Reklam
Fərid Muradzadənin "Əsgər çəkməsi"- Yeni hekayə
14-11-2021 13:01
"...Ayaz bu paltarları geyinə bilməzdi. Gözünün önünə bu çəkmələrlə azərbaycanlıların qanlı meyitlərinin üstündən şövqlə keçən Tiqran gəldi..."
Dalidag.az Fərid Muradzadənin yeni hekayəsini təqdim edir:
ƏSGƏR ÇƏKMƏSİ
Yorulmuşdu. Hava da olduqca soyuq idi. Gecədən başlayan qar yolları keçilməz etmişdi. Taqəti tükənirdi, amma dayanmaq olmazdı. İslanmış paltarları xeyli ağırlaşmışdı. Otuz beş kiloqramlıq əsgər yükü və avtomat hərəkəti daha da çətinləşdirirdi. Ayaqları suyun içində “üzürdü”. Şaxtalı hava insanın damarda qanını dondururdu. Əsgər çantasını atmağı qərara almışdı. Daha bu ağırlığı daşıyacaq gücü qalmamışdı. Əsas silahı idi. Avtomatın üstündəki daraqdan əlavə daha dörd daraq gülləsi vardı. Qalan nəyi vardısa atacaqdı. Onsuz da yaşamaq ümidi sıfıra bərabərdi. Rastına çıxdıqca erməni itlərini öldürməkdən başqa bir amalı yoxdu. Gördüyü dəhşətli, fəlakətli, ağılasığmaz hadisələrin şoku canından çıxmamışdı. Qar üstünə düşən solğun gün işığı adamın gözünü “ aparırdı”. Hər tərəf ağappaq idi. Amma ona elə gəlirdi ki hər yer qırmızı qan rəngdədir. Günahsız, məsum körpələrin donmuş, qanlı cəsədləri gözlərinin önündən getmirdi. Soyuq əhədini kəssə də qızınmaq üçün isti ocaq düşünmürdü. Dünəndən bəri oddan qaçırdı. Od, alov barədə əsla düşünmək istəmirdi. O barədə fikirləşən kimi elə bil özü odlanırdı, yanırdı, ürəyi sıxılırdı, rəsmən özünü alovun qırmızı dilləri içində görürdü. Xocalı faciəsindən 6 gün keşmişdi. O, altı gün idi ki səfil-sərgərdan gəzirdi. Əvvəlcə kifayət qədər gücü vardı. Xocalı qətliamından sonra partizan kimi gizlənə-gizlənə on-on beş ermənini cəhənnəmə vasil edə bilmişdi. Ancaq dünəndən bəri elə bil ki qisas eşqi də alçaq ermənilərin meyitləri toplayıb yandıran “Qaflan” qrupunun yaxdığı alov içində əriyib getmişdi. Onsuz da burada öləcəyinə and içmişdi. Yenə olanlar gözlərinin önündə canlanırdı. O dəhşətli səhnələri bir daha xatırladıqca qəzəbi cuşa gəldi. Öldürmək naminə ölmək üçün ayaqda idi. Yaxşı bilirdi ki bu vəziyyətdə düşmən gülləsindən ölməsə də təbiətin amansız şaxtasında gecə mütləq donub öləcəkdi. Amma Allaha yalvarırdı. Və hətta elə yalvarırdı ki, iyirmi üç illik həyatında indiyə qədər belə yalvarmamış ,belə dua etməmişdi. Əsla ölümdən qorxmurdu. Sadəcə bir-neçə düşmən əsgəri də öldürə bilmək üçün Allahdan möhlət istəyirdi. Sadə ölüm istəmirdi. Öldürə-öldürə ölmək üçün yalvarırdı. Ağır yükdən xilas olandan sonra xeyli rahatlamışdı. Qarşıdakı təpəni aşıb özünü dərəaşağı qarın üstünə buraxdı. Sürünə-sürünə dərədəki böyürtkən talasına tərəf gedirdi. Sıx kolluqlarla əhatə olunmuş tala indi daha etibarlı mövqe idi. Bir az yorğunluğunu almaq ,həm də axşamın düşməsini gözləmək niyyətindəydi. Artıq hava da qaralmağa başlamışdı. Hərəkətsiz dayandıqca yuxulayıb huşsuzlaşdığını hiss edirdi. Əgər yatsa donacaqdı. Ayaqları artıq sözünə baxmırdı. Öz-özünə-azca da səbr et -deyirdi.
Artıq qaranlıq düşmüşdü. Çətinliklə də olsa irəliləyirdi. Arabir dayanıb dincini alır, sonra yenə irəliləyirdi. İrəlidə səs gəlirdi. Diqqət kəsilib ətrafı dinləməyə başladı. İki fərqli səs aydınlaşdırdı. Yəqin iki nəfərdirlər. Nəfəsini içinə çəkib gözləyirdi. Gələnlərdən biri erməni dilində o birinə təbii ehtiyacının olduğunu bildirdi. O biri isə - Sən bunu orda yandırdığımız meyitlərin üstünə edərdin, yazıqdırlar, bir az soyuyardılar- deyərək şaqqanaq çəkib gülməyə başladı. Bunu eşidəndən sonra zəifləmiş qollarına ilahi bir güc gəldi. Ay alçaqlar!- deyib bıçağını əlinə keçirdi. Bu erməninin səsi ona çox tanış gəlirdi. Hələ dumanlı beyni eşitdiyi səsi tam analiz edə bilməmişdi. Amma bunu qəti qərarlaşdırmışdı ki bu iki murdar ermənini öldürməlidir. Əvvəlcə geridə qalan, öz təbii ehtiyacını dəf edən dığanın boğazını üzdü. Qarın üstünə axan buğlanan erməni qanı onu bir az da gücləndirmişdi.Təzadlı bir mənzərə yaranmışdı. Soyuq qar və buğlanan isti qan! Təpədən aşağı enən o biri erməni-Aşot! -deyə səsləndi.
Gəlirəm-deyib ona sarı addımladı. Hənir almış erməni geri çevriləndə göz-gözə gəldilər. Erməni yerində donmuşdu. Qisas yağan gözlərdə mərhəmət yox idi. Az əvvəl özünü qəhrəman sayan bu dığa indi yalvarış dolu gözlərlə baxırdı. Tanıdı.O idi, Tiqran! Xocalıda qətliam iştirakçısı olan erməni proporşik.
Alçaq! - deyib ard-arda bıçağı Tiqranın boğazına sapladı. Birdəfəyə başı kəsilmiş toyuq kimi qarın üstündə çabalaya-çabalaya murdar olan Tiqrana baxdıqca qismən də olsa ürəyi rahatlaşırdı. Dəqiqəbədəqiqə yalvarış dolu böyümüş gözləri ilə ona baxıb yardım uman erməniyə baxdıqca nifrəti daha da artırdı. Adicə heyvan kəsiləndə ona baxmayan Ayaz indi boğazı üzülmüş erməninin gəbərməyinə elə soyuqqanlı şəkildə baxırdı ki elə bil hansısa maraqlı bir filmə tamaşa edirdi. O, indi həqiqətən mərhəmət hissini itirmişdi. Altı gün əvvəl Xocalıda şəhid olan günahsız insanlar, məsum, körpələr, uşaqlar, namusu tapdanmış qadınlar da Tiqrandan və tiqrankimilərdən imdad diləmişdilər. Ancaq faydası olmamışdı. İndi növbə Ayazın idi.
Burada nə qədər oturduğunu bilmirdi, amma artıq tamamən donduğunu hiss edirdi. Tiqranın isti, qalın paltarları və içi tüklü əla bir əsgər çəkməsi vardı. Bir anlıq həyat eşqi ona güc gəldi. Əyilib onları çıxararaq geyinmək istədi. Lakin soyuqdan donmuş əlləri yanına düşdü. Ayaz bu paltarları geyinə bilməzdi. Gözünün önünə bu çəkmələrlə azərbaycanlıların qanlı meyitlərinin üstündən şövqlə keçən Tiqran gəldi. Bu çəkmələr neçə-neçə günahsız insanın cəsədlərini tapdamış, bu paltarlar bəlkə də onlarla namusu tapdanmış azərbaycanlı qadınlara toxunmuşdu. Yox! O bunları əyninə geyə bilməz! Heç vaxt! Bunları geyinib sağ qalmaqdansa ölmək daha gözəldir. Qarın içində gömgöy olmuş ayaqlarının üstündə duran buz heykəlin gözlərində qəribə bir ifadə vardı.
Fərid Muradzadə
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 14-11-2021 13:01
Baxış sayı: 3353
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23