“Sözün sərkərdəsi: Sabir Sarvanın ədəbi missiyası" - Mənsurə Xələfbəyli yazır

14-04-2026 23:00
Sabir Sarvan böyük məktəb idi və biz onun böyüklüyünü sağlığında layiqincə duya bilmədik. Bu yazını şairin ruhuna ehtiram əlaməti olaraq, bir dost, bir oxucu, onun söz dünyasına sığınan  insan kimi qələmə aldım. İstərdim ki,  məqalə elmi iddiadan çox, səmimi  qəlbin Sabir Sarvan poeziyasına incə toxunuşu kimi qəbul edilsin.

            Mənsurə Xələfbəyli, 
            yazıçı-publisist

    Sabir Sarvan sözün fəlsəfəsini poeziyaya çevirən ustaddır.
Onun əsərlərində lirika ilə daxili fırtınalar, həyat duyumu ilə qəlbin səsi birləşir. Sadə və anlaşılan dilə malik olsa da, şairin poeziyası poetik metaforalar və çoxmənalı obrazlarla zəngindir. Sabir Sarvan sözə yaradıcı yanaşır, hər kəlmə onun şeirində dərin mənanın daşıyıcısına çevrilir.  Şeirlərində epik çalarlarla yanaşı, psixoloji təhlil, milli-mənəvi dəyərlər bir-birini tamamlayır. Ənənə ilə çağdaşlıq arasında körpü salan bu yaradıcılıq, Azərbaycan poeziyasına həm fəlsəfi dərinlik, həm də yeni ifadə imkanları gətirir.
Şairin poeziyasında ekzistensial, yəni insanın varoluşu, həyatın mənası və daxili dünyası ilə bağlı sorğular xüsusi yer tutur. “Düşman” şeiri buna aydın nümunədir: misralarda insanın taleyi ilə barışmaq məcburiyyəti, yaşamaq yükü və daxili yorğunluğu poetik ifadəsini tapır:

“Vaxtında ölmədim, indi də gecdir,
Hər nəsə bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.”


Burada şair ömrün keçmişi ilə barışmaq məcburiyyətini, həyatın gətirdiyi yükü və daxili soyuqluğu açıq şəkildə göstərir. “Düşman” anlayışı isə çoxşaxəlidir: ilk baxışda xarici düşmən kimi görünür, lakin şeirin dərinliyinə enildikdə aydın olur ki, şairin əsas mübarizəsi öz daxili dünyası, nəfsi və susmayan vicdanı ilədir. İnsan ömrü boyunca bu daxili düşmanla  qorxu, qəzəb və vicdanla  mübarizə aparır; düşmanı məğlub etmək mümkün olsa da, savaş heç vaxt tam bitmir.

“Qoymaz gecələri çimir etməyə,
Bəlkə də o məndən sayıqdır ancaq
Bir gözüm yuxuya getsə də mənim,
Bir gözüm həmişə oyaq qalacaq.”

Göz-yuxu metaforası şairin davamlı diqqət, həyəcan və daxili gərginliyini göstərir. Rahatlıq, yuxu və istirahət mümkün deyil; insan daim həyatın və daxili savaşın təsirini daşıyır.

“Qalmışıq göz-gözə,
səngər-səngərə,
Belə qalasıyıq son günə kimi.
Düşmanlı adamın çıxır ağzından,
Sonuncu nəfəsi son güllə kimi.”

Burada “son nəfəs” və “son güllə” fiziki ölüm deyil, ekzistensial simvoldur. Bu simvol insanın ömrü boyunca qarşılaşdığı daxili və xarici mübarizələrin yekunu, həyatın sonluğu və varoluşun ağırlığını göstərir. 
Beləliklə, “Düşman” şeiri oxucunu yalnız xarici düşmənlə döyüş haqqında deyil, həm də öz daxili dünyası və varoluşu ilə üz-üzə qalmağa çağırır. Ekzistensial elementlər  həyatın sonluğu, daxili konflikt, zamanın keçməsi və ömrün ağırlığı  şeiri həm poetik, həm də fəlsəfi səviyyədə zənginləşdirir.
Ədəbiyyata qarşı məsuliyyətsiz münasibət Sabir Sarvan üçün sadəcə estetik zövqsüzlük deyil, düşüncə və dəyər sisteminə qarşı yönəlmiş  xəyanət idi. O, sanki bu dünyaya sözün keşiyini çəkmək, onun mənəvi sərhədlərini qorumaq üçün gəlmişdi. Yaradıcılığında və ədəbi mövqeyində daim prinsipiallıq nümayiş etdirən Sabir Sarvan, mənasız söz yığınından ibarət olan, ədəbi dəyər daşımayan nümunələrə və onları yazan müəlliflərə qarşı açıq mübarizə aparırdı. Bu mövqeyi ilə o, təkcə bir şair kimi deyil, həm də sözün sərkərdəsi kimi çıxış edirdi.
Ədəbiyyatda yersiz, bəsit yanaşmalara, forma və məzmun baxımından zəif poetik nümunələrə qarşı apardığı  prinsipial mübarizə bəzən ona və onunla həmfikir olan ədəbiyyatsevərlərə ağır başa gəlirdi. Lakin Sabir Sarvan bu yolun əziyyətinə hazır idi. 

ÖZÜMÜ SÖZƏ ÇEVİRDİM

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Özümü sözə çevirdim” - bu ifadə onun sözə nə qədər dərin və mənəvi bağlılığını ifadə edir.
Ustad şair Sabir Sarvanın yaradıcılığı Azərbaycan poeziyasında sözə və milli yaddaşa verilən dərin ehtiramın simvolu kimi çıxış edir. Onun şeirlərində tarixi faktlar, milli kimlik, ağrılar və insanlıq dəyərləri poetik dərinliklə mənalandırılır.
Sabir  Sarvanın sözə yanaşması təkcə bədii yaradıcılıq deyil, həm də mənəvi missiyadır.O, sözün iradəsi və gücü ilə ədəbi ənənəni qoruyur, eyni zamanda çağdaş insanın çoxşaxəli təcrübəsini ifadə edir. 

ÇALDIRAN AĞRISI

Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.

Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.

Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş» deyə - deyə
Diyirlənsin, baş yerisin.

Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.


Burada şair, qardaşın-qardaşa  qılınc çəkdiyi, birliyin parçalandığı Çaldıran döyüşünün iztirabını poetik dillə ifadə edir. Lakin bu ifadə yalnız tarixi hadisənin şərhi deyil, milli faciəyə çevrilmiş daxili parçalanmanın simvolik obrazıdır. Şairin səsi həm ah, həm fəryad, həm də çağırışdır:
“Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.”
Bu misralarda dərd o qədər dərindir ki, onu dağa-daşa danışmaq istəyir. Kədər həm içdən gələn ağrı, həm də tarixin qaranlıq təkrarı qarşısında duyulan ümidsizlikdir.

“Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.”


Şair birbaşa qardaşın qardaşa çevirdiyi silahı lənətləyir. “Dəli baş” obrazı, düşüncəsiz, amansız hərəkətləri simvollaşdırır. Tarixi faciəyə çevrilmiş bu düşmənçiliyin ağrısı, təkcə keçmişə deyil, gələcəyə ünvanlanmış xəbərdarlıqdır.

“Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
"Zalım qardaş» deyə-deyə

Diyirlənsin, baş yerisin.”

Bu bənddə şair həm ilahi ədalətə üz tutur, həm də zalımlara qarşı poetik nifrətini sərgiləyir. İki qardaşı üz- üzə qoyan düşmənlərə lənət oxuyur. “Baş yerisin” kimi işlədilən ifadələr kəskinlik və üsyan elementləri daşıyır. Buradakı söz seçimi şairin qəzəbini və məyusluğunu son dərəcə təsirli şəkildə ifadə edir.
Beləliklə, "Çaldıran ağrısı" təkcə keçmiş  savaşın poetik təsviri deyil, qardaşlıq anlayışının dəyərini, parçalanmanın fəlakətini və birliyə çağırışı özündə ehtiva edən güclü poetik bəyanatdır.

Çıx qaranlıqdan

Könlümə yatmır bu tale mənim,
Könlümə yatmır bu ev, bu eşik.
Ya mən vədəsiz gəldim dünyaya,
Ya da ki, düşüb nəsə dəyişik.

Bir səs də hərdən deyir astaca: 
,,Boşla bu ömrü, sənlik deyil,,
Çaşıb qalıram ayna önündə,
Gördüyüm sifət mənimki deyil.

Adımı çəkir şəhərdə kimsə,
Kənddə iy duyur həyətin iti.
Ağlım kəsəndən qarabaqara
Gəzir arxamca zalım hənirti.

Elə bununçün göz görə- görə,
Məni qəm çəkir, məni dərd udur.
Çıx qaranlıqdan,kimsən, ey adam,
Gəl öz ömrünə özün yiyə dur.


Sabir Sarvan yaradıcılığında insanın daxili aləminin mürəkkəbliyi, varoluşun mənası və ruhi sarsıntılar mühüm yer tutur. “Çıx qaranlıqdan” şeiri məhz bu tematikaya həsr olunub, insanın öz daxili qaranlığından çıxış yollarını axtarması, həyatın mənası ilə bağlı çaşqınlıq və ümid arasında qalması poetik dillə ifadə olunur.

Şeirin başlanğıcındakı:

“Könlümə yatmır bu tale mənim,
Könlümə yatmır bu ev, bu eşik.”


misralarında şair həyatın özünə uyğun gəlməməsindən doğan narazılıq və ruhi narahatlığı açıq şəkildə ifadə edir. “Könlümə yatmır” ifadəsi daxili uyğunsuzluğu və qəlbin əzabını simvolizə edir.

Daha sonra şair:

“Ya mən vədəsiz gəldim dünyaya,
Ya da ki, düşüb nəsə dəyişik.”


məsələsində öz varlığını və dünyanın ona münasibətini sual altına alır. 
Şeir boyunca tez-tez görünən daxili səsin çağırışı:

“Bir səs də hərdən deyir astaca:
Boşla bu ömrü, sənlik deyil,”


şairin ümid və ümidsizlik arasında qalan ruh halını göstərir. Lakin, şair bu çağırışa qarşı durur, özünü axtarır və öz kimliyini tanımağa çalışır.
Ayna qarşısında gördüyü tanış olmayan sima, 

“Gördüyüm sifət mənimki deyil.”

şairin öz daxili dünyasında yaşadığı parçalanmanı, kimlik böhranını simvolizə edir.
Həmçinin, şairin varlığının həm şəhər, həm də kənd mühitində izinin olması, amma özünü hələ tam tapmaması maraqlı bir obraz yaradır:

“Adımı çəkir şəhərdə kimsə,
Kənddə iy duyur həyətin iti.”


Keçmişin təzyiqi və ruhi ağrılar isə “zalım hənirti” ifadəsi ilə güclü şəkildə simvollaşdırılır.
Nəhayət, şeir çağırışla bitir:

“Çıx qaranlıqdan, kimsən, ey adam,
Gəl öz ömrünə özün yiyə dur.”


Burada həm şəxsi, həm də ümumi səviyyədə, öz daxili qaranlığından çıxmaq, həyatının sahibi olmaq və ümidə sarılmaq çağırışı səslənir.
 Şeir həm də oxucunu düşünməyə, öz həyatına sahib çıxmağa və daxili qaranlığını aşmağa təşviq edir.

Öldürdüm özümü

Mənim də üzümə açıldı qapı,
Bu bostan içinə tağ kimi düşdüm.
Taladı könlümü yosma gözəllər,
Əllərə meyvəli bağ kimi düşdüm.

Ürəyim sinəmdə paradan para,
Qəmdən qəm payım var,yaradan yara.
Çaxıldım şimşəktək qaranlıqlara,
Zülmətin gözünə ağ kimi düşdüm.

Dolandı anamtək başıma qada,
Bircə fürsəti də vermədi bada,
Qəfil zərbələrdən yıxılanda da,

Dağ kimi titrədim, dağ kimi düşdüm.
Qisməti saxladım gözlərum üstə,
Gəzdim ayaqyalın közlərin üstə,
Öldürdüm özümü sözlərin üstə,
Qayıdıb kağıza sağ kimi düşdüm.


Sabir Sarvanın “Öldürdüm özümü” şeiri insanın daxili mübarizəsi, əzab və sarsıntılarla dolu ruh halının poetik ifadəsidir. Şair burada varoluşun ziddiyyətlərini, əzabla dolu həyat yolunu və sözlə barışmağı təsvir edir.

“Mənim də üzümə açıldı qapı,
Bir bostan içinə tağ kimi düşdüm.”


misralarında şairin həyatında yeni bir mərhələnin başladığı, qapının açılması ilə simvolizə olunur. “Bostan içinə tağ kimi düşmək” obrazı isə həm müsbət bir düşmə, həm də qorunma hissi yaradır, sanki həyatın bərəkətli, eyni zamanda mürəkkəb aləminə daxil olmaqdır.
Davam edən misralar:

“Taladı könlümü yosma gözəllər,
Əllərə meyvəli bağ kimi düşdüm.”


burada şair könlünün müxtəlif təsirlərə məruz qaldığını, “yosma gözəllər” ilə qarşılaşmanın həm arzular, həm də sınaqlar gətirdiyini bildirir. “Meyvəli bağ” obrazı şairin duyğularının zənginliyini və mürəkkəbliyini əks etdirir.

“Ürəyim sinəmdə paradan para,
Qəmdən qəm payım var, yaradan yara.”


Bu misralarda şairin iç dünyasında parçalanma, əzab və yaralar açılır. “Paradan para” ifadəsi daxili bükülmələrin, əzabların çoxluğunu və ağırliyini simvolizə edir.
Növbəti bənddə:

“Çaxıldım şimşəktək qaranlıqlara,
Zülmətin gözünə ağ kimi düşdüm.”


şair ruhi mübarizəsini və qarşılaşdığı qaranlıqları, çətinlikləri simvolik olaraq “şimşək” və “zülmətin gözü” vasitəsilə ifadə edir. 

“Dolandı anamtək başıma qada,
Bircə fürsəti də vermədi bada.”

Bu misralar şairin həyatındakı çətinliklərin, maneələrin davamlı olduğunu və heç vaxt rahatlıq tapmadığını göstərir.

“Qəfil zərbələrdən yıxılanda da,
Dağ kimi titrədim, dağ kimi düşdüm.”


Burada şair öz gücünü, dirəncini vurğulayır. Zərbələrə baxmayaraq, dağ kimi möhkəm dayanmağa çalışır, bu möhkəmliyi həm qəzəb, həm də dözüm kimi hiss etmək olar.
Son olaraq,

“Qisməti saxladım gözlərim üstə,
Gəzdim ayaqyalın közlərin üstə,
Öldürdüm özümü sözlərin üstə,
Qayıdıb kağıza sağ kimi düşdüm.”


bu bənd şairin həyatda çəkdiyi əzabları, sözlərlə olan mübarizəsini, söz vasitəsilə özünü ifadə etməsini simvolizə edir. “Öldürdüm özümü sözlərin üstə” ifadəsi burada  mənəvi  sarsıntı, eyni zamanda yaradıcı təlatüm kimi oxunmalıdır. Sözlərin gücü, şairin həyatında həm yük, həm də xilaskar rolu oynayır.
Beləliklə, “Öldürdüm özümü” şeiri Sabir Sarvanın daxili aləminin mürəkkəbliyi, həyatın sınaqları ilə mübarizəsi və sözə olan bağlılığının dərin poetik ifadəsidir. Şeir oxucunu həm insanın mənəvi mübarizəsini anlamağa, həm də sözün qüdrəti ilə həyatın ağırlıqlarını aşmağa dəvət edir.

Qatarımdan yavaş yavaş

İpək idim gör necə də,
Bez olub gedirəm, Allah.
Döyüldükcə əyilmirəm,
Nazilib gedirəm, Allah.

Gözüm qalıb ağ üzlərdə,
Vərəq- vərəq kağızlarda.
Gözgörəsi ağızlarda,
Söz olub gedirəm, Allah.

Nə durmuşam əlimdə daş,
Nə gözümdə görünür yaş.
Qatarımdan yavaş- yavaş,
Üzülüb gedirəm, Allah.


Sabir Sarvanın “Qatarımdan yavaş yavaş” şeiri insanın həyat yolundakı yavaş-yavaş çəkilən, zəifləyən varlığını, tədricən dünyadan uzaqlaşmasını və ruhi tənhalığın poetik şəkildə əks etdirir. Şeir, zamanın, həyatın və insanın qaçılmaz sonluğunun fərdi təcrübəsini dərin emosional tonlarla təqdim edir.
Açılış misralarında:

“İpək idim gör necə də,
Bez olub gedirəm, Allah.”


şair özünü zərif, qiymətli və yumşaq “ipək” kimi təsvir edir. Bu, həm daxili incəlik, həm də ruhun həssaslığıdır. Lakin eyni zamanda bu incəliyin, müqavimətin tükənməsi, yorğunluğu ifadə olunur. “Bez olub gedirəm” ifadəsi həm fiziki, həm də mənəvi yorğunluğu simvolizə edir.
Davam edən misralar:

“Döyüldükcə əyilmirəm,
Nazilib gedirəm, Allah.”


Burada şairin daxili möhkəmliyi və qüruru vurğulanır. Hər nə qədər əzilsə də, özünü itirmir, ancaq tədricən çəkilir, “nazilib gedir”. Bu, həyatın sınaqlarına qarşı inadkarlıq, lakin zamanın yorğunluğu ilə barışıqdır.

“Gözüm qalıb ağ üzlərdə,
Vərəq-vərəq kağızlarda.
Gözgörəsi ağızlarda,
Söz olub gedirəm, Allah.”

Şair öz varlığının, kimliyinin xatırlanmasını və izini simvolik şəkildə təsvir edir. “Ağ üzlər”, “vərəq-vərəq kağızlar”, “gözgörəsi ağızlar” - bunlar həm fiziki, həm də mənəvi yaddaşın simvollarıdır. Şair sözlərlə yaşamağa, yaddaşlarda qalmağa çağırır.
Nəhayət, şeir belə yekunlaşır:

“Nə durmuşam əlimdə daş,
Nə gözümdə görünür yaş.
Qatarımdan yavaş-yavaş,
Üzülüb gedirəm, Allah.”


Bu misralarda həm daxili sükut, həm də həyatın tədricən sona doğru yaxınlaşması təsvir edilir. “Qatarımdan yavaş-yavaş üzülüb getmək” -zamanın və həyatın qaçılmazlığının poetik obrazıdır. Şairdə artıq fiziki və ruhi yorğunluq, bəzən təslimçilik və kədər hissi ön plandadır.
“Qatarımdan yavaş-yavaş” şeiri Sabir Sarvanın həyatın keçiciliyi,   ruhi tənhalığı barədə dərin düşüncələrini ifadə edən poetik əsərdir. Bu şeir oxucunu zamanın və həyatın faniliyi üzərində düşünməyə, varlıq və ölüm münasibətini yenidən dəyərləndirməyə çağırır. 
Sabir Sarvan  Azərbaycan ədəbiyyatının yalnız bir mərhələsini deyil, ruhuna hopmuş dəyərlərini, poetik yaddaşını daşıyan nadir sənətkarlardan biridir. O, sözə yanaşması, bədii-estetik düşüncəsi və mənəvi mövqeyi ilə əbədi zamanın içində dərin iz qoyub.
Bu gün biz Sabir Sarvanın timsalında təkcə bir şairi deyil, bütöv  ədəbi məktəbi, poetik dünyagörüşü və ruhani mətn qatını itirmişik. Lakin onun irsi, yaratdığı şeirlər, poetik düşüncə tərzi və sözə olan münasibəti gələcək nəsillər üçün dəyərli  bələdçi olacaq. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi ədəbiyyatın nəhəng simaları zamanın sərt sınaqlarını aşaraq bu gün də yaşamağa davam etdiyi kimi, Sabir Sarvanın ədəbi irsi də həmin mənəvi zəncirin çağdaş həlqəsidir. O, sözün keşiyində duran sərkərdə kimi, zamanla deyil, sözlə yaşamağa davam edəcək.

Dalidag.az




Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 14-04-2026 23:00
Baxış sayı: 331
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
05 / 04 / 2026