Reklam
"Düyünlədim günahımı bir bəndə..." - Adilə Nəzər
07-07-2026 16:45
Adilə NəzərDalidag.az Sevinc Qəribin təqdimatında Adilə Nəzərin şeirlərini təqdim edir:
SƏNDƏN O YANA...
Mən bir quru neyəm, nəfəsim Səndən,
Üflə, fəğanımı çatdırım ərşə.
Ruhum qanadlanıb çıxanda təndən,
Sınsın bu qəfəsim, Səndən o yana...
Baxdım bu dünyaya, bir kölgə gördüm,
Nəfsin tələsində min bəla gördüm.
Mən məni itirdim, mən Səni gördüm,
Yox imiş bir kəsim, Səndən o yana...
Sən cəmi-camalsan, mən içi qubar,
Pakladım qəlbimi, - adındır şüar.
Daha nə inadım, nə iddiam var,
Kəsilib nəfəsim, Səndən o yana...
Adilə, bu yolda can fəda eylə,
Hər sirri, pərdəni aşikar eylə.
Özünü yox eylə, Haqqı var eylə,
Çatacaqdır səsim Səndən o yana...
GƏLMİRSƏN
Dersən ki, aşiqsən, amma
Dilə gəlmirsən, gəlmirsən.
Sən necə bülbülsən axı
Gülə gəlmirsən, gəlmirsən.
Bitmir özünlə savaşın,
Pəncərədən gəlir daşın.
Uçub gedir yaşılbaşın,
Gölə gəlmirsən, gəlmirsən.
Qalmayıbmı yol düzünə,
Tutacaq yoxmu üzünə?!
Düşüb ceyranın izinə,
Çölə gəlmirsən, gəlmirsən.
Bir az solğun, bir az yorğun,
Başımızda duman, çovğun,
Lal göl olmusan, bir coşğun
Selə gəlmirsən, gəlmirsən.
Hissinlə Gün tək aşkarsan,
Həbs edən, həm xilaskarsan,
Mən dəli, sən inadkarsan,
Yola gəlmirsən, gəlmirsən.
Adilə, yenə gülürsən,
Bir gün külsən, bir gün gülsən,
Uralanıb tökülürsən,
Ələ gəlmirsən, gəlmirsən.
BİLMİRƏM
Qəlbin bir də bu tərəfə,
Atar, ya atmaz, bilmirəm.
Əl uzanar o tərəfə,
Çatar, ya çatmaz, bilmirəm.
Götür ona, bir namə yaz,
Üzr dilə avaz-avaz.
Yar qollarına bir də naz
Satar, ya satmaz, bilmirəm.
Get, qapısı ağzında yat,
Bacarsan candan odu at.
Ürəyinin külündə ot
Bitər, ya bitməz, bilmirəm.
Sınıbdır indi o könül,
Sən gördüyün gülşən deyil.
Bülbül atdığı gülü gül
Tutar, ya tutmaz, bilmirəm.
Çatırmı ahının səsi,
Qəlbinin bitir həvəsi...
Gözündə ümid gəmisi,
Batar ya batmaz, bilmirəm.
Eşq yarıdır zülm ilə,
Düşüdbür Adilə dilə.
Haqq başını ölüm ilə
Qatar ya qatmaz, bilmirəm.
HU... dəli-dəli
Sevgilim, qulaq ver gələn fəğana,
Dinlə, gör nə deyir bu dəli-dəli.
Çəkim saçlarımı gözümdən yana-
Bax, necə çağırır, Hu... dəli-dəli.
Sözün sözüm idi, andındı andım,
Əydin, əyilmədim, amma ki, sındım.
Mən odsuz-ocaqsız yandıqca yandım,
Çilə atəşimə su dəli-dəli...
Burada bir dəli qulun oynayır,
Axtarır tapammır yolun, oynayır.
Düşüb ortasına gölün oynayır
Sonuncu rəqsini qu dəli-dəli...
Bir ağrı, bir acı atıbdı çəngəl,
Gözümün önünü tutubdu çən, gəl.
Kim gəlmir gəlməsin, öləndə sən gəl,
Məni göz yaşınla yu, dəli-dəli...
HƏLƏLİK
Əlvida deməyə dilim gəlməyir,
A yollar, döngələr, izlər, hələlik!
Bir ovuc arzu var- qalıb əlimdə,
Bütün varlığımda sızlar hələlik.
Səhərdən asılan çənli yamaclar,
Axşamı bağrına basan ağaclar.
Elə gəncliyindən ağaran saçlar,
Yol çəkən baxışlar, gözlər, hələlik.
Kölgələr uzanır daş ayağına,
Çöllər sığınıbdır dağ qucağına,
Necə çəkir məni uşaq çağına -
O köhnə havalar, sazlar, hələlik.
Alim də, şair də düşdü adıma,
Qalxdım pillələri tək-tək - addıma.
..Yenə bir quş səsi düşdü yadıma,
Şeirlər, misralar, sözlər, hələlik.
Dildəki bu salam-duam sizədir,
Ah-amanım sizə, nidam sizədir,
Edib- etmədiyim vidam sizədir,
Ey ana olmayan qızlar, hələlik.
OLMAQ MƏNƏ DÜŞƏR, OLDURMAQ SƏNƏ
Ya Hu, yenə xəyalına dalmışam,
Dalmaq mənə düşər, daldırmaq sənə.
Ol! demisən, mən yazıq da olmuşam,
Olmaq mənə düşər, oldurmaq sənə.
Gəl, yarımçıq işlərimi eylə tam,
Bir eşq göndər, sına, olum xətircam,
Ürəyimin atəşindən belə kam,
Almaq mənə düşər, aldırmaq sənə.
Əlim-qolum çarpaz budaqlar kimi,
Xatirələr çat-çat dodaqlar kimi,
Tez sovuşub keçən o çağlar kimi,
Solmaq mənə düşər, soldurmaq sənə.
Hara baxsam xəyanətin izləri,
Anlatmaqda aciz qalır sözlərim,
Dikilibdir ümidinə gözlərim, -
Dolmaq mənə düşər, doldurmaq sənə.
Sən Rəhmansan, mən günahkar bir bəndə,
Düyünlədim günahımı bir bəndə,
Saatlarla dizi üstə səcdəndə,
Qalmaq mənə düşər, qaldırmaq sənə.
Şeytanlar var daim sağı-solunda,
Düz yol gedənlərin qandal qolunda.
Adiləyəm, bir gün Haqqın yolunda
Ölmək mənə düşər, öldürmək sənə.
BU GECƏ
Bu gecə ulduzları boyayıb kül rənginə,
Adımı asa billəm bir nəğmənin notuna.
Söykənib gözləyərkən bir əcəlin zənginə,
Uyub gedə bilərəm səssizliyin qatına.
Nə var düşürə billəm bu gecə gözlərimdən,
Yarpaq üstdən şeh kimi buxarlanıb çəkilləm.
Bir anlıq inad edib dönərəm sözlərimdən,
Həyat səhifəsinə son cümlə tək əkilləm.
İçində eşq olmayan ömür deyil, gün deyil,
Yaşanmış olsa belə, o gün yaşanmış deyil.
Sevgisiz dünən heçdir, bugün də bugün deyil,
Bu açan çiçək deyil, o ötən də quş deyil.
...Mən yazı çox sevirəm, Ay işığı - haləni,
Doldurub qədəhimə içmiş ola bilərəm.
Əgər sevgi ölməksə uğruna sevilənin,
Bu gecə sənə, bir də yaza ölə bilərəm.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-07-2026 16:45
Baxış sayı: 310Yazı axını
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
Ən çox oxunanlar





























