Reklam
"Uzaqlaşır içimdən işıq düşən kölgələr..."- Sevinc Qərib
03-02-2021 18:30
...Mənim könlüm yalın, ruhum da çılpaq,
Bir ovuc torpaq ver çəkim üstümə...
Bir ovuc torpaq ver çəkim üstümə...
BİR QARA ƏL OYNAYIR SEVİNCİMİN İÇİNDƏ
Ayrılıqdan vüsala salınıb bu körpülər,
Eh... hələ də uzaqlar yetimlik çəkir orda.
Qorxuram bu yolların etibarı qırıla,
Həsrət yerin bərkidir, təzə ev tikir burda...
Körpülərin tağları qırıq bəndə söykənib,
Bir qara əl oynayır sevincimin içində.
Gün təzə boylanırdı duman özün yetirdi,
Yenə yollar üşüyür yiyəsizlik biçimdə.
Bir talesiz yurd orda, üstü kədər örtüklü,
Bəxt güzgüsü çatlamış gəlin ömrüdü ömrü.
Çırağının nefti yox, suyu başdan bulanıb,
Ocağı közsüz qalıb, oğurlanıb kömürü.
Şeytan quyruq bulayır tüstüsüz bacasında,
Qapısında iblisin nökərləri yallanır.
İlahi göydən baxıb nə düşünür görəsən,-
O yurdun adamları yenə nəyə aldanır?!!
Yenə savaş oxuyur meşələrdən gələn səs,
Səbri daha dar gəlir bu torpağın əyninə.
Ağaclar qulağını söykəyib qayalara,
Güllələrin səsini həkk eləyir beyninə...
GƏL, QAPIMI BAHAR KİMİ DÖYƏRSƏN
.
Bilirsənmi, payız kəsib qapını,
Xəzəl örtüb izlərimi yollarda.
Qarı nənə yığıb yenə sapını,
Toxuyacaq buz donunu yollarda...
Kəsiləcək yoxuşlardan ümidim,
Don vuracaq arzuları bələkdə.
Taleyimin baharından kəm idim,
Qismətimə əl uzadır külək də.
Əllərimin harayına kim çata?
Hovurmaqdan nəfəsim də yorulub.
Bu qəribin günahına kim bata,
Boş otaqda “dar ağacı” qurulub...
Duymazsan içimdə nalə çəkəni,
Səsim ürəyimdə boğulub qalar.
Sənsiz gündüzünə zülmət çökənin
Qaranlıq gecədən qorxusu olar?!
Köhnə libas təzə dərdi yormamış,
Kürüyərəm xəzəlləri izindən.
Bəyaz qoca çöllərdə taxt qurmamış,
Qayıt, itək qayğıların gözündən.
Həsrətin şəklidi saçımdakı dən,
Qırışlar da cığırlanıb üzümdə.
Qibləsinə durduğumuz sevgi də
Yazıq olub, fağırlanıb gözümdə.
Xəbər göndər üzü bəri gələndən,
Donmuş əllərimdə ümid göyərsin.
Yapış elə bu payızın əlindən,
Gəl, qapımı bahar kimi döyərsən.
MƏNİM KÖNLÜM YALIN, RUHUM DA ÇILPAQ
Umduğum bir ovuc torpaqdı, Allah!
Suyunu,havanı ver özgələrə.
Ürəyim bir əsim yarpaqdı Vallah,
Bir ovuc torpağı çox görmə mənə.
Bir xışma torpaq ver yastıq əvəzi,
Elə bircə xışma sürtüm gözümə.
Çıxsın azadlığa dustaq nəfəsim,
Torpaq ətri dolsun ciyərlərimə.
Hər gecə yuxuma hicran tökülür,
Hər gecə yuxumda torpaq görürəm.
Nəfsimin ilməsi sap-sap sökülür,
Hər gecə yuxumda torpaq yeyirəm.
Umduğum bir ovuc torpaqdı, torpaq!
Dünya qoy dünyanın qalsın özünə.
Mənim könlüm yalın, ruhum da çılpaq,
Bir ovuc torpaq ver çəkim üstümə.
RUHUM LEYSANLARA TƏSLİM
Balışıma daşır gözüm,
Kürdən qopan qol kimidi.
Öyrənib sulara üzüm,
Ümmana bir yol kəm idi.
Susuram, içim alışır,
Dinirəm sözüm yandırır.Var olan nəyə çalışır,
Məni yoxa inandırır?!
Haqq verər göz gördüyünə,
Aldadar qulaq adamı.
Bəxtim düşüb kor düyünə,
Əcəl alacaq "qadamı".
Kərpic-kərpic hördüyümə,
Divar-divar ah sarılır.
Ömür deyib sürdüyümə,
Dərd baxır bağrı yarılır.
Əlimi tutan öz əlim,
Ayaqlarıma əsayam.
Əsirdi ağzımda dilim,
Səbrini udan kasayam.
Getdiyim yolun kəsəsi,
Qəmin izinə calanır.
Kimim var umub küsəsi,
Kölgəm dizimə dolanır.
Duyğularım uçuq, pərən,
Ruhum leysanlara təslim.
Ehh...nəfəsindən öpərəm
Dönsə könlümə söz fəsli...
...BƏLKƏ DƏ DARIXMIŞAM...
Qulaqlarım səsinsizlikdən
ağrılara hay verir,
kədər adlı boz rəngə
boyanıb ruhum-özüm.
Gözlərimin bəzəyi
kipriyimə güc gələn
bir buludun əlləri..,
sığal yeri göynəyir
saçlarımın dənində
ağrım kor çiban kimi
görünmür ki, özəyi...
Sınıq körpü üstündə
sərgərdan yolçu kimi
zamanla döyüşürəm...
Nə sənə gələn yol var,
nə geri dönmək istəyi.
Nə də küləklər əsmir
qoşulam yelə gələm,
quşlar da qanad çalmır
sənə məktub göndərəm.
Həsrətin gedənə oxşamır,
sənsizliyim bitənə.
Gündüzüm gecə dadır
gecəm bir ayrı zülüm,
ruhum yiyəlik etmir
bu kimsəsiz bədənə.
Uzaqlaşır içimdən
işıq düşən kölgələr
yenə döyür qapımı
qaranlıq adlı "ölüm"...
Bu yöndəmsiz əqrəblər
ağalıq edir vaxta,
hey baxıram saata
dayanıb eyni vaxtda.
Sıxıram kipriyimi
"ölümü" aldadıram,
xəyal geyir gözlərim
kölgəyə aldanıram...
Gözümdən atılıram
bir dənizin ovcuna,
dalğalar qollarıntək
sıxır məni özünə...
Ayılıb görürəm ki,
yastığım qayıq kimi
üzür göz yaşlarımda,
boğazımda düyünlü
qəhərdi məni sıxan...
Yavaş-yavaş pəncərəm
soyunur qaranlığı,
dan sərilir küçəmə.
Ayaqlanır hislərim
üzü səhərə sarı,
darıxmaq libasında
sükutum boynubükük...
Belə vida edirəm
sənsiz keçən gecəmə...
ELƏ BİLDİ BİR OYUNDU...
Arzuları bitmiş qadın
Üzü məzara dayanıb.
Öz ömründə itmiş qadın,
Bəxtindən sonra oyanıb.
Ahını boğub içində,
Səsi sükuta qarışıb.
Dərdi var neçə biçimdə,
Qəmi kədərlə yarışır.
Ağrı gülür dodağında,
Dən bitirir hörükləri.
Bu bağın eşq budağından
Göz yaşıdı dərdikləri.
Ümidi donub gözündə,
Əli güman ətəyində.
Başı fələyin dizində,
Ömrü əcəl yedəyində.
Elə bildi bir oyundu,
Dedi yenə dönər gələr.
Ruhunu çoxdan soyundu,
Cismi nə vaxt ölər ölər...
O DAXMADA O QIZ İLƏ...
İntihara sürüklənən gecənin
saçlarında haray çəkir ağrılar,
dizlərində mürgü vurur son
yaşamaq arzusu,
bulud yüklü kipriklərə
acı verir yuxusuzluq yanğısı.
Əllərinə damcılayan nalədə
bir "bəlkə" işartısı,
bir inam közərtisi...
Alışıb yanır ümidlər
soyuq divarda üşüyən
tənha kölgənin özünü
qucaqlamış qollarında...
Qəddi əyilmiş tavanın
öləziyən tək gözü də
işıq ömrünü bağışlayır
daxmanın tənhalıq ruhuna,
bir ömür də belə bitir
ölümlərin sağlığına...
Hanı səhərin dan üzü,
harda yubanır günəş
niyə soyunmur şəhər
qaranlıq libasını?
Yanmış ümidlərin qoxusu
qarışır son vida ətrinə,
bir udumluq nəfəs kimi
dolur otaqdakı havasızlığın
ciyərlərinə...
Kim duyacaq özünə sığınmış
dalğın ömrün yaşadıqlarını,
kim biləcək səssizcə uçan
körpə ruhun özüylə
apardıqlarını?
O daxmada o qız ilə
can verəcək Tanrı bilən
doğrular...
BU ADAM QƏMİN ÖZÜ
Zilə həsrət bəmdimi.
Boğulub öz içində?...
Karvan dolu qəmdimi,
Gedir ömür köçündə.
Qaradımı ,ağdımı?
Bəxt yazan necə yazıb...
Ölüdümü,sağdımı?
Ruhu göylərdə azıb.
Dünyanın gərdişinə
Bulayıb başın gedir.
Sıxıb dişin-dişinə,
Udub göz yaşın gedir.
Bu adam qəmin özü,
Dərdin yol yoldaşıdı.
Qismətinin kəm üzü,
Tərs düşən fal daşıdı.
Ahı içində itər,
Nə çəkdiyi bilinməz.
Ruhu canından betər,
Yaraları görünməz...
Sevinc QƏRİB
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-02-2021 18:30
Baxış sayı: 3781
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02