Cərimə rotasının qəhrəman komandiri, “peyğəmbərə görə” öldürülən Şeyx oğlu – Şəhid ziyalı

22-02-2020 12:15
"Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır.
Dalidag.az "Şəhid ziyalı”,akademik, Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadov haqqında yazını təqdim edir.
Atası Musa Mövsüm oğlu Bünyadov Bibiheybət şeyxlərinin nəslindəndir. Sovet işğalından xeyli əvvəl ataman Lyaxovun kazak diviziyasının alaylarından birində hərbi tərcüməçi imiş. Anası Raisa Mixaylovna Qusakova isə Azərbaycanda çoxdan məskunlaşan rus köçmənlərindən olub, Lənkəranda dünyaya gəlib.
Şəcərəsi barədə özü müsahibəsində deyir: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki, mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm... Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned"
Ziya Bünyadov 1923-cü ilin dekabrın 21-də Astara şəhərində anadan olub. Ailədə altı uşaqdan böyüyü idi. Uşaqlar çox ciddi tərbiyə alıblar. Yəni atanın "rejiminə” tabe. Atası xidməti işinə görə Göyçaya göndərilmişdi və Ziyanın uşaqlığı Göyçayda keçib. Atasının sayəsində uşaqlıqdan ərəb dilini bildiyindən Quranı orijinaldan oxuyurmuş. Orta məktəbi əla qiymətlərlə başa vuran Ziya Bünyadov 1939-cu ildə arzusunun arxasınca Bakıya gəlir. Arzusu təyyarəçi olmaq idi. Lakin tibbi komissiyadan keçə bilmir. Əlacı kəsilir, yaşının da üstünə süni surətdə iki il artırıb, S.Orconikidze adına Bakı Piyadalar məktəbində təhsilini davam etdirib. Elə bil müharibəyə qədər hərbiçi olmağa tələsirmiş. 1941-ci ildə leytenant rütbəsində əla qiymətlərlə məktəbi bitirəndə müharibə ərəfəsi idi.
Onu Bessarabiyaya xidmətə göndərdilər. İkinci Dünya Müharibəsi başlayandan cəmi bir saat sonra Ziya Dnestr çayı üzərindəki kiçik liman şəhəri Benderdə ilk döyüşə girməli olub. Müharibə başlayandan qurtarana kimi döyüşüb, hətta qurtarandan sonra da Berlində komendantlıqda xidmət göstərib. Bəlkə müharibə tarixində ikinci belə adam yoxdur ki, başlanğıcdan sonuna, sonunun da sonuna qədər döyüş yolu keçib – addım-addım. Bu müddətdə bir dəfə yaralanıb, bir dəfə də kontuziya aldığı üçün hospitalda müalicə olunub.
Ukrayna, Moldova uğrunda döyüşüb. Müharibənin ən ağır nöqtələrindən biri olan Mozdokdan keçib. Tuapse, Belorusiya, Polşa döyüşlərində iştirak edib. Mühasirəyə düşüb, döyüşə-döyüşə yarıb mühasirəni, polkun bayrağını da özü ilə çıxardıb – polkun şərəfini qoruyub. Şimali Qafqazda Saratovdan olan və yarısından çoxu matroslardan ibarət 120 nəfərlik rotanın komandiri olub.
Haqlı olduğunu sübut etmək üçün komandirlə mübahisə etdiyinə, onu söydüyünə görə cərimə rotasına göndərilən Ziya Bünyadov orda da leytenant olmasına rəğmən özündən yaşca və təcrübəcə böyüklərin rəğbətini qazanır. Cərimə rotasına komandir təyin edilir. Bir il orda qalır.
Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirib. Üstəlik, əsas qüvvə gəlib çıxana qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilib. Bu döyüşdə 670 nəfər döyüşçüsü olan rotadan cəmi 47 nəfər sağ qalmışdı.
1945-ci il fevralın 27-də Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib. Həmin döyüşə, cərimə rotasındakı qəhrəmanlığına görə. Qəribədir, cərimə rotasında Sovet İttifaqı Qəhrəmanı adını elə Ziya Bünyadov kimi mübariz, dönməz, özgüvənli adam qazana bilərdi.
Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləyib. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə "Artur Bekker" və "Vaffenbruderşaft" qızıl medalları ilə təltif olunub. Məsələ orden-medalda deyil, adam harda olubsa, uğurlu, birincilərdən olub.
Görünür, bu illər ərzində hərbi xidmət ona kifayət edib. Müharibədən sonra uşaqlıqdan sevimli məşğuliyyəti olan dil bilgilərinin arxasınca düşməyə qərar verib. Moskvada Şərqşünaslıq İnstitutuna daxil olan Ziya həmin institutun aspiranturasını da bitirib.
Həmin illərdə yazıçı Yusif Vəzir Çəmənzəminlinin Daşkənddə yaşayan bacısının qızı Tahirə də Moskvada Şərqşünaslıqda oxuyurmuş. İnstitutda şöhrəti yayılmış azərbaycanlı Sovet İttifaqı qəhrəmanını hər gün görsə də ondan qorxarmış Tahirə. Ziya çox zəhmli və acıdil olduğundan heç kim ona yaxınlaşmağa cəsarət etməzmiş, amma kənardan hamı qibtə edərmiş bu qəhrəmana. Ziya da həmişə tək gəzib-dolaşardı. Bir gün Tahirə Moskvaya gəlmiş anasına danışır bu məsələni. Anası deyir ki, qızım, sən qorxma, azərbaycanlındır, yaxınlaş, tanışlıq ver. Qız uzaqgörən anasının məsləhəti ilə yaxınlaşır Ziya Bünyadova, özünün təqdim edir ki, mən də azərbaycanlıyam. Hamının ondan gen gəzdiyini duyan Ziya Bünyadov əvvəlcə çaşıb qalır qızın bu cəsarətli addımı qarşısında, sonra tanış olurlar. Sonradan Tahirə xanım bilir ki, institutda hər addımda bu zəhmli oğlanın məhz onun qarşısına çıxması təsadüf deyil, zərurətə çevrilən məqsədyönlü planlı addım imiş.
"Dərslərdən sonra rəqs axşamları olanda heç kim məni rəqsə çağırmırdı. Fikirləşirdim ki, gözəl bir qızla niyə heç kim rəqs etmək istəmir? Sən demə, məni rəqsə çağırmaq istəyən oğlanları Ziya aparıb arxada döyürmüş. Rus qızlarının universitetdə ondan ötrü ürəyi gedirdi. Bütün günü onu öpürdülər.
Sonra Ziya mənə evlilik təklif etdi. Biz evlənəndə o qədər kasıb idik ki, nikah zamanı mənə bağışlanılan çəkmələrimi toydan sonra yemək almaq üçün satmağa məcbur oldum. Evlənəndə cibimizdə avtobus pulu belə yox idi. VVAQ-dan çıxanda qalacağımız yataqxanaya qədər olan 15 km yolu piyada getdik”.
1954-cü ildə Ziya artıq "İtaliya imperializmi Afrikada" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Moskva bu gənc ailə üçün yeni imkanlar aça bilərdi. Amma Ziya Bünyadov artıq Moskvada qalmaq istəmir, vətənə - Bakıya qayıtmaq istəyi ona rahatlıq vermirdi.
Tahirə xanımın bütün etirazlarına rəğmən Ziya Bünyadov qayıdır Bakıya. Yenicə dünyaya gəlmiş oğlu Cəmillə Tahirə xanım Moskvada qalırlar. Ziya Bünyadov müharibədə aldığı kontuziyadan əziyyət çəkirmiş. Qəribədir ki, xanımı yanında olanda kontuziya tutmaları olmurmuş, amma ondan ayrı, Bakıda yaşayanda tez-tez belə hallar olub. Ziya xanımına məktubunda bu barədə yazıb: "İstəyirəm həmişə mənim yanımda olasan. Və sənin gülüşün mənə güc versin”.
Sonunda yenə qadın ürəyi ata ilə oğulun da ayrılıq xiffəti çəkməyinə dözmür və Tahirə xanım oğlunu da götürüb gəlir Bakıya. Gələn kimi Tahirə xanım Azərbaycan radiosunda türk verilişləri şöbəsinin baş redaktoru vəzifəsində işə başlayır.
Ziya Bünyadov isə Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirirdi. Özünü qapdırmışdı elmə. Həm də Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim işləyirdi. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda "Orta əsirlər tarixi" şöbəsinə rəhbərlik edirdi.
1964-cü ildə o, "Azərbaycan VII-IX əsrlərdə" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alır. 1965-ci ildə isə onun eyniadlı monoqrafiyası çap olunub, kütləvi yayılmışdı. Bununla Azərbaycan tarixində silinməz izini qoyduğunu bəlkə heç özü heç bilmirdi.
Vətənpərvər və çox ədalətli adam idi. 1960-cı illərin ikinci yarısında Azərbaycanın 150 il əvvəl Rusiyanın tərkibinə necə daxil olması haqqında elmi mübahisələr gedirdi. Bununla belə, 1964-cü ildə qərar qəbul edilmişdi ki, bir əsr yarım öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olub. Hətta bunu bayram kimi qeyd edirdik. Bu münasibətlə Azərbaycan Lenin ordeni ilə təltif olunmuşdu. 1967-1968-ci illərdə Ziya Bünyadov artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olub, amma bu addım könüllü atılmayıb. Odur ki, tarixi həqiqəti demək lazımdır, Azərbaycan Rusiyanın tərkibinə zorla daxil edilib, işğal olunub.
Bünyadov bolşevizm terroru və siyasi repressiyaların qurbanları ilə bağlı bir neçə sanballı tədqiqat əsərinin müəllifidir. Həm də sovet vaxtı. O, bolşevizm terroru nəticəsində 20-30-cu illərdə Azərbaycanda aparılmış repressiyalar haqqında həqiqətləri ilk dəfə aşkara çıxaran adamdır. O, tarixçi deyildi, şərqşünas idi. Şərq dillərini araşdırıb, onlarla bağlı materiallar hazırlayarkən Azərbaycanın tarixi, keçmişi ilə bağlı materiallarla rastlaşıb, oxuyub, araşdırdıqca dərinliyə varıb, vardıqca elə həqiqətlər ortaya çıxıb ki, Ziya Bünyadov kimi şəxsiyyət bu həqiqətlərin qarşısında susa bilməzdi, susmadı.
1937-ci ilin repressiya qurbanlarını xalqa tanıtdırması, onların günahsızlıqlarını, sadəcə azərbaycanlı ziyalı olduqları və həqiqəti dedikləri üçün susdurulduqlarını bəyan etməsi, bu tarixi toz basmış vərəqlərdən ortaya çıxartması da cəsarətli addım idi. Həm də tarix qarşısında bir azərbaycanlı kimi böyük xidmətdir.
Heydər Əliyev Ziya Bünyadovun bu yönümdə fəaliyyətinin yüksək dəyərləndirib:
"Ziya Bünyadovun xidmətləri çoxdur və onun ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, 80-ci illərin axırlarında - 90-cı illərin əvvəllərində o, bir daha böyük alim kimi, tədqiqatçı kimi Azərbaycanın açılmamış arxivlərinə getdi, o arxivlərdən Azərbaycan tarixinin XX əsrə aid səhifələrini açdı, tədqiq etdi, öz kitablarında, dövri mətbuatda yazılar verdi və beləliklə də, əgər əvvəllər Azərbaycan tarixinin orta əsrlərə aid çox mühüm dövrlərini elmi əsərlərində işıqlandırdısa, açdısa, göstərdisə, son illərdə özünü buna həsr etdi. O cümlədən, ilk Azərbaycan Demokratik Respublikasının yaranması ərəfəsində gedən prosesləri də, o dövrü də doğru-düzgün tədqiq edənlərdən biri də Ziya Bünyadovdur".
1965-ci ildə SSRİ Ali və Orta təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor dərəcəsi verildi. 1966-cı ildən başlayaraq o, Ankaradakı Türk Tarix Kurumunun konqreslərinin daimi iştirakçısı olub. Türk xalqlarının tarixinin öyrənilməsində böyük xidmətlərinə görə, həmin ildə Türk Tarix Kurumunun müxbir üzvü, 1988-ci ildə isə onun fəxri üzvü seçilmişdi.
O, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından idi. Bünyadov alban tarixçisi M.Qoşun "Alban xronikası" əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin "Abidələr”in xülasəsi və qüdrətli hökmdarın möcüzələri" 1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin Mankburnin həyatının təsviri" əsərini 1973-cü ildə ərəb dilindən rus dilinə tərcümə etmişdi.
1980-ci ildə isə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü seçilmişdi. O, ensiklopediya üçün Azərbaycan tarixinə aid çoxlu sayda məqalələr yazıb.
1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərib. 1982-ci ildə ona "Azərbaycan SSR Əməkdar elm xadimi" fəxri adı verilib.
1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçiləndən sonra elmi fəaliyyəti bir az da qol-qanad açıb. Dünən ona mane olanlar bu gün vəzifəsinin xofundan kənara çəkilirdi. Hərçənd, getdiyi yolda o qədər inamlı, cəsarətli və qətiyyətli idi ki, heç bir maneə ona qalıb gəlib dayandıra bilmirdi.
1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırıb. Böyük məsuliyyət və zəhmət, iradə və sevgi tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülmüşdü. İndiyə qədər də ana dilimizdə onun əməyinin bəhrəsi olan Quran oxunur.
Bünyadov 1991-ci ildə "Gülüstani-İrəm" əsərini ön söz və şərhlərlə çap etdirmiş və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüb.
Onun araşdırmaları arasında orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsimi və onun ölümü ilə bağlı maraqlı iddialar da var. Akademik, Nəsimin edam olunması və diri-diri dərisinin soyulması ilə bağlı məlumatları mif adlandırıb.
O, müasir Azərbaycan şərqşünaslarını Nəsiminin edamına aid faktları yalnız türk alimi Abdülbaqi Gölpınarlının "İslam ensiklopediyasında"kı "Nəsimi" adlı məqaləsindən götürdüklərini deyir və bununla kifayətlənməklərini doğru saymırdı. Ziya Bünyadov məqaləsində Nəsiminin necə öldürülməsi ilə bağlı qənaətlərin zəifliyi və bizə gəlib çatan materialların azlığından şikayət edir: "Nəsiminin diri-diri dərisinin soyulması sonralar xalq tərəfindən yaranmış bir əfsanədir və geniş kütlənin ona olan hüsn-rəğbətinin rəmzidir. Bu əfsanəyə isbat edilmiş bir elmi məlumat kimi və ya tarixi bir fakt kimi baxmaq yanlışdır".
1990-cı illərdə Bünyadov Bakının Azadlıq meydanında həqiqəti çəkinmədən söyləyən, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qarşısını alan, onlara dəlillərlə etiraz edən, adam idi.
Bünyadov Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri idi. 1992-ci ildə o, Yeni Azərbaycan Partiyası sədrinin müavini seçilmişdi. 1995-ci ildə Milli Məclisin deputatı, eyni zamanda beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının seçki üzvü olmuşdu.
1997-ci il qarlı fevral ayının 21-də Ziya Bünyadov yaşadığı binanın blokunda ağzından güllələnərək qətlə yetirildi. Bütün Azərbaycan bu qanlı faciə, qətliam qarşısında donub qaldı. Bu nə ilk idi, nə son. Çox görüb canım Azərbaycan belə faciələri, çox yaşayıb. Çox Ziya Bünyadovlar Azərbaycan üçün gözünü qırpmadan canını fəda edib. Ziya Bünyadov tariximizin şəhiddir, şəhid ziyalı. Onun qətli ətrafında çox versiyalar səsləndi, el dilində gəzdi, hər kəs öz dünyagörüşü və düşüncəsinə görə onun qatilini "tapdı”.
Məhkəmənin hökmünə görə isə... akademiki "Hizbullah" üzvləri qətlə yetirib. Buna səbəb kimi tarixçi Moisey Kalankatuklunun "Alban tarixi” kitabını tərcümə edərkən 254-cü səhifədə guya İslam peyğəmbərini aşağılaması göstərilir. "Hizbullah” təşkilatının "Nəsrullah” adlı bir üzvü Bakıya gəlib. Burada müəyyən adamları ətrafına toplayır, başçıları da Tariyel Ramazanov və Cavanşir Aslanov adlı şəxslər olub. Ziya Bünyadovu tapança ilə ağzından vuran Qalib Babayev 3 gün sonra İrana keçərkən öldürülüb.
Onunla vida mərasimində Heydər Əliyevin çıxışı:
"Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi”.
Tahirə xanımın xatirələri: "Ölümünü elə bil ki, hiss etmişdi. Fevral ayı idi. Ziya kabinetindən çıxıb dedi ki, "Tahirə, pis yuxu görmüşəm”. Mən ondan yuxusu barədə soruşanda o heç nə demədi. Sonra hazırlaşıb alimlərlə hüzr yerinə getdi. Mərhumla yaxın dost idilər. Sən demə, orada çıxış edir və nitqinin sonunda üzünü qəbirə tərəf tutub deyir: "Səni yuxuda görmüşəm Cahangir, deyirsən, darıxmışam. Darıxma, yaxınlarda görüşəcəyik”.
Bundan 10 gün sonra, fevralın 21-də Ziya öldürüldü. Həmin gün heç vaxt yadımdan çıxmaz. Mən bilirdim ki, Ziyanı öldürəcəklər. Aynabənddə durub çölə baxırdım. Ziyanın evə gəlmək vaxt idi. Gördüm ki, Ziya əlində çörək bloka yaxınlaşır. Yuxarı baxıb mənə əl elədi və bloka girdi. Birdən səs eşitdim və tez aşağı düşdüm . Artıq gec idi, Ziyanı vurmuşdular”.
Ziya Bünyadovun qətlindən sonra oğlu Cəmilin övladı, 20 yaşlı nəvəsi Musa təhsil aldığı Amerikada qətlə yetirilib. Atası Cəmil onun ölümünə dözə bilməyib, dünyasını dəyişib.
Tahirə xanım Milli Məclisin kitabxanasında çalışırdı. İki il əvvəl rəhmətə gedib.
Heydər adlı oğlu yaşayır...lent.az
Dalidag.az 



Kateqoriya: Karusel / Sosium
Tarix: 22-02-2020 12:15
Baxış sayı: 4948
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını