"Onda qaranlıqlar hələ ağ idi..." - Aysel Fikrət

06-07-2026 16:52
                                      Aysel Fikrət

Dalidag.az Sevinc Qəribin təqdimatında  Aysel Fikrətin şeirlərini təqdim edir:

***
Bu dünyanın nəyin deyim, nə ola?
Bu aləmə nə qismində gələydim?
Mən də hamı kimi doğuldum, Allah,
Nağıl üzlü, pəmbə rəngli bələkdim.

Anam məni qucağına alanda,
Hələ təkcə onun ətrin duyurdum.
Evimizdə çap maşını tak-ha-tak,
Bilmədiyim şeirin sətrin duyurdum.

Zaman keçdi, ilk bəxtsiz günüm gəldi,
Çox gec idi, geri dönə bilmədim.
Sevgi adlı bir azara tutuldum,
Ölüm idi, gəl ki, ölə bilmədim.

Dostlar gəldi, yığıldılar başıma,
Sonra bir-bir xəzan olub getdilər.
Hərə məndən bir “mən” qopardı getdi,
Qaranlıqda, dumanlıqda itdilər.

Düşündüm ki, göyü olsam dünyanın,
Çoxdan bəri çökərdim yer üzünə.
Harda olsam, bir əmması çıxardı,
Yenə gəlib çıxardım söz düzünə.

Ümman olsam, quruyardım bir anda,
Ağac olsam, mövsüm-mövsüm solardım.
İnsan oldum, aldığım nəfəs üçün,
Böyütdüyüm sevgim üçün qınandım.

Bu dünyanın nəyin deyim, nə ola?
Bu aləmə nə qismində gələydim?
Mən də hamı kimi doğuldum, Allah,
Nağıl üzlü, pəmbə rəngli bələkdim...

***
Yenə də tək səni görərəm, bəlkə
Bu dünya üzünə doğulub gəldim.
Çoxdan unutduğum cizgilərində,
İnadkar ruhumu göylərə dəldim.

Göründün gözümə bir neçə adla,
Aldatdın doğmayla, ovutdun yadla.
Mən oldum piyada, sən oldun atlı,
Səni bu dünyadan zərrəylə dərdim.

Uşaq gülüşündən, müdrik qocadan,
Günəşin nurundan, tüstü bacadan.
Sevdim gizli-gizli, dandım ucadan,
Mələk qanadını göylərə sərdim.

Mən səni dünyada pak olan nə var,
Yığıb hissə-hissə adam elədim.
O da sən olmadı, o da sən deyil,
yenə də gec qaldım hardan bilərdim?

Tapsaydım, gözümün qarası idin,
Canımın olmayan parası idin,
Könlümün solmayan yarası idin —
Ey mənim bilinməz, görünməz dərdim!

Ən çox da şeirdə aradım səni,
Sözün sehri ilə izinə düşdüm.
Səni mən qarışıq kimsə bilmədi —
Şeirimin sonunda sevimli bəndim.

Yenə də tək səni görərəm, bəlkə,
Bu dünya üzünə doğulum bəlkə ……….

***
Yuxularda pəhləvandır ümidim,
Həyatda isə səsi çıxmır, mütidir.
Dərd həmişə sevincdən zirək olub,
Ta əzəldən əl-ayağı itidir.
 
Yaş gəldikcə hər il ömrüm üstünə,
Elə sandım hər sabahım yenidir.
Od qaladım, qızınmadan istimə,
Arzularım ayaq tutub yeridi.
 
Sevgi bildim yaz gəlişin yaz imiş,
Çox, çalışdım, çox çırpındım, az imiş.
Mən fəqirin bir günahı yox idi,
Hər nə varsa, hər nə gördün yazıymış.

***
Bilmədim saatın hansı çağıydı,
Səninlə sənsiz də eynidi dünya.
Onda qaranlıqlar hələ ağ idi,
Onda yalan deyil doğruyduq güya.

Mən sənin yanında ağrı bilməzdim,
Mən acı bilməzdim sənin yanında.
Moruğtək yeyirdim günləri bir- bir,
Mən ölə bilməzdim sənin yadında.

Onda bəmbəyazdi qar bəmbəyazdı,
Bilmirdim bəxtimə fələk nə yazdı.
Günlərlə xəyaldan ayrı düşməzdim,
Elə sanırdım ki yenə də azdı.

Mən elə bilirdim yol fənərləri,
Gecələr səhərə nağıl danışir.
Elə sanırdım ki adam sevəndə,
Dünyanı unudur ağlı qarışır.

Elə sanırdım ki bütün çicəklər,
Saçımda çələngə dönmək üçündü,
Mən hələ bilmirdim burda duyğular,
bir gün suya düşüb ölmək üçündü.

Onda bütün dunya sən rəngdə idi,
Bütün insanların adı adındı.
Min ömür yaşasam, yenə olmadı,
Yadındı yadındı daha yadındı.

 MƏKTUB
 
Salam mənim əzizim, necədi orda hava?
Mən lap dəli olmuşam bu boyda ayrılıqda
Oralar da soyuqdu, bəs işlərin necədi?
Burda sakit, səssizcə, sıradan bir gecədi...
 
Ulduzları göydə tək, ulduzları çox yalnız,
Buludları da qorxaq, yağışları anlamsız.
Çox adidi gündüzü, çox sadədi səhəri,
Yığışıb gedib sənlə bütün möcüzələri.
 
Çox unutqan olmuşam son zamanlar bir ayrı,
Dərdi bölüb qoymuşam yan-yana, ayrı-ayrı.
Hər şeyi düşünmüşəm, ən çoxu ayrılığı,
Təkcə bu unutmağın yolu bir başqa ağrı.
 
Bəlkə, necəsə olur yaddaşda da yaşamaq?
Bəlkə, orda bir evcik, yuva qurum səninçün.
Nə var e itirməyə, itirmək hər zaman var,
Bəlkə, yaddaşda qalaq, darıxıram səninçün.
 
Görürsən unuduram, görürsən yaddaşsızam.
Tamam yadımdan çıxıb sənə məktub ki çatmır
Hər şeyi düşünmüşəm, hər nə varsa yazmışam,
Ayrılığın küçəsi, poçtu, ünvanı çatmır.
 
Yenə özünü düşün, öz-özünə yaxşı bax.
İsti geyin, şərfini bir az da yaxşı bürü
Əlindən tut sevginin, yenə qaçar yaramaz,
Həsrəti çox ağırdı, yer üzünü bürüdü.
 
Bu çatmayan məktubu, oxuyuram özümə,
İçində tək sən olan, ən doğmaca yerimdi.
Bəlkə bir gün böyüdü, o da bir adam oldu,
Bəlkə bir gün sevgimtək ayaq tutub yeridi.
Sağ ol mənim əzizim...

YOL
 
Bütün yollar sənə qədər gəlirsə,
Bu yollara bir çarə tap, ay Allah.
Yol var yoldu aram-aram gedirsən,
Yol var canın əldən gedir, ay Allah.
 
Ayırmısan məni bu gen dünyadan,
əlim qolum düşüb yolun izinə.
daş sevgilər düyün saldı yoluma,
göz yaşlarım yığılıbdı gözümə.
 
Mənim daha üzüləcək halım yox,
yolçu yolda gərək deyil? Bəs necə.
Gecələri hamı yatır yuxusun,
Təkcə mənəm dönüb olan bilməcə.
 
Arındırıb düşmənimi dostumdan,
özüm çıxdım ən amansız düşmənim.
Sən məhəbbət göndərmişdin dünyaya,
bircəciyi biz tərəfə düşmədi.
 
Daşmı yağdı, qarmı yağdı yoluma,
tufan qopdu, günəş çıxdı, nur saçdı.
Hər qaranlıq bir olmazın sonunda,
Quşlar uçdu, bənövşələr gül açdı.
 
Daş qaldırdım, qum daşıdım ömrümü,
it də hürdü, canavar da uladı.
Bu əllərim ağacları qırmadı,
sınıq-sökük daxmaları suvadı.
 
Yolun sonu, dərdin sonu yetişdi,
bundan belə nə yaşadım özümün.
Çırparsanmı üst-başını xəyalın
Silərsənmi kədərini gözümün.
 
Bütün yollar sənə qədər gəlirsə,
Bu yollara bir çarə tap, ay Allah.
Yol var yoldu aram-aram gedirsən,
Yol var canın əldən gedir, ay Allah.
 

***
Yer-göy guruldadı,
ayrılıq saldı.
Yuxular qarışdı biri-birinə
Anamın gözləri, həsrət yarpağı.
Örtdüm ürəyimi qapı yerinə.
 
Mən daha gülmürəm, əvvəlki kimi
Əvvəl dilim susdu,
sonra ürəyim.
Durmadan oxunan
nəğmə səsini,
Daha eşitmirəm
Bir gör neylədim.
 
Bulaqtək çağlayan sevgi də
Getdi.
Gözünə baxmağa qorxduğum o da.
Kimi uydurmuşdum, bir anda itdi,
Daha bulud oldum
İnsan donunda.
 
Gözümü açandan qorxdum dünyadan,
Ürəyimə daman başıma gəldi.
Mən, deyəsən, daha,
geriyə baxıb.
Allaha şükür edən
yaşıma gəldim.
 
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-07-2026 16:52
Baxış sayı: 38
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 07 / 2026