Reklam
Rauf Rəvanın "Uzun saçlı gəlin"i
15-12-2021 12:46
"...Saçını kəsməsən ya dəli olacaqsan, ya da öləcəksən..."
Dalidag.az istedadlı yazar Rauf Rəvanın "Uzun saçlı gəlin"hekayəsini təqdim edir:
Həmin gecələrdən biri...
Atam cənabi Əzrailin paltarını geyinib həyətə girdi. Qapını açmağından bilirdim ki, yenə qoşulub "körpü məsələsi" olan əyyaş qohumlarına ağlı başından çıxana qədər içib. O, həmişə evə içkili gələndə anam topuğunacan kimsəsiz yollar kimi uzanan zil qara saçlarını tələm-tələsik toplayıb yığardı.
Özümdən başqa üç qardaşım, bir bacım var idi. Ən böyükləri də mən. Yaşda qardaşlarımdan böyük olsam da, hamısından çəlimsiz və boydan ürkək olmuşam. Elə indi də eləyəm...
Amma böyük mən olduğum üçün ürəkli idim, qorxmurdum.
Evin qapısı açıldı. Atam ayağını yerə sürtə-sürtə otağa daxil oldu. Hamımız özümüzü yatmış kimi apardıq. Evdəki səssizliyi və işıqların söndüyünü görüb bilə-bilə ki, biz yatmışıq yenə etdiyini etdi:
-- Ay qız, dur görüm. Dur corablarımı çıxart...
O vaxtı biz qapımızın qarşısında kiçik sınıq bir stulun üstündə qovrulmuş tum, bir də qulpu taxtadan olan xoruz, ayı, dovşan şəklində şirniyatlar satardıq...
-- Dəftəri gətir görək nə satmısız.
-- Qalsın sabah baxarsan.
-- Niyə? Demək istəyirsən mən içmişəm, piyanam, ağlım başımda deyil?
Demək istəyirsən ki, mən dəliyəm? İt qızı it...
Və...anamı həmişəki kimi haldan düşənə qədər döyərdi. Anam qürurlu qadın olduğundan heç vaxt ağlamazdı.
-- İt qızı it, niyə səsin çıxmır hə? Niyə ağlamırsan? Niyə qışqırmırsan ay qancığ...
Anam qürurunu göstərdikcə atam onun qara uzun saçından tutub sürüyərdi. Evdə yalnız bizim qışqırtımız olardı. Az qala divarlar dilə gələ ki -- bu tifillərə yazığın gəlsin, döymə analarını. Gör ətcə sərçə balaları kimi bir küncə qısılıb necə ağlaşırlar...
Səsimiz evin tavanını sanki yerindən qoparacaqdı...
-- Kəsin səsinizi, küçüklər...
-- Ağlamayın balalarım, qonşular eşidər...
Atam anamı ölənə kimi döyüb, otağın ortasına atıb qaçardı bağımızdakı nar ağaclarının altına. O ki var ağlayıb, ögüyərdi. Əyyaş qohumları ilə nə yeyib içmişdisə hamısını qusub qaytarardı...
Sonra mən ağlaya-ağlaya gedib atamın qoluna girib onu yatağına kimi gətirərdim...
Qəribə bir vərdişləri vardı ata və anamın. O boyda həngamə, o boyda dava-dalaşdan sonra nə yataqlarını ayırardılar, nə küslü qalardılar. Səhər açılardı, anamın göz-başı qapqara qan bağlamış, atam da heçnə olmamış kimi yarımçıq qalan işinə davam edərdi. Qaynaqçı idi. Anam yenə də çayını süzüb qabağına gətirərdi...
Mənim atamın anası çox mömünə xanım olub. Namaz qılan, oruc tutan, məhərrəm ayında mərsiyə deyib, rozə oxuyan...
Babam isə eynən atam kimi, daha doğrusu atam atası kimi...
Bir gün atamı hər gecə içirib evimizə göndərən əyyaş qohumların ataları babamı da içirib nənəmə şər ataraq evə göndəriblər. Atamgil də beş uşaq olub. Üç qardaş, iki bacı. Böyük övlad atam idi. Babam qohumlarının yalanına uyub gecə yatdığı yerdə nənəmin başına lom ilə vurub öldürmüş, özü də türmədə havalanıb dəli olmuş, elə orda da ölmüşdü.
Atam on beş yaşında iki qardaş, iki bacı ilə yetim qalır. Elə ona görə də iyirmi iki yaşında evlənir. Anam on yeddi yaşında gəlin gəlib o yetimləri böyüdür. Mən atamın əsgərliyə getdiyini görmüşəm. Atam əsgərliyə gedəndə mən anamın qucağında qırx günlük olmuşam. Qayıdanda isə iki yaşında...
Tarixin təkrarlanacağından qorxub on beş yaşıma kimi atamla anamın yatdığı otağın qapısında quru polda yatmışam. Nə vaxt onlar yatardı durub yatağıma keçərdim. Qorxurdum atam anamı, babam nənəmi öldürdüyü kimi öldürər. Axı atamı içirənlər babamı içirənlərin törəmələri idi...
Günlər ötdü, aylar keçdi bir gecə anamın başında dözülməz ağrılar başladı. Nə etdiksə düzəlmədi. Uzun çəkən ağrılardan sonra atam anamı həkimə apardı. Həkim anama bir cümlə demişdi:
-- Saçını kəsməsən ya dəli olacaqsan, ya da öləcəksən.
Anam o gecəni səhərə kimi yatmadı. Ağrı yaddan çıxdı. Topuğuna kimi uzanan zil qara saçından ayrılmaq istəmirdi. Səhər açıldı anamın saçını dibindən kəsdilər. Bağımızın axırında əncir ağacının altında insan kimi dəfn etdi anam saçlarını...
Hər gün saçlarının məzarı üstünə gül-çiçək sərib ağlayardı...
İndi mənim qızımın da saçı topuğuna kimi uzanır...
Elə qorxuramki....!!!!
Rauf Rəvan
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 15-12-2021 12:46
Baxış sayı: 31 017
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23