Ordu generalının əfv xahişinə qoyulan dərkənar: “Əclaf və fahişə” - Yakirin aqibəti

10-01-2020 15:31
O, heç vaxt hərbçi olmaq arzusuna düşməyib, nə uşaqlıq illərində, nə də yeniyetməlik dövründə. Sonralar İona Yakir öz gündəliyində də bu haqda qeydlər aparıb: “Mən hərb adamı deyildim, bunu yaxşı anlayırdım. Təhsil alıb atam kimi əczaçı olacaqdım. Amma hərbi sahədə qarşımda elə şanslar yarandı ki, mən bunlardan imtina edə bilmədim və yetərincə də uğurlar qazandım...”
İona Yakir həqiqətən də qısa müddət ərzində SSRİ-nin nüfuzlu hərbçilərindən biri kimi tanınıb. Amma bu uğurun sonu onun həyat faciəsi ilə bitib.
İona Yakir 1896-cı ildə Kişinyovda anadan olub. Atası bir neçə aptekin sahibi olduğundan ailə zəngin yaşayıb. Yakir birinci ali təhsilini İsveçrədə alıb. Həmin dövrdə İsveçrənin Bazel universitetində təhsil almaq hər adam üçün əlcatan olmayıb. Xarkov Texnologiya instutunda isə o, ikinci ali təhsilə yiyələnib.

1917-ci il inqilabından sonra İona Yakir bolşeviklər partiyasına üzv yazılıb. Bu üzvlükdən sonra onu hərbi fəaliyyətə cəlb ediblər. Artıq 1920-ci ildə İona Yakir divizya komissarı vəzifəsində xidmət edib.
Məhz həmin ərəfələrdə, 1918-1920-ci illərdə İona Yakir bir neçə dəfə Leninlə görüşüb. Lenin Yakirin xidmətlərini yüksək qiymətləndirib. Elə Stalinlə tanışlığı da həmin illərdən başlanıb.
Savadsızlığın hökm sürdüyü 1930-cu illərdə Yakirin aldığı ali təhsil onun hərbi karyerasında mühüm rol oynayıb. İona Yakir vəzifə pillələrini sürətlə qalxıb. Bununla yanaşı o, Kremldə Stalinin ən yaxın silahdaşlarından biri olan Lazar Kaqanoviçin himayədarlığından da yararlanıb.
1935-ci ildə Yakir Kiyev hərbi dairəsinə, 1937-ci ildə isə şəxsi heyətin sayına görə ən böyük hərbi dairələrdən biri olan Leninqrad hərbi dairəsinə komandan təyin edilib.

İona Yakir 1930-cu illərdən başlayan Stalinin “təmizlik” işlərində və repressiyaların həyata keçirilməsində böyük fəallıq göstərib. Bəzi hallarda o, birbaşa Stalindən aldığı tapşırıqları yerinə yetirib. Araşdırmaçıların qənaətinə görə, Stalin yalnız özünə yaxın adamlara şəxsi tapşırıqlarını həvalə edib və bu baxımdan da İona Yakir də birincinin ən etibarlı adamlarından biri sayılıb.
Müasirləri onun şəxsiyyətini və hərbçi kimi fəaliyyətini yüksək qiymətləndiriblər:
Vətəndaş müharibəsinin iştirakçısı, tanınmış hərbi təşkilatçı Semyon Aralov:
“İona Yakir ilk hərbi fəaliyyətinə mənim tabeliyim altında başlayıb. O, zəngin ailədən çıxmışdı, atası kifayət qədər imkanlı adam idi. Amma buna baxmayaraq, İona Yakir bu zənginliyi heç vaxt büruzə vermirdi. Bəzi hallarda yaranan maddi problemləri həll etmək üçün Yakir öz şəxsi vəsaitini səxavətlə xərcləyərdi. Hər hansı bir tapşırığın icrasını ona həvalə edəndə mən tam arxayın olurdum. Sadəliyindən, mürəkkəbliyindən asılı olmayaraq o, qarşısına qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirirdi. Gənc olmasına baxmayaraq, İona Yakirin hərbi sahədəki fəaliyyəti uzun illər hərbi təcrübəsi olan bir şəxsin fəaliyyəti ilə bərabər sayıla bilərdi. Vladimir İliç Lenin İona Yakiri şəxsən tanıyırdı, onun bacarığını, işgüzarlığını yüksək qiymətləndirirdi...”

Ordu generalı Aleksandr Qorbatov:
“Yakir uğurlardan başı gicəllənən hərbçilərdən deyildi. Onu fərqləndirən əsas cəhətlərdən biri o idi ki, qazandığı uğurları uğur yox, vəzifə borcu sayırdı. İona Yakir bir hərbçi kimi həm nəzəri, həm də praktiki cəhətdən hazırlıqlı idi. O, ən mürəkkəb vəziyyətlərdə hadisələri düzgün qiymətləndirməyi, düzgün qərar çıxarmağı bacarırdı. Onun bütün hərəkətləri nümunəyə çevrilirdi. Yakirin həm də yüksək natiqlik qabiliyyəti var idi, o, hər şeyi dəqiq, vaxtında, mükəmməl və aydın ifadə edə bilirdi. Heç kimin şəxsiyyətinə toxunacaq ifadələr işlətməzdi. Buraxılmış səhvləri yalnız təhlil etməklə aradan qaldırmağa çalışardı...”
1-ci ranq komandarm (sonralar təsis olunan rütbələrə görə ordu generalı) rütbəsini daşıyan İona Yakirin qısa müddət ərzində SSRİ Müdafiə Komissatlığında (nazirliyində) ən yüksək vəzifələrdən birinə gətiriləcəyi gözlənilib. Amma 1937-ci ilin may ayında İona Yakir marşal Tuxaçevski ilə gizli sövdələşmələrdə, hərbi çevriliş etmək cəhdində, vətənə xəyanətdə ittiham olunaraq həbs edilib.

Yakir onu nə gözlədiyini yaxşı anlayıb. Buna baxmayaraq, o, Stalinə və müdafiə komissarı Kliment Voroşilova məktub ünvanlayıb. Məktubda bu sətirlər öz əksini tapıb:
“Mən partiyaya, dövlətə, xalqıma həmişə sədaqətli olmuşam. Mən hər bir sözümdə və ifdəmdə düzgünlüyə və haqqa söykənmişəm. Bu gün də, məni hansı aqibət gözlədiyi bu dəqiqələrdə də sizə, yoldaş Stalin, dövlətimizə, partiyamıza, xalqımıza məhəbbət hisslərimi ifadə edirəm. Mən kommunizmin tam qələbəsinə inanıram, mən Kommunist Partiyasının böyük gələcəyinə inanıram...”
Məktub Kremlin kargüzarlığında qeydiyyata salındıqdan sonra Stalinə verilib və bu o vaxta təsadüf edib ki, Voroşilov da Stalinin kabinetində olub. Stalinin məktubu oxuduqdan sonra dərkənar qoyub: “Əclaf və fahişə”.
Sonra Stalin məktuba münasibət bildirmək üçün onu Voroşilova verib. Voroşilov da dərkənar qoyub: “Mən yoldaş Stalinin İona Yakir haqqında fikirləri ilə tam razıyam, əclaf və fahişə”.

Stalin təklif edib ki, Lazar Kaqanoviç də məktuba münasibət bildirsin. O, yaxşı bilib ki, Yakirlə Kaqanoviçin arasında sıx münasibətlər olub. Kaqanoviçi birincinin kabinetinə dəvət ediblər. O, heç nə demədən məktuba dərkənar qoyub, amma daha sərt: “Satqınlar, əclaflar və q...bələr”.
Stalin onun qeydini oxuduqdan sonra soruşub:
- Yoldaş Kaqanoviç, bir şəxsə niyə cəm şəkilçisi ilə müraciət edirsiniz? Belə çıxır ki, aramızda belələri hələ çoxdur?
- Bəli, yoldaş Stalin.
- Yaxşı ki, gec də olsa anlamısınız bunu. Bu haqda gərək 5-10 il əvvəl düşünəydiniz, Yakiri pillə-pillə yuxarı qaldıranda...
Beləliklə, bu məktub Hərbi Kollegiyanın hökmü üçün əsas sayılıb və İona Yakir 11 iyun 1937-ci ildə, 40 yaşında güllələnib.
İona Yakir 20 ildən sonra, 1957-ci ildə (ölümündən sonra) bəraət alıb.musavat.com

Dalidag.az




Kateqoriya: Karusel / Sosium
Tarix: 10-01-2020 15:31
Baxış sayı: 4603
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını