Reklam
Kəlbəcər tezliklə nüfuzlu turizm və sağlamlıq mərkəzi olacaq
13-10-2026 14:50
Dalidag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov Kəlbəcərin gələcək inkişaf perspektivlərindən danışarkən bildirib.
Deputat qeyd edib ki, 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb. İşğal dövründə rayonun infrastrukturu və tarixi-mədəni irsinə ciddi ziyan vurulsa da, hazırda ərazinin bərpası, müasir şəhər mühitinin yaradılması və iqtisadi potensialının reallaşdırılması istiqamətində işlər görülür.
K.Bayramovun sözlərinə görə, Kəlbəcərin inkişafını müəyyən edən əsas sənədlərdən biri şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plandır. Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli qərarı ilə təsdiqlənən plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosial obyektlərin inşası şəhərin müasir tələblərə uyğun formalaşmasına xidmət edəcək.
Deputat bildirib ki, rayonun turizm potensialının reallaşdırılmasında “İstisu” Sanatoriya Kompleksinin və Mineral Su Zavodunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu brendin bərpası təbii müalicəvi resursların iqtisadi dövriyyəyə qaytarılmasına, sağlamlıq turizminin inkişafına və yerli məhsulların tanıdılmasına imkan yaradır.
“Kəlbəcərin uca dağları, təmiz havası, zəngin meşələri, şəfalı mineral və termal suları, eləcə də sərin iqlimi onun regionun aparıcı dağ-iqlim kurortuna çevrilməsi üçün əlverişli şərait yaradır. Bu imkanlardan səmərəli istifadə həm yerli, həm də xarici turistlərin cəlbinə, xidmət sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına və sahibkarlığın canlanmasına şərait yaradacaq”, – deyə deputat vurğulayıb.
K.Bayramov diqqətə çatdırıb ki, rayonun iqtisadi inkişafı turizmlə yanaşı, ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsindən də asılıdır. Xüsusilə arıçılığın inkişafı, Kəlbəcər balının istehsalının artırılması, bal yarmarkalarının və aqrar layihələrin təşkili yerli istehsalın təşviqinə, məşğulluğun genişləndirilməsinə və Böyük Qayıdışın iqtisadi əsaslarının möhkəmləndirilməsinə kömək edə bilər.
Deputatın sözlərinə görə, Kəlbəcərin qızıl, civə və digər mineral ehtiyatları da dağ-mədən sənayesinin inkişafı üçün imkanlar yaradır. Eyni zamanda, Tərtər çayı üzərindəki kiçik su elektrik stansiyalarının potensialından istifadə etməklə bərpaolunan enerji istehsalını genişləndirmək, ekoturizm kompleksləri yaratmaq, kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, emalını da inkişaf etdirmək mümkündür.
O qeyd edib ki, Kəlbəcərin dirçəldilməsində əsas məqsəd yalnız infrastrukturun qurulması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi deyil, həm də bölgənin resurslarından səmərəli istifadə, dayanıqlı məşğulluq və yeni iqtisadi fəaliyyət sahələrinin yaradılmasıdır.
Deputat vurğulayıb ki, turizm, sağlamlıq xidmətləri, kənd təsərrüfatı, dağ-mədən sənayesi və yaşıl enerjinin kompleks inkişafı Kəlbəcərin iqtisadi mövqeyini gücləndirərək Azərbaycanın nüfuzlu rekreasiya və turizm mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradacaq.modern.az
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 13-10-2026 14:50
Baxış sayı: 312Yazı axını
13 / 10 / 2026
13 / 10 / 2026
12 / 10 / 2026
11 / 10 / 2026
11 / 10 / 2026
10 / 10 / 2026
10 / 10 / 2026
09 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
08 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
07 / 10 / 2026
06 / 10 / 2026
05 / 10 / 2026
05 / 10 / 2026
04 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
03 / 10 / 2026
02 / 10 / 2026
02 / 10 / 2026
01 / 10 / 2026
Ən çox oxunanlar




























