Reklam
"Gecə də layla çalır dizlərində uyuyan o bəxtəvər qadına..." - Sevinc Qərib
12-07-2021 10:00
Bu gün saytımızın əməkdaşı, "DƏLİDAĞ" Ədəbi Birliyinin sədr müavini, istedadlı şair Sevinc Qəribin doğum günüdür.
Dalidag.az olaraq, bu münasibətlə Sevinc xanımı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq. Müəllifin bir neçə şeirini diqqətinizə çatdırırıq:
GEDİRƏM KÖNLÜYALIN...
Yenə yollar görünür sən olmayan şəhərə,
Əllərinin həsrətin şaxtada dondururam.
Gözümdəki buludu yem edirəm qəhərə,
Bu sərçə ürəyimi ovcuma qondururam.
Dualar göndərirəm sevginin Allahına,
Ayrılığın ömrünü bir az gödək eləsin.
Qaranlığa əsirdi hər günüm vallah, inan,
Az qalır ki, öz əlim özümü kötəkləsin.
Aydınlığa çıxaram zülməti pusa bilsəm,
Gəncliyinə susayıb qocaltdığım o qız da.
Yaşayardım bəlkə də içimdə susa bilsəm,
Demədiyim nəsnələr boylanır ağ kağızdan.
Gedirəm könlüyalın, ruhum hicran təlaşlı,
Qorxuları yenməyə tab gəzirəm özümdə.
Hardan əsdi bu külək, ömrüm qəmə bulaşdı,
Gün darayan bəxtimi dərd gətirdi gözümdən.
Ağ bayraq qaldırmağa ruhumdan ar edirəm,
Adıma bürünmüşəm əyilmərəm kədərə.
Kif basmış arzuları əlçim-əlçim didirəm,
Yeni ümid əyirib don hörürəm qədərə.
MƏNİM ÜRƏYİM
Mənim ürəyim sənin ürəyin kimi
çoxotaqlı varlı mənzilinə bənzəməz.
Biradamlıq çarpayıda nəfəsini bölüşən
iki aşiqin eşq hərarəti var mənim ürəyimdə.
Yaşanmayan ev kimi ölü, nəfəs toxunmayan
pəncərə kimi cansız deyil mənim ürəyim.
Mənim ürəyimin divarları sevgidən hörülüb
içində olanlar sevgiylə qorunur.
Kasıb komalarının köhnəlmiş damından yağış daman kimi
göz yaşı damar, ağrı damar mənim
ürəyimdən hərdən.
Mənim ürəyim üç-beş dost sığacaq qədər
geniş,
əzablarını içində boğacaq qədər dardı.
Ucsuz-bucaqsız çöllərə layla çalan qatarlarkimi
Mənim də ürəyimin öz laylası var,
sevgidən başlanır, sevgidə bitir bütün notlar.
Birnəfərlik kupe kimidi mənim ürəyim,
bileti əlində qalar, keçməyə həddi olmaz
hansısa sərnişinin...
Sən o balaca otağa necə sığmısan bilmirəm,rahatca gəzib dolaşırsan künc-bucağında.
"Zəbt etdiyin" bütünümün evi, yaşamağa
davam yeri olmusan.
Mənim ürəyimin mətbəxi, dincəlmək,
yemək hücrəsi
divarlarına hörülən sən adlı sevda çırağıyla
işıqlanır,
Acanda xatirələrdən süfrə qurur,
hər xatirənin yanına bir şeir düzür çörək əvəzi.
Hər gecə yuxuları aldadıb ürəyimə köçürəm,
səliqəyə salıram dağınıq eşq süfrəsini,
gündüz tökdüklərimi yığıram öz yerinə.
Sonra öpüb gözündən enirəm yatağıma,
Gecə də layla çalır dizlərində uyuyan
o bəxtəvər qadına...
AĞRIYAN GECƏ...
Hamı tərəfindən unudulmaqdı
ağrılarına bürünüb gecəni
sübhə daşımaq.
Pəncərəni döyəcləyən küləyin
vahiməli səsindən,
xəstə uşaq kimi zarıyan pişiyin
iniltisindən gizlətdiyin qulaqların
səhərə kar doğular.
Yumulmayan kipriklərini
qucaqlayan barmaqların kor olar,
yuvasını tapmaz.
Saçların balışla savaşar,
məğlub olmaz,
bir-birinə dolaşıb boğular.
Şirin yuxu diləməz,
gecən xeyirə qalsın deməz,
ömrünə yazılan o adam da.
Bədbəxt görünər gözünə narahat
yatağının adamsız tərəfi.
Divarları cırmaqlayan kölgənin
qanayan dırnaqlarından
ölüm qoxusu gələr.
Fikrin ruhuna sədd çəkirmiş kimi
duman şəkli cızar
baxışlarınla yorduğun tavanda.
Ay nə qədər hüznlü,
ulduzların işıq libası oğurlanıb.
Qaranlıq rəngində kədər yağır
əyinlərindən.
Göy üzü ikiqatdı, sancı-sancı,
göynək-göynək doğranır...
Tanrı mələklərinin dərslərini yoxlayır,
nə gecənin, nə sənin dərdin
vecinə deyil,
Sabahkı tapşırıqları yerbəyer
edir beynində...
ÇİÇƏK QUCAQLAYA SƏNİ BİR QUCAQ
Alasan əlinə mürəkkəbini,
Düşəsən yolların ağ izlərinə.
Çəkəsən sınağa şair təbini,
Sərəsən ruhunu kəhrizlərinə.
Təşnə dodaqların yanğısı sönə,
Soyuya ürəyin bulaq suyu tək.
Susmuş bülbüllərin nəğməsi dinə,
Torunda dincələ, yata hörümçək.
Çevirib yönünü gedəsən uzaq,
Düşüb izlərinə gələ sərin meh.
Çiçək qucaqlaya səni bir qucaq,
Gizlənə ovcunda bircə damcı şeh.
Atasan özünü dəlisov çaya,
Çəkə ürəyindən çıxara səni.
Elə rast gətirə bir özgə taya,
Özün tapmayasan özündə səni.
QOY ELƏ ÖLÜMÜM YOLLARDA OLSUN
Məni də çək apar, a uzaq yollar,
Uzaqlığın boyda bir həsrətim var.
Neynim ki ,keçilmir, aşılmır yallar,
Neynim ki, zamanın hövsələsi dar.
Al məni bir şair izinin üstə,
Sıyırım həsrəti atım əynimdən.
Ruhum çabalayır bu dar qəfəsdə,
Bir uzaq yolçuluq keçir beynimdən.
Qoy qanqalı olsun, tikanı olsun,
Dəysin ayağıma kəsək də, daş da.
Qoy elə ölümüm yollarda olsun,
Dolsun gözlərimə bir qərib yaş da.
Çək apar sən Allah, çək apar məni,
Burda gün üzünə çıxmır arzular.
Əylə bir döngədə mənsiz gedəni,
Gəlib izlərinə çatım,a yollar...
YIXILMAZDI ÜRƏYİMDƏN ADAMLAR
Bircə adam saxlayaydın gözümdə,
Kiçiltməzdin ucaltdığım "dağları”.
Bircə ümid, bircə inam, tək güvən...
Qaraltmazdın dürr bildiyim "ağları”.
Gətirməzdin gözlərimə payızı,
Başlamazdı yarpaq-yarpaq xəzanlar,
Yalanına bulaşmazdı taleyim,
Yıxılmazdı ürəyimdən adamlar.
O qadın da yalançıymış, İlahi,
Aldandım şeytanın mələk üzünə.
İblisiymiş, qaranlığın Allahı
İşıq kimi görünürmüş gözümə.
O adam da babasıymış günahın,
Savab bilib yar seçmişəm özümə.
Düz sözəydi apardığım pənahım
Güvəndim...aldandım kişi sözünə.
Bircə adam saxlayaydın gözümdə,
Bircə ümid, bircə inam, tək güvən...
RUHUM LEYSANLARA TƏSLİM
Balışıma daşır gözüm,
Kürdən qopan qol kimidi.
Öyrənib sulara üzüm,
Ümmana bir yol kəm idi.
Susuram, içim alışır,
Dinirəm sözüm yandırır.
Var olan nəyə çalışır,
Məni yoxa inandırır?!
Haqq verər göz gördüyünə,
Aldadar qulaq adamı.
Bəxtim düşüb kor düyünə,
Əcəl alacaq "qadamı".
Kərpic-kərpic hördüyümə,
Divar-divar ah sarılır.
Ömür deyib sürdüyümə,
Dərd baxır bağrı yarılır.
Əlimi tutan öz əlim,
Ayaqlarıma əsayam.
Əsirdi ağzımda dilim,
Səbrini udan kasayam.
Getdiyim yolun kəsəsi,
Qəmin izinə calanır.
Kimim var umub küsəsi,
Kölgəm dizimə dolanır.
Duyğularım uçuq, pərən,
Ruhum leysanlara təslim.
Ehh...nəfəsindən öpərəm
Dönsə könlümə söz fəsli...
ELƏ BİLDİ BİR OYUNDU
Arzuları bitmiş qadın
Üzü məzara dayanıb.
Öz ömründə itmiş qadın,
Bəxtindən sonra oyanıb.
Ahını boğub içində,
Səsi sükuta qarışıb.
Dərdi var neçə biçimdə,
Qəmi kədərlə yarışır.
Ağrı gülür dodağında,
Dən bitirir hörükləri.
Bu bağın eşq budağından
Göz yaşıdı dərdikləri.
Ümidi donub gözündə,
Əli güman ətəyində.
Başı fələyin dizində,
Ömrü əcəl yedəyində.
Elə bildi bir oyundu,
Dedi yenə dönər gələr.
Ruhunu çoxdan soyundu,
Cismi nə vaxt ölər ölər...
Sevinc QƏRİB
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-07-2021 10:00
Baxış sayı: 2979
Yazı axını
04 / 12 / 2024
03 / 12 / 2024
02 / 12 / 2024
02 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
28 / 11 / 2024
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
Ən çox oxunanlar