"Akif Nağı: "Ermənilərin ölkəyə gətirilməsi normaldır..."

15-11-2019 20:09


“Hansısa QHT və ya 5-ci kolon tərəfindən ermənilərin Azərbaycana gətirilməsi yolverilməzdir”.
Dalidag.az xəbər verir ki, bu sözləri lent.az-a erməni jurnalistlərin Bakıya gəlişi barədə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O, dövlət marağı dairəsində düşmən ölkə vətəndaşlarının ölkəyə gətirilməsinin normal olduğunu bildirib:
“Bununla bağlı açıqlamamız oldu. Hansısa QHT və ya 5-ci kolon tərəfindən ermənilərin Bakıya, ümumən Azərbaycana gətirlməsi Azərbaycanın siyasi xəttinə, Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımlara ziddir. Ancaq düşmən ölkə vətəndaşlarının Azərbaycana dövlət nəzarəti altında, Xarici İşlər Nazirliyinin icazəsi ilə gətirilməsi normal haldır. Əgər ermənilərin ölkəyə gəlməsi Azərbaycanın dövlət marağına xidmət edirsə, bu normal qarşılanmalıdır. Təhlükəsizlik baxımından dövlətin nəzarəti də zəruridir”.
Erməni jurnalistlərin Bakıya gəlməsinin Qarabağ münaqişəsinin həlli üçün müsbət rol oynaya biləcəyini deyən QAT sədri, fərdi şəxslərin ermənilərlə dostluq əlaqəsinin ziyanlı olduğunu vurğulayıb:

“Dövlət xətti ilə ermənilərin ölkəyə gətirilməsi Qarabağ münaqişəsinin həlli yolunda müsbət rol oynaya bilər. Ancaq ayrı-ayrı şəxslərin dövlət nəzarəti və marağı olmadan ermənilərlə dostluq etməsi, onlarla şəkil çəkdirib sosial şəbəkədə paylaşması bizim üçün ziyandan başqa bir əhəmiyyət kəsb etmir. Bu kimi faktlar siyasi arenada ölkəmizə qarşı oynanıla bilər. Unutmamalıyıq ki, onlar düşməndir, düşmənə güvənmək olmaz”.
Akif Nağı ermənilərlə birgə yaşayış və dostluğun yalnız Qarabağın azadlığından sonra mümkünlüyünü də deyib. Təşkilat sədri bunun da hər iki xalqın istəyindən asılı olacağını bildirib.
Qeyd edək ki, noyabrın 17-də Rusiyanın təşəbbüsü ilə 5-6 nəfərlik erməni jurnalist qrupu Bakıya gələcək. Məlumatı “Yeni nəsil” jurnalistlər Birliyinin sədri Arif Əliyev də təsdiqləyib. Eyni zamanda, noyabrın 18-19-da Azərbaycan jurnalistlərinin bir qrupunun Ermənistana səfəri planlaşdırılır.
Rusiyanın sözügedən təşəbbüsü Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə irəli sürülüb. Nazir Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Dalidag.az


Kateqoriya: Karusel / Media
Tarix: 15-11-2019 20:09
Baxış sayı: 3761
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
01 / 12 / 2024