Dünyanın ən gözəl sevgi məktubu - Ziqmund Freyd

14-12-2019 21:44
Vyana, 10 iyun 1882-ci il
İstəkli sevgilim, oduna yandığım, gözəl qız!
Mən bunu bilirdim: yolların gətirib çıxardığı bu uzaqlıq, sənin olmadığın bu yerlər, mənə qarşılaşdığım itkinin necə böyük olduğunu anladacaqdır. Ancaq ha çalışsam da, məni saran bu duyğuların dərinliyinə varmağı bacarmıram. Sənin o incə görkəmin, bir an da olsa belə, gözlərimin önündən çəkilmir. Daldığım bu dadlı yuxunun pozulacağı, qapıldığım bu işıqlı xəyalın dağılacağı məni qorxudur. 
Arkadaşlarımın deməsinə görə, gerçək sevgi elə belə də olur. Sənin görkəminin ayrı-ayrı cizgilərini gözümün önündən keçirirəm və bu anlarda yaşadığım duyğuların gözəlliyindən, qeyri-adiliyindən yaranan xoşbəxtliyi doğuracaq başqa bir fantaziyanın olacağına inanmıram. 
Mənim Martam–görənlərin ağlını başından alan, hamının vurğunluq və sevgi ilə bağlanıb ayrıla bilmədiyi bir gözəldir. Elə onun bu özəllikləri də, ilk görüşdəcə, məni onun dustağına çevirdi, onun mənə güvənclə və istiqanlıqla yanaşması isə məni öz gözümdə ucaltdı və mənə tükənməz ümidlər aşıladı, ən başlıcası isə, mən bütün bunlara görə, öz gələcəyimi qura bilmək üçün gərəkən, coşqun bir yaradıcılıq enerjisi aldım.
Bir də görüşəsi olsaq, elə bilirəm, mən bizim ilişkilərimizdəki utancaqlığı və gərginliyi aradan qaldıra biləcəyəm. Biz yenə də sənin o kiçik, gözəl otağına keçəcəyik, mənim gözəlim qəhvəyi kresloya dirsəklənəcək, mən isə onun ayaqlarının yanında qoyulmuş alçaq, dairəvi oturacaqda oturacağam. Beləliklə də biz biri-birimizlə danışmaqdan, biri-birimizə isnişməkdən yorulmayacağıq… Günüdüzlərlə gecələrin biri-birini dəyişməsi, qıraqdan kimlərinsə işimizə qarışması bizə mane ola bilməyəcəkdir, heç bir qayğı da, heç bir görülməli olan iş də bizi biri-birimizdən ayıra bilməyəcəkdir.
Sənin obrazını canlandıran bu gözəl portretin… Sözün düzü, mən ilk öncə, səni andıran, prototipin olan bu portreti yetərincə dəyərləndirə bilməmişdim. İndi isə, sənin portretinə baxdıqca baxır və onda mənim sevgilimə oxşar olan və olmayan cizgiləri özüm üçün ayırd eləyirəm. Birdən, necə oldusa, porterdəki solğun yanaqlarının, incə əllərində tutduğun o qıızılgüllər kimi, al rəngə boyanıb canlanacağını düşündüm. Ancaq sənin sevimli obrazın öz toxdaqlığını saxlayır və elə bil mənə bunları pıçıldayırdı: “dözümlü ol, dözümlü… Mən axı bu portretdə eləcə bir obrazam, işarəyəm, bu mənim kağız üzərindəki kölgəmdir, mənim gerçək varlığım isə sənin ürəyinə köçüb və sən məni heç vaxt unuda bilməyəcəksən”.

Bu sözləri nə Göte, nə də Henrix Heyne yazıb, bu sözlər 26 yaşlı Ziqmund Freydin adaxlısı Martaya yazdığı sevgi məktubundan bir parçadır.
Araz Gündüz
Dalidag.az


Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 14-12-2019 21:44
Baxış sayı: 21 099
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını