Reklam
"Mənim oralarda xatirəm qalıb, bir də ki, dönməyən yarım, Kəlbəcər..."- Lilpar Cəmşidqızı
07-03-2021 19:22
Lilpar Cəmşidqızı 1965-ci ildə Bərdə rayonunda anadan olub. Orta təhsilini Bərdə rayonunda alıb. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Kimya-Texnologiya” fakültəsinə qəbul olub, 1992-ci ildə institutu müvəffəqiyyətlə bitirib. Hal-hazırda Sumqayıt şəhərində yaşayır, iki övladı var.
L.Cəmşidqızı öz sənəti üzrə işləmir, yaradıcılıqla məşğul olur. Çoxlu sayda şeir, qəzəl və rübailər müəllifidir. Onun indiyədək oxuculara “Tənhalıq içində əllər üşüyür” şeirlər kitabı, Rübailər kitabı və Qəzəllər kitabı təqdim olunub. Müəllifin sayca dördüncü kitabı işıq üzü görüb. Divan kitabının da oxucuların sevimli kitablarından olacağına inanırıq.
Dalidag.az Lilpar Cəmşidqızının bir neçə şeirini təqdim edir
Qərib məzarlar
Ümidlər azalıb kiçildi bir-bir,
Nə qədər arzular yaralı qaldı.
Didərgin düşənlər eldən, obadan,
Gör neçə illərdi aralı qaldı.
Torpaq həsrətiylə yandı ürəklər,
Yarımçıq talelər heç cücərmədi.
O qədər insanlar gördüm dünyada,
Əkdiyi toxumun birin dərmədi.
Doğma torpağından ayrı düşənlər,
Qərib məzarların sakini oldu.
İnsanlar qayıdar yenə yurduna,
Hər qərib məzarı qayıtmaz yoldu.
Köçdü bu dünyadan nə qədər insan,
Didərgin adıyla getdi məzara.
Gör necə illərdi sağalmır, nədən,
Köçkünlük adında bu ağrı, yara?
Ağlayan buluda dönüb səmada,
Boylanar yurduna nigaran ruhlar.
Onlarla səmada görüşər yurddan,
Qərib məzarlara tuşlanan ahlar.
Qurbanam
Yaman düşüb bu həsrətin könlümə,
Vətən, sənin torpağına qurbanam.
Budağından ayrı düşüb, saralmış,
Külək döyən yarpağına qurbanam.
Qan yaş olub gözlərimdən tökülən,
Ürəyimdən ilmə-ilmə sökülən.
Şəhidlərə kəfən olub bükülən,
O müqəddəs bayrağına qurbanam.
Sənin kimi ölkə yoxdu dünyada,
Qol açırsan doğmalara, həm yada.
Birlik olaq tez qutarsın, qan-qada
Aranına, həm dağına qurbanam.
Dildə gəzib şöhrətimiz əzəldən,
Namusumuz, qeyrətimiz əzəldən,
Harda vardı sənin kimi gözəldən,
“Sevgi” adlı bu bağına qurbanam.
Zaman gələr birləşərik bir də biz,
Ayrı düşməz nə bir ocaq, nə bir köz.
Əziz Vətən, mən dözürəm, sən də döz,
Sevgi dolu qucagına qurbanam.
Sənə qurban Lilpar adlı balan var,
Ürəyinə dərdlərini alan var.
Əyə bilməz nə fitnələr, yalanlar,
Vətən, sənin hər çağına qurbanam.
Ürəyim sənlədir Vətən
Çaylarında selə dönüm,
Hər bağçanda gülə dönüm.
Bir ovucluq külə dönüm,
Ürəyim sənlədir Vətən!
Sanki gəlib könül cuşa,
Qanadlanıb dönür quşa,
Həsrətliyəm dağa, daşa,
Ürəyim sənlədir Vətən!
Mən Vətənin öyündəyəm,
Dərdlərimin küyündəyəm.
Açılmamış düyündəyəm,
Ürəyim sənlədir Vətən!
Həm Arazam, həm də Kürəm,
Ürəklərdə qalan yerəm.
Bax, bu canı sənə verəm,
Ürəyim sənlədir Vətən!
Bax, ürəyim qəm gölüdü,
Dağı, düzü, həm çölüdü.
Deməyin Lilpar ölüdü,
Ürəyim sənlədir Vətən!
KƏLBƏCƏR
Neçə ildi həsrət nəğməsi çalıb,
Naləli kamanım, tarım, Kəlbəcər.
Mənim oralarda xatirəm qalıb,
Bir də ki, dönməyən yarım, Kəlbəcər.
Quruyub kökündən köklü ağaclar,
Qorxudan yuvadan çıxmır turaclar.
Saralıb vədəsiz, vaxtsız yamaclar
Quruyub budaqda barım, Kəlbəcər!
Əsir düşən qız, gəlinlər çox oldu,
Dərdlərimiz, qəmlərimiz çoxaldı.
Ad-sanımız tapdalandı, yox oldu,
Namusum, ismətim, arım Kəlbəcər!
Elə bilmə mən tükənib bitmişəm,
Ya yox olub, yer üzündən itmişəm.
Həsrətinlə bülbül olub ötmüşəm,
Ağaran başımda qarım, Kəlbəcər!
Yenə yaz gələndə gülər dağ, dərə,
Qırxbuğum, kəkotu çıxar düzlərə.
Açarsan qoynunu bir də bizlərə,
Tükənməz sərvətim, varım Kəlbəcər.
O zümrüd bulaqlar pıçhapıç axar,
Buludlar kövrələr, ildırım çaxar.
Bulaqlar başından Lilparın baxar,
Çəkilsə yanımdan xarım, Kəlbəcər.
Uca Bayrağım
Havada dalğalanan şanlı, uca bayrağım,
Şəhidlərin köynəyi, qanlı, uca bayrağım.
Bu millətin and yeri, zəfər müjdəçisisən,
Ey mənim ilham pərim, canlı, uca bayrağım.
Qarabağda dalğalan, Şuşada ucal göyə,
Haqqı var bu millətin, səninlə özün öyə.
Gör nə qədər Şəhidin, gör nə qədər Qazin var,
Keçmişiik canımızdan, sən göylərdə ol deyə.
İndi bütövləşmişik, bizə batammaz yağı,
Birləşibdi millətim, daha qırılmaz bağı.
Polad kimi bərkiyib, azadlığa çatmışıq,
Biz Vətən sevdalıyıq, gələcək zəfər çağı.
Pərişan ömür
Nədən pərişandı bu dəli könlüm,
Ləçəyi tökülmüş gülə bənziyir.
Tökülür gözümdən yaş gilə-gilə,
Ağlayan buluda, selə bənziyir.
Kükrəyən çay olur, dərdli sinəmdə,
Yandırır sinəmi, yaxır bu dəmdə.
Dindirmə, danışmaz, susanda həm də,
Ocağı kor olmuş, külə bənziyir.
Tufanı dincələn sakit dənizdi,
O bir ağ varaqdı, ruhu təmizdi.
Sevinci saralıb-solan bənizdi,
Əyilmiş, bükülmüş belə bənziyir.
Həsrətlə gözləyir, gələn yarını,
İtirib əlçatmaz dağ vüqarını.
Saçında bəsləyib, bəyaz qarını,
Dərdin daradığı telə bənziyir.
Həm şeir, nəğmədi dillərdə gəzən,
Həm qərib durnadı, göylərdə süzən.
Nə bir arandı o, nə dağ, nə düzən,
Bağrı çat-çat olan çölə bənziyir.
A Lilpar, nə yaman bəxti qarasan,
Salmısan könlünü özün dara sən.
Nədən bu ürəyi etdin yara, sən,
Qurumuş bulağa, gölə bənziyir.
