Reklam
Ədil İmran oğlu — Vətənə bağlı bir ömrün son nəfəsi
09-05-2026 12:01

Ədil İmran oğlu...
Adı kimi özü də ədalətli, sakit, lakin dəmir iradəli bir insan idi.
Onun həyatı müharibə, itki, həsrət, lakin eyni zamanda şöhrət, ləyaqət və vətənə bağlılıq dastanı idi.
O, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu.
Moskvadan Berlinə qədər uzanan qanlı döyüş yollarından keçmiş, bir ayağını itirmiş, lakin iradəsini əyməmişdi.
Qələbə ilə Vətənə döndü. Amma özü ilə gətirdiyi yaralar yalnız bədənində yox, ruhunda da yaşamağa davam edirdi.
Doğma Kəlbəcərin Hacıkənd kəndi, onun üçün sadəcə bir yaşayış yeri deyildi — ruhun evi, torpağın nəfəsi, yaddaşın beşiyi idi.
1993-cü ilin yazı... Kəlbəcərə qara duman çökmüşdü.
İşğal xəbəri kənd-kənd yayılırdı. İnsanlar üzü yaşlı, yükləri ağır, könülləri parçalanmış halda doğma yurdu tərk edirdi.
Amma Ədil kişi...
O tərk etmədi. O, qərarını öz dili ilə belə ifadə etdi:
“Mən müharibə görmüşəm. Mən bilirəm, vətənsiz yaşamaq nə deməkdir. Mən burda öləcəm... Amma doğma kəndimi tərk etməyəcəm!”
Əlində ov tüfəngi vardı — illərlə divardan asılı qalmış, amma bu dəfə vətənin son sipəri kimi sinəsinə sıxdığı o tüfəng. Həyətdəki ağ daşın üstündə oturdu. O daş — uşaq vaxtı oynadığı, gənclikdə dayandığı, yaşlandıqca belini söykədiyi daş idi. Və indi, həyatının son səhnəsi üçün səhnə daşına çevrilmişdi.
Erməni silahlıları gəldi. Qarşılarında bir ordu yox, bir qoca vardı.
Amma bu qocanın duruşu bütöv bir millətin ləyaqəti qədər uca idi.
Amma bu qocada o qədər Vətən vardı ki, bir anlıq özləri də donub qaldılar...
Lakin mərhəmətsiz idilər.
Gülləni sinəsinə boşaltdılar...
Ədil kişi boylanmadı, yerindən də tərpənmədi.
Sadəcə, ağ daşın dibinə yıxıldı — elə orda canını Vətənə tapşırdı,
Onu heç kim aparmadı. Heç kim onun son nəfəsində onu ağlamadı . Nə molla oldu Quran oxuya , nə doğma oldu yanında yuyub, kəfn dəfn edə.! Düşmən elə orada, o daşın dibində torpaq qazdı...
Ədil kişi torpağın sinəsinə, Vətənin bağrına basdırıldı.
Ədil İmran oğlu – bir ömrün deyil, bir xalqın hekayəsidir.
Onun adına yazılan bu səssiz dastanı nə tarix unudacaq, nə də bu xalq.
Hacıkəndin torpağında bir ağ daş var — altında torpaq, üstündə Vətən.
O daşın adı: Ədil kişi.
Vüqar Şirinoğlu
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-05-2026 12:01
Baxış sayı: 310Yazı axını
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
Ən çox oxunanlar





























