Reklam
"Nəyi var ayrılığın, kimi var sevgimizin..." - Mirzəcan Ağabalayev
27-02-2021 15:14
"...Təkcə göyüzünə qalıb pənahım,
Tək-tənha durmuşam ocaq başında.
Anladım, boz qurdun yoxdu günahı,
Tək ulamaq qalır ancaq bu yaşda..."
Dalidag.az Sevinc Qəribin təqdimatında tanınmış şair Mirzəcan Ağabalayevin şeirlərini oxucuların ixtiyarına verir:
QİSMƏTİM VƏTƏN
Bu ucsuz-bucaqsız uzanan çöllər,
Gözümdən boylanıb, sinəmdən keçib.
Kür-Araz çayları döyüşən əllər,
Mənə miras qalıb, dədəmdən keçib.
Uzaqdan gəl deyir gülü, çiçəyi,
İgidlər oylağı yanı, ətəyi.
Lalədən biçilib çox vaxt köynəyi,
Kədərdən adlayıb, dərd-qəmdən keçib.
Saz tutub, söz qoşub eli, oymağı,
Bağrından od düşüb yanıb çırağı.
Sinəsi allanıb hər qürub çağı,
Yüz-yüz qafil gəlib, bir həmdəm keçib.
Kövşənı yandırıb çölü bölüblər,
Köpüyü dağ boyda gölü bölüblər.
Ağlayan gözümü- eli bölüblər,
Bir sirdaş dayanıb, min sərsəm keçib.
Fırlandı bu dünya, yıxıldı çox taxt,
Ötənçün boylanma, gələn bəxtə bax.
Toplanıb, çıxılıb, cəmlənib bir vaxt,
Qismətim bu olub, bu cəmdən keçib.
Bu ucsuz-bucaqsız uzanan çöllər,
Bu dağlar,dərələr,çiçəklər,güllər,
Bayatı obalar, sədalı ellər,
Mənə miras qalıb, dədəmdən keçib
PAYIZ DUYĞULARINDAN
Bu necə sehr-tilsim, bu necə saray,
Fağır dərvışə də açılmır qapın.
Bir adam tapılmır, nə səc, nə haray,
Səndən xəbər tutum, əlindən öpüm.
Həsrət qanad çalıb üstümə gələr,
Salar kölgəsini salxım söyüdtək.
Qəmlə göndərdiyin sözlərin belə
Yataram içində şirin ümidtək.
Yanar həsrətindən sinəmdə ürək,
Gözümdən şeh düşər çiçək əlinə.
Sənə durna teli kim gətirəcək,
Yenə mən çəkərəm naxış telinə.
Yığıb xəzəllərdən bir çələng hörək,
Paylayaq tək qalan tənha, yalqıza.
Nisgildə qalmasın deyirəm ürək,
Sərhədi keçməyək, dönək payıza.
Gəl bir qapını aç, üzünü görüm,
Nişan ver, silkələ nəm budaqları.
Həsrət adlamağa tilsim bilirəm,
Özüm gələcəyəm, dur, sənə sarı.
EŞQ SEVDASI
Köçümü götürüb gəlirəm, vaxtdı,
Mən ki əmanətəm, bir az da gözlə.
Uçan ömür kimi uçurtdum taxtı,
Sübhüzü yoldayam ilahi sözlə.
Adamın çatlayır ürəyi, bağrı ,
Sözü bölüşməyə nə yaxşı dərd var.
Sinəndə uşaqtək güləndə ağrı,
Dərdlə güləşməyə nə yaxşı kənd var.
Sonsuzdu, genişdi bu yer, bu çöllər,
Nə qədər hay salsan cır səsin çatmaz.
Səsinə səs versə obalar, ellər,
Dərd kimi saralan nəfəsin çatmaz.
Sən mənə sevdasız xoşgəldin demə,
Torağaylı çöllər, yovşan bəsimdi.
İsti küləkləri çəkin üstümə,
Indi öz-özünə gülən səsimdi.
Şəkilli röyadır mənim hər gecəm,
Gücümü,eşqimi verdim özgəyə.
Gəlmişəm qoynuna,quruca səsəm,
Bir az ümidim var düşən kölgəyə.
Bəsdi ayaq üstə gəzdiyim, yetər,
Axı mən ölmüşəm, azan verən yox.
Sultan Pir tərəfdən yoxdu bir xəbər,
Buraxın gedirəm, bilən,görən yox.
Sonsuzluq içində təkəm, tənhayam,
Məndə damcı boyda səbir qalmayıb.
İndi mən özümə köhnə dünyayam,
Hər yan təzə məzar,
Bir köhnə, bir uçuq qəbir qalmayıb.
Təngiyir sinəmdə nə vaxtı ürək,
Yanına çağırır ulayan qurd da.
Pəncərəsi bağlı dustaq evitək,
Baxır gözlərimə xaraba yurd da.
Təkcə göyüzünə qalıb pənahım,
Tək-tənha durmuşam ocaq başında.
Anladım, boz qurdun yoxdu günahı,
Tək ulamaq qalır ancaq bu yaşda.
Əmanət qoymuşdum burda qəlbimi,
Hələ də boylanır yovşan içindən.
Kəndə də, şəhərdə olduğu kimi
Sərgərdan eşq üçün uluyuram mən.
MƏN HARDAN BİLƏYDİM...
Dalınca su atdım tez qayıdasan,
Gəlib isidəsən soyuq yuvamı.
Ay ötdü, il keçdi, dayandı zaman
Küləklər söndürdü əlimdə şamı.
Mən hardan biləydim nəymiş bu sevgi,
Gahdan öz-özünə dalınca axır.
Gözləri yol çəkən yolçudur sanki,
Gahdan gözü sulu boylanıb baxır.
Dalınca su atdım, varmı necəsi,
Varmı məndən başqa adını çəkən?!
Qızıl balıq kimi bir yaz gecəsi,
Sən üzü axara gələsən bəlkə.
Şəlalə yarandı atdığım sudan,
Gözüm dağ çayıyla qarışıq düşdü.
Nə ola, sevincək durub yuxudan
Görəm pəncərəmə bir işıq düşdü.
Yəqin buz bağlayar yollar da bu qış,
Ovsum da çat verər su daşımaqdan.
Sizin küçənizə yağırmı yağış ?-
Su damır payıma düşən günahdan.
Mən hardan biləydim gözlərim bulud,
Təzədən dolacaq su atdığım qab.
Səhərlər yaşadar məni bir ümid,
Gecələr öldürər bu dərd, bu əzab.
Daha nəyim qalıb, bir ovuc suyam,
Axır, ləpələnir sularda adın.
Mən elə bilirdim bəxtli ovçuyam,
Gülləmə tuş gəlib niyə gülmədin?!
...Eh, nə sən ov oldun,nə mən də ovçu,
Küləklər çırpdılar üzümə suyu...
***
Fəğan etmə qədərə,
qılınc çəkmə kədərə.
Bu hikmətə sorğu yox;
Gül açıbsa bir kərə,
quru kol da adamdı.
Dərd də bir cür yavanlıq,
ruh da geyilmiş canlıq,
dünya yuxudur anlıq.
Çək başına nə varsa,
ömür bir udum camdı.
Sevgi Tanrının əli,
baxt da ölüm kətili.
Mənə baxma, ay dəli,
bu dünyada hər adam
öz-özünə şamandı.
ÜZÜK
Qoltuğuna vurub kölgəsini,
üfüq üzükdən keçib,
ovcunda günəş qaşlı üzük,
Hər sabah
gəlir görüşə Allah,
açır bizə sevgisini.
...Qəlbimizə taxılmış üzükdü dünya,
üzükdən doğulmuşuq, yəni
üzükdür ana bətni.
Dünya da üzük kimi.
Bizə yol göstərən əldi üzük.
Dayanıb yolumuzda,
nişandı qolumuzda.
Dayanacağı olmayan
sonsuz yoldu üzük,
kim görsə dayanacaq.
Nə keçə bilərsən,
çata bilərsən nə də.
Ölüm də çata bilməz bu sonsuzluğa,
Yenə ayrılıq çatacaq ancaq.
Üzükdən başlayır sevgi,
üzükdü sanki.
Sehrindən çıxa bilməzsən
çilik-çilik olunca.
Bezsən də yalvarmaqdan
gözün qalacaq dalınca.
Üzükdü sevgi.
Karusel deyil,dayansın haçansa.
Darıxmaq deyil ki !..
Sonsuzdu ayrılıq kimi.
Üzükdü sevgi;
Ayrılıq zümrüd qaşı,
Həsrət möhürbəndı,
Xatirə qan yaddaşı.
MEY SÜZ...
Dünya nimdaş, geyilmiş,
Xırsız mənlik deyilmiş.
Üzün bəri tut, ölmüş,
Su mənə neylər, mey süz.
İstəsən qarğış eylə,
Dünyanı yağış eylə.
Bayquş olmasam belə
Xaraba ev bil, vay süz.
Dünya fani-soyuqdu,
Bura evmi?- oyuqdu.
Tək eşq mənə dayaqdı,
Dur sən də eşqlə, əy süz.
"Qoy nəva ney tək edim"
Ölüm, gedim, tərk edim.
Dərviş tək yolda bitim,
Eyləmə yoldan, yey süz.
Bu yol çox uzun yoldu,
Nə ayaqdı, nə qoldu.
Eşq məni səndə buldu,
Dərviş olsam da mey süz.
Zalım, axır bir şey süz.
EVİN VƏTƏN OLSA
Başımın üstündə
bir yaşıl yarpaq,
Üzümə tökülsə
işıq kölgəsi...
Yaşımın üstündə
bir ovuc topaq,
gözümə tökülsə
ümid bəlkəsi...
Evim var,evim var,
evim var mənim.
Almasan kimsəni
saya,vecinə,
Bu dünya sitəmsiz
çətin keçinə.
Bir ilıq nəğməyə
büküb dərdimi
Ev kimi dünyanın
girsəm içinə-
Evim var,evim var,
evim var mənim.
Evim var,
ocağım olacaq,
Ocağım var,
torpağım olacaq.
Torpağım var,
vətənim olacaq.
Min il də
qəbirdə yatmaq olar,
Səndən sonra
evin vətən olsa!
SONUNCU MESAJ...
Dərindən nəfəs al..,
döy
üçəcən, gücün çatar.
Qapıdı,
divar deyil,
açarsan,
gücün çatar.
Bir də bax,
uzaq deyil,
əlin sinəmə dəyir.
Söylə
sabahın xeyir,
necəsən?-
gücün çatar.
Eşqlə doluyam hələ,
Bolluqdan düşdüm dilə.
Eşq odunu mənimlə
içərsən,
gücün çatar.
Payız olsun, ya bahar,
dönməlidi bu qatar.
Aramızda bir yol var,
istəsən...
gücün çatar.
Qapı yox, döy könlümü,
pahatla, öy könlümü.
Gəl doldur mey könlümü,-
içəcəm,
gücüm çatar!
İLĞIM BAŞSALIĞI
Unutma, zalım,
ilğıma dönür hər şey-
itir yavaş-yavaş keçdiyimiz yol, iz,
görünmür sahillər,
hər yan su-dəniz.
Dəniz kimidi xatirə dolu yuxular,
üstündən küləklər əsir.
Hər gecə saçların dəyir üzümə,
dəli cənub küləyidir elə bil.
Təkcə saçlarının ətri ilğım deyil,
öldürür təzədən adamı
sevgi dolu qoxular...
Yuxuda da uçuq körpü,
bağlı qapı,
hər yer ilğım kimi.
Daha gücüm yox ilğım yollara baxmağa,
iş qalıb şeir yazıb, mədh edəm ilğım ayrılığı,
təsəlli versinlər bizə.
Nəyi var ayrılığın,
kimi var sevgimizin,
dost iki, düşmən iki,
bizə düşür başsalığı.
Mirzəcan Ağabalayev
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-02-2021 15:14
Baxış sayı: 3414
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02