Reklam
Aygün Yaşarın "İmtahan"ı -Hekayə
11-01-2021 17:07
Vətən yolunda canını fəda etmiş bir əsgər üçün mən də həyatımı qurban verməyi qərara almışdım...
Dalidag.az Aygün Yaşarın hekayəsini təqdim edir:
İMTAHAN
Aygün Yaşar
Dalidag.az
Dalidag.az Aygün Yaşarın hekayəsini təqdim edir:
İMTAHAN
Yaz idi. Təbiət öz güllü-çiçəkli donunu geyinmiş, çiyinlərində əlvan rəngli quşların cəh-cəhi və Günəşin təbəssümü ilə insanları xoşbəxt olmağa çağırırdı. Mənim isə buna vaxtım yox idi. Çünki semestr imtahanları başlamışdı.
Həmin gün saat 11-də imtahan vermək üçün universitetimizə getdim. Amma məlumat verdilər ki, imtahanın vaxtı iki saat geri çəkilib. Evə gedib qayıtmaq da alınmırdı. Qrup yoldaşlarımızdan bəziləri universitetin kitabxanasına, bəziləri yeməkxanaya gedib gözləməyi qərara aldılar. Mən və rəfiqəm isə düşündük ki, universitetə paralel yerləşən Lüdvik Parkda gəzişmək üçün iki saat əla fürsətdi. Oradakı ağ, sarı, çəhrayı, qırmızı qızılgüllərdən, quşların səsindən, hündür şam ağaclarının kölgəsindən fürsət əlimizə düşmüş ikən yararlanaq. İmtahan suallarını da öyrənmişdik. Qalırdı bircə bu imtahan həyəcanından qurtulmaq. Bu fikirlə də təbiətdən "yardım" almağı məntiqəuyğun hesab etdik. Hər sözümüz, istəyimiz, arzularımız belə üst-üstə düşən rəfiqəmlə Parka gəldik. Kölgəliklərdəki boş skamyalardan birini seçib əyləşdik. Dərindən nəfəs alıb təmiz havanı ciyərimizə çəkirdik. Bir-birimizə məmnunluqla baxıb "Yaxşı ki bura gəldik. Gərək o biri uşaqlar da gələrdilər" - deyirdik. O gözəl quşların səsini dinləyə-dinləyə imtahana necə hazırlaşdığımız barədə söhbət edir, bir-birimizə ürək-dirək verirdik. Üzbəüz skamyada fəvvarənin əks tərəfində qara eynəkli bir oğlan əyləşmişdi. Yarım saat beləcə keçdi. Arabir saata baxırdıq ki, vaxtında qayıdaq. Birdən əks tərəfdəki skamyada əyləşən oğlan ayağa qalxdı. Düz bizə tərəf gəlirdi. Gözümüzü ondan yayındırsaq da hiss edirdik ki, bizə yaxınlaşır. Və budur, gəlib düz qarşımızda dayandı. Bizdən nəsə soruşmaq istəyəcəkdi yəqin. Fikir verdik ki, oğlanın köynəyinin bir qolu boşdur və şalvarın cibinə salınıb. Yəni qolunun biri yox idi. Daha sonra eynəyini də çıxardı və gördük ki, sağ gözü yoxdur və göz qapaqları içəri batırmış kimi boşluqda bitişib. O anda vahimədən yerimizdə quruyub qalmışdıq. Oğlan soruşdu:
- Olar yanınızda əyləşim?
Mənim vahimədən dilim tutulmuşdu sanki. İlk dəfə idi qarşımda qolsuz və gözsüz bir insan görürdüm. Amma rəfiqəm möhkəm qız idi. Özünü itirmədən amiranə səslə cavab verdi:
- Olmaz!
Oğlan dedi:
- Mən sizdən soruşmurdum. Bu xanımdan soruşuram.
Mən onun bitişmiş göz qapaqlarından donmuş baxışlarımı çəkib yerə zillədim və susdum.
- Yaxşı, olmaz deyirsinizsə, deməli olmaz.- deyib üzünü çevirdi. Qarşımızdan çəkilib bir əli ilə siqaret yandırdı, parkın çıxışına tərəf üç-dörd addım atmışdı ki, özümdə güc tapıb dilləndim:
- Gəlin, əyləşin.
Oğlan səsimi eşidib geri qayıtdı. Rəfiqəm mənə dəhşətlə və sualedici nəzərlərlə baxdı. Mən isə boynumu əyib xahiş edirmiş kimi ona baxaraq etiraz etməməsini istədim. Biz kənara çəkilib ona yer göstərdik. Siqaretini söndürüb zibil qabına tulladı və gəlib rəfiqəmin yanında əyləşdi. Bu vaxt rəfiqəmin əsəbləri lap gərildi. Ayağa durdu və mənə dedi:
- Mən universitetə gedirəm, dur gedək, gecikərik!
- Əyləş, beş dəqiqəyə gedərik. Hələ vaxta var.
- Mən su alıb gəlirəm onda. Amma sonra gedirik!
- Yaxşı.- dedim. Rəfiqəm yaxınlıqdakı kioska tərəf getdi. Mən dönüb skamyanın o biri başında əyləşən oğlana diqqətlə baxdım. O tək qalmış sol gözünü yerə zilləmişdi. Tək qalmış sol əlinə isə sanki yer tapa bilmirdi: gah cibinə salırdı, gah dizinə qoyurdu. Dedi:
- Çox sağ olun...
Mən susurdum. Ürəyimin qorxudan az qala yerindən çıxdığını hiss edirdim. Amma mərhəmət hissi qorxuma qalib gəlirdi.
- Sizinlə tanış olmaq istədim. Amma heç inanmırdım ki, siz məni dinləmək istəyəsiniz. Rəfiqənizdən daha cəsur çıxdınız.
- Qəza keçirmisiniz?
- Cəbhədə olub. Qarabağda. Döyüşdə. Qumbara atdılar yanıma düşdü, partladı. Və belə...
Bir anda o gözümdə elə ucaldı ki, bayaqdan ona vahimə ilə baxdığıma görə xəcalət çəkdim. Birdən-birə dünyanın ən yaraşıqlı oğlanına çevrildi sanki.
- Bizi bağışlayın, əsgər. Çox üzr istəyirəm. Rəfiqəm bilmədi ki...
- Yox, yox üzr istəmək lazım deyil. Necə dəhşətli göründüyümü özüm də bilirəm.
- Xeyr. Elə deyil. Siz dünyanın ən yaraşıqlı oğlanısınız indi bizim gözümüzdə. Yəni sizi tanıyanların. Yəni bu itkinizin səbəbini bilənlər üçün...
Heç bilmirdim nə deyim ki, o qəhrəman əsgərə özümüzü əhv etdirəm.
O isə gülümsəyib təşəkkür edirdi. Və birdən soruşdu:
- Mənim kimi bir əlilə ərə gələrsən?
Gözlənilməz sualdan çaşıb qaldım. Bilmirdim güləm, ya qəzəblənəm. Ayağa durdum və bir- iki addım kənara tərəf getdim. Nə deyəcəyimi yox, necə deyəcəyimi düşünürdüm. Əsgər isə cavab gözləyirdi. Və cavabımı demək üçün geri döndüm:
- Əlbəttə, niyə də yox. Amma bəlkə əvvəlcə tanış olaq?
Əsgər sanki eşitdiyi cavaba inanmırdı. Heyrət və təəccüblə baxaraq dilləndi:
- Olaq...
-Adım Aygün. Bəs sənin?
O, başını aşağı saldı və elə bil adını unutmuşdu. Axır ki, dilləndi:
- Sabah deyəcəm adımı. Bu saatda gələ bilərsənmi bura? - deyə sual dolu bir göz mənə baxırdı. Gözdə ümidsizlik və ağrı var idi həm də.
- Yaxşı.
- Çox sağ ol.
- Hələlik- deyib mənim bu hərəkətimə az qala dəli olan rəfiqəmə tərəf tələsdim. Rəfiqəm elə sürətlə gedirdi ki, ona çatmağa çalışırdım. Elə bil bir an içində bu parkdan məni qaçırmaq, gözdən itmək istəyirdi.
-Aygün, sən neynirsən?! Nə deyirdi o? Qorxudan ürəyim partladı mənim. Sən hələ bir danışırsan onunla? Nə danışırdız?-həyəcandan boğula-boğula soruşdu.
- Heç bilirsənmi harda itirib qolunu, gözünü. Qarabağda!
- Bııııııııy - öz ləhcəsilə təəccübünü belə bildirdi rəfiqəm. - Allah köməyi olsun. Yazıq. Bəs yaxşı sənə nə deyirdi?
-Heç nə. Sadəcə evlilik təklif etdi.Mən də dedim "mən razı!"
- Bıııııııııy!!! -rəfiqəm bu dəfə elə qışqırdı ki, yanımızdan ötənlər də dönüb bizə baxdılar. - Ay qız, sənin başın xarabdı?! Dəli olmusan sən? Atan, anan bilsə səni sağ qoymayacaqlar, bil.
- Niyə ki? O canını bizə görə qurban verib. Niyə görünüşünə görə insana qiymət veririk ki? Çox mədəni və cəsur adamdı. Ondan yaxşı oğlana ərə gedəcəksən sən guya? - deyib güldüm.
- İmtahanı verək, mən də səninlə gedəcəm sizə. Anana danışacam hər şeyi.
- Zəhmət çəkmə, əziz bacım, özüm danışacam anama.
- Danış, danış.Qoy Zülfiyə xala dərsini versin sənin. İmtahana gəlib guya dəli qız!
Rəfiqəmin deyinməsi bitmədi ki, bitmədi. İmtahana girdik. "Əla"mızı aldıq. Əhvalımız da əla idi. Mən isə məni nələr gözlədiyini bilmədən nigaran idim. Anama parkda baş verənləri danışmadım. Düşünürdüm ki, hələ tezdir. Və səhərin açılmasını səbirsizliklə gözləyirdim. Vətən yolunda canını fəda etmiş bir əsgər üçün mən də həyatımı qurban verməyi qərara almışdım. Qarşılaşacağım bütün söz-söhbətləri, kəc baxışları, əyilən ağızları, dedi-qoduları da nəzərə almışdım. Amma bütün bunlar Vətən sevgimdən güclü deyildi. Və bir də düşünürdüm ki, adını bilmədiyim o əsgəri mən sevməsəm, heç kim sevməyəcək. Heç bir qız ağ gəlinlik geyinib onunla yanaşı oturmayacaq toy günündə. Həyatı boyu ancaq vahiməli baxışlar görəcək bəlkə. Əgər mən onun mənə uzanan o təkcə əlini geri çevirsəm bəlkə heç bir qız o əli sevgi ilə, ehtiramla tutmayacaq daha?! Bəlkə mən onun son ümid yeriyəm?! Bəlkə bu mənim sınağımdır?! Ya da o özü öz taleyini sınayır?! Bu bəlkələrin yerini qəti qərarım tutdu. Doğru etdiyimə əmin oldum. Səhərin açılmasını gözlədim. Sabah saat 12- də mən parkda idim. Dünənki skamya boş idi. Əyləşdim. Ətrafa baxdım. Yox idi. Çox həyəcanlı idim. Onun adını bilmək istəyirdim. Ümumiyyətlə, haqqında hər şeyi bilmək istəyirdim. Dəqiqələr ötürdü. Mən isə gözləyirdim. Uzaqdan gələn hər qaraltının o olması ümidilə baxırdım. Yaxınlaşanda o olmurdular. Və beləcə bir saat keçdi. Artıq məyus olmağa başlayırdım. Niyə gecikir? Bəlkə başına nəsə gəlib? Axı bu saatda, bu skamyada gözləyəcəkdi məni... İki saat keçdi. Gəlmədi. Qəhər məni boğurdu. Gözümün yaşını silə-silə durub getdim.
Bir ay hər gün o saatda parkdakı həmin skamyada gözlədim onu. Əsgər isə gəlmədi...
Əgər yanımda rəfiqəm şahid olmasaydı özüm də bunun yuxu və ya xəyal olduğunu ehtimal edərdim. Amma rəfiqəm 17 il əvvəl - həmin gün yaşadıqlarımızı indi də heyrətlə yada salır.
Aygün Yaşar
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-01-2021 17:07
Baxış sayı: 3494
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02