"Yağışlar aldatdı içimdəki sükutu..." - Sevinc QƏRİB

05-05-2026 13:56
      Sevinc QƏRİB

* * *
O darıxan yolun
üzünü güldürdüm bu səhər,
yenə sevindirdim
izlərimsiz qəribsəyən yolu.
Bitirdim həsrətini
ayaqlarımın da,
xiffət üzü silindi izlərimin.
Nə fərqi var, hara aparır məni-
sevincə ya kədərə..,
təki yol hicrana yenilməsin,
təki ayaqlarım yoldan kəsilməsin...
Yolun başında ayaqlarımı
qucmaq havası,
qolları açıq qucaq kimi həvəsli.
Ayaqlarımın könlündə yerimək sevdası,
içimdə vurnuxan titrək kəpənək,
yola susamış arzuların dirçəliş səsi,
yol qovuşuq nəfəsli...
Yol vüsalına çatdı,
keçdi darıxmaq ağrısı.
Gözümdə yaş gülümsədi,
mən yaxşı bilirəm darıxmaq nədir...

Deyin, ta Sevincin öldü!!! 

Yenə bağrımı oydular,
yenə köksümü soydular,
yenə məni tək qoydular,
mən sevgimə sığınmışdım. 

Mən küldən ocaq "cücərtdim",
mən yoxdan ümid göyərtdim,
eşq bilib günah törətdim,
mən sevgimə sığınmışdım. 

Bu qisməti çox bəyəndim,
əynimə sevinc geyindim,
bəxtə güvənib öyündüm,
mən sevgimə sığınmışdım. 

Sınıq könlüm uddu qəmi,
qurutdum gözümdə nəmi,
o imiş ömrümüm kəmi,
mən sevgimə sığınmışdım. 

Min il sonra üzüm güldü,
xəbis şeytan hardan bildi?!
sevincim gözümdən gəldi,
mən sevgimə sığınmışdım. 

İndi evim soyuq çöldü,
dərd ömrümü qışa böldü,
deyin, ta Sevincin öldü,
mən sevgimə sığınmışdım. 

Yenə bağrımı oydular,
yenə köksümü soydular,
yenə məni tək qoydular,
mən sevgimə sığınmışdım. 

* * *
Köhnəydi gözümü aldadan pəncərələr,
o üzü, bu üzü yalan çətirli.
Aynaların boğulmuş rəngində
azmışdı günün şəfəqləri.
Çiynimi söykəsəm küçənin tini qaçacaqdı,
divarlar sədd olmaqdan yorulmuşdu.
Əllərimi uzatsam yolların boyu sınacaqdı,
geri addımlayırdı torpaq üstündəki kölgələr,
qorxunun rəsmiydi yeriməyən izlər.
Sulara üz tutsam susacaqdı səssizliyim,
yağışlar aldatdı içimdəki sükutu.
Əl çatmayan dalğaların su savaşı 
qayaların köksündə zəfərlə bitirdi,
dəniz də inadkarcasına 
göz yaşıyla isladırdı qumlu sahilləri.
Düşə bilərdim boşluğun qəddar ağzına,
əyilə bilərdim dərdin önündə.
Açmışdı qucağını qolsuz istəklər,
vermişdi səs-səsə lal quyular da.
Aldana bilərdim isti nəfəsə,
yenilə bilərdim aldanışıma...
Tutub biləyimin döyüntüsündən
İşıq da qaçırdı zülmətə sarı.
Boşluqlar, quyular, qolsuz qucaqlar..,
qaranlığı seçən işıq..,
nəfəsi kəsilən biləyim...
Qəfil cəftəsi açıldı aydınlıq qapısının,
dizi qırıldı qaranlığın.
Tanrının gözü üstümdə,
Tanrının əli telimdə,
getmədiyim yoldan geri döndüm... 

* * *
Daha küləklər də qorxutmur məni,
nə olacaqsa, olsun deyir içimdəki səs.
Dik duruşuma baxma, 
daha yazıqdı o gördüyün qız.
Qollarım elə hey qoynuma sığınır, 
ovcumdakı izlər itməsin deyə
sıxıram əllərimi bir-birinə...
O gecə əlimi əlində saxlayıb
gücü yetdiyi qədər sıxmışdı,
nəsə demək istəmişdi atam,
danışa bildiyi halda susmuşdu.
Qəfil sinəsinin üstünə qoymuşdu əlimi,
gözlərində narahatlıq şəkli,
üzündə nigaran ifadə.
Azca gülümsəmişdi də...
bəlkə anlamayım getdiyini, 
bəlkə qorxmayım deyə.
Son gecəymiş...
son dəfə tuturmuş əlimi,
son baxışı imiş vücudumu sığallayan,
səssizcə vidalaşırmış atam mənimlə...
İndi əllərimi qoruyuram,
ürəyimdə əzizləyirəm də.
Hərdən ovuclarımı öpmək keçir könlümdən
Atamın əllərini öpdüyüm kimi...

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-05-2026 13:56
Baxış sayı: 3155
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21 / 04 / 2026