Yaddaşlardan silinməyən ağrı: Kəlbəcərdə 8 fidan şəhidin xatirəsi yad edilib

İllər keçsə də, mənfur düşmənin xalqımıza qarşı törətdiyi vəhşiliklər, qanlı faciələr və günahsız soydaşlarımızın qətliamı heç vaxt unudulmur. Bu gün Kəlbəcər rayonunda 14 iyul 1989-cu ildə baş vermiş dəhşətli helikopter faciəsinin qurbanı olmuş 8 azyaşlının xatirəsi dərin ehtiramla anılıb.
Dalidag.az xəbər verir ki, keçirilən anım mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları, faciə qurbanlarının ailə üzvləri və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları fidan şəhidlərin məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Bu dəhşətli hadisə Kəlbəcər rayonunun tarixinə ən ağrılı və unudulmaz səhifələrdən biri kimi həkk olunub. Faciə 1989-cu il iyulun 14-də, Ağdaban kəndinə hücum edən erməni quldurlarının sakinlər tərəfindən saxlanılaraq rayon mərkəzinə gətirilməsindən sonra baş verib. O zaman erməni separatçılarını müdafiə edən Dağlıq Qarabağ Təşkilat Komitəsinin rəhbəri Arkadi Volski terrorçuları Xankəndiyə qaçırmaq üçün Kəlbəcərə hərbi helikopter göndərib. Erməni pilotların idarə etdiyi həmin helikopter şəhər stadionunda oynayan günahsız uşaqların üzərinə yönələrək onları qanına qəltan edib.
Kəlbəcərin torpaq uğrunda ilk şəhidləri kimi tarixə düşən və bu terror aktında həyatını itirən azyaşlılar bunlardır:
Məmmədov Sahib Sultan oğlu (10 yaş)
Salmanov Razim Tofiq oğlu (8 yaş)
Valehov Anar Qardaşxan oğlu (7 yaş)
İbişov Cahid Telman oğlu (10 yaş)
Əsgərov Səxavət Dəmir oğlu (14 yaş)
Əsgərov Natiq Məhəmməd oğlu (14 yaş)
Xəlilov Bəxtiyar Rəhim oğlu (11 yaş)
Orucov Azər Zakir oğlu (7 yaş)
Ümumilikdə 8 fidanın canını alan bu dəhşətli hadisə aradan illər keçsə də, kəlbəcərlilərin yaddaşında ilk günkü ağrısı ilə yaşayır. Hər il iyulun 14-də bu qorxunc terrorun qurbanlarının əziz xatirəsi ölkəmizdə böyük kədər və hörmətlə yad edilir.
Allah şəhidlərimizə rəhmət eləsin!



Kateqoriya: Manşet
Tarix: 14-07-2026 17:34
Baxış sayı: 351




























