Axı o, yüzlərlə körpənin ümid işığı idi...

Bu günlərdə Respublika Pediatriya Mərkəzi-Ə.Qarayev adına uşaq Klinik Xəstəxanasının direktoru Azər Əhmədov TƏBİB-in qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıldı. Bu ədalətsiz qərar məni də dərindən sarsıtdı. Bu hisslərim təkcə Azər doktorun savadlı kadr olması ilə bağlı deyil; o, eyni zamanda məsuliyyətini dərk edən, pasiyentlərinə ayrı-seçkilik etmədən, hər birinə nəvazişlə yanaşan əsl peşəkardır.
Axı o, yüzlərlə körpənin ümid işığı idi...
Bəzən bir insanı vəzifədən uzaqlaşdırmaq olar, amma onun insanlarda yaratdığı inamı və sevgini heç bir qərarla silmək mümkün deyil. O, sadəcə bir rəhbər deyildi... Ağlayan ananın ümidə sarıldığı səs, gecə yarısı xəstə uşağın nəfəsinə qarışan qayğı, ağ xalatın altında vicdanını daşıyan bir loğmandır.
Bu gün bəlkə də kabinetinin qapısı onun üzünə bağlanıb. Amma neçə-neçə valideynin duasında, neçə uşağın sağalmış gülüşündə onun adı yaşayır. Çünki o, peşəsini vəzifə üçün deyil, vicdanı üçün icra edən həkimdir.
Təmənnasızlığı bəzilərinə qəribə görünürdü. Çünki bu dövrdə hər şeyi ölçən tərəzilər var: vəzifə, maraq, qazanc... Amma o insanın tərəzisi fərqli idi — orada insanlıq, mərhəmət və peşə sevgisi ağır gəlirdi. Ədalətsizlik bəzən ən çox işığını ətrafa saçan insanlara toxunur. Çünki işıq həmişə kimlərinsə gözünü qamaşdırır.
Bir uşaq xəstəxanasında illərlə təkcə xəstəliklə yox, ümidsizliklə də mübarizə aparan bir həkimi susdurmağa çalışmaq olar. Amma onun qazandığı hörməti və insanların qəlbində qoyduğu izi silmək qeyri-mümkündür.
Vəzifələr dəyişir, adlar lövhələrdən silinir. Amma ləyaqətlə yaşanmış ömür, halal əməl və insanların sevgisi əbədi qalır. Ən böyük titul da elə budur!
Ədil ORUCOĞLU
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-05-2026 10:11
Baxış sayı: 310




























