74 yaşlı Yaqbub Eyyubov üçün gözlənilməz çağırış və ya islahat kabusu

05-11-2019 15:05

Bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti islahat ab-havasındadır. Prezident İlham Əliyevin son günlər imzaladığı sərəncamlar isə cəmiyyətin hökumətdən gözlənilərini nəinki doğruldur, hətta siyasi hakimiyyətin özünün daxilində köklü dəyişikliklərə inamı artırıb.


Prezident kadr islahatlarına hökumətin üst qatından başladı. Oktyabrın ilk həftəsində Novruz Məmmədovun könüllü şəkildə istefa ərizəsi yazması və Əli Əsədovun hökumət başçısı təyin edilməsi ilə islahat prosesi sürətləndi. Bundan cəmi bir neçə gün sonra Baş nazirin iki müavininin istefa ərizəsi ilə Prezidentə müraciət etməsi, dövlət başçısının onları yüksək ehtiramla yola salması və həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurları nümunə göstərərək tutduqları postdan istefa verməyə və yerlərini gənc nəslə ötürmələrinə çağırması hakimiyyət komandasındakı islahatların ciddiliyindən xəbər verirdi. Prezidentin bu mesajından sonra hətta 26 ildir iqtidarda olan YAP hakimiyyətinin əsas ideoloqlarından sayılan Ramiz Mehdiyevin də Prezident Administrasiyasının rəhbəri postundan getdi.
Xarici İşlər nazirinin müavini Hafiz Paşayev də könüllü şəkildə Prezidentin çağırışına qoşularaq vəzifəsindən istefa verib. O, Prezidentin çağırışlarını nəzərə alaraq, həyata keçirilən islahatların effektivliyi naminə belə bir addım atdığını açıqlayıb.

Hələlik rəsmən tutduğu vəzifədən istefa verən yaşlı məmurların siyahısını 78 yaşlı Hafiz Paşayev tamamlayır. Amma proses davam edir və yəqin ki, ilin sonunadək islahat tam şəkildə başa çatdırılacaq.

Bəs, bundan sonra daha hansı yüksək ranqlı məmurlar istefaya gedəcək?

İndi ölkə ictimaiyyətini ən çox maraqlandıran və dartışılan əsas sual məhz budur. Baxmayaraq ki, az qala hər gün mətbuatda və sosial şəbəklərdə yaxın günlərdə istefaya gedəcək daha bir neçə yaşlı məmurun adları çəkilir. Bu sırada Baş nazirin birinci müavini Yaqub Eyyubovun, Səhiyyə naziri Oqtay Şirəliyevin, Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin adı daha çox çəkilir. Dünən isə Səhiyyə naziri Oqtay Şirəliyevin də istefa ərizəsi yazması barədə məlumatlar yayıldı. Əhməd Əhmədzadənin də yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı və onun rəhbəri olduğu qurumun “Azərsu” ASC-nin strukturuna daxil ediləcəyi söylənilir.
Baş nazirin birinci müavini Yaqub Eyyubova gəlincə, onun məsələsi bir qədər fərqlidir. Yayılan məlumatlara görə, dövlət başçısının yaşlı məmurlarla bağlı çağırışı 74 yaşlı Yaqbub Eyyubov üçün gözlənilməz olub və indi o, vəziyyətdən necə çıxacağını özü də bilmir. Buna səbəb 1999-cu ildən Baş nazirin müavini, 2003-cü ildən isə birinci müavin postunu tutan Yaqub Eyyubovun hökumətdə və cəmiyyətdə mənfi reputasiyası ilə tanınmasıdır. Belə ki, fəaliyyəti dövründə buraxdığı səhvlər, böyük biznes şəbəkəsi ilə gündəmdə olması onun ölkə başçısı yanında etimadını itirib.

Düz iyirmi ildir hökumətdə təsirli füqurlardan birinə çevrilmiş bu şəxsin ölkənin sosial-iqtisadi həyatında hansısa diqqətəlayiq fəaliyyəti ilə seçildiyini söyləmək çətindir. Əvəzində yerli və xarici mətbuatda vaxtaşırı onun özünün və ailə üzvlərinin dövlətin maliyyə vəsaitlərindən sui-istifadə etmələri barədə məlumatlar yer alır.

Yeri gəlmişkən, Baş nazirin “Şöhrət” ordenli birinci müavini Avropada böyük biznes şəbəkəsinə sahib olması ilə də tez-tez gündəmə gəlir. Hazırda xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli bir müddət əvvəl Yaqub Eyyubovun Avropadakı biznesinin izinə düşdüyünü və bununla bağlı sensasion sənədlər əldə etdiyini yazmışdı. Baş nazirin 1-ci müavininin oğlu Orxan Eyyubovun şirkətinin qeydiyyat sənədlərində onun İngiltərə vətəndaşı olduğu göstərildiyini qeyd edən jurnalist yaxın vaxtlarda həmin sənədləri də yayacağını bildirib.

Bu tip məlumatları təkrarlamadan yalnız onu demək olar ki, Eyyub Yaqubov Azərbaycan hökumətinin imkanlarından, dövlət büdcəsinin vəsaitlərindən öz xeyrinə istifadə etməyə öyrəncəlidir. Məsələn, onun “Hyatt Regency Baku” otelinin villalarından birini neçə illərdir büdcə vəsaiti hesabına “məşğul etməsi” heç kimdən gizli deyil.

Baş nazirin birinci müavininin bu villaya bağlılğının səbəbi barədə əsas versiya belədir ki, o, bu super rahatlığı olan məkanda, dərddən-qayğıdan uzaq bir həyat sürür. Daha doğrusu, həyatının qayğısız anlarını yaşayır. Özü də bu anları heç də tənhalıqda keçirmədiyi barədə də ehtimallar var. Villanın qarşısında 201 dövlət nömrə nişanlı “Porşes”i ...

Eyyub Yaqubovun Qusar rayonunda 5 hektarlıq ərazini əhatə edən möhtəşəm bir “ranço”sunun varlığı da söylənməkdədir. Deyilənə görə, Baş nazirin birinci müavininin rançosu, Qərbdə olduğu kimi, kənd təsərrüfatı təyinatlı deyil… “vəhşi təbiət”in bir parçasıdır. Onun əsl zooparka çevirdiyi bu məkanda, bəlkə, kefi istəyəndə bahalı şərab içib, sonra ova çıxdığı da olur…

İctimaiyyət arasında geyimi-kecimi, yerişi-duruşu ilə nümunəvi məmur obrazı yaratmağa çalışan ahıl bir adamın şəxsi planda heç bir ədəb-ərkan, qayda-qanun gözləməməsi, vəzifədə qalmaq üçün şəraitə uyğunlaşması, dondan-dona girməsi xameleon, ana dilimizdə desək, buqələmun xüsusiyyətini xatırladır. Vəziyyətdən asılı olaraq rəngini, daha doğrusu, xasiyyətini dəyişmək anlamına gələn buqələmunluq ən mənfi mənəvi hal kimi cəmiyyətdə ikrah hissi ilə qarşılanır.

Yaqub Eyyubov Bakının ən məşhur restoranlarında bahalı sifarişlər verməsi, var-dövlət hərisliyi ilə daha çox gündəmdə olur. Heç şübhəsiz, bu cür davranışları diqqəti cəlb etməyə bilməz. Axı, cəmiyyət yüksək vəzifə tutan məmurların davranışlarını görür və ictimai müzakirəyə çıxarmaqla qiymətləndirir. Bu mənada Yaqub Eyyubovun tutduğu vəzifədən gedəcəyi gözləniləndir.

Hökumətdə yüksək post tutğu uzun müddət ərzində özünün də, ailə üzvlərinin də şəxsi maraqlarını qat-qat artıqlaması ilə təmin etməyə nail olmuş Yaqub Eyyubovun, əslində, ölkə rəhbərinin tövsiyəsini qulaqardına vurması mənəvi tənəzzülün daha dərinləşməsinin əlaməti sayıla bilər. O, korlanmış reputasiyasını qismən də olsa düzəltmək üçün vaxt qazanmaq və mümkün qədər tutduğu postda qalıb işləməkdə davam etmək istəyir. Buna nə dərəcədə nail olacağı isə yaxın həftələrdə aydın olacaq.

Belə görünür ki, Baş nazirin birinci müavini könüllü istefa verməsə belə, necə deyərlər, məcburi şəkildə yola salınacaq. Bu, oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gələn dövlət və hökumət başçılarının Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən, belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə Baş nazirin birinci müavini görünməyib. Əvəzində Bakıdan ölkəsinə qayıdan Venesuela Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportundan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tərəfindən yola salınması diqqəti cəlb etdi.
Bu da bir gerçəklikdir ki, Prezidentin islahatlarla bağlı ortaya qoyduğu siyasi iradə qətidir və hökumətin yuxarı eşelonundakı kadr dəyişiklikləri istənilən halda davam edəcək. Hətta qısamüddətli fasilə yaransa, belə...gundeminfo.az

Dalidag.az



Kateqoriya: Karusel / Sosium
Tarix: 05-11-2019 15:05
Baxış sayı: 3620
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını