"A dağlar məkanı göyçək Kəlbəcər..." -  Zərraf Təhməzoğlu

30-08-2026 14:40
Zərraf Təhməzoğlu

Dalidag.az Sevinc Qəribin təqdimatında Zərraf Təhməzoğlunun şeirlərini təqdim edir:

ÖPƏSƏN GƏRƏK

Dağlara dost olub, yurda köçəsən,
Çölündən, düzündən öpəsən gərək.
İstəyirsən bulaqdan su içəsən,
Əyilib gözündən öpəsən gərək.

Yaylaqlara haylayasan elləri,
Çiçək aça həsrətinin gülləri.
Gedib seyr edəsən Alagölləri
Qarından, buzundan öpəsən gərək.

Minlərlə şəhid var, cismi donan var…
Bu hikməti anlayan var, qanan var.
Kəlbəcərdə çox söz üstə yanan var,
Ənvərin sözündən öpəsən gərək.

İllərdir hər kəsi həsrət qucaqlar,
Canı bahasına aldı qoçaqlar…
İstəyirsən gur qalansın ocaqlar,
Odundan, közündən öpəsən gərək.

Zərraf, kədərini bol eyləyibdir,
Allah səni əhlihal eyləyibdir.
Bizə sinəsindən yol eyləyibdir,
Murovun üzündən öpəsən gərək.

KƏNDİM

Eh, gorun çatlasın ay Nuşiravan!
Sənə min xaraba kənd bağışlarıq.
Gəl bir əncam elə kənd abadlaşsın,
Ömür boyu ruhunu alqışlarıq!

İlahi, bu kəndə nə oldu belə,
Bizim bacaların tüstüsü çıxmır.
Bu uçuq evlərin yiyəsi hanı?
Niyə ocaq yanmır, istisi çıxmır…

Sənin həsrətinlə köçdü düyadan,
Yaxşı ki, viranə götmədi atam.
Yarlı-yaraşıqlı ev tikmək üçün,
İllərlə əziyyət çəkmişdi adam…

Bu evdə doğulub böyümüşəm mən,
Bu yerlərlə bağlı xatirəm çoxdur.
Niyə başımıza uçurdun Allah,
Bu evdə yatmağa bir yerim yoxdur…

Bu evi bir aya bərpa edərəm,
Əfsus əl vurmağa ixtiyarım yox.
Səni əvvəl söküb, sonra tikərlər,
Ortada qazanc var, gözdikənin çox.

Burada insansız açılır sabah,
Baxan gözümüzə sən oxsan kəndim.
Qaçdıq canımızı qoruduq o vaxt,
İndi canımız var, sən yoxsan kəndim…

ÜŞÜYƏ

Düz gedib çıxasan Alagöllərə,
Yayın istisində əlin üşüyə.
Xallı Nərgiz əsib sənə sığına,
Qıymayasan qərib gülün üşüyə.

Bir bax hardan gəlib çıxdıq haraya,
Qar basasan həsrət adlı yaraya.
Çobanları səsliyəsən haraya,
Söz deməyə ağzın dilin üşüyə.

Zərrafa əzizdir göycə Kəlbəcər,
A dağlar məkanı göyçək Kəlbəcər.
Söykənib bir- birə Göyçə- Kəlbəcər,
Allah qoymaz ağır elin üşüyə.

KƏLBƏCƏR DAĞLARINA

Bir qərinə həsrət, hicran,
Qalmışam ağlar, gəlirəm.
Ağlamaqdan gözlərimə,
Enibdir ağlar, gəlirəm,
Gəlirəm dağlar, gəlirəm!

Uzun oldu bu intizar,
Saçlarıma ələndi qar.
Ömür keçdi, yaş ixtiyar,
Sinəmdə dağlar gəlirəm,
Gəlirəm dağlar, gəlirəm.

Hərdən baxıb öz-özümə,
Heyranam səbrə, dözümə.
Öpüb, sürtəcəm gözümə,
Sərin bulaqlar gəlirəm,
Gəlirəm dağlar, gəlirəm.

Allah verən paya şükür!
İsti, sərin suya şükür!
Müzəffər orduya şükür!
Qaçdı yağılar gəlirəm.
Gəlirəm dağlar, gəlirəm!

Otarmışam quzu səndə,
Ömrün dadı-duzu səndə.
Haqlayacam yüzü səndə,
Yepyeni çağlar, gəlirəm.
Gəlirəm dağlar, gəlirəm!

Yer göstərsən- yurd olacam,
Bir qoca “bozgurd” olacam.
Düşmənlərə dərd olacam,
Andımı saxlar, gəlirəm.
Gəlirəm dağlar, gəlirəm!

Zərraf büküləndə ağa,
Dağda tapşırın torpağa.
Yağış kəsə, günəş çıxa,
Bar verə bağlar, gəlirəm.
Gəlirəm dağlar, gəlirəm…

NƏ DEYİM

Alaqotu tək çoxalır,
Yoluma tikanlar əkən.
Çoxdan əlimi buraxıb,
İndi ayağımdan çəkən,
Dosta nə deyim, nə deyim?

Sənətkar əziyyət çəkir,
Sənətdə bir iz qoymursa,
Divar hörən əli əyri,
Kərpicini düz qoymursa
Usta, nə deyim, nə deyim?

Görməmiş yeyir dağıdır,
Eşələnir toyuq kimi.
Görkəmi var, şüur yoxdur,
Qoyubdular oyuq kimi,
Posta nə deyim, nə deyim?

Fonoqramla rəqs eləyən,
Ətir qoxuyan tapırıq.
Toyda səsi olan yoxdur.
Muzdlu oxuyan tapırıq,
Yasda nə deyim, nə deyim?

Ucdan kəsilib dilimiz,
İzləyən var əldə qəmə.
Eşidilmədi zilimiz,
Elliklə düşmüşük bəmə
Asta nə deyim, nə deyim?

Bizimkidir, bizim deyil,
Suyu təmiz, havası saf.
Kəlbəcər kimi cənnətin,
Həsrətindən olub Zərraf,
Xəstə nə deyim, nə deyim?

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 30-08-2026 14:40
Baxış sayı: 3150
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını