Kəlbəcər 38 il Cavanşir qəzasının tərkibində...- Tarixin o üzü

17-11-2020 17:22
1723-cü ildə Qarabağ məlikləri I Pyotra göndərdikləri məktubda özlərini alban (ağvan) adlandırır, həmçinin onlarla qonşuluqda yaşayan əhalinin müsəlman alban (ağvan) olduqlarını göstərirdilər. Bu fakt da Qarabağ əhalisinin etnik tərkibcə eyni mənşəli olmasını təsdiqləyir. Digər tərəfdən Qarabağın inzibati bölgüsündə işlədilən məliklik anlayışı da yalnız Azərbaycana məxsus inzibati ərazi bölgü sistemidir.
Azərbaycanın məlik-feodal anlayışının qarışığı naxardır. Bu termin nə Qarabağda, nə də Azərbaycanın digər bölgələrində qeydə alınmamışdır. Toponimist alimlər də Qarabağ, Arsax, Xaçın, Alban terminlərinin türk mənşəli olması haqqında yekdil fikirdədirlər.
Alban etnonimi öz paralelini ancaq türk xalqları - Qazax, Qırğız, Türkmən, Türk və Altay xalqları arasında tapır. «Alban» sözünü çinlilər «Azərbaycan» kimi tərcümə edirlər. Dağlıq Qarabağ Arsax (ər-sak) adının hələ dördüncü minillikdə Kür-Araz çayları arasında öz çarlığını yaradan skiflərin adından alındığı da tarixi mənbələrə əsaslanan faktlardandır.
Assur mənbələrində aşquza işquza kimi qeyd edilmişdir. Qarabağın dağlıq hissəsini təşkil edən mahalda tayfaların konsolidasiyası sayəsində Xaçın tayfası üstün mövqe tutanda bu mahal Xaçın mahalı, Cavanşir nəsli siyasi həyatda aparıcı qüvvəyə çevriləndə isə Cavanşir mahalı adını almış və ətraf ərazi bura tabe olmuşdur.
XX əsrin başlanğıcında çar Rusiyasının Azərbaycanı işğal etməsi planlı və ardıcıl surətdə həyata keçirilirdi. Qafqaz qoşunlarının Baş Komandanı Sisiyanov Gəncəni tutandan sonra, 1805-ci il 22 may tarixli 19 saylı raportunda yazırdı: «Qarabağ özünün coğrafi mövqeyinə görə Azərbaycanın, eləcə də İranın qapısı hesab edilir, buna görə də onu itaətdə saxlamalı və burada öz mövqeyimizi möhkəmlətməyə daha çox cəhd göstərməliyik».
Belə bir çirkin məqsəd tezliklə həyata keçirildi və 1805-ci il mayın 24-də Kürəkçay sahilində Qarabağ xanı İbrahim xanla Sisiyanov arasında bağlanan müqaviləyə əsasən, Qarabağ xanlığı (tarixi Qarabağ) Rusiya tabeliyinə daxil oldu.
1822-ci ildə Qarabağ xanlığı ləğv edilib, əvəzində eyni adlı əyalət yaradıldı ki, o da (1840-cı ildə) Şuşa qəzasına çevrilib Kaspi (Xəzər) vilayətinə daxil edildi. 1868-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradılarkən Şuşa qəzası bu quberniyaya daxil edildi və tərkibində yeni, Zəngəzur qəzası yaradıldı. 1883-cü ildə Şuşa qəzasının tərkibində yeni Cavanşir və Cəbrayıl qəzaları təşkil olundu. Kəlbəcər isə həmin Cavanşir qəzasının tərkibinə daxil edildi.
Onu da qeyd edək ki, Qarabağın bu inzibati bölgüsü 1921-ci ilə kimi davam etdirilmiş, yəni zaman-zaman parçalanmış, yadellilərin maraq və məqsədlərinə uyğun gah qəzaya uğramış, gah da mahala çevrilərək siyasi oyunların qurbanı olmuşdur.
Ermənistan adlı bir dövlətin Qafqazda yaranması zərurəti də çarizmin və onun xələfi olan sovet hökumətinin ideyası idi. Ermənistan SSR yaradılarkən tarixi Qarabağın böyük bir hissəsi olan Zəngəzur qəzası 1921-ci ildə ona verilmiş, 1923-cü ildə isə Qarabağın dağlıq hissəsində (Cavanşir qəzası bütövlükdə, Şuşa və Cəbrayıl qəzalarının isə dağlıq hissəsi) ermənilərə muxtariyyət verildi. Beləliklə, DQMV yaradıldı və o vaxtdan leksionumuza «Dağlıq Qarabağ» ifadəsi daxil edildi.
Nəticədə Qarabağ və onun istər dağlıq, istərsə də aran hissələri qəsbkarların işğalına məruz qalmışdır. Ötən əsrin sonlarında isə ermənilər rus şovinizminin hərbi-siyasi, iqtisadi-sosial dəstəyi ilə yenidən Azərbaycanın ərazilərinə soxularaq daha dözülməz vəziyyət yaratmış, nəinki Qarabağın dağlıq hissəsini, hətta aran Qarabağımızı da işğala məruz qoymuşdur. Zəngəzurdan, İrəvandan və orada vaxtilə mövcud olmuş on iki mahalımızdan qovulan soydaşlarımızla birlikdə Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan didərgin salınmış bir milyondan artıq soydaşımız doğma ev-eşiyindən perik düşmüşdür.

*Bax. X. D. Xəlilov, "Qarabağın elat dünyası" Bakı, "Azərnəşr"-1992















Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 17-11-2020 17:22
Baxış sayı: 3662
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını