Reklam
"Fikrə çevirə bilmədiyim sözlər sükutun bəstəsində nəqarətdir..." - Tərlan Əbilov
05-07-2026 16:12
Tərlan ƏbilovDalidag.az Sevinc Qəribin təqdimatında Tərlan Əbilovun şeirlərini təqdim edir:
* * *
Əvvəl gündən sonra nədir bilmədi,
Əvvəlindən sonramızdakı sevgi.
Bilmədik ki, tuş gətirdi nə zaman
Bizi bizə haramızdakı sevgi...
Oğrusuna halal bildik oğrudan,
Bir də gördük vurulmuşuq doğrudan,
Gecəyarı qurtarmaqçün ağrıdan,
Duz axtardı yaramızdakı sevgi.
Almamışdıq saya guşə önündə,
Hardan çıxdı, düşdük işə önündə?
Saldı bizi dilə-dişə önündə
Ən axrıncı sıramızdakı sevgi.
Düşdük günəş, günəş saldıq buz yerə,
Tale bizi qovuşdursun düz yerə.
Böldük sənlə özümüzü yüz yerə,
Tam olmadı paramızdakı sevgi.
Gizlətdik, bir yol ağlamadı özün,
Keçdik, qapıtək bağlamadı özün,
Əvvəl gündən sirr saxlamadı özün,
Sirr olsa da aramızdakı sevgi...
SƏNƏ AİD OLMAQ BİR BAŞQA HƏZZDİR
Sənə aid olmaq bir başqa aləm,
Sənə aid olmaq bir ayrı həzzdir.
Sən Allah, özündən uzağa qoyma,
Hərdən əllərimi yaxanda gəzdir.
Dər məni nəfəstək, çək öz içinə,
Adım dodağında yer saxlamasın...
Saçların sinəmdə zəmiyə dönsün,
Qollarım özgəni qucaqlamasın.
Köklənim əlinə, ayağına, qoy
Yerini bir kimsə soraqlamasın.
Səni məndən başqa bilən olmasın,
Məni də özgəsi varaqlamasın.
... Ötüb neçə əsr, neçə yüz min il,
Hələ də getməyib dadın ağzımdan.
Yüz yerdə qanıma qəltan ediblər,
Bir dəfə çıxmayıb adın ağzımdan.
Hələ də sirdir, sirr, o mənzil, o ev,
Dünya yaranandan ora gəlirəm.
Sənə aid olmaq bir başqa həzzdir,
Gör bir səndən ötrü hara gəlirəm?!
Haçandı bir ürək qalamaq üçün
Gözümün odunu almısan mənim...
Məni bir kişitək tutmusan uca,
Məni öz yadıma salmısan mənim.
Heç qarğış adamı bu sayaq tutmaz,
Gör səni nə yaman tutubdu gözüm.
Bir mömin savaba tuş gəlməz belə,
Nə gözəl günaha batıbdı gözüm.
Başıma düşmüsən köhnədəkitək,
Açıq qoy qapını, gəlib sevinim.
Öpüm dönə-dönə əl-ayağıntək
Yenə kandarını min il evinin.
Tək mənim pirim ol, ocağın olum,
Sındır, kəs hər yerdən ayaqlarımı.
İçim ovcundakı sudan bir qurtum,
Sənə nəzir qoyum dodaqlarımı.
Çevir istədiyin tərəfə məni,
Hayana çevrilsəm, o yanım sən ol.
Sənə aid olmaq bir başqa həzzdir,
Sənə aid olum, qıyanım sən ol.
* * *
Adamlar ələnib torumdan keçir,
qalanlara şükür, ələyəm mən də...
Mən heç kimi yarı yolda qoymuram,
atam necə olub, eləyəm mən də.
Pir olmuşam, uman olub pir kimsə,
Lal olmuşam, mənə verib sirr kimsə,
Dəyişə bilməyib məni bir kimsə,
öz üstümdə əsən küləyəm mən də.
Keçib alın tərimdən durulmuşam,
Halallığa yuva, ev qurulmuşam,
Kimdə olub niyyət saf, vurulmuşam,
saf olançün bir saf diləyəm mən də.
Ömrü söz-söz, kərpic-kərpic hörürəm,
Nəfəsimi Allahçün gül dərirəm,
Qucaq-qucaq salavat göndərirəm,
lüt-üryana belə bələyəm mən də.
Az olmayıb qəlbə dəyməyin, yeri,
Qəlb qıranın həyatımda yox yeri,
Məndən çıxıb gedən qayıtsa geri,
qəbul eləmirəm, beləyəm mən də!
* * *
Özümü görmək ümidi ilə
güzgüyə baxıram,
sifətimdə əvvəlki cizgilərdən heç nə qalmayıb.
Vaxt indiki yaşımın naxışlarını
üzümdə hələ düyün salmayıb...
Özümü görmək ümidi ilə
şeirə baxıram,
gözlərimin kədəri, əllərimin hüznü
bir neçə deyimdən ibarətdir.
Fikrə çevirə bilmədiyim sözlər
sükutun bəstəsində nəqarətdir...
Özümü görmək ümidi ilə yola baxıram;
heç bir tərəfində yoxam,
heç bir tərəfindən görünmürəm yolun...
Özümü görmək ümidi ilə sənə baxıram,
bir tərəfim güzgüdür,
bir tərəfim şeirdir,
bir tərəfim yol...
* * *
Neynim, toxunmayıb ustaca baxtım,
solmuş naxışına ip keçirdirəm...
Daş olan qəlbləri yığıb bir yerə,
bir təsbeh daşına ip keçirdirəm...
Tutmuşam, ovcuma dolub göz yaşın,
Ovcumda gözdən iz salıb göz yaşın,
Mirvari dənəsi olub göz yaşın,
gözünün yaşına ip keçirdirəm...
Kim asdayıb səni nəfəs göyündən?
Bərk-bərk yapışmışam qədim düyündən...
Söz göydən başıma daş düşən gündən,
hər sözün başına ip keçirdirəm
* * *
Qollarım suala dönüb,
bu boş qalmış qucaq kimdi?
Kim başın götürüb qaçıb,
qorxaq kimdi, qoçaq kimdi?
Dərd-qəm yuva salmış evdə,
Zəngin ilan çalmış evdə,
Bu xaraba qalmış evdə
qazan kimdi, ocaq kimdi?
Dur, bir toxunum sənsənsə,
Söz-söz oxunum sənsənsə,
Bilim, yaxınım sənsənsə,
yanımda bu uzaq kimdi?
Qurulmuşuq saat kimi,
Yadıq, yad, camaat kimi.
Verən yox hesabat kimi:
tələ kimdi, duzaq kimdi...
De, kimə qucaq olmuşuq,
Yaxında uzaq olmuşuq?
Kimə künc-bucaq olmuşuq?
kimdi künc, bu bucaq kimdi?
* * *
Ayaqlarımda uzun bir yol addımlayır,
ayaqlarımdan yuxu kimi tökülür həmin yol.
Evimin qapı kimi çırpıldığı çöldə
küləyin aşmış şəklidi kölgəm...
Meyvəsindən tökülən ağaclardan
payız düzəltməklə məşğulam gecənin çöl vaxtında.
Bir qayıqda bir göl üzür,
bir göldə bir qayıq,
aydın olur ki, suda bir tava qovurmadı ulduzlar.
Bir çəngəl yox Ayı tutam,
bir bıçaq yox Aydan bir tikə kəsəm.
İşıqlar pəncərə-pəncərə sönür evimizdəki çöldən.
Vətənimizdən biz,
bizdən vətənimiz görünmür...
Arvadım deyir, "ev deyil ki, cəhənnəmdi, cəhənnəm".
Qızım əlində bir ovuc dən
ağlaya-aylaya mənə səslənir:
-Ata, quşların damından binalar uçub gedib...
Nə ayaqlarım qayıdır, nə yol,
yarpaq-yarpaq tökülürəm tavandan...
Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-07-2026 16:12
Baxış sayı: 38Yazı axını
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
Ən çox oxunanlar





























