Reklam
Dəlidağ ucalığına gedən yoldayıq... - "Dalidag.az" 4 yaşında
29-09-2023 10:02
İnsan məqsədini, nə etmək istədiyini anlayanda, qarşısını kəsən bütün maneələrə baxmayaraq, tutduğu yolda mətin addımlarla irəliləyir. Sevdiyin, dəyər verdiyin, bütün varlığınla bağlı olduğun xalqına, millətinə xidmət göstərmək istəyi hər kəsin içində böyütdüyü sevgisi qədərdir. Hələ bu xidmət sözdən keçirsə, məsuliyyəti birə on artır. Onun görünməyən tərəfləri, bilinməyən ağırlıqlarını işin içində olanlar daha yaxşı bilir. Məram ucalığa yön almaqdırsa, missiyamıza addım-addım yaxınlaşdığımızı bizim qədər oxucularımız, bizimlə əməkdaşlıq edən müəlliflər də bilməmiş deyil...
Bu gün bizim günümüzdür. Elə bil dünən idi. Biz az sayda əməkdaşla, maddi vəsait çatışmazlığı ilə, amma yüksək mənəvi güclə bir yol seçdik özümüzə. Böyük ümid və sevinc içində adını daşıdığı dağa söykənirmiş kimi "Dalidag.az"a söykəndik. Özümüzə, arzu və istəklərimizə, yolumuza, məqsəd və məramımıza...güvəndik, inandıq. Və qorxmadan çətin, məsuliyyətli işin altına verdik çiyinlərimizi. Bilirdik, bu yol çətindir. Bilirdik, bu yolda yerimək üçün güclü olmaq lazımdır. Bilirdik, bəzən uçmaq üçün pərvazlanmış qanadlarımızı qırmaq istəyəcəklər. Görürdük və hiss edirdik, olacaqları. Bütün bunlara baxmayaraq, biz yeridik, yüyürdük və budur artıq 4 yaşındayıq. Bəlkə zaman baxımından az bir müddətdir, ancaq bu 4 ilə sığışdırdıqlarımız zamanı geridə qoyur.
Biz yola çıxanda, Qarabağ adlı yaramız sağalmamışdı, Kəlbəcərimiz, Laçınımız, işğal altında olan digər torpaqlarımız göynək yerimiz idi. Qələbə xəbərini paylaşmaq arzusu, ümidi stimulumuz oldu. Və şükürlər olsun ki, çox keçmədən bu arzumuz gerçəkləşdi. Qələbə xəbərləri səhifəmizi bəzədi. 44 günlük Vətən müharibəsindən 3 il ötməsinə baxmayaraq, savaşımız hələ də bitməyib. Hələ də cəbhə xəbərləri ilkin və ümdə yer tutur səhifələrimizdə. Uğur, sevinc dolu yeni-yeni qələbə və təəssüf ki, şəhid xəbərləri...
Bəli, 4 il əvvəl, məhz bu gün şair-jurnalist Namiq Dəlidağlı böyük mənada Kəlbəcəri yaşatmaq məqsədi daşıyan "Dalidag.az" saytını təsis etdi. Yarandığı gündən saytın səhifələrində Kəlbəcərin adət-ənənələrini, füsunkar təbiətini, keçmişi özündə qoruyan tarixi-mədəni abidələrini, ziyarətgahlarını, ədəbi simalarını, elm və müxtəlif sahələrdə çalışan insanlarını təbliğ edən yazılar yer aldı. Əlbəttə, bu sahədə bizə əslən Kəlbəcərdən olan, bizimlə əməkdaşlığı seçən insanlar da kömək etdi. Ancaq N.Dəlidağlının rəhbərliyi altında biz əsas əməkdaşlar da əməyimizi, qüvvəmizi əsirgəmədik. Əslində başlanğıcda məqsədimiz sırf Kəlbəcəri yaşatmaq olsa da, səhifəmizdə digər bölgələrdən olan qələm adamlarına, ilk yaradıcılıq addımlarını atan gənclərə də yer verdik. Təkcə ədəbi nümunələri yaymaq, müəllifləri tanıtmaq, təbliğ etməklə deyil, tarixi, mədəniyyəti, maarifçiliyi əks etdirən materialları sərgiləməklə də mənəvi borcumuzu ödəmiş olduq.
Bu gün də həmin əzm və iradəylə çalışır, gələcəyə ümidlə baxırıq. Hələ görəcək işlərimiz çoxdu. Bir sözlə, Dəlidağ ucalığına gedən yoldayıq. Yolumuz açıq olsun!
P.S. Bu gün həm də saytımızın təsisçisi və rəhbəri, dəyərli qələm adamı Namiq Dəlidağlının doğum günüdür. O məsuliyyəti, dürüstlüyü, sarsılmaz iradəsi, ötkəmliyi, ən əsası bütün bu keyfiyyətləri özündə birləşdirən xarakteri ilə bizlərə örnəkdir. Ömrünün növbəti yaşına qədəm qoyması münasibəti ilə dəyərli ziyalımızı təbrik edir, sağlam uzun ömür arzulayırıq. Və onun rəhbərliyi ilə "Dəlidağ.az"ı Dəlidağda görmək nəsibimiz olsun deyirik.
Sevinc QƏRİB
Dalidag.az
Kateqoriya: Manşet / Karusel / Media
Tarix: 29-09-2023 10:02
Baxış sayı: 3733
Yazı axını
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
Ən çox oxunanlar