"Şair Qəribsəsin könül telini, bir üsyan qopardı, qırdı bu payız..."- Ulu Dərbənddən şeir sovqatı

24-01-2021 14:30
...Qəlbi dözmür Qəribsəsin,
Dərbəndə yol görünürmü?

Dalidag.az-da Dərbənd havası... Doğma elə yol göründü, sözün, poeziyanın izi ilə... Əziz oxucular, Sevinc Qəribin təqdimatında ulu Dərbəndimizi söz nəfəsiylə süsləyən Fəxrəddin Qəribsəsin şeirləri ilə baş-başa buraxırıq sizləri.

DƏRBƏND
Dədə Qоrqud  simаsındа görünən,
Gəlin kimi аğ örpəyə  bürünən,
Buludlаrı qərib-qərib sürünən,
Bəşərin sоlmаyаn аynаsı Dərbənd.

Ildırım еşqinlə qоvruldu yаndı,
Kаzımbəy sеvgisi bizə  bəyаndı.
Səməndər sözündən Хəzər оyаndı,
Nеçə min yеsirin аnаsı Dərbənd.

Şаirlər cənnətə bənzətdi səni,
Bəyаz gеcələrin ləzzətdi sənin.
Sаyrışаn ulduzlаr bəzətdi səni,
Еy cаhаn gölünün sоnаsı Dərbənd.

Sən qəlbə məlhəmsən, tаriхə nəfəs,
Хəzər sulаrındа çаğlаyır  həvəs,
Vurulub ürəkdən sənə Qəribsəs,
Bu qərib ruhumun duаsı Dərbənd.

BIR NAĞILA INANDIQ

İkimiz də bir nağıla inandıq,
Bir  ovucdan içdik bu eşq suyunu.
Gah köhrəldik, gah da dönüb utandıq,
Yaman çəkdi bizi sevgi oyunu.

Saqqız olub diş altında uyuduq,
Qəflət yanan tonqallarda soyuduq,
Eşqin zərrə müsibəti böyüdü,
Yenə içdik biz bu eşqin suyunu.

Arı kimi bal dilədik pətəkdən,
Çox daşları düşürmüşük ətəkdən,
Zövq alsa da yasəməndən, çiçəkdən,
Qəlbə məlhəm eyləmədik iyini.

Ləkə düşdü məhəbbətin üzünə,
Varmadılar Qəribsəsin sözünə,
Yenə düşdük şirin nağıl izinə,
Heç görmədik Məlikməmməd toyunu.

ANA HAQQINDA DÜŞÜNCƏLƏR

Sənə tac deyirlər, bu azdı məncə,
Dünyanın tacından ucasan ana.
Min kədər çəkmicən, min bir işgəncə,
Fərqi yox, cavansan, qocasan ana.

Qızına ocaqsan, oğluna qanad,
Möhtacdır sözünə nəhəng kainat,
Səninlə qurulub bu sonsuz həyat,
Sən həyat sözündə hecasan, ana.

Anasız dünyanın günəşi azdır,
Ürəyi ağrilı, qəlbi nasazdır,
Nə qədər anadan desə də azdır
Bəlkə sən bu sirri açasan, ana.

Bir qüvvə tapılmaz qorxuda səni,
Yuxuda görmüşəm, yuxuda səni,
Fələkdir yaşını axıdan səni,
Mənimlə hər zaman qoşasan ana.

Sən mənim baharım, həm etibarım,
Tanrıdan verilmiş dövlətim, varım,
Məzarlar içində əziz məzarım,
Bəlkə öz balanı qucasan, ana.

Sən dağlar içində, dağdan da uca,
Qocalıq yetişib, dən düşüb saça,
Gələrdim yanına hey qaça-qaça,
Sən haqqın ocağı, ricasan ana.

Adım Qəribsəsdir, doğmadır səsim,
Ana söyləyəndə  gedir nəfəsim,
Anamdır gedənim, gedər gəlməzim,
Hardasan deyirəm, hardasan, ana.

ŞEİRLƏR

Yanmamışam atəşində, odunda,
Qafiyəsi qalmayıbdı yadımda,
Gizlənibdi göyün yeddi qatında,
Göz yaşını silmədiyim şeirlər.

Heç bilmirəm, nə vaxt közü yanacaq,
Kəlməsindən qalanmadı bir ocaq.
Görən, məni harda gəlib tapacaq,
Əzabını bölmədiyim şeirlər.

Düyündür kələfi açıla bilməz,
Acıdır damağı içilə bilməz,
Itib həyatımla ölçülə bilməz,
Dərgahında ölmədiyim şeirlər.

Qocalığın üfüqləri görünür,
Ümid şamı gah alışır, gah sönür,
Hara getsəm hey dalımca sürünür,
Bir vaxt yaza bilmədiyim şeirlər.

DƏRBƏNDƏ PAYIZ GƏLİR

Dərbənd tutar dərdimi,
Dərdimmi, kədərdimi?
Düşmən vurdu mərdimi,
Ürəyimdən söz gəlir,
Dərbəndə payız gəlir.

Tarixdir başdan-başa,
Qalası oxşar qaşa,
Bulaq üstü tamaşa,
Gəlin gəlir, qız gəlir,
Dərbəndə payız gəlir.

Dərbəndim, kədər bəndim,
Narın qalam, hər kəndim.
Tarixinə güvəndim,
Fərəh göyə yüksəlir,
Dərbəndə payız gəlir.

***
Can vermisən, alacaqsan,
Əbədisən, qalacaqsan.
Yaqışlarla dolacaqsan,
Dünya, məni azad burax.

Gözlərimdə yaş olarsan,
Gözlər üstə qaş olarsan,
Qəbrim üstə daş olarsan,
Dünya, məni azad burax.

Dərd daşiyan qəlbim sızar,
Mən oyuncaq, sən də bazar
Bir gün məni tutar azar
Dünya, məni azad burax.

Əzilmişəm kədərindən,
Yıxılmışam yəhərindən,
Doymamışam bəhərindən,
Dünya, məni azad burax.

Olan oldu keçən keçdi,
Yeyən yedi, içən içdi,
Həyat boşdu heçə heçdi,
Dünya məni azad burax,
Dünya, məni azad burax.

DƏRBƏNDƏ YOL GÖRÜNÜRMÜ?
 
Qəlbim kimi qarlı dağlar,
Dərbəndə yol görünürmü?
Sirrə etibarlı dağlar,
Dərbəndə yol görünürmü?
 
Burda Kərkük, orda Misir,
Təbriz desən, qəlbim əsir.
Ürək yurda çox tələsir,
Dərbəndə yol görünürmü?
 
Adanada axşam çağı,
Narıngilər bəzər bağı.
Sualım var, Aqrı dağı,
Dərbəndə yol görünürmü?
 
Əsir külək həzin-həzin,
Heç nə verməz yurd əvəzin.
Qəlbi dözmür Qəribsəsin,
Dərbəndə yol görünürmü?

BU PAYIZ
 
Payızın təmtəraq sorağına bax,
Yarpağın qızaran yanağına bax.
Zoğalın alışan çırağına bax,
Minillik açılmaz sirrdir bu payız.
 
Gilavar dalınca ötür gilavar,
Küləklər bir birin qaça-qaç qovar.
Belə bir payızdan, söylə, harda var,
Elə bil əzəldən birdi bu payız.
 
Qəlbin yuvasına çəkdim selini,
Duman əzizləyir dağın belini.
Şair Qəribsəsin könül telini,
Bir üsyan qopardı, qırdı bu payız.

MƏNİM GÖZƏL ŞƏHƏRİM...

Küləklərin dincəldiyi bir ocaq,
Mələklərin məskənidir bu şəhər.
İnci kimi tarixlərdə qalacaq,
Qərinələr yelkənidir bu şəhər.

Qala həssas ürəklərin tacıdır
Divarların əzəmətin nişanı
Səndən ayrı yaşamaq çox acıdır
Sənə oxşar bu dünyada yer hanı?

Burda mənim arzularım dil açıb
Mahalların dar küçəsi taleyim
Gəncliyim də bu ocaqda dolaşıb,
Küçələrə səpələnib diləyim.

Xəzərlə uyuyar, Xəzərlə durar,
Səmaya yol açır qala pillələr.
Bəlkə bir qış gələr, ya da bir bahar,
Ruhu Qəribsəsin burda dincələr...

TƏNHA QOYMAYIN MƏNİ

Halal duzum, çörəyim,
Bir tanrımdır dirəyim, 
Şikəst olub ürəyim, 
Tənha qoymayın məni.

Sızıldayan yaralar,
Dərdə çatan yar olar, 
Könlüм ahu-zar olar, 
Tənha qoymayın məni.

Qəlbim qara ləkədir, 
Ömür gedir, ha gedir,
Ürəyim bir tikədir, 
Tənha qoymayın məni.

Arzular pərən-pərən,
Tanrıdır yol göstərən, 
Siz gedəndə bir yerə, 
Tənha qoymayın məni.

Bu sözümdə yox qərəz,
Qəlbim küsgündür, gülməz. 
Bu gündədir Qəribsəs, 
Tənha qoymayın məni.

DÖNMÜSƏN 

Sənsiz qəribsəyib sevdalı könlüm,
Ya həyat bəxş еlə, ya da ki, ölüm,
Bu sənsiz kаinat büzüşüb, gülüm, 
Nədəndir, laləsiz çölə dönmüsən. 

Məhəbbət yaşları donub yanaqda, 
Ürək vüsal gəzir hər bir soraqda, 
Indi yaşayırsan məndən uzaqda, 
Nədəndir, əlçatmaz gülə dönmüsən.

Fəsillər ötdükcə ömür tələsir, 
Başımın üstündən aci yel əsir. 
Yox etdin eşqini sən Qəribsəsin, 
Nədəndir, bir sonsuz ilə dönmüsən. 

DÜNYANIN 

Ədalət sorağli illər itirdim, 
Güvənib gücünə naşı dünyanın. 
Açlmaz tilsimdir, sehrli sirrdir,
Buludtək çatılıb qaşı dünyanın. 

Çalınan sazinin qırıılb teli, 
Amal sorağında çaxnaşır eli, 
Çarəsiz qamətdə bükülüb beli, 
Ovulmur kəsəyi, daşı dünyanın. 

Dolandım kədərlə eli, obanı, 
Yaralar üstündə silinmir qanım, 
Izləyir vəhşitək insan insanı, 
Zəhərlə yoğrulub aşi dünyanın? 

Birə min artibdir tufani, seli, 
Döyünür sinəmdə ürək qüssəli, 
Qəribsəs bu dərddən olubdu dəli, 
Qurumur gözünün yaşi dünyanın.

Fəxrəddin QƏRİBSƏS

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 24-01-2021 14:30
Baxış sayı: 3367
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını