Reklam
Tarixin ən müəmmalı səhifələrindən biri: Atatürklə Stalin niyə görüşməyib?
09-01-2020 11:41
Dalidag.az qaynarinfo-ya istinadən xatırladır ki, ötən zaman ərzində Türkiyə və Rusiya mediasında Atatürklə Stalinin münasibətlərinə dair çox sayda məqalə dərc edilib. Məsələn, Rusiyanın "Kommersant Vlast" jurnalı arxiv sənədlərinə istinadla məqaləsində yazdığı kimi, Atatürk Stalinlə görüşməyi düşünür, amma ilk addımı atmaq istəmirdi.
1936-cı ildə Atatürk ilə SSRİ-nin Türkiyədəki səlahiyyətli nümayəndəsi Lev Karaxan arasında Sovet İttifaqının Ankaradakı səfirliyində keçirilən bir ziyafətdə bu mövzuda hətta mübahisə yaranıbmış. Onların tarixi söhbəti ilk dəfə 2008-ci ildə Atatürk adına Mədəniyyət, Dil və Tarix Ali Şurasının keçmiş rəhbəri, professor Sadık Tural tərəfindən təsvir edilib. Rus arxivlərinə istinad edən alim Atatürkün Karaxanla mübahisə etdiyini və ona sual verdiyini bildirib: "Niyə mənə təbriki Stalin yox, Kalinin (SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri) göndərib?"
Eyni arxiv məlumatlarına əsaslanaraq, rus jurnalı bu mübahisənin vacib bir detalına diqqət çəkib. "Kommersant"a görə, Sovet nümayəndəsi iki liderin hələ görüşmədiyini xatırlatdıqda Atatürk belə cavab verib: "Əlbəttə ki, hər iki ölkənin liderləri arasında şəxsi əlaqə olduqca faydalıdır".
Onda Karaxan Atatürkün Türkiyə rəhbərliyinə iki liderin görüşünün təşkili üçün lazımi işə başlamağı tapşırmasını təklif edib. Atatürk belə cavab verib: "Təşəbbüs niyə məndən gəlməlidir?"
Sovet nümayəndəsi qeyd edib: "Birincinin kim olmasının əhəmiyyəti yoxdur: Aras (Türkiyənin Xarici İşlər naziri Aras Rüştü) və ya mən. "Stalinlə görüşünüzün prosedurunu hazırlamaq üçün sabah birlikdə işləməyə başlaya bilərik”.
Ancaq bütün səylərə baxmayaraq, təxminən 15 il, Atatürk və Stalin eyni vaxtda ölkələrini idarə etdiyi vaxt aralarında heç bir görüş baş tutmur.Bu fakt Regnum xəbər agentliyinin səhifəsində bu mövzuya toxunan rus türkoloqu, tarixçisi Stanislav Tarasovun da diqqətini çəkib. Onun fikrincə, Atatürk və Stalin arasındakı görüş Moskvanın Boğazların statusu haqqında Montrö Konvensiyasından məmnun qalmaması səbəbindən baş tutmayıb. Üstəlik, 1937-ci ildə xarici işlər naziri Rüşti Aras iki liderin mümkün görüşünə hazırlaşmaq üçün Moskvaya getsə də, Stalin Arası qəbul etməkdən imtina eləyib.
Tarasov qeyd edir ki, qeyri-rəsmi məlumata görə, Stalinin buna qədər Atatürklə dolayı da olsa, əlaqəsi olub. 1925-ci ildə Stalin Tiflisə gələndə Georgi Orconikidze və Anastas Mikoyanı Atatürklə danışıqlar aparmaq üçün göndərib. Tiflisə qayıtdıqdan sonra onlar Stalinə təmasları barədə məlumat verib.Tarasov qeyd edir ki, niyə Atatürklə Stalinin bir-biri ilə dil tapmadığı sualının cavabı Türkiyə arxivlərində gizlənir və burada əsas vəzifə türk tarixçilərinin çiyninə düşür.
Tarasov Atatürkün ölümü ilə bağlı mesajın dərhal Stalinə çatdırılmasına da diqqət çəkir. Onun şəxsi əmrinə əsasən Sovetlərin əsas çap nəşri olan "Pravda" qəzetində Atatürkün ölümüylə bağlı Sovet rəhbərləri Kalinin, Molotov və Litvinovun imzaladığı başsağlığı dərc edilir. Lakin nekroloqda da Stalinin imzası olmur.
Bundan əlavə, Tarasov Atatürkün ölümündən sonra, İsmət İnönünün 11 noyabr 1938-ci ildə Türkiyə Böyük Millət Məclisinin fövqəladə iclasında Türkiyənin prezidenti seçildiyi zaman, "Pravda” qəzetində İnönünü "Sovet İttifaqı-Türkiyə dostluğunu möhkəmləndirmək üçün səmərəli fəaliyyət göstərən ən görkəmli Türkiyə lideri” deyə tərifləyən bir məqalə dərc edildiyini deyir.
"1932-ci ildə Moskvaya rəsmi səfərdə olarkən İnönü Kremldə Stalin və digər sovet rəhbərləri ilə görüşür və bəlkə də "iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın inkişafı layihələri”ndən daha artıq məsələləri müzakirə edir”, - rus tarixçisi qeyd edir.
İkinci Dünya Müharibəsinin son aylarında Stalin Qara dəniz boğazlarına nəzarətə iddia edir, Türkiyədən Qars və Ərdahanı tələb edir.
Azərbaycan Respublikasının qurucusu və ilk rəhbəri Məmməd Əmin Rəsulzadənin xatirələrinə görə, Stalin onunla söhbətində Atatürkü "güclü dövlət xadimi və inqilabçı" adlandırıb.
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 09-01-2020 11:41
Baxış sayı: 2755
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02