"Bəlkə elə şeir yazmaq günahdı..." - Adil Şirin

04-07-2026 16:42
                                     Adil Şirin

Dalidag.az Sevinc Qəribin təqdimatında Adil Şirinin şeirlərini təqdim edir:

   * * *
   Dərddi, qəmdi bəxtımızın bacısı,
   Ocaq sönüb, könlümü köz yandırır.
   Gözlərimi ayrılığın acısı,
   Dilimin ucunu bir söz yandırır.

   İndi çoxdan bulud olub, anacan,
   O dağlarda arxamca atdığın su.
   Gözlərimdə umud olub, anacan,
   Ürəyimdə geri dönmək arzusu.

   Bəlkə elə şeir yazmaq günahdı,
   Qan batıran çox günahdan keçmişik.
   Ana, mənim ömrüm bir qərib ahdı,
   Fələklər yandıran ahdan keçmişik...

   Dərd var çiçəkləyir ürəyimizdə,
   Dərd var çiçəkləyir amma yazılmır.
   Namərd gülləsi var kürəyimizdə,
   Ömrüm çözələnir, yuxum yozulmur.

    SƏNDƏN UZAQDA

   Ömrün bəyaz günü- şaxta-sazaqda,
   Səndən uzaqlarda, səndən uzaqda,
   Mən necə yaşayım, mən necə dözüm,
   İki çeşmə olub bu iki gözüm.

   Gecələr tənhalıq kölgəmi pusur,
   Qapımı döymürsən, telefonum susur.
   Bircə şəklin qalıb mənə yadigar,
   Şəkildə gözündə göz yaşları var.

   Səndən uzaqlarda, səndən uzaqda,
   Gülüm, harda olsam- aranda, dağda,
   Yazdığım şeirlər yarımçıq qalır,
   Həsrətin dünyanı əlimdən alır.

   Sənsiz bayatılar, ağılar mənim,
   Sən gəlməsən dünyam dağılar mənim.
   Doğmalar əlini üzübdür məndən,
   Ulduzlu göylər də küsübdür məndən...

   Talesiz ömrümə tənhalıq yağır,
   Xatirən qəlbimdən süzülüb axır...
   Bircə şəklin qalıb mənə yadigar,
   Şəkildə gözündə göz yaşları var...                                   
                                     
ƏSİRGƏMƏ MƏNDƏN DUALARINI

Sənsiz yaşamaram deyirdim, gülüm,
Bir zindana dönər sənsiz bu dünya.
Niyə yaşayıram, mən niyə sənsiz
O ötüb keçənlər bəlkə bir röya.
 
Həsrətin hər zaman kəsib yolumu,
Vəfalı köpəktək önümdə durub.
Bağlayıb əlimi, tutub qolumu
Bəzən dərdli-dərdli boynunu burub.
 
Pəncərə önündə ümidsiz, yorğun
Dayanıb baxaram, gözüm yol çəkər.
Nə uzanan yollar gətirər səni,
Nə də bu həsrətin məndən əl çəkər.
 
Niyə yaşayıram, mən niyə sənsiz
Məhbəs divarları yıxılmır niyə.
Nə yerə sığıram, nə göyə sənsiz,
Bu həsrət, bu hicran yox olmur niyə.
 
Bəlkə bu bir yuxu - harda, hardayam?..
O isti, mehriban baxışın hanı?
Yaman çətindəyəm, yaman dardayam
Əsirgəmə məndən dualarını...

PAYIZ AYRILIĞI

Göy üzü qəfildən tutulur, dolur,
Yarpaqlar tökülür, yarpaqlar solur.
Ötən bir məhəbbət xatirə olur,
Unut məni, unut məni, əlvida.
 
Bir də bu şəhərdə çıxma qarşıma,
Taleyə qarışma, baxta qarışma.
Daha bir kimsədən məni soruşma,
Unut məni, unut məni, əlvida...
 
Taleyə inandım, baxta inandım,
İnandım, aldandım, yenə inandım.
Haqqın qapısında gəlib dayandım,
Unut məni, unut məni, əlvida...
 
Payız ayrılığı kəsdi yolumu,
Qırdı qanadımı, qırdı qolumu.
Ömür bumu, tale bumu, bəxt bumu?-
Unut məni, unut məni, əlvida.

AYRILIQ

Ayrılıq yağışıdı, gülüm, bu yağan yağış,
Ayrılıq küləyidi bu əsən külək.
Ayrılıq çiçəyidi, ayrılıq çicəyidi
Sənin pəncərəndə açan ağ çiçək.
Ayrılıq göyləridi bu şəhərin göyləri,
Ayrılıq mələyidi, ayrılıq mələyidi-
Bu göylərin mələkləri.
 
Ayrılıq lələyidi, ayrılıq lələyidi
Bəyaz durna lələkləri...
Udduğumuz hava da ayrılıq havasıdı,
Ulduzlar ayrılıq ulduzlarıdı.
 
Baharlar ayrılıq baharlarıdı,
Payızlar ayrılıq payızlarıdı...
Ayrılıq yağışları yağır, yağır hələ də,
Ayrılıq durnaları uçur, hələ də uçur.
Fəsillər ayrılıq fəsilləridi,
Hələ də pəncərəndə ayrılıq çiçək açır..

* * *
Ay işığı
Qaranlığın pərdəsini
Aralayır səssizcə...
Burdan çıxıb getsəydim,
Qarşı yatan qara dağa
Bir də qalxsaydım.
Son nəğməmi oxuyub,
Son duamı etsəydim
Və başımı qaldırıb
Göydə Aya baxsaydım,
Yenidən doğulardım
Və yenə sənə aşiq olardım.

*  *  *
Bir axşam quş olaydım,
Qonaydım pəncərənə.
Mən könlümün sirrini
Pıçıldayaydım sənə...

Ay şam kimi əriyir,
Tökülür qaranlığa.
Ulduzları söndürün,
Söndürün bir anlığa.

Qeyb olaq bir anlığa,
Sonra yenə qayıdaq.
Ən sevdalı, ən gözəl,
Şirin günə qayıdaq...

Bir axşam quş olaydım,
Qonaydım pəncərənə.
Mən könlümün sirrini 
Pıçıldayaydım sənə.

Dən verəydin, su verəydin,
Sənə bel bağlayaydım 
Quş dilində güləydim,
Quş dilində ağlayaydım...

Dalidag.az




Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-07-2026 16:42
Baxış sayı: 38
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
04 / 07 / 2026