.Yenilmək də gözəlmiş...

Mən torana erişdim, gerisi ahü zarlıq,
Sən sevgilər selində süslənən bir səhərsən,
Mən bayquşları köçmüş qocaman bir məzarlıq,
Sən sümüklərim üstə yüksələn bir şəhərsən!

Qaranlıq gecələrdə çinarlarla danışar 
Küləklərin dilində, eşit bu çağrıları.
Ürəyimdir, bəzən də vulkan -vulkan alışar-
Mən bir ağrı dağıyam, oyatdın ağrıları ...

İndi çıxıb gedirsən -heç nə olmamış kimi.
Məramının sonunda axı könül ahı var...
İlıq təbəssümlərin acı aldanış kimi...
Hər şey gəldigedərsə kimin nə günahı var?

Noldu o iltifatlar, noldu o ehtişamlar?...
Qeybə çəkildi, heyhat, izi yox, sorağı yox.
Səndən mənə qalan şey hüzün dolu axşamlar 
Və həsrət ki, ölümdən başqa bir durağı yox...

***
Sən öncə güzərgahımı seyran kimi keçdin,
İdrak eləyib halımı heyran kimi keçdin.
Sevdayə salıb könlümüzü qeybə çəkildin-
Bu dərdli başımdan elə hicran kimi keçdin...

Sehri nə imiş bircə sözün-bəxtiyar oldum...
Nərgizləri göstərdi gözün-növbahar oldum.
Axırda da döndərdin üzün- tarümar oldum...
Üsyan kimi, üsyan kimi keçdin...

Dildarın idim bəs, necə mənsiz keçir halın?
Ya ötdü həvəs, anmağa da yoxdu macalın?
Ey eşqi müqəddəs, nə umulmazdı vüsalın...
Dövran kimi, dövran kimi keçdin...

Dünya kimisən - can üzülür işvələrində,
Xülya kimisən - həsrətimin zirvələrində.
Röya kimisən - anlıq olur cilvələrin də...
Bir an kimi, bir an kimi keçdin...

Baxdın elə ki, zərrələrim cənnətə vardı,
Yaxdın elə ki, küllərimi yellər apardı.
Yıxdın elə ki,zəlzələlər ruhumu sardı...
Allah kimi, Tanrı kimi, Yəzdan kimi keçdin...

***
İkimiz bir sevdanın
Səhrasında giriftar --
Qarşımızda tabular,
Ehkamlar divar-divar...

Sən qüruruna yenik,
Mən də yalana düşmən...
Mən sənsiz ölüb gedim,
Sən də mənim dərdimdən...

Dünyalıq deyilik biz --
Ruh olub gəl AĞ YOLa.
Açıq alnında duam 
Bəlkə müstəcəb ola.

Meh kimi gəl,titrəsin
Könlümün vərəqləri...
Gülümsə, gül üzündə 
Gülsün dan şəfəqləri.

Göylərin qanadında
Yaşa,mənimçün,yaşa...
Yetər bir təbəssümün,
Yetər bir qəhrolmuşa...

Nə ayrılıq,nə acı,
Nə bir həsrət qoxusu...
Bürüsün kainatı 
Sevən qəlbin oxusu.

***
Gizlət o əfsunkar baxışlarını-
Yenə dalğalanır könül dənizim.
Ruhuma bu sevgi yağışlarını
Ələdin,sonunda oldun əzizim...

Vaxtın acımasız yelləri əsmiş-
Yorulub,qırılıb qolum-qanadım.
Ehkamlar div kimi yolları kəsmiş-
Sənə yetişməyə yetməz inadım...

Qoy qalım hicranın əndişəsində,
Nə özünə sitəm,nə mənə rəhm et.
Yaddaşının uzaq bir köşəsində 
Gizlə xatirəmi,könlünə dəfn et... 

Bir gün də küləklər verər bəd xəbər -
Pıçılda adımı son gəz bir dəfə...
Qəlbindən keçəni qəbrimə göndər-
İstər göz yaşları,istər qəhqəhə... 

***
Bu necə bir yuxuydu -
Su kimi axıb getdin...
Nə qaldı göz çəkəsi? -
Yolları yığıb getdin...

Sənsiz gələcəklərin
Ürək tutdu yasını...
Heçmi duymadı ruhun
Ahımın təmasını?...

Hər şey dəyişir,hər şey -
Evlər,güllər,səkilər...
Dəyişməyən - inadın,
Bir də könlümdəkilər.

Aylar illərə dönər,
Unudar bizi sağ,sol...
Sənə götürər,amma
Səni gətirməz bu yol...

Nə sevinclər dönəsi,
Nə də çəkilmiş ahlar...
Dünəni biz yaşadıq,
Özgənindir sabahlar...

Sınıq-salxaq bir ömrü
Zaman harda bitirə?...
Su calanmış bir ocaq,
Toz basmış bir xatirə... 

***
Hələ ki göylər var,
Tənha-zad deyiləm.
Ki sonlu bir ömrün
Dərdinə əyiləm.
EŞQ ilə sərxoşam...
Ruhların köçündə hər axşam 
Xatirə çölündən keçirəm...
Gündüzkü acıları
ürək camına süzüb də
Sənin sağlığına içirəm. 


Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 31-08-2026 19:23
Baxış sayı: 38
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını