Adı dağ, yolu haqq...- "Dəlidağ.az" saytı 3 yaşında

29-09-2022 19:18
3 il əvvəl idi. Biz komanda olaraq bir qərara gəldik və qərarımızı gerçəkləşdirmək üçün çətin bir yola başladıq. Bəlli məqsədimiz, aşkar məramımızla məsuliyyəti, ağırlığı adına tən bir ucalığı yaşatmaq, unudulmağa qoymamaq üçün çıxdıq bu yola. Əslində fəaliyyətimizin yaşı daha çox olsa da sayt olaraq 3 yaşımızı qeyd edirik. Bəli, "Dəlidağ" qəzetindən, “Dəlidağ” Ədəbi  Birliyindən başlanan müqəddəs işimizi, daha doğrusu borcumuzu, missiyamızı daha geniş arenada işıqlandırmaq, təbliğ etmək üçün eyniadlı sayt yaratmaq istəyimizi ideyadan reallığa qovuşdurduq 3 il əvvəl.
18 oktyabr 2003-cü ildə nəşrə başlayan "DƏLİDAĞ" qəzetinin loqosu (Red. loqo Məmməd Aslan tərəfindən hazırlanıb

Ucalıq rəmzi Dəlidağı ad seçməyimiz təsadüfi deyil. Bu adın böyüklüyü, əzəməti müqəddəs missiyamızın stimul və dayaq mənbəyi, söykənəcəyidir. Dəlidağ adının bizə bəxş etdiyi güc və yorulmazlıq əzmi ilə ümumilikdə Azərbaycanımızın, əsasən də Kəlbəcər adlı yurd yerimizin tarixini, mədəniyyətini, ədəbiyyatını təbliğ etmək idi məqsəd-məramımız. Qarşımıza qoyduğumuz missiya və həyata keçirmək istədiyimiz ideyalar zəminində bacardığımızı etdik. Və dağ adına sadiq qalaraq Dəlidağ öz ucalığını qoruyub saxlaya bildi.
3 il ərzində Dalidag.az özü boyda bir yük götürdü çiyinlərinə, müqəddəs bir missiyanın həyata keçməsinə nail oldu. Kəlbəcərə məxsus adət-ənənələrin əks olunduğu müxtəlif yazılar da daxil olmaqla, 28 ilə yaxın əsirlikdə qalan, 2 ildir azadlığına qovuşan yurdun təbiəti, mədəniyyəti, ədəbiyyatı haqqında çoxsaylı mətnlərə yer ayırdı səhifələrində. Kəlbəcərin ziyalıları, yazıçıları və digər, sənət, peşə sahibləri də Dalidag.az-ın diqqətindən kənarda qalmadı. Kəlbəcərin istər həyatda olan, istərsə də dünyasını dəyişmiş qələm əhli, elm adamları, mədəniyyət sahəsində əməyi olan insanları, siyasi arenada mövqe tutmuş dövlət xadimləri, vətən uğrunda canlarından keçən şəhidləri saytımızın səhifələrində yer aldı, xatırlandı, yada salındı…
Təbii ki, fəaliyyətimiz təkcə bununla yekunlaşmayıb. İstər 44 günlük müharibədə, istərsə də müharibədən sonrakı dövrdə hadisələrdən kənarda qalmadıq. Ən gözəl xəbərimiz isə Qələbə xəbəri oldu... Eyni zamanda hər hansı  bir problemlə qarşılaşan kəlbəcərlimizin problemlərinin ictimailəşdirilib həll edilməsində, yoluna qoyulmasında Dalidag.az olaraq yaxından iştirak etdik. 3 illik fəaliyyət yolumuza, gördüyümüz işlərə nəzər saldıqca boşuna əmək sərf etmədiyimizin şahidi oluruq. Bunu həm də məramımıza çatmaq istiqamətində müəyyən mənada uğur adlandırmaq olar. Bütün sadaladıqlarımız onu göstərir ki, Dalidag.az yaşamalı və üzərinə düşən bu işləri bundan sonra da yerinə yetirməlidir.
Üç il ərzində çətin və məsuliyyətli yolda bizimlə bir addımlayan, əməkdaşlıq edən bütün dostlarımıza dərindən təşəkkür edirik. Dalidag.az-ın yaşamasında, oxunaqlı olmasında, tariximizin əbədiliəşdirilməsində böyük rolu olan imzalarla  əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə inanırıq.
Şair Qurban dəryasından su içən, Dədə Şəmşir ocağından köz götürən, Məmməd Aslan sözündən şirə çəkən, Ənvər Rza poeziyasından dadan, Bəhmən şeiriyyətinə üz tutan, Sücaət, Şamil Əsgərov, Əyub, Yaqub Cabbarov qardaşlarının yaradıcılığından bəhrələnən Dalidağ bundan sonra da bənzərsiz poeziya nümunələri ilə oxucularının zövqünü oxşayacaq. Üç illik fəaliyyət dövründə yeni nəsil Kəlbəcər şairlərinin, eləcə də digər bölgələrimizdən olan qələm adamlarının yazılarına səhifələrimizdə yer verdik. Və bu davam edəcək...

Saytın təsisçisi, sözə Dəlidağ ucalığı qədər dəyər verən Namiq Dəlidağlı təmannasız xidməti və yorulmazlığı ilə biz əməkdaşlara da örnək oldu. Ən xırda detalları belə nəzərindən qaçırmayan N.Dəlidağlının yüksək məsuliyyət hissini, tələbkarlığı ilə yanaşı, işə necə can yandırdığını görməmək mümkün deyil. Düşünürəm ki, bütün bunlar şəxsi keyfiyyət olmaqla bərabər, həm də ucalığa xələl gətirməmək, adını yaşatmağa çalışdığı dağa layiq olmaq istəyidir. Və bütün bunların fövqündə yurd sevgisi, Dəlidağa, Kəlbəcərə bağlılıq dayanır.
Dalidag.az vətənimizin dilbər guşəsi Kəlbəcərimizin zəngin təbiəti, adət-ənənələri, eləcə də arif, aqil insanlarının yaradıcılığı, deyimləri, barədə yazılara bundan sonra da öz səhifəsində geniş yer verəcək. Biz bu üç il ərzində bacardığımızı etdik, xidmətimizin davamı olaraq, bütün failiyyətimizi genişləndirib, növbəti illərdə də yorulmadan çalışmaqdır məqsədimiz.
Şükürlər olsun ki, bu gün mənən əzəmətinə, vüqarına söykəndiyimiz Dəlidağ  azaddı və qəhraman oğullarımızın  nəzarətindədi. Bu ad bizim üçün çox müqəddəsdi və inşallah tezliklə  ruhumuzun, xəyallarımızın zirvəsində dolaşdığı, vüqarıyla, əzəmətiylə yolumuzu gözləyən Dəlidağımıza tamamilə qovuşacağıq. 

Sevinc QƏRİB
Dalidag.az




Kateqoriya: Manşet / Media
Tarix: 29-09-2022 19:18
Baxış sayı: 3934
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını