Reklam
Eldar Həsənovun qızı: "Atamın günahsızılığı məhkəmədə sübuta yetirilib, ümid edirəm ki... "
21-12-2021 12:37
Hazırda həbsdə olan sabiq baş prokuror, Azərbaycanın Serbiyadakı keçmiş səfiri Eldar Həsənovun qızı, hüquq üzrə fəlsəfə doktoru Səbinə Hüseynova "Təzadlar"a müsahibə verib.
Dalidag.az həmin müsahibəni qısa ixtisarla təqdim edir
- Səbinə xanım, əvvəlcə özünüz barədə məlumat verməyinizi istərdik...
- Hüquq elmləri üzrə fəlsəfə doktoruyam, Türkiyədə 20 ildir ki, ailəmlə birlikdə yaşayıram. Bir türk şirkətində uzun illərdir idarə heyəti sədrinin müavini vəzifəsində çalışıram. Beynəlxalq iqtisadi əlaqələr sahəsinə nəzarət edirəm.
- Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya “Açıq məktub”larınızdan xəbərdarıq. Reaksiyalar oldumu? Oldusa, necə oldu?
- Təssüflər olsun ki, gözlədiyimiz reaksiya bu günə qədər verilməyib. Amma inanıram ki, reaksiyalar olacaq. Əsas odur ki, ictimai rəy də atamın günahsız olmasına köklənib, hamı bilir ki, o, dövlətinə və Prezidentinə həmişə sadiq olub, elə də qalır. Allah böyükdür, inanram ki, haqq öz yerini tutacaq…
-Bəs Siz hansı reaksiyaları gözləyirdiniz?
- Düşünürəm ki, ölkə başçımız Cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın başları ölkənin taleyüklü məsələlərinə qarışdığından belə məsələlərlə məşğul olmağa vaxtları yoxdur. Bilirsiniz ki, dünyanın gözü və diqqəti bir ildir Azərbaycandadır. Cənab Prezidentin az qala hər günü, hər saatı Qarabağın dirçəldilməsinə, beynəlxalq diqqətin Azərbaycana daha şəffaf formada, ədalətli yanaşmasına köklənib.
Uzun illər Azərbaycan dünyanın ədalətsizliyi ilə üz-üzə qalmışdı, şükür ki, bunlar arxada qalır… Lakin aiddiyyəti şəxslər ölkə rəhbərliyinə atamın səhhəti və istintaqın gedişi ilə bağlı obyektiv həqiqətləri vaxtında məruzə etsəydilər, vəziyyət bu cürə acınacaqlı olmayacaqdı və onlar tərəfindən adekvat reaksiya göstərilcəkdi…
- Atanız tanınmış və nüfuzlu şəxsdir. Belə statuslu şəxslərə qarşı hansısa oxşar addım atılanda hamı düşünür ki, ortada nəsə qaranlıq suallar var. Sizə görə bu qaranlıq suallar hansılardır?
- Hesab edirəm ki, atamın həbsi özü də qeyri- qanunidir. Ona qarşı irəli sürülmüş qondarma ittihamlar heç bir sübuta, dəlilə söykənmir. Atam Azərbaycana 9 avqust 2020-ci ildə Serbiyanin rəsmi heyəti ilə gəlib. Görüşlər keçirib sonra geri qayıtmalı idi. 13 avqust saat 9.30 XİN-ə yeni təyin olunmuş nazir Ceyhun Bayramovla görüşü vardi, evdən çıxanda DTX əməkdaşları atamı saxlayıb ona şübhəli şəxs kimi ittiham irəli sürüblər.
16 aydır ki, atam DTX-nin İstintaq təcridxanasında saxlanılır. Qaranliq suallar çoxdur! Əgər səfir Eldar Həsənova irəli sürülməli olan ittihamlar əvvəldən var idisə, niyə onda rəsmi heyətlə birlikdə Azərbaycana çağrılırdı? Tək çağırmaq mümkün deyildimi?
Belə çıxır ki irəli sürülmüş ittihamlar bir günə hazırlanıb? Heç bir şəkildə sübut oluna bilinməyən və cinayəti törətməyən bir insanı nədən təcridxanada 16 ay saxlayırlar?
- İctimai rəy belədir ki, ortada siyasi bağlılığı olan suallar var. Bu nə ola bilər, sizcə? Həm də sual yaranır: daim dövlətçiliyi sevən, Prezidentinə sadiq olan bir səfir nə edə bilər ki, ona qarşı belə addım atılır? Siz necə düşünürsünüz?
- Düşünürəm ki, bu həbs barədə cənab Prezidentin təbii ki, xəbəri olmalıdır. Hər gün səfir həbs olunmur. Amma o başqa sualdır ki, istintaq Prezidentə nələri və necə təqdim edib, vəziyyəti necə məruzə ediblər…
Atam 20 ildən çoxdur 4 ölkədə səfir işləyib. Həmin ölkələrlə Azərbaycan arasında strateji dostluq və əməkdaşlıq münasibətləri yaranıb və yüksələn xətlə inkişaf edib. Bü gün də həmin ölkələrdə Azərbaycan bayrağı dalğalanır. Ümumilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin heykəlləri həmin ölkələrdə ucaldılıb, parklar salınıb.
Zənnimcə, ölkə başçımız cənab İlham Əliyevə düzgün məlumatlar verlməyib, həqiqətlər bu gün də gizlədilir…
- Amma ictimai rəy həm də ona köklənib ki, hələ 1997-98-ci illərdə Eldar Həsənovla münaqişədə olan məmurların bu işdə rolu var. Özünün məhkəmədəki çıxışında da bu barədə vurğulanıb. Həmin hələ də “ayıq” qüvvələr ən yuxarı səviyyədə aravuran informasiya daşıyıcısı kimi görünür. Onlar Eldar Həsənovu nədə günahlandıra bilərdilər ki?! Bu barədə sizin nəsə bilginiz, qənaətiniz, şübhəniz nədir?
- Atam əvvəlcə susdu, çünki günahsız olduğunu bilirdi. Və bir ildən sonra verdiyi ilk açıqlamasında da qeyd elədiyi kimi, əsl səbəb atamın guya siyasi müxalifətlə əlaqədə olmasıdır. Bu tipli digər absurd informasiyalar bir neçə mənbədən Cənab Prezidentə verilərək onu inandırmağa nail oldular. Sonra da bu ittihamlar və yalan məlumatlar öz təsdiqini tapmadığından həmin məlumatları verən şəxslər qorxularından gedib həqiqəti məruzə etməkdən çəkindilər.
Külli aləm bilir ki, Eldar Həsənov hər əməlində Azərbaycan dövlətinin imicini, cənab Prezident İlham Əliyevin adını uca tutub. O, həyatını bu yolda səfərbər edib…
- Azərbaycanın sağlam düşüncəli təbəqəsi inanır ki, Eldar Həsənov günahsızdır və o, tezliklə azad ediləcək, əsl günahkarlar - ara qarışdıranlar cəzalandırılacaqlar. Siz necə düşünürsünüz?
- Məhkəmədə baş verənləri hamı bilir və görür. İnanırıq ki, xırda məmurların törətdikləri, təqsirləndirilən Eldar Həsənova qarşı rəftarı orta səviyyəli sifariş və qisasçılıq əlamətidir… İctimai rəy buna qarşı oldu, hiss olunur ki, son məhkəmə proseslərində bu hallara son verilib. Doğrudurmu?
- Tam əminəm ki, mənim atam günahsızdır. Atam nə dövlətimizə, nə xalqimiza, nə də Cənab Prezidentimizin adına xələl gətirəcək heç bir iş görməyib. Əksinə, o, daima ona göstərilmiş etimadı layiqincə doğruldub, vətənimizə və dövlətimizə sədaqətlə xidmət edib. Ümid edirəm və əminəm ki, gec və ya tez atamın qanunsuz həbsinə nail olmuş araqarışdıran şəxslər ifşa olunacaq.
Atamın günahsızılığı onsuz da məhkəmədə sübuta yetirilib, inşallah, ümid edirəm ki, o, tezliklə haqqı olduğu azadlığına qovuşacaq.
- Eldar Həsənovun hazırkı sağlamlıq durumu necədir?
- Atamın sağlıq durumu olduqca kritikdir. İndiyə qədər 4 dəfə məhkəmə zalında huşunu itirib yıxılıb. O, təxirəsalınmadan xəstəxanaya yerləşdirilmək əvəzinə, istintaq təcridxanasına qaytarılmışdır. Hal- hazırda gündəlik 31 dərman qəbul edir. Hətta dərmanların sayını azaltmaq üçün belə kənardan həkim dəvət edilməsinə icazə verilmir.
Bununla bağlı vəkillər tərəfindən verilən bütün vəsatətlər rədd olunur. Atamda xroniki ürək, diabet, bel-onurğa xəstəlikləri ilə yanaşı, son 16 ayda hipertoniya, ağır formada olan beyin problemləri yarandı.
Atamın sağlıq durumunun real vəziyyəti barədə ölkə başçısına məruzə etmirlər. Hesab edirəm ki, sağlığının real vəziyyəti üzə çıxmasın deyə, yanına kənardan həkim buraxılmır.
- Səbinə xanım, bir dəfə yazmışdım: vəzifədə olanda Eldar Həsənovun əllərindən öpməyə hazır olanların bu məhkəmə prosesində və ya istintaq vaxtı səsi çıxmırdı. Bəlkə onların səsini biz eşidə bilmirdik?!
-Boş vermək lazımdır bunları… Onlar öz həqiqi üzlərini göstərdilər. Allaha şükür etmək lazımdır ki, məhkəmə və saxta ittihamlar belə insanlarin əsl simalarını bizə göstərdi…
- Eldar Həsənovun dostları bu dar gündə necə tanınır?
- Eldar Həsənovun əsl dostları bu gün də yanımızdadırlar. Ona və bizə mənəvi dəstək verirlər. Allah razı olsun onlardan…
- Sonda nəsə demək istərdinizmi?
- Qeyd etmək istəyirəm ki, bütün zülm və əziyyətlərə, məruz qaldığımız ədalətsizliklərə, təqiblərə baxmayaraq, atam və ailəmiz bu gün də Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, çox hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya hörmətlə yanaşırıq və onlardan bu ədalətsizliyə son verilməsini gözləyirik.
İnşallah, inanıram ki, cənab Prezidentimiz İlham Əliyev atam haqqında ədalətli qərar verilməsinə kömək göstərəcək!
Dalidag.az
Kateqoriya: Müsahibə
Tarix: 21-12-2021 12:37
Baxış sayı: 41 125
Yazı axını
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02