Reklam
"Adam dolu dünyanın içində tənha qaldım..." - Ceyran Qurbanova
23-06-2026 11:20
Ceyran Qurbanova"...Tanrı nəfəsidir hər əsən külək,
Titrəyən yarpaqlar xəbər gətirər.
Səslə ulduzları, hər gecə yarı,
Ona gedən yollar, duadan keçər..."
Dalidag.az Sevinc Qəribin təqdimatında Ceyran Qurbanovanın şeirlərini təqdim edir:
***
Daş yerində oturmaz, uçsa könül hasarı,
Söz yarası sağalmaz, ha məlhəm qoy, ha sarı,
Görməyənə nə fərqi, rəng ha qara, ha sarı,
Pərdə çəkilmiş gözə, görünməz eşq diyarı.
Könül bir sirr aynası, Haqq gizləyər izharı,
Hər kim oddan keçməsə, anlamaz o əsrarı,
Qışa səbr etməyənin, bitməz ki ahu-zarı,
Pərdə çəkilmiş gözə, görünməz eşq diyarı.
Üz var nura yol almış, üz var qaranlıq sözə,
Üzülər can cəfadan, kölgələr dönər izə,
Üz tutsan,O'na sarı, güləcək bəxtin üzə,
O'ndan üz döndərəndə, qaranlıq gələr gözə.
Var dedim yoxa çıxdı, mən gördüyüm hər nə var,
Varın yükü ağırmış, yoxluqdaymış etibar,
Var'a yetmək istədim, apardı məni yoxlar,
Yoxluq günü bilinər, kimdə haqqdan nişan var.
NEYLƏSİN?
Sən elə müəmmasan, heç fələk də baş açmaz,
Qəlbiqara adama, Günəş nurunu saçmaz,
Sözünü tutmayan kəs, adam sözündən qaçmaz,
Yarpaq ağacdan bezib, budaq ona neyləsin?!
Bunca savab içində, Allahı görməz oldun,
And-amanın içində, gözəgörünməz oldun,
Sən günahın içində, necə lal-dinməz oldun?!
Yoxdursa, din-imanın, tövbə sənə neyləsin?!
Zülüm bir qıfıl isə, açarı var əlində,
Bütün müşkülü çözən, dualar var dilində,
Əlin, gözün, ayağın, əzaların yerində,
Bəs indi bundan artıq, Allah sənə neyləsin?!
RUHUN PAYIZI
Mənim içim-çölüm payız fəslidir,
Arzular yarpağın töküb ağacdan.
Ruhum boylanarsa Günəşə sarı,
O gün Allahın da çıxmaz yadından.
Mən indi gedirəm, geriyə yol yox,
Ruhum sığışmır ki, öz qəfəsinə.
Dünyaya təzədən çətin ki, gəlim ,
Mən yenik düşmərəm öz həvəsimə.
Qismətim möhtacdır leysan yağışa,
Gəlsin hər damlada payızın səsi.
Torpaq hər duaya "Amin" dedikcə,
Canlanar köksümdə ruhun nəfəsi.
Sonsuzluq yoludur addımım indi,
İşığa qarışıb kölgəm, izim də.
Tanrıyla dialoq necə xoş imiş,
Bütün pis insanlar öldü gözümdə.
***
Götürmə çətiri, çıxıb yağışda,
Əylənək doyunca, gülək doyunca.
Özgəylə yarışmaq zamanı deyil,
Dürüst halımızı sevək doyunca.
Damlalar aynamız, külək əsamız,
Pozaq kainatın rəng və ahəngin.
Yağışdan sonrakı bu göy qurşağı,
Olsun ömrümüzün ən gözəl rəngi.
Gülüş səsləriylə açaq yolları,
Ayaq izlərimiz bizdən danışsın.
Sevgi duasından ilhamlanaraq,
Bütün küsülülər mütləq barışsın.
SƏRÇƏ DUASI
Sərçə qanadında çırpınır ömrüm,
Soyuqda köçünü aranda qurar.
Ruhum o sərçətək üşüyən zaman,
Ümidlə Allaha sığınar, durar.
Tanrı ağacında yaşıl yarpaqlar,
Bir damla ümiddir, bir isti nəfəs.
Çoxu bu ağacda bir sərçə kimi,
Yaratmaq eşqinə göstərər həvəs.
Tanrı nəfəsidir hər əsən külək,
Titrəyən yarpaqlar xəbər gətirər.
Səslə ulduzları, hər gecə yarı,
Ona gedən yollar, duadan keçər.
SEVDA YOLÇULARI
Səninlə yadlaşan iki doğmayıq,
Daha baxışlar da soyuq,gözucu.
Bu sevda yolundan kimlər keçmədi?
Nə sən birincisən,nə mən sonuncu.
Özümü unutdum,səni unutdum,
Gələn xoş günləri,dünü unutdum,
Həftəni, ayları, günü unutdum,
Günlərdən bazardır,yoxsa altıncı?
Səni küçə-küçə dolaşıram mən,
Soyuq xəyalınla savaşıram mən,
Kim daha çox sevdi, soruşuram mən?
Sən məndən sonrasan, mənəm birinci.
SƏBƏBİ SƏN
Buludlar boşalıb göylərdən indi,
Yağışlar boşanıb göylərdən indi,
Sel kimi tökülən göylərdən indi,
Göyün nuru deyil, şikayətindir.
Üşüyən əlimi alovlandıran,
Titrəyən könlümü alovlandıran,
Ehh, mənim ruhumu alovlandıran,
Gün istisi deyil, hərarətindir.
Özünü özümdə şirinləşdirən,
Sevgini sözümdə şirinləşdirən,
Ömürü gözümdə şirinləşdirən,
Həyat eşqi deyil, sədaqətindir.
Sevib-sevilməyi mənlə qanmısan,
Bəlkə də sevməyi oyun sanmısan,
Sən sevgi odunda elə yanmısan,
Səbəbi mən deyil, məhəbbətindir.
***
İlahi, sən bilirsən,
Mən nələrdən keçmişəm.
Susuzluqdan yananda,
Göz yaşımı içmişəm.
Göz yaşım yanağımı,
Doğradı ülgüc kimi.
Çətinliyi zənn etdim,
Səndən gələn güc kimi.
Qaranlıq quyulara,
Düşdüm ağlım kəsəli.
Hey çalışdım etməyəm,
Hər ağlıma əsəni.
Quyulardan çıxanda,
Özümdən keçdim,gəldim.
Çoxusuna yad olan,
Mirvarilər gətirdim.
İncilər sıralandı,
Boynumda düzüm-düzüm.
İşığa çatmaq üçün,
Süründüm dizin-dizin.
Neçə səssiz döyüşdən,
Yaralanıb sağ çıxdım.
Yolumdakı daşları,
Pillə edib dağ çıxdım.
Yaralar qapı oldu,
Sənə gələn yollara.
Həsrət ağır yük imiş,
Sarılmayan qollara.
Uçurumun küncündə,
Ağrılardan yoğruldum.
Hər zərrəmə güc verdin,
Küllərimdən doğuldum.
Yüz qaranlıq gecəni,
Bir səhərə caladım.
Hər alışıb yandıqca,
Külümdən od qaladım.
Ölüm ayrılıq deyil,
Yoldaşlıqdır Allaha.
Çarəsi Allah olan,
Çıxar nurlu sabaha.
AXTARIRAM...
Əlimdəki çıraqla,
Gündüzü axtarıram.
İtirmişəm özümü,
Özümü axtarıram.
Nur közərir əlimdə,
Sözlər yanır dilimdə,
Lələ köçən elimdə,
Sözümü axtarıram.
Bir məscid günbəzində,
Qara kilsə zəngində,
Bayquşların gözündə,
Gözümü axtarıram.
Ürəyimi qor alıb,
Gündüzlərim qaralıb,
Səhvlərim də çoxalıb,
Düzümü axtarıram.
Qollarım qandallanır,
Gözlərimdən qan damır,
Məni kimlər aldadır,
Dözümü axtarıram.
Havalanıb başım da,
Bax,itib yaddaşım da,
Hər çınqıl,hər daşında,
İzimi axtarıram.
Qaranlıq küçələrdə,
Yuxusuz gecələrdə,
Tanrısız səcdələrdə,
Dizimi axtarıram.
YAŞAMAQ GƏRƏK
Rəngi rəngə qatmaq deyil,
Zamanı saxlatmaq deyil,
Ömür baş aldatmaq deyil,
Doyunca yaşamaq gərək...
Boş söz ilə ürək dolmaz,
Hər gedənin izi qalmaz,
Qorxu ilə qəlb alışmaz,
Sevərək yaşamaq gərək...
Boy-buxunlu cökə deyil,
Həyat asan tikə deyil,
O ki hazır kökə deyil,
Yoğrulub yaşamaq gərək...
Nə Şam sənə ölkə olar,
Nə Rum sənə kölgə olar,
Arif adam bilgə olar,
Öyrənib yaşamaq gərək...
İLAHİ
Nə yazmışdın adıma?
Heç düşmədin yadıma,
Fəqət indi dadıma,
Yetişərsən, İlahi?!
Qara saçımda ağ dən,
Heç nə gəlmir əlimdən,
Yaman gündədir bəndən,
Sən necəsən, İlahi?!
Yerdən göyə bir səddir,
Bu nə hiylə, nə fənddir?
Qulağım səsə bənddir,
Gələn sənsən, İlahi?!
Asi oldum mən Sənə,
Kərəm etdin Sən mənə,
Səhv etsəm dönə-dönə,
Əff edərsən, İlahi?!
Unutmuşam dünümü,
Gəl, ağ eylə günümü,
Eşidirsən ünümü?
Səsin gəlsin, İlahi !
MÜQƏDDƏS AYNA
Oyaq qalsa da bəndələr,
Yatmaz e, Allah yatmaz.
Buz kimi saxla qəlbini,
Tikanlar göyə çatmaz.
Ac qurdların süfrəsinə,
Yem etməz Allah quzunu.
Pozar qurulan hiylənin,
Əllisini, yüzünü.
Dua açar min qıfılı,
Qaldır ərşə əllərini.
Allah "Ol" söyləmədən,
Heç kim tapmaz öz yerini.
Səma müqəddəs aynadır ,
Boylan üzü Ona tərəf.
Arzu etsən, əta edər,
Varmı bundan uca şərəf?!
Kim Allahı dansa, əgər,
Ruhu yerin tapmayacaq.
Göyə uzanan tikanı,
Səma tutub saxlayacaq.
QIZIMA
Göylərin kürsüsünə,
Çatan sirli duamsan.
Ömrümü aydınladan,
Sən nurlu bir sabahsan.
Bu havalı başımda,
Dolanan sevdam mənim.
Çox əsəbi halımda,
Sevməz hər adam məni.
Amma çətin günümdə,
Səni bacım bilmişəm.
Sənə olan sevgimi,
Başıma tac etmişəm.
Ay qanadsız mələyim,
Gözü bənövşə balam.
Sənə zaval gəlməsin,
Hər qadanı mən alam.
Ruhuma sığal çəkər,
Bir kəlmə Ana sözün.
Tanrıdan arzum budur,
Yaşla dolmasın gözün.
Söyləməyə yox lüzum,
Sən ki çox sevilirsən.
Göy qurşağı misalı,
Könlümü bəzəyirsən.
Sən getdiyin yolların,
Naxışına qurbanam.
Yaşamağa güc verən,
Baxışına qurbanam.
GECƏNİN RƏNGİ
Məni heç qorxutmadı,
Nə ölüm, nə də ölmək.
Ən böyük arzum oldu,
Ürəkdolusu gülmək.
Ruhumu boyamışam,
Bu gecənin rənginə.
Dəli-dolu sellərtək,
Qarışıb ahənginə.
Külək qumun sovuran,
Amansız səhra oldum.
Adam dolu dünyanın,
İçində tənha qaldım.
Günəş od ələyəndə,
Kölgədə daldalandım.
Neylərdim od-ocağı?
Öz közümdə qalandım.
Nəyə əlimi atdım,
Qırıldı, parçalandı.
Sevincə yol aldıqca,
Tez məndən aralandı.
Sahilinə yan alır,
İndi limansız gəmi.
Mən ki, başa düşürəm,
Çatıb ayrılıq dəmi.
Qaranlıq bir yerdəyəm,
Yox hərarət, istisi.
Burda qurdlar ulayır,
Yox adam hənirtisi.
Uzaqdan duman kimi,
Bir işıq əl eyləyir.
Sakit, səssiz-səmirsiz,
O yolumu gözləyir.
Ona doğru yol aldım,
Mən iti addımlarla.
Qoy dünya dolsun-daşsın,
Lazımsız adamlarla.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-06-2026 11:20
Baxış sayı: 3197Yazı axını
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
Ən çox oxunanlar




