Qələbəni çalmışıq
Nə gözəl fəsildəyik,
Qarabağı almışıq.
Biz bu ilin sonunda,
Qələbəni çalmışıq.
Yağıları qovub biz,
Gözlərini ovub biz.
Qələbəylə bir də düz,
Şöhrətə ucalmışıq.
Yığıb-yığışıb yağı,
Quruyub kökü, tağı.
Gələndə vida çağı,
Biz də yola salmışıq.
Çoxdu bizə yol verən,
Çoxdu bizə gül dərən.
Bizə kömək göndərən,
Gör nə günə qalmışıq.
Azərbaycan-Türkiyə
Addımlayır yan-yana,
Azərbaycan, Türkiyə.
Səs salıbdı cahana,
Azərbaycan, Türkiyə.
Bir millətin oğluyuq,
Oğuz, Turan boyluyuq.
Biz müsəlman soyluyuq,
Azərbaycan, Türkiyə.
“İki dövlət, bir millət”,
Hər ikisində qeyrət.
Arada qoymazlar şərt,
Azərbaycan, Türkiyə.
Məmməd Əmin, Atatürk,
Qoydular bizə birlik.
Hər ikisi türkdü, türk,
Azərbaycan, Türkiyə.
Çəkilər qatı duman,
Birləşər böyük Turan.
Kömək olacaq Quran,
Azərbaycan, Türkiyə
O ev bizim evimizdi
Tüstüsü buluda çatan,
O ev bizim evimizdi.
Orda dərdə, qəmə batan,
O ev bizim evimizdi.
Şehə dönüb yarpaq üstə,
Qara geyib torpaq üstə.
Sanki olub zəlil, xəstə,
O ev bizim evimizdi.
Yoxdu ocaq qalayanı,
Qaçıb quyruq bulayanı.
Çoxdu söküb, talayanı,
O ev bizim evimizdi.
Yadlara yurd-yuva olub,
Gülləri saralıb, solub.
Dörd tərəfi dava olub,
O ev bizim evimizdi.
Unudubdu görən məni?
Yanıbdı çölü, çəməni.
Yanında dumanı, çəni,
O ev bizim evimizdi.
Vətən məni çağırır
Vətən məni çağırır
Yol uzaqdı, gedirəm.
Vətənə bu canımı,
Mən də qurban edirəm.
Gətir çantamı, balam,
Bəlkə geri dönmədim.
Bilki Şəhid olsam da,
Mən əbədi sönmədim.
Bu Vətənin hər daşın,
Torpağını gəzəcəm.
Düşmənimin başını,
Bu torpaqda əzəcəm.
Anam süd verib mənə,
Halal etməz südünü.
Zəfər anın görməsəm,
Anam görər o günü.
Ey mənim qibləgahım,
Ey pirim, Məkkəm, Vətən.
Var yenilməz əsgərin,
Səni əyəmməz yetən.
Qələbə bizimlədir,
Qələbəmiz var olsun.
Tanrı Azərbaycanın,
Əsgərinə yar olsun.
Sahibsiz çarpayı
Sahibi yox çarpayının,
Üstünə bayraq çəkilib.
Orda Vətən torpağına,
Şəhid qanları tökülüb.
Bu millətin balasıdır,
Şəhid olan əsgərimiz.
Gül-çiçəklə bəzədilsin,
Qoy müqəddəs səngərmiz.
Torpaq üstə qan tökəndə,
Vətən, Vətəndir deyirlər.
Bayrağından Şəhidlərim,
Al-əlvan libas geyirlər.
Ey Şəhidim, rahat uyu,
Torpağım azaddı bu gün.
Çox incidi Ana Vətən,
Qayıtmasın daha o gün.
Poladları doğan Ana,
Baş əyirik önündə biz,
Bax, Qələbə qazanmışıq.
Bu davanın sonunda biz.
Lilpar Cəmşidqızı
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-03-2021 19:22
Baxış sayı: 3709
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02