Reklam
"Dodağında adı donar heca-heca, sətir-sətir..." - Faiq Balabəyli
03-07-2026 14:30
Faiq Balabəyli
Dalidag.az Sevinc Qəribin təqdimatında Faiq Balabəylinin şeirlərini təqdim edir:YAŞADIM
Yorğun ayağımla yorğun canımı
astaca daşıdım, yorğun daşıdım.
Çaş qoydum, aldada bildim hamını,
İllər xəstəsitək yorğun yaşadım.
Daşı daş üstünə qoydum guya ki,
Təntidim, səngidim, doydum guya ki.
Hər şeydən, hər kəsdən soydum guya ki,
Guya ki, don vurdu, solğun yaşadım.
Tərs dedi, tərs tutdu, tərsə gətirdi,
Ürək nə istədi, tərsa gətirdi.
Xəlvəti bir ömrü başa gətirdim,
Aşikar ömrümü oğrun yaşadım.
BİLİRƏM DARIXIRSAN
Bilirəm darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.
Kəndimizdə ağaclar
Tökür yarpaqlarını.
Şəklimi bas bağrına,
İslat yanaqlarını.
Külək əssə, çıx çölə,
Gətirəcək qoxumu.
Sənsizlik ərşə çəkib,
Gözlərimdən yuxumu.
Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.
Şəklimi gözlərinə
Nə tutub bağlayırsan
Yaman islandı şəklim
qız, nədir ağlayırsan?..
SƏNİ GÖRƏNDƏ
Qaya ovulardı, daş əriyərdi
Bulud üzülərdi göyün üzündən.
Dənizin tozunu külək silərdi
Xəfifcə əsərək suyun üzündən,
səni görəndə.
Üzünü üzümə söykərdin onda,
Boynuma sarılan qol görünərdi.
Məni xoş günlərə apara bilən,
Gözümə işıqlı yol görünərdi,
səni görəndə.
Bütün bu şəhəri – sən varsan deyə
Sıxardım, yığardım bağrıma qədər.
Elə sevinərdim, elə sevərdim
Bütün əzabları – ağrıma qədər
səni görəndə.
DAHA HEÇ NƏ
Daha heç nə, dur elə bax, gör ki necə
ağrıyıram; kötük-kötük, budağ-budağ,
çiçək-çiçək, ləçək-ləçək, yarpağ-yarpağ.
Nə bəndədən haray gəlir, nə də Allah
rəhm eləmir ayə-ayə, varağ-varağ.
Daha heç nə, dur elə bax, imkan elə
sıx köksünü gen sinəmə, gen bağrıma.
Suçəkəntək nəyin varsa, hopduracam ürəyimə,
Təki bircə sən incimə, sən ağrıma,
Tanrı elə dərd çəkdirib mən fağrına.
Daha heç nə, yağış yağsa, qar ələsə,
Neyləyəcək qar küknara, qar vələsə?
Bilmirsənmi yar yanına yar tələsər?!
Dodağında adı donar heca-heca, sətir-sətir,
Ağrın alım, nə dərdin var, mənə gətir...
YANINA GƏLMİŞƏM, DUR ÖLDÜR MƏNİ
Yanına gəlmişəm, dur, hörmət elə,
mən ağac deyiləm, kol-kos deyiləm,
mən yarpaq deyiləm, budaq deyiləm.
Məni insan kimi xəlq edib Tanrı
mən dərddən-bəladan uzaq deyiləm
mənim də içimdə yüz cür dərd gəzir.
Yanına gəlmişəm, dur bir salam ver,
məni O, göndərib, göydən gəlmişəm.
Mən sənin qapını ümidlə açdım,
tələsik gəlmişəm, göynən gəlmişəm
ayağım torpağa dəyməyib mənim.
Yanına gəlmişəm, dur, mənə yer ver,
məni bu halıma bəndə salmayıb.
İlahidən gələn qərib səs kimi,
ürəyi oxşayan xoş nəfəs kimi,
sənin gözlədiyin qərib kəs kimi
yanına gəlmişəm, a bəndə, sənin.
yanına gəlmişəm bugündə sənin.
Dostdan inciyim yox, yaddan bezdiyim,
saplağı nazilmiş bir meyvə kimi,
ürək sındırdığım, ürək üzdüyüm
yadıma düşməyir, olmayıb, düzü.
Bu cavan yaşımda, bu gənc çağımda
çoxdan haxlamışam əllini, yüzü
heç kəs yada salmır nə gündür məni
yanına gəlmişəm, dur öldür məni.
GUYA, BİLMƏYƏCƏM
İndi nə oldu ki, geri qayıtdın,
Yazıq bənövşətək bükdün boynunu.
Mən ki yüz fitnəni yola vermişəm,-
Guya bilməyəcəm sənin oynunu?
Soruşdun, dinlədim, dindin, dinmədim,
Əyildin, əzildin, endin, enmədim.
Sən elə bildin ki, mən heç bilmədim,
Qurda tapşırmısan çöldə qoyunu?
Solumda, sağımda, önümdə durdun,
Kölgəmdə gizləndin, günümdə durdun.
Gözdən uzaq düşüb, könlümdə durdun,
İsidə bilmədin yenə qoynumu.
Ay sözü özü tək titrək gələnim,
Lov ilə gedənim, ürkək gələnim.
Mənli xatirəyə söykək gələnim,
Yenə atıb oxu, çəkdin yayını?...
GECƏLƏR YUXUMA GİRƏN QAĞAYI
Mənim yuxularım qarışıq düşüb,
Narahat yatıram gecələr, anam.
Dəstədən ayrılıb, yaralı düşüb,
Qəlbimdə qağayı gecələr, anam.
Sıxır gecələrin havası məni,
Sabaha çıxmağa azalır inam.
Gecələr qağayı girir yuxuma,
keşiyini çəkib yatmıram, anam.
Ulduzlar yanına çağırır məni,
Dalğalar dövrəmdə "əl çalır" elə.
Duya bilməyirəm şririnliyini,
yuxular gözümdə alçalır elə.
Kəsilib gülüşü qağaylların,
Nə bilim, yazdığım yuxudu bəlkə?
Gecələr yuxuma gələn qağayı,
Ölən dənizçinin ruhudu bəlkə?...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-07-2026 14:30
Baxış sayı: 398Yazı axını
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
30 / 06 / 2026
29 / 06 / 2026
29 / 06 / 2026
28 / 06 / 2026
28 / 06 / 2026
27 / 06 / 2026
Ən çox oxunanlar





























