"Dönüb birdən qanad oldu qollarım..." - Şahnaz Şahin

02-07-2026 15:43
                                        Şahnaz Şahin

Dalidag.az Sevinc Qəribin təqdimatında Şahnaz Şahinin şeirlərini təqdim edir:


ŞƏHƏR DƏ QƏRİBDİ, MƏN DƏ QƏRİBƏM
 
Şəhər də qəribdi, mən də qəribəm..,
Elə dalanından tininə qədər,
Quru torpağından suyuna qədər,
Neçə mərtəbəli öyünə qədər...
 
Gedirəm, küçəsi mənə dar gəlir,
Adamlar birtəhər baxır üzümə.
Köhnə yurd yerində təzə cah-cəlal
Gendən qəribliyi soxur gözümə.
 
Dost-doğma şəhərdə gəzə bilmirəm,
Tapa da bilmirəm köhnə ünvanı.
Bax, elə bu yerdə su köşkü vardı,
Bu yanda dondurma, kokteyl dükanı...
 
Qarşıma nə bir dost, nə tanış çıxır,
Bu boyda şəhərdə tənhayam, təkəm.
Özüm zindanbazam, özüm zindanam,
Şəhər boğazımda ilişən rikə...
 
Gözəl, yaraşıqlı, mehriban şəhər,
Gecəsi, gündüzü çıraqban şəhər,
Səni dəyişdirib zəhmətkeş əllər,
Hüsnünə yaraşır bu gözəlliklər...
 
Amma ki, qəribsən, qəribəm mən də
O, tozlu-torpaqlı kəndimə qədər.
Geydiyim çəkmənin, örtdüyüm şalın,
Saçımın təbii rənginə qədər...
 
Sən də nabatından qəndinə qədər..,
Köhnə feilindən fəndinə qədər
istəsən çək, apar fikirlərimi,
Aldat, lap sonuncu zəndimə qədər...

DÜNYA YAZ DOĞURDU O DOĞULANDA
 
İndi mən payızın nəyi oluram..,
Yağan yağışımı, əsən yelimi,
Saralan yarpağı, tənha çölümü?..
Bu yağış altında qalıb üşüyən,
Dünənki atəşin soyuq külümü?..
 
Açdım pəncərəni, hava soyuyub..,
Dünənki istidən əsər qalmayıb,
Dünənki istidən kəsər qalmayıb,
Hava kədərlidi, gözü nəmlidi.
Hələ bu, payızdan fağır dünyaya,
Birinci mesajdı, ilkin həmlədi...
 
İndi mən payızın nəyi oluram..,
Qaçıb göy üzünü bulud aşağı,
Dəlisi oluram, səyi oluram.
Uzaqda top atır ildırım baba,
Burda toyxanası, toyu oluram...
Sərxoş buludların qolları üstə,
Mən də əldə qədəh dolandırıram,
Saqisi oluram, meyi oluram...
 
Bir az havalıdı başım mənim də,
Bir az davalıdı başım mənim də...
Bu gedən neçənci yaydı, ilahi,
Bu gələn neçənci payız olacaq...
Elə bu payıza ilk sevinən də,
Elə ilk küsən də o qız olacaq...
 
Dünya yaz doğurdu o doğulanda..,
Yağışlar çöllərədə ot bitirirdi.
Bahar çiçəyiydi o qız eləcə
Yalın meşələrə, boz torpaqlara,
Təbəssüm səpirdi, gül bitirirdi...
Elə ürəkliydi, elə ürəkli..,
Burdan göy üzünə qəmzə satırdı,
Burdan göy üzünə yol bitirirdi...
 
Açdım pəncərəni, hava soyuyub..,
Bir də bu payızdan olmayacaq ta...
O qız da qoşulub payıza getdi,
Elə o qızdan da olmayacaq ta...

ƏLLƏRİMƏ LƏLƏK DÜŞDÜ BULUDDAN
 
Elə hər şey bir kəlmədən başladı.
Elə qəfil, elə birdən başladı.
Mən gördüm ki, daşqın gəlir üstümə,
Sel özü də çaşqın gəlir üstümə...
 
Əvvəl bir az mən özümü itirdim,
Kimsə dedi: qaç, - tez ayaq götürdüm.
Su üzündə köpük, kötük.., nə ki, var
Kömək umdum, əl uzatdım.., itirdim.
 
Sonra kimsə yetib çatdı arxadan,
Kürəyimdən çəkib tutdu arxadan.
İlan kimi su qıvrıldı yol boyu,
Biz ikimiz su üstündə qol-boyun...
 
Yanımda bir quş yuvası axırdı,
İki məlul göz üzümə baxırdı.
İnanmazdım quş beləcə ağlayar,
Quş naləsi insan bağrın dağlayar...
 
Kimsə dönüb mənə baxdı buluddan,
Dönüb birdən qanad oldu qollarım.
Dönüb birdən quşa döndü əllərim,
Əllərimə lələk düşdü buluddan...

ƏN YAXŞI YERDİ XATİRƏN

Dağılıb hər tərəfə,
Otaqla birdi xatirən.
Səni duyub düşünməyə,
Ən yaxşı yerdi xatirən.

Bir az nəmdi, bir az soyuq,
Qaya kimi oyuq-oyuq.
Keşikdəyəm ayıq-sayıq,
Sərhəddi, sirdi xatirən.

Bir yer varmı ki, getməyə,
Gedib ibadət etməyə.
Çöl sazaqdı, isinməyə,
Içimdə qordu xatirən.

Dinlə deyim kiməm, nəyəm,
Yerəm, yurdam, kökəm, soyam.
Sahibi itmiş ürəyəm,
Üstə möhütdü xatirən.

***
Yavaş-yavaş unudulub gedirsən,
Heçdən düşür yanağına ayrılıq..
Musiqiydik çalındıq da bitdik də,
Bundan belə bir yol qalır...ayrılıq

Bir səma var qopub düşür aşağı,
Bir ürəkdi..o da belə xəstəhal.
Nə qoymuşuq,nə tapacaq gələnlər,
Quş yuvası,bal arısı,qeylü-qal..

Sıra səndə,sıra məndə..deyilmi..
Götür içək şərəfinə bu eşqin.
Bu dünyada,o dünyada günahkar,
Bu nabələd,bir piyalə su eşqi..


MƏN SƏNİ BİR ÇİÇƏK ƏTRİNƏ SEVDİM

Mən səni gecənin qaranlığında,
Ruhumun yenilməz gücünə tapdım.
Tapdım, buldum dedim, ovundum dedim,
Tapdım, şükürləndim, sevindim dedim.

Dedim belə imiş sevgilər yəqin,
Bir yanı gecəymiş, bir yanı gündüz.
Neçə yol dolanır eşqin başına,
Bircə yol ayrılır eşqdən dümdüz.

Mən səni bir qəlbin xarabasında,
Mən səni bir mələk simada sevdim.
Bir çimdik duz kimi, bir içim su tək,
Bir udum hava tək tapdım da sevdim...

Bir sabah yelinin nəvazişində,
Mən səni bir çiçək ətrinə sevdim.
Bir ana gözündə görüb tanıdım,
Ata öyüdündə sevdim də sevdim...

Mən niyə bilmədim, niyə bilmədim
Bir gün tapılanın itməyi varmış.
Bu boyda xoşbəxtlik bir ömrə sığmaz,
Ya şər qarışanda ya bir dan üzü,
Gələnin yığışıb getməyi varmış.

Mən niyə bilmədim, niyə bilmədim,
Ta məni çiçəklər xoşbəxt eləməz...
Getdi çiçəklərin tələbə vaxtı,
Getdi çiçəklərin qələbə vaxtı...

GECƏNİN DUASI...

Ha su tökdüm, yaz olmadı bu dərdim,
Kotan çəkdim, düz olmadı bu dərdim.
Səndən başqa kimə desəm bu dərdi...
Bağışlamaz...
Allah, məni bağışla...

Bir hasar çək, diblərinə gül də ək,
Qələm götür, gözlərimə sürmə çək.
Çıxıb gedər bəni-Adəm təkbətək...
Bağışlamaz...
Allah, məni bağışla...

Sıx gözünü ağ varağa qara yaz,
Sarı deyil Sarı gəlin... bir də yaz.
Günahım var, nə fərqi ki, çox, ya az..
Bağışlamaz...
Allah, məni bağışla...

Quru yerdi baş qoyduğum and yeri.
Hey sökülür arzuların bənd yeri.
Dilimdədi Tövbə, İman, Fənd yeri...
Bağışlamaz?
Allah, məni bağışla... bağışla...

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-07-2026 15:43
Baxış sayı: 368
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını