Səyyahın Kəlbəcər səfəri - Salman QARALAR yazır

17-08-2026 12:07
                          
               
Hər səfər bir xatirədi.
 
 May ayının ikinci  və iyun ayının birinci yarısı dağların ən gözəl çağıdır, ən ürək açan vaxtıdır. Qeyri – adi gözəlliyi ilə seçilən və  Kəlbəcər dağlarının emblemi sayılan maral çiçəyinin  də  biçənəkləri  ağ örpəyə bürüməsi həmin zamana təsadüf edir. Köhnə kişilər yazın son ayını yaylaq mövsümünün başlanğıc dövrü hesab edirdilər.
                       Yazın bir ayıdı çox yaxşı çağın,
                       Kəsilməz çeşməndən gözəl yığnağın.
                       Axtarma motalın, yağın, qaymağın, 
                       Zənbur çiçəyindən bal alı, dağlar!      

                                                     (Aşıq Ələsgər)
   
   Bu il  gedib Kəlbəcəri  ziyarət etməyi mən yazın son ayı üçün nəzərdə tutmuşdum. Lakin həmin dövrdə yağışların çox və davamlı olaraq yağması, mənim qalmağım üçün alaçığın gec qurulması  mənim səfərimin də gecikməsinə səbəb oldu. Daha sonra belə bir məlumat aldım ki, Daşbulaq kənd sakini Babayeva Mədinə Rəhim qızının dəfn mərasimi  iyul ayının 3- də keçiriləcək. Həmin mərasimdə iştirak etməyi qərara aldım və elə həmin gün sübh tezdən yaşadığım Göygöl rayonunun Daşbulaq kəndindən Kəlbəcərə doğru yola düşdüm. Göygöl – Goranboy – Naftalan yolunu keçib Qaşaltı – Qaraqoyunlu kəndindən Tap Qaraqoyunlu kəndinə üz tuturam,rahat yol infrastrukturuna görə ürəyimdə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm. İncəçayın ətrafındakı gözəlliyə   gözlərim heyranlıqla tamaşa edir. Suqovuşan – Ağdərə yolunun ətrafı da göz oxşayan mənzərələrdən ibarətdir. Bu tarixi yer adlarını yol boyu oxuduqca  Qaraqoyunlular dövlətini, hökmdar – şair Cahanşah Həqiqini xatırlayıram. 
       Saat 11.00 – 11.15  radələrində Kəlbəcər rayon mərkəzinə çatdım. Dörd tərəfə boylanıb dağlarla salamlaşdım.Daha sonra çayçıya toplaşmış kəndçilərimə görüşdüm. Hıcran Həsənovla  birgə toqqanın altını bərkidib Daşbulaq (Kilsəli) kəndinə yola düşdük.  Hər qarışı mənə tanış olan və doğma görünən yolu başa vurub kəndin içindəki qoşa daş novlu bulağın üstündə dayandıq. Təmirə, düzəlişə ehtiyacı olan bu bulağın üstündəki yazılar erkən orta əsrlərə çatacaq qədər bir tarixə malikdir. Kəndin yuxarı məhləsinə suyu şlanqlar vasitəsi ilə paylanan bulağı 30 il ərzində ermənilər dağıtmayıblar. Ancaq ermənilər bu yerləri tərk edəndən sonra başqa kəndin bir sakini ağır heyvandarlıq təsərrüfatını “Bulağın üstü”nə düşürərək kəndə gələn suyu kəsibdir. Kəndin bir qrup sakininin etirazına cavab olaraq ora düşən zat o dünyada suya həsrət qalacağına inandığından bu dünyada suyun gözündən son nəfəsinə qədər içəcəyini əhd edib. Onlarda vaxtı ilə məşhur olmuş bir deyimi inadkarcasına təkrar eyləyib: “dedığım dedığdır, ölməx var, köşmax yoxdu”.      
Məktəbin yanındakı, Qəzənfərin evinin qənşərindəki bulağı isə işğal dövründə sel basmış, ətrafında sıx kolluq, meşəlik əmələ gəlmişdir. Kəndin bu hissələrində içməyə bulaq suyu yoxdur. Buradan keçib “Kaha”nın qabağında dayandıq. Qayaların sehrli düzülüşü, alaçıqların qurulması, ocaqların tüstülənməsi mənə “Dədə Qorqud” dastanındakı Oğuz ellərini, Oğuz yurdlarını xatırlatdı. “Yurdunuz qutlu olsun” deyib onlardan ayrıldım.
    1993 – cü ilin  Novruz bayramı Kəlbəcər əhalisi üçün qara bayram oldu. Ermənilər tərəfindən atılan toplar bir sıra yerləri dağıtdı və ayın son günündə -əhali öz ev – eşiyini tərk edib Murova üz tutmağa başladı. Öz yurd – yuvasını tərk edərək getməyənlər, gedə bilməyənlər də oldu. Həmin vaxt girov qalan, 2025 – ci ildə sümükləri təsadüfən tapılan bir girovun – Babayeva Mədinənin  2026 – cı ilin iyul ayının 3 – də  doğma kəndində keçirilən dəfn mərasimində iştirak etdim. Kənd sakinlərindən daha çox  Kəlbəcər rayonunun əlaqədar idarə və müəssisələrindən  gələn nümayəndələrin olması məndə daxili bir təəssüf hissi yaratdı. 1993 – cü ildə girov qalan bəzi şəxslərin hələ də öldüsü və ya qaldısı haqqında bir məlumatın olmaması da  ürəyimdə əlavə  bir kədər hissinin yaranmasına səbəb oldu. Tədbir axşama yaxın qurtardı və mən sağollaşıb  Zülfüqarlı kəndinə tərəf üz tutdum. Etibarlı, səmimi bir dostumun qonaq –qara  üçün tikdiyi alaçığa gəldim, maşının yük yerindən yorğan – döşəyimi çıxartdım, gecəni rahat uyuyub səhər  bu kəndin ərazisində yerləşən İstisuya getdim.
  Bura Azərbaycanın çox yerindən qonaqlar gəlir. Müxtəlif xəstəliyi olan insanlar burada 8 – 10 -15  dəqiqiə ərzində açıq havada vanna qəbul edirlər. Bir çoxunun deməyinə görə, bu su insanlara öz sağlamlıqlarını bərpa etməyə kömək edir. Mən də bu ümidlə buraya keçən ildən gəlirəm və müəyyən qədər faydasını öz üzərimdə hiss edirəm də.
      Bu suda eyni zamanda maksimum  20- 27 adam çimə bilər. Qadınlar və kişilər öz aralarında növbəlilik yaradırlar. Təxminən yarım saat  kişilər, yarım saat da qadınlar bu suda çimirlər. Di gəl ki, Allahın təmənnasız verdiyi bir nemətə - müalicəvi əhəmiyyətli bu suya bəzi insanlar sayğısız yanaşır: hara gəldi zibil atırlar, sabunla yuyunurlar, suyun kənarında araq içirlər, Tutqu çayının qıraqlarını sanitar qovşaq hesab edirlər və s.  Bu cür vəziyyətə səbəb bir tərəfdən insanların özlərinin   mədəni davranış, ictimai yerlərdə  özünü idarəetmə səviyyələrinin aşağı olmasıdırsa, digər tərəfdən şəraitsizliyin yaratdığı çarəsizlikdir, vəziyyətdən  kobudcasına çıxış yoludur.
    Keçən il bu vaxtlarda  Tutqu çayı boyunca yol çəkilişi, körpü salınması işi ilə məşğul olan bir və ya bir neçə şirkət sürətlə işləyirdi. Ancaq onlar ağına – bozuna baxmadan  nəzərdə tutduqları yerləri qazır , tökür, dağıdırdılar. Nə kəsilən, qırılan ağaclara, nə də adi, ya mineral sulara  heyifsilənirdilər. Yenə həmin ağac növlərinin yenidən əkilməsinə bir ümid yolu var, ancaq batan bulaqların bərpa olunması qeyri – mümkündür. Zülfüqarlı İstisuyunun yanında – təxminən 80 metr yaxınlığında  bir turşsu, bir də soyuq su bulağı çıxırdı. Hər ikisi bir – birindən keyfiyyətli su idi.  Əvvəl o sulardan, xüsusən turşsudan içib, sonra İstisuda çimmək daha çox fayda verirdi. Təəssüf ki,  orada yol çəkən şirkət o bulaqları batırdı. Halbuki, cüzi bir xərclə həmin bulaqları qorumaq olardı.  Belə faktlar isə üç deyil, beş deyil, onlarla, bəlkə, yüzlərlədir. Belə olmaz, cənablar! Bu havadan, bu sudan ötrü  şəhidlərimizin, qazilərimizin tökülən qanlarını, ölən, yaralanan canlarını fikirləşin.  Bu havadan, bu sudan ötrü nə qədər insanların dodaqlarının  dörd yerdən çat verdiyini, bi hissəsinin isə dünyasını dəyişdiyini fikirləşin.
   Və bir də keçmişin səhv işlərindən ibrət, düz işlərindən isə nümunə  götürmək lazımdır.  İşğala qədərki Ağdərə - Kəlbəcər yolunun altında, üstündə tez – tez adi və mineral sulu bulaqlara rast gəlmək olurdu. Dağa, arana gedən yolçular bu sulardan içə - içə yollarına davam edirdilər. O zamanlar  yol kənarında fəaliyyət göstərən yeməkxanaların  əksəriyyəti bu suların yaxınlığında  yerləşirdi. Avtobuslar bir qayda olaraq bu bulaqların birinin yaxınlığında dayanır, sərnişinlər su içir, çörək yeyirdilər.
     İndi isə Suqovuşandan Kəlbəcərə qədər olan yol kənarında cəmi bircə yerdən bulaq suyu axır.  O bulaq da elə yerdən çıxır ki, onu batırmaq mümkün deyil.
***                    
             
  Suda çəkilən şəkillər...
İyul ayının əvvəllərində hər gün yağış yağdığından dağlarla və dağların dağ vüqarlı sakinləri ilə vidalaşıb yaşadığım Göygöl rayonuna qayıtdım  və iyul ayının üçüncü ongünlüyündə  yenidən dağlara qayıtmaq qərarına gəldim. Yeznəm Aqil həyat yoldaşını və qızını da  götürüb Kəlbəcərin Daşbulaq kəndinə getməli olduğundan onları da aparmağı lazım bildim. Səhər saat 7 – də Balçılıdan çıxdıq və təxminən saat 11- də Kəlbəcər rayon mərkəzində olduq. Onları kəndə aparacaq “Niva” maşını gələnə qədər bir çay içmək qərarına gəldik.  Yeznəm, bacım və qızı  ümumi zaldan keçib  bir otaqda əyləşdilər. Mən çayçıya yaxınlaşıb sanitar qovşağın yerini soruşdum. Çayçı  “işləmir” dedi. Düzü, çox təəccüb etdim və belə vəziyyətdə çayxananı işlətməyin düzgün olmadığını bildirdim.  Müdirin məsləhəti ilə maşına minib bir qədər aralaşdım, bir gicitkən kolunun başına dövrə vurub yenidən çayçıya  qayıtdım, əl – üz yuyulan yeri soruşdum. Müdir yeniyetmə çayçı oğlana dedi ki, bir parç su gətir, tök, ağsaqqal əlini yusun. Çayçı su gətirmək üçün içəri otağa dönəndə  bu rayon ermənidən təmizlənən bir gündən burada işləyən bir qohum adam çayçıya bitişik su krantını göstərdi və “gəl, əlini yu”,- dedi.  Mən əlimi kranta tərəf uzatdım, qohum adam isə  krantı açmağı ilə içəridən  qəssabdan çox cəllada oxşayan bığıburma  bir kişi çıxdı və səsi ətrafı bürüdü:
- Bağla krantı! Ödənişi indicə edib gəlmişəm. Bura əl yumaq yeri deyil! Gələn əlini yuyur, krantı da bağlamadan gedir.
   Mən əlimi suyun altına tutmuşdum. Qohum tez krantı bağladı və biz tələsik çayçıya girdik ki, qəssabın hirsi soyumaz, bizə hücum çəkər, əlindən xəta çıxar...
   Çay içmək həvəsim keçib getdi. Müdirə “bağla bu çayçını, ayıbdır, bura gələn qonaq nə deyər sizə?” – deyə sual etdim.
   Çayçı mənə dəvə nalbəndə baxan kimi baxdı. Mən maşına əyləşib üzü aşağı – Qoturlu dərəsinə doğru üz tutdum.
***                   

Günün duran vaxtında Zülfüqarlı kəndinin ərazisində olan İstisuda dayandım, səliqə - sahmanla əynimi dəyişdim, suyun  fəvvarə vurduğu dairəvi gölməçəyə yaxınlaşdım.   Təxminən 56 – 58 dərəcə istilikdə olan mineral tərkibli bu su yer altından təzyiqlə üzə çıxır. Köhnə kişilərin dili ilə desək, bir dəyirmanın, müasir oğlanların dili ilə desək, bir artezian quyusunun suyu qədər bol suyu qaynayır, axır, insanlara  şəfa verir.  Bu şəfa mənbəyinə çoxlu da insanlar gəlir. Mən gördüm ki,  7 – 8 nəfər cavan oğlan suyun içində vanna qəbul edir, iki nəfər gənc də onların videosunu çəkirdi.  Çimən oğlanlardan biri qışqırırdı:
-Eheyy, əməlli çək, göndər xalanqızına, görsün necə kef çəkirəm. 
Video çəkən də öz işini görə - görə cavab verirdi:
-Mənim xalam qızı sənin bu gül bədəninə uyğunlaşıb, görəsən öz xalaqızın görsə, diksinib dəli olmayacaq ki?
Cavanlar  öz işlərində idilər. Mən hiss etdirmədən  bu video çəkdirən oğlanları nəzərdən keçirtdim. Onlardan birinin çaynaqlı  və tüklü barmaqları, uzun, qıllı qolları, ensiz, yunlu sinəsi xalis qorillo cinsini xatırladırdı. Sudan kənara çıxıb sırsıra bağlamış sarı  qıvrım saçlarını sabunlayan digər bir gənci şimpanzeyə bənzətmək olardı. Adam sanki yuyunmurdu, bitlənirdi, sabun  suyunun bir hissəsinin də gölməçəyə töküldüyünün fərqinə varmırdı. Gölməçədə olan bir ahıl kişi  mineral suya qarışan sabunlu suyu göstərərək astadan “a bala, qıraqda yuyun” desə də, ona qulaq asan yox idi.
   Bir qədər aşağıdan şişkin ayaqları üstündə zorla dayanan bir qoca qadının səsi tez – tez eşidilirdi:
  -A bala, ta bəsdi.  Çıxın, indi də biz gələk. A bala, ay oğul, çıxın, çıxın!
     Bir neçə gündən sonra Yuxarı İstisuya gedəndə də eyni mənzərənin şahidi oldum.  Yox, yox ! Eyni mənzərə demək düz olmaz. Daha ağır, daha ağrılı mənzərənin şahidi oldum desəm, daha doğru olardı. Oradakı təbii İstisu gölməçəsinə girən adamların sabundan, şampundan istifadə etmələri suyun çirklənməsinə, adamların iyrənməsinə səbəb olur. Ətrafdakı natəmizlik ürək bulandırır.  Qarpız, yemiş qabığından tutmuş corab, paltar tullantılarına qədər  ətraf ərazidə hər cür zibil var. Oxşar adamlar, oxşar hərəkətlər  təkrar olunur: kimi bu suyu arandakı filan kanalın suyu ilə müqayisə edir, kimi suyun dibinə çökmüş palçığı bədəninə çəkməklə suyu bulandırır. Ancaq bir - iki istisnaları çıxmaq şərti ilə hamı video, şəkil çəkməyə, çəkdirməyə çalışır və sanki bu çəkilişləri gəlişlərinin məqsədi hesab edirlər.
   Tutqu çayının üstündən atma ağac körpü ilə sol sahilə keçib  “Əsrik turşsuyu”nun ətrafındakı gözəlliyi görməyə iki göz gərəkdir.Heyhat, bulağın ətrafındakı natəmizlikdən ürəyinin bulanmaması üçün skafandr geymədiyinə təəssüf hissi keçirtməkdən başqa əlindən heç nə gəlmir və başını götürüb qaçmağa məcbur olursan. Yenə də həmin natəmizlik, həmin qarışıqlıq içində adamlar telefonun kamerasını heç cür boş buramırlar. Sanki XXI əsrin salnaməsini  bu şəkil və video çəkənlər yaradacaqlar.
                   ***                  
                                   Kabab iyinə gələnlər...
     Aranın bürküsündən ya öz canını, ya da ailəsinin canını bir – iki günlüyə qurtarmağa  çalışanlar külfətini də yığırlar maşına və üz tuturlar dağlara. Pis, yaxşı, nəyi tapa biliblərsə, bir ağac kölgəsi tapırlar, palazını  o kölgəliyə salırlar,həmin ərazidə olan bir bulaqdan su gətirib  samovar qaynadırlar, evdən gətirdikləri nemətləri süfrəyə düzürlər. Nuş olsun! Allah verəndən yeyib – içib dincəlmək olardı. Yox, yox, əsla yox! Əgər bu iki daşın arasında kabab çəkməsən və bu çəkdiyin kababı da telefona çəkərək paylaşmasan, ona istirahət demək olmaz. Eybi yoxdur, kömür gətirməmisən, çır – çırpı yığarsan, hisə - toza qərq olarsan,kabab yeməkdən aldığın ləzzətdən on qat artıq əziyyət çəkərsən. Təki ocaq qala, yağlı əti tüstülədib  ətrafa qoxu yay. Gedəndə də qaladığın ocağı söndürmə, şişlərin altına qoyduğun daşları bir tərəfə qoyma, yanmayan çör – çöpləri, süfrədən qalan tullantıları bir tərəfə səliqə ilə yığma. 
    Əsas odur ki, axşam qayıdıb gedəndə səndə bir əminlik olsun ki, bu gün dağlara getdin, bulaq suyu içdin, təmiz hava uddun və ən əsası kabab əti yedin. Sanki yaşadığın yerdə nə kabab bişirilir, nə də onu alıb yeməyə imkan verilir. Əgər həmin gün kabab çəkməmisənsə, araq içməmisənsə, demək, istirahət etməmisən. Bu səhv düşüncə necə formalaşıb, nə vaxtdan formalaşıb?  Bu haqda öz fikirlərimi qısaca olsa da qeyd etməyi lazım bilirəm. Bu cür gəzintinin, istirahətin heç də yaxşı bir iş olmadığını ən azından cavanlar bilməli, bu cür saxta görüntü yaratmaq vərdişindən əl çəkməlidirlər.
Bir neçə kəlmə də çöldə kabab çəkməyin tarixi haqqında məlumat verməyi lazım bilirəm. Lap qədim zamanlardan son yüzilliyə qədər  insanlar   ova gedəndə özləri ilə evdən lazım olduğundan da artıq yemək – içmək aparmırdılar. Heç apara da bilməzdilər. Ovçular vurduqları  və ya tutduqları ovun ətindən özlərinə yetik kəsir, ağac budaqlarından şiş hazırlayır, əti şişlərə taxaraq  bişirir, aclıqlarını öldürürdülər. Açıq havada, çöl –byabanda, dağda əti bişirmək üçün isə ən ideal üsul  şişlik yemək hazırlamaq - kabab çəkmək olmuşdur.  Müasir zəmanədə bir günlük istirahət zamanı göy – göyərti, ağartı yemək fiziki cəhətdən də, tibbi baxımdan da, hətta mədəniyyət, etika və estetika yönündən də daha əlverişli olardı. Biz ovçuluq dövründən qalma bu adəti dəyişmədən bəh – bəhlə günümüzə qədər daşımışıq.Dəyişən öz sözümüz olan şişlik sözünü alınma kabab sözü ilə əvəz etməyimizdir.
            ***              
                       Alınmayan görüş
    Azərbaycan poeziyasında  və publisistikasında bənzərsiz üslubu olan Məmməd Aslanın dünyaya göz açdığı Laçın kəndini görmək arzusu ilə yola çıxdım, lakin ana yoldan iki döngə keçməmiş  çətinliklə geri qayıtdım. Kəndin yolu mənim maşınımın gedəcəyi yol deyildi.  Həmin ərazidə hal – hazırkı vəziyyətdə   vətəndaşlara xidmət edəcək taksi fəaliyyəti də mümkün deyil. Bu hadisəni həmin bölgəgən olan, uzun illər ərzində tanıdığım , savadlı, həqiqətsevər, düz danışan  bir şəxsə danışanda  dedi:
  - Mən orada olan zaman bizim kəndə gəl. Sizi kəndlə, bizim dağlarla tanış edim. Biz tərəfdən baxanda Laçın kəndinin də panoraması göz önündə güzgü kimi açılır.
    Bir gün axşamüstü telefonuma gələn ismarıcdan öyrəndim ki, bu gün  ya sabah getsəm, həmin kəndin yaylaq yerlərini gəzə biləcəyik. Mən də cavabında sabah gələcəyimi yazdım.
     Getdim. Əsas yoldan ayrılıb mənə nişan verilən yola döndüm. İlk beş – on addımlıqdan əsrarəngiz bir gözəllik başladı.Yolun alt yanında bir neçə alaçıq qurulmuş, arı yeşikləri düzülmüşdü. Salam verdim, kəndə düz getdiyimi dəqiqləşdirdim və maşına qaz verdim. Bir az sonra meşənin qaranlığına girdim. Yolun hər iki tərəfində həddən artıq sıxlıqla boy atan ağaclar mənə keçən əsrin 80 – ci illərində gördüyüm Talıstan meşələrini xatırlatdı. Zamanında Səməd Vurğunun da görüb vəsf etdiyi Talıstan meşələrini müstəqillik illərində müstəqil idarə müdirləri kəsdirib, doğratdırıb məhv etdilər. Kəlbəcərin bu bölgəsində isə erməni vandalları bütün ağacları yox, mebel üçün yararlı olanları, o cümlədən qoz ağaclarını kəsib aparmışlar. Amma ana təbiət özünü qoruma instinktini işə salmış, məhf olmaq təhlükəsindən qurtarmışdır. Belə ki, ermənilərin yarım metr, bir metr hündürlükdən kəsdiyi qoz ağaclarının kökləri sağlam olduğu üçün qurumamış, yenidən pöhrə vermişdir. Bir qoz ağacının dibindən üçdən on üçə qədər pöhrə boy vermiş,  günəş şüası almaq üçün  zaman daxilində ətrafdakı ağaclara çatmışdır.
        Romantik duyğular içində kəndə çatdım. Kənd deyəndə əslində kəndin dağıdıldığı bir qərinədir, kənd yoxdur, yarım metr,  bir metr hündürlüyü qalmış uçuq barılar  adamı qüssə girdabına sürükləyir. Ancaq bir neçə yerdə qurulan alaçıqlar, maşınlar, arı yeşikləri, ən əsası insanlar adamda bir ümid duyğusu da yaradır. Və istər – istəməz kəsilmiş qoz kötüklərindən boy verən şivləri xatırlayıram. Həyat davam edir. Bundan sonra da  davam edəcək.Burada hələlik yay aylarında gələn 3 – 13 yaşlı uşaqlar yaşayır və bu yurdun daşını – torpağını yaddaşına yazırlar. Sağlam köklər güclü inkişaf edən pöhrələri qidalandırır.
    Üzü nurlu, ahıl bir kişi mənimlə görüşdü, oturmağa yer göstərdi. Qoşa cökə ağacının kölgəsində əyləşdik. O, zəng etdi,  az sonra mənim tanışım arıxanadan gəldi. Görüşdük, qısa söhbətdən sonra  onun maşınına mindik, kəndin sol tərəfi ilə üzü dağlara tərəf getdik. Kənddən çıxanda arıxanasının olduğu yeri göstərdi. Mən təklif etdim ki,arıxanaya dönməyək, yuxarı dağlara qalxaq. O da razılaşdı, kənd qəbiristanlığının yanında dayanıb dünyadan köçənlərə rəhmət oxuduq, oradan keçib  novlu bulağın üstündə dayandıq. Bu bulağın tarixi haqqında , ermənilərin burada  oturacaq yerləri düzəltməsi haqqında danışdıq,bulaqdan su içib maşına mindik.
     Mən indi üzü dağlara doğru qalxacağımızı gözlədiyim halda qardaş maşını  üzüaşağı sürdü, bizi ilkin dayandığımız yerə qaytardı. Atalar “ağaclı ağacını götürəndə suçlu suçunu anlayar” deyiblər. Mən anladım ki, bu günkü səyahətimiz bununla qurtardı. Adamın ya arıxanada işi yarımçıq qalıb, onu tamamlamalıdır, ya da düşdüyü dilinin bəlasına  bu yolla çarə tapmaq qərarındadır. Kəndin mərkəzindən gedib  -gəldiyimiz yolun məsafəsi bir tam onda beş kilometr də olmazdı. “Bu nə iş idi düşdüm”,- deyə fikirləşdim.Axı biz üzü yuxarı qalxmalı idik. Qoçdaşın yaşıl sinələrini, yurd yerlərini görməli idik. Mən iyirmi km ana yoldan sonra yeddi km  də kənd yolunu ehtiyatla, bir az da qorxa – qorxa gəlmişdim ki, dağları görüm. Dağlar isə əldən çıxmışdı. Heç olmasa sonuncu dəfə Laçın kəndinə baxmağa, ulu şairə ilham verən o dağlara, dərələrə, meşələrə qabaq – qənşər dayanıb tamaşa etməyə çalışdım.  Lakin günəşin şəfəqləri elə yayılmışdı ki, dayandığımız yerdən gündoğanda yerləşən bu müqəddəs torpağı seyr edə bilmədim. Yanımdakı adamlarla xudahafizləşib öz maşınıma mindim, asta – asta geri qayıtdım. Qeyri – ixtiyari olaraq rəhmətliyin məşhur bir şeirindən  aşağıdakı misraları dönə - dönə təkrar elədim:
               Bir ulu görüşə bel bağlamışdım,
               Bir də ayıldım ki, vaxt – vaxtdan keçib.
                Mənə olan oldu, yığıl, gözlərim,
                Yollara həsrətlə baxmaqdan keçib!..
                                     Verdisə yerini baharın qışa,
                                     Bağrına daş bağla, dərdinlə yaşa.
                                      Çaxma əbəs yerə çaxmağı daşa,
                                      Artıq qovdan keçib, çaxmaqdan keçib!..
                 ... Hakimi cəbr olan bir məkandayam,
                  Özüm də bilmirəm hansı yandayam.
                   Dən yeyib, un verməz dəyirmandayam,
                     Üyütməz, bu daşdan, çax – çaxdan keçib!..
***                        
    
           Keçili qayadan    Ala qayaya doğru
     Keçmiş bir iş yoldaşım mənə zəng etdi, hər ikimizin tanıdığımız bir nəfərlə Kəlbəcərə gələcəyini dedi.Mən də təbii ki, “xoş gələsiniz”, həmişə siz gələsiniz” dedim.  Bu yoldaş mənim onlarla getməyimi, Böyük Alagöllər yaylağı ilə onları tanış etməyimi arzu edirdi. Mən “bəli” dedim. Axşama  yaxın gəldilər. Gələnlər mənim iş yoldaşım və Qoturlu zonasının ucqar bir kəndindən  olan iki nəfər  idi.  Bu iki nəfərdən gənc olanı  uzun illərdir ki,tanıyırdım, yaşlı olanın isə həmin gəncin əmisi olduğunu öyrəndim. Amma sümüyüm sancdı, işin yaxşı getməyəciyini düşündüm. Tanımadığın adamla nə yoldaşlıq edəsən, oturub – durasan?  İş yoldaşım izahat verdi ki, onunla  gələsi şəxsin işi çıxdı, gələ bilmədi, bunların  gəlmək arzusunu eşidəndə “yox” demədim, yerinə yetirdim. Təzədən nə  deyəsiydim?  Daha iş – işdən keçmişdi. Sabah saat 7 – də Zülfüqarlı İstisuyunda görüşməyi, on dəqiqə ərzində vanna qəbul etməyi, sonra yola düşməyi qərarlaşdırdıq.
     Sabah vədələşdiyimiz yerdə görüşdük. İş yoldaşım təklif etdi ki, bu gün həftənin VI günüdür, məsləhətdirsə, bu gün Keçili qaya kəndi tərəfdəki turşsuya gedək, oralara baxaq, sabah isə Yuxarı İstisuya gedək, qayıdan baş isə biz buraya dönməyək, birbaşa Gəncəyə qayıdaq.
     Məni fikir götürdü. Aydın idi ki, bu təklif əmi və qardaşoğlundan gəlir. Əmi də Abşeronda yaşayır, hər saat gedib – gələ bilmir. İş yoldaşımın da maşını mənim maşınımdan daha alçaqdır və məni ümid yeri bilirlər ki, onları   bu gələn əmi və qardaşoğlunun  ana vətənlərinə yaxınlaşdırım.
    Razılaşdım. Zülfüqarlıdan Keçili qaya kəndinə gedən yola çıxdıq. Meşəni çıxandan sonra bir hündür təpənin yanında dayandıq, maşından  düşüb ətrafı seyr etdik. Həqiqətən, burada təbiət qənirsiz gözəldir. Havadakı saflığı, təmizliyi ciyərlərinə çəkdikcə yaşamaq eşqin birə yüz qat artır.Kənd meşədən yuxarıdadır. Burada da alaçıq quranlar, arı ailələri gətirənlər var. Az da olsa, mal – qoyun saxlayanların da olduğu görünür.    İş yoldaşım sağa çıxan bir yolu göstərərək bu yolun “Keçili qaya” turşsuyuna getdiyini söylədi və təklif etdi ki, qarşıdakı dağ aşırımına çıxaq, oradan ətraf yerlərə tamaşa edək, sonra gəlib bulaq üstündə oturaq.  Təklifi qəbul etdim.
“Ağ yataq” kəndinin sahəsinə daxil olanda məlumat verdilər ki, sovet hakimiyyəti illərində bu kəndin ərazisindən civə çıxarılaraq daşınır, “Civə zavodu”nda emal edilirdi. Bu kəndə də az da olsa köçlər gəldiyini, alaçıqlar qurulduğunu görüb sevindim.
 Dağ aşırımının üstündə dayanıb hər tərəfə nəzər saldıq. Buralarda meşələr də, dərin dərələr də, sərt yamaclar da yoxdur. Geniş biçənəklər, yaylaq yerləri göz gördüyü qədər uzanır. Baxdıq, bəyəndik, şəhidlərin ruhuna rəhmət dilədik. Geri dönmək məqamı gələndə əmi, qardaşoğlu ilan dili çıxartdılar:
       - Buradan aşağı düşəndə bir turşsulu bulaq da var. Gedək o bulağın üstündə oturaq.
         Mən bildirdim ki, maşınımın yalnız qabağı çəkir, təkərləri də köhnədir, gedib  yolda qala bilərik. Qaş – qabaq elədiklərini görüb yolun necəliyini soruşdum və “yaxşı” cavabını aldım.  Çar – naçar razılaşdım, “ürəyiniz istəyirsə, gedək” dedim.  Oturduq maşına, üzü  Ağdərə, Laçın istiqamətinə yol aldıq.  Bir az sonra onların “Yelli gədik” adlandırdıqları dağ yamacını enəndə bu yolun çox dikləmə olduğunu gördüm və qayıdan baş maşının bu yoxuşu çıxmayacağını söylədim.Onlar isə əminliklə “çıxacaq” dedilər. Bir xeyli getdik, yolun sağındakı turşsuya çatdıq, bulağın üstündə şəkli vurulmuş seyidə rəhmət oxuduq. Bulağın suyundan içdik, su qabımızı doldurduq və üzü gündoğana hərəkət elədik.Sol tərəfdə Narınclar ( Narışdar)  kəndinin olduğunu söylədilər. Bir qədər də gedib Zağalar kəndini də keçdik. İki su hövzəsinin – dağ çayının qovuşduğu yerdə bir söyüd ağacının kolgəsində əyləşdik. Bu çayın Xaçın çayı olduğunu ehtimal etdim. Çayın bir qolu Ala qaya dağlarından, digər qolu isə Xallanlı, Ağ yataq kəndləri tərəfdən gələn bulaq sularının yaratdığı  çaylardan  əmələ gəlmişdi.  Bir qədər bizdən aralıda  görünən arıxanadan bir cavan oğlan gəldi, bizi  öz alaçıqlarına dəvət etdi. Biz təşəkkür etdik, oğlanı yeməyə dəvət etdik, fəqət imtina etdi.  Cavanlar kabab bişirdilər, araq içdilər. Mən də yemək yedim, dadlı bulaq suyu içdim.
      Bizim yaşlı yol yoldaşımız yeməkdən sonra arıxana saxlanılan yerə getdi, bir az sonra gəlib dedi ki, biz geri qayıtmayıb irəli getməliyik. Qarşıdakı yolla hərbçilər  işləyirlər.Gəldiyimiz yoldan qarşıdakı yol daha rahatdır. Laçın rayonu ilə sərhəd dağlara qalxandan sonra sağa gedib  Laçın – Kəlbəcər yoluna çıxacağıq, oradan da Zülfüqarlıya düşərik...
   Yolumuzun iki qat uzaq düşdüyünü, qeyri – müəyyənliyə sürükləndiyimizi görsəm də, gəldiyimiz yoldan qarşıdakı yolun daha rahat olacağına içimdə bir  ümid  hissi də baş qaldırırdı.
     Atalar demiş ki: Kor kimdir? – Nabələd! Biz ikimiz bu yerlərə nabələdik, ilk dəfədir ki, buralara qədəm basırıq.Bu iki adam - əmi və qardaşoğlu  bu kəndlərdən birinin sakinləridirlər. Bunların vətən eşqini, bu yerləri görmək arzusunu nəzərə alıb bura qədər gəlməyə razı olmuşam. Bəs burdan sonra hara, necə getməliyik? Axır nəticədə onların fikri ilə razılaşdım. Maşın Alaqaya  dağlarına doğru üz tutdu. Bu iki nəfər həm bizə, həm də bir – birilərinə bu yerlər haqqında məlumat verə - verə  bir xeyli gedəndən sonra yol üzü dağlara – dikə doğru dikləndi.  Saat təxminən gündüz 3-00 olar. Günün duran vaxtıdır. Sol tərəfdə dərənin qırağında uçuq evlər görünməyə başladı. Buranın Ala qaya kəndi olduğunu dedilər. Sağ tərəfdə bir çoban binəsi və arxacda bir sürü qoyun görünürdü. Binədə bir “Pikap” markalı minik maşını da dayanmışdı. 
     Əsas müsibətli anlar bundan sonra başladı. Yolu sel, yağış suları yuyub, xeyli daşlar, çınqıllar üzə çıxıb. Bir qədər gedəndən sonra maşın dayandı. Arxa cərgədə oturan əmi ilə mənim iş yoldaşım yerə düşüb sağ yandan maşını itələyirlər, maşın 1 – 2 metr irəli gedib dayanır, təkərlərin arxasına daş qoyub yenidən itələyirlər. Təxminən 30 – 40 metr belə gedəndən sonra nisbətən rahatlığa çıxdıq. Dördümüz də maşına əyləşib irəliyə doğru hücum çəkdik. 
   Onu da deyim ki, Zülfüqarlıdan çıxandan maşını iş yoldaşımın dostu sürürdü və etiraf edim ki, maşını çox yaxşı idarə edirdi. Ancaq maşın 2012 – ci il istehsalı olan  KİA – dır və bu maşınların belə yolları qalxmağa səriştəsi çox azdır. Belə yolda “Niva”, “Villis- UAZ”, “Pikap” kimi maşınlar işləyə bilər. Nə isə, daha iş –işdən keçmişdi.  Mən ətrafı nəzərdən keçirərək ehtimal etdim ki, biz Qırxqız dağlarına Kəlbəcər istiqamətdən yaxınlaşmış olmalıyıq. Bu yolda yaxın bir –iki həftə ərzində heç bir gediş – gəlişin olmadığı  hiss olunur. Torpaq yolda bir təkər izi belə görünmür. “Allaha pənah” deyib irəli getməyi qərara aldıq. Geri qayıtsaq da, “Yelli gədiyi” aşa biləcəyimizə ümid yoxdur.
     Bir qədər gedəndən sonra  maşın əsas yoldan çıxıb azca sağa doğru sürüşdü. Yağış suları yolun bir tərəfini yuyub, daş – qum laylarını üzə çixardıb. İndi üçümüz də maşından düşüb sağ və arxa tərəfdən itələməyə başladıq. İsti hava, sərf edilən enerji bizi yorur, taqətdən salırdı. Bununla belə, var gücümüzü işə saldıq və maşın eşə - eşə, arxaya qum, çınqıl sıçrada- sıçrada az- az irəli yeridi. Nəhayət, bu çətin 40- 50 metrlik yolu aşa bildik və mailliyi nisbətən az olan yerdə sürücü maşını saxladı. Biz də arxadan gəlib çatdıq.  Maşına mindik, təxminən 500 metr gedəndən sonra  maşın yenə eşməyə, sağ tərəfə sürüşməyə başladı. Yenə  yerə düşdük. Yenə sağ və arxa tərəfdən maşını itələməyə başladıq. Çətinliklə olsa da, bir qədər də maşın irəli getdi və dik yoxuşun az olduğu yerdə dayandı. Biz də ləhləyə - ləhləyə maşının yanına çatdıq.  Nə görsək yaxşıdır? Maşının qabaq sol təkəri boşalıb. Aşırıma bir kilometrdən az bir yol qalmışdı.  İndi neyləməliyik? Maşının yük yerini bu iki cavan açdı, ehtiyat təkəri çıxartdılar, deşilmiş təkərlə əvəz etdilər.  Heyhat, 30 – 40 metr irəli getməmiş illərlə açılmayan, işlənməyən bu təkər də boşaldı.  İstər –istəməz yadıma “Köksüz qayalar” kitabımdan aşağıdakı misralar düşdü:
                     Qaldıq yollar ayrıcında,
                      Gedim hansı yol ilə mən?
                      Tükənibdi illacım da,
                       Gedim hansı yol ilə mən.
                                                              Köhnə ləpir basa – basa,
                                                               Yasdan çıxıb düşdüm yasa.
                                                                Yollar uzun, ömür qısa,
                                                                Gedim hansı yol ilə mən?
                          Uğurlu ay, illər yoxdu,
                          O gördüyüm ellər yoxdu.
                          Mən istəyən yollar yoxdu,
                          Gedim hansı yol ilə mən?
    Biz iki əhli kişilər maşının yanında qaldıq, iki cavan isə aşağıdakı binəyə getdilər ki, oradakı maşının sahibindən kömək istəsinlər. İsti havada onların gedib – gəlməyi bir saatdan çox vaxt apardı.Gedəndə ümidlə getdilər. Bu “Allah aman yer”də insan olan bir – birinə əl tutmalıdır, bir – birinin hayına – harayına yetməlidir. Gələndə suyu süzülə - süzülə gəldilər. Binədəki iki cavan oğlan bunların üzlərinə belə baxmayıblar, yalnız “maşın sahibi burda yoxdur” deməklə kifayətləniblər.
        Əmi ilə qardaşoğlunun bir – biri ilə qısa danışığından belə anladım ki, onların kəndində də bir “Pikap” maşını olan adam da  bizim yolda qalmağımıza reaksiya verməyib, ya da müəyyən bəhanə ilə  kömək etməkdən imtina edibdir.
Hamımız dilxor idik, çar – naçar qalmışdıq.Amma ən çox deyinən, narahat olan əmi idi. Bizi buraya yönəltdiyinə görəmi, yoxsa başqa bir səbəbdənmi elə hey dodağının altında danışır, gileylənirdi. 
“Mənim milisim məni qoruyur!”
     Uzun müddət fasiləsiz olaraq təhsil sistemində işlədiyimdən polis əməkdaşları ilə müntəzəm olaraq görüş və əlaqələrim olmuşdur. Polisin müsbət işlərinin, qanunun və əmin – amanlığın qorunmasında rolunun çox olduğunu dəfələrlə müşahidə etmişəm. Məktəblərdə keçirilən proflaktiki söhbətlərdə, münaqişəli ailələrdə uşaqlara hüquqi yardım göstərilməsində, təhlükəsizlik qaydalarına əməl edilməsində polisin əməyi danılmazdır. Yaxşı yadımdadır ki, sovet hakimiyyəti illərində “mənim milisim məni qoruyur” şüarı geniş yayılmışdı. Sən demə, zaman gəlib keçəcəkmiş, müstəqilliyimizin 35 – ci ildönümündə bu şüarın gerçəklikdən yarandığının bir daha şahidi olacaqmışıq.
   Səyahətə çıxdığımız gün səhər – səhər Zülfüqarlı İstisuyunda bir polis işçisi bizimlə qarşılaşdı. Görüşdük, hal - əhval tutduq.  Əmi və qardaşoğlunu tanıdı. Qoyun binəsindəki çobanlardan da yardım ala bilməyən qardaşoğlu səhər – səhər görüşdüyü polisi xatirlayır, ona zəng edərək  düşdüyümüz vəziyyəti danışır və yardım istəyir.  Polis də köməyə gələcəyini deyir. Başqa çıxış  yolumuz olmadığından  polisi gözləməyə məcbur olduq. Həqiqətən, elə bir yerdə qalmışıq ki, burada hər hansı bir səmtə maşın gedib – gəlmir, evakuator çağırsan belə, nə gələ bilər, nə də bizi xilas edə bilər. Gecəni burda keçirtməli olsaq, ən azından əmi ilə mən həyata əlvida deməliyik. Yay günü olsa da, bu dağların gecələri soyuq keçir.  Bürünəcək paltarımız yox, yatmağa, dincəlməyə yerimiz yox.
     Allah Təala yaxşıların köməyində olsun. Aşağıdan üzü yuxarı ağ “Niva” maşınının gəldiyini görəndə çox sevindik. Sanki dünyanı bizə bağışladılar. İki polis əməkdaşı və bir mülki şəxs  maşından düşdülər, ehtiyat təkərə hava vurdular, ancaq bu təkərin digər təkərlərlə uyğun olmadığını görüb  iki yerdən daş deşən təkərə ip salıb deşikləri təmir etdilər, hava vurdular, təkəri bağladılar.  Onların arxasınca yola düzəldik, Kəlbəcərin Laçınla həmsərhəd bir yerindən  sağa ayrılan yola döndük. Qarşıdakı dağın Çilgəz olduğunu güman etdim. Bu yal beli yolda gah Kəlbəcər, gah da Laçın tərəfə çox gözəl mənzərələr açılır və biz seyr etdikcə yorğunluğumuz yaddan  çıxırdı. Əmi və qardaşoğlu uzaqdan olsa da, öz kəndlərinin örüş və biçənək sahələrini böyük qürurla göstərib danışırdılar. Bir – iki xırda yol azmalarını nəzərə almasaq, nəhayət, Laçın – kəlbəcər yoluna çıxdıq və yenidən sağa dönüb Zülfüqarlıya tərəf istiqamət aldıq. Şər qarışan vaxt Əsrik Turşsuyuna çatdıq. Bizdən nəinki zəhmət haqqı, hətta benzin pulu belə almayan polislərə təşəkkür edib ayrıldıq və uzun illərdən sonra bir daha yəqin etdik ki, bizim polisimiz bizi qoruyur. Bizim polisimiz yeri gələndə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının üzərinə düşən vəzifəni də humanizm meyarları ilə yanaşaraq operativ şəkildə həll edir. Allah köməkləri olsun!
                        ***                                      
                             Qonaqlı –qaralı diyar
Uşaqlıq illərimdən yaddaşımda qalan ən əziz xatirələrdən biri də evə gələn qonağı yüksək səviyyədə qarşılamaq  adəti idi.  Evinə qonaq gələn kişilər sanki qohumlar, qonşular, bəzən hətta bütün kənd adamları yanında xətir – hörmət yiyəsi, xüsusi səlahiyyət sahibi  olan bir şəxs təsiri bağışlayırdı. Deməli, bu şəxsin hörmət – izzəti var ki, onun evinə qonaqlar gəlirlər. Ev sahibi də hörmət – izzət sahibi olduğunu sübut etmək üçün  qonağa hökmən qoyun kəsməli idi. Sanki qonaqdan daha çox qonşulara, qohumlara  qoyun kəsməkdən aldıqları mənəvi ləzzəti  göstərmək  istəyirdilər. Qoyun dedikdə isə ya erkək quzuları, ya da erkək toğluları nəzərdə tuturdular. Dişi qoyun kəsilməzdi və əti də qonaq üçün məqbul hesab edilməzdi.
    Kəlbəcər işğaldan azad edildikdən sonra qonağa qoyun kəsmək adətinin qaldığını  müşahidə etmək olar.Bir –iki günlüyə o dağlara səfər edən adamlar  hər ehtimala qarşı özlərinə bəs edəcəkdən daha artıq yemək – içmək götürürlər. Di gəl ki, əgər yaxın qohumluğun, səmimi qonşuluğun, etibarlı döstluğun olan bir şəxsin binəsinə getməli olsan, sənə hökmən quzu və ya çəpiş kəsəcək, səni ət, pendir yeməyinə qonaq edəcək. Arıçılar da belədir.  Səni dəvət ediblərsə, yaxud öz təşəbbüsünlə qonaq getmisənsə, sənin süfrənə  şan balı  qoyacaqlarına əmin ola bilərsən.
      Yaxşı müəllim, yaxşı ailə başçısı, yaxşı arıçı, hər şeydən əvvəl yaxşı insan olan Asəf Cəfərovun arıxanasındakı nizamı, yemək və yatmaq üçün qurduqları alaçıqları görəndə adamın gözünə, könlünə bir rahatlıq, bir dinclik gəlir. Bütün bu  müsbət işlərin başında isə onun qonaqpərvərliyi dayanır desək, yanılmarıq.
       Mən “Tunel” adlanan yerdə tanımadığım halda yeməkxananın işçisinə  ayrı – ayrı vaxtlarda iki dəfə yaxınlaşdım və gətirdiyim ərzaqların bir günlüyə soyuducuya qoyulmasını xahiş etdim. Qeyd – şərtsiz verdiyim ərzaqları bir sutkaya yaxın saxladılar və işçiyə təklif etdiyim zəhmət pulunu qətiyyətlə  rədd etdilər. Oxşar vəziyyətlə Kəlbəcər şəhərində olan bir çay evində də rastlaşdıq. Altı nəfərin nahar etməsi üçün ayırdıqları otağa, gətirdikləri boşqaba, qaşığa görə bir manat pul belə almadılar. Yalnız içilən iki çaynik çayın pulunu almaqla kifayətləndilər.
     Kəlbəcər şəhərinə təxminən   bu günə qədər 160  ailə köçürülmüşdür. Bu ailələrə verilən evlər çox gözəl və rahatdır. Ancaq oraya köçən ailələrin dincliyi, mən deyərdim ki,  gəlib – gedən qonaqların əlindən il on iki ay pozulur. Xüsusilə yay aylarında  evlərin tutumu ilə qonaqların sayı tərs mütənasib olur. Ancaq evlərinə köçən sakinlər onlara gələn qonaqları çox səmimiyyətlə qarşılayır, gülər üzlə yola salırlar.  Deməli, işğaldan qabaqkı vaxtlarda şəraiti imkan verən ailələrdə “qonaq otağı” ayırmaq, qonağa xüsusi qayğı və diqqətlə yanaşmaq adəti hələ də yaşayır. Əli Qurban Dastançının bir şeirində belə deyilirdi:
              Qonaqpərvər olub Odlar torpağıı,
               İsti bucağına qonağın deyib.
               Dədəmiz, babamız sevib qonağı,
               Bəhrəli bağına qonağın deyib.
                                                     Özünün ruzusu çıxsa da daşdan,
                                                     Yığıb ehtiyatı , qoyub o başdan.
                                                     Yorğan- döşəyinə çəkib qumaşdan,
                                                      Rahat   otağına   qonağın deyib.
                 Əmliyi,  erkəyi, qoçu bəsləyib,
                  Şirin nəğməsində qonaq səsləyib.
                  Kədərli çağına aman istəyib,
                   Nəşəli çağına qonağın deyib. 
Bu qoşma  Azərbaycan xalqının əsas xarakterik xüsusiyyətlərindən biri olan qonaqpərvərlik məziyyətlərini çox gözəl ifadə edir. Qonaq gedib - gəlmək həm də bir tərbiyə, əxlaq məktəbi olmuşdur. Qonaq gedib – gəlmək tək – tək insanlar, ailələr arasında ünsiyyət prosesini gücləndirir.  Qonaq  necə geyinir, durub – oturur, danışıb  - gülürsə, onun hərəkətləri, danışığı, rəftarı ailədəki uşaqlar üçün bir nümunə, bir örnək  olur. Əslində  qonaq getmək, qonaq qəbul etmək də həyat məktəbinin gərəkli fənlərindən biri idi.
                        Görüb bildiyimi soruşan qonaq,
                        Məlhəmdi dilimə, dodaqlarıma.
                        Görüb bildiyini danışan  qonaq 
                        Ali müəllimdi uşaqlarıma.                 (Ə. Q. Dastançı ).
***              
   Bir qərinə az vaxt deyil, əsrin üçdə biridir. Bir qərinə bir igidin ömrüdür. Bir qərinə müddətində bir çox köhnə adətlər ölə və yeni adətlər yarana bilər. Belə dəyişikliklərin olduğunu təsdiq edən əlamətlər də var.   Əlliyə qədər rayonda uzun illər məskunlaşan kəlbəcərlilər geri qayıdanda  həmin rayonların da müəyyən adət - ənənəsini, vərdişlərini özləri ilə gətirə bilərlər. Bu adətlərin, vərdişlərin yaxşısı da ola bilər, pisi də. Yaxşı, yoxsa pis adətlərin Kəlbəcərdə göyərib boy atacağını zaman göstərəcək. Biz daha yaxşısına ümid edirik.
                            Bu  il  üçün  son?
       Kəlbəcərə iyul ayının 21 – də getmişdim, həmin ayın 25 – də sərgüzəşt dolu məlum səfərimiz olmuşdu. İyul ayının 26 – da Yuxarı ( Böyük) İstisuya və Böyük Alagöllər yaylağına getməli idik. Təəssüf ki, səfər yoldaşlarım zəng edərək gecə ikən geri qayıdacaqlarını bildirdilər. Ancaq bir gün sonra keçmiş iş yoldaşımın FB – dakı paylaşımlarından öyrəndim ki, dostlarım Yuxarı İstisuya qədər gedib  gəziblər. Allah qüvvət versin! Bundan başqa nə deyə bilərəm ki?!!
      Mən həmin gün səhər – səhər İstisu vannası qəbul etdikdən sonra bir də  problem yaşamamaq üçün  maşının təkərini dəqiq yamatmaq məqsədi iləTunel adlanan yol ayrıcına gəldim. Burada yanacaq doldurma məntəqəsi, market, yeməkxanadan başqa heç nə yoxdur.  Kəlbəcər şəhərinin girəcəyinə gəldim, iki yerindən  daş deşmiş təkəri usta  ustalıqla yamadı, digər təkərlərin havasını yoxladı. Başqa bir şəxs toz – torpaq çökmüş maşını yudu.  Şəhərə çıxdım. Kəlbəcərdə iki yerdə çörəkbişirmə sexi olsa da, çörək yox idi. Səbəb rayona gələn qonaqların  və bu əsasla da çörəyə  tələbatın çox olması idi. Qamışlı kəndindəki  “Ballı qaya” restoranına gedib istedadlı söz adamı Əli Bimar Sani ilə görüş imkanını qənimət bildim.
       Qamışlı kəndi Kəlbəcərin az – çox yaxşı tanıdığım kəndlərindən biridir. Burada Aşıq Gəray kimi ustad aşığı, Zal Cabbarov, Qamışlı Rüstəm kimi şairləri, Kürdoğlu və qardaşları kimi şirin avazlı müğənniləri keçən əsrin 80 – ci illərindən tanıyırdım. İndi o el yoxdur, o elin insanları yoxdur, ancaq o doğma dağlar, dərələr, zümrüd meşələr var. Bu ulun yurdun da yenidən dirçələcəyinə inam var, ümid var.
      İlin yay fəslində Kəlbəcərə gedən adamlar çox olur və gözləmədiyin halda bir neçə dost, tanışla qarşılaşırsan. İyul ayının 27 – də axşamüstü İstisu vannası qəbul edəndə ürəyimin azacıq çırpındığını hiss etdim və sudan kənara çıxdım. Bir cavan oğlan mənə yaxınlaşdı və dedi:
  • -Müəllim, ayaqlarınızda şiş var. Yaxşı olar ki, özünüzü müayinə etdirəsiniz
Mən bu əczaçı oğlana təşəkkür etdim və problemin ürəklə bağlı olduğunu ehtimal etdim.  Termosdan çay süzüb içdim, olduğum yerə qayıtdım. Dağ suya bal qarışdırıb içəndən sonra bir az rahatlaşdım. Səhər saat 4.00- da yuxudan oyandım. Ürəyimdə narahatlıq  hələ də qalırdı. Bir stəkan bulaq suyu ilə bir qaşıq çiçək balının qarışığından gözəl məlhəm nə ola bilər ki ?!! 
       Vəziyyəti ev sahiblərinə bildirdim və geri qayıtmaq qərarında olduğumu söylədim. Onlar məni inandırmağa çalışdılar ki, mən qorxu hissi keçirdiyim üçün ürəyim ağrıyır. Mən onları inandırmağa çalışdım ki, gündə iki dəfə vanna qəbul etdiyim üçün ürəyimə azacıq ağırlıq düşüb. Nə mən onları inandıra bildim, nə də onlar məni. Hər tərəf öz fikirlərinin həqiqət olduğu qənaətinin üstündə dayandılar.
   Aqil yeznəm ilə danışdım. O, bacımı və bacımqızını Daşbulaq kəndindən  Kəlbəcərə gətirəcək, mən də onları da götürüb Göygöl rayonunun Balçılı kəndinə dönəcəyəm.
    Başlıbel kəndindən olan dəyərli tələbə dostum Hüseyn Şahbəndəyevin yurd yerinə, yaylaq qonşum Rasimlə Zülfüqarlının biçənək yerlərinə getmək arzumu təxirə saldım. Bir həftə ərzində əziyyətimi çəkən adamlarla –təqaüdə çıxmış  polis işçisi Rövşənlə və həyat yoldaşı Kəmalə ilə halal – hümmət eyləyib  dağlardan arana üz tutdum.
R. S. Hələ mövsüm sona çatmayıb. Hələ dağların bəhrəli vaxtıdır. Hələ yenidən ömrümün binası olan dağlara dönmək həvəsim sönməyib. Ya bəxt, ya nəsib deyib ümidlə yaşayaq. 

           Salman QARALAR
            (BALAKİŞİYEV)
          Şair – tədqiqatçı.
           31. 07. 2026 cı il.



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 17-08-2026 12:07
Baxış sayı: 310
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını