Babilin asma bağlarının hekayəsi- 7 möcüzədən biri

04-11-2019 12:46
Babiln asma bağları
Dünyanın möhtəşəm mədəniyyət abidələrindən söz düşəndə Şərq ölkələri göz önünə gəlir. Bu ölkələrdə tarix boyu bənzərsiz sənət inciləri yaradılıb. Təəssüf ki, zamanın acı yelləri əsdikcə bu abidələrin çoxu yox olub.
 Vaxtilə “dünyanın yeddi möcüzəsindən biri” olmuş Semiramidanın asma bağları da bu aqibəti yaşayıb. Eradan əvvəl IV əsrdə bu sənət incisi yaradılanda Babilistan dövləti özünün qürub çağını yaşayırdı…
 Bu memarlıq abidəsini Babil hökmdarı Novuxodonosor saldırıb. Qaynaqlarda göstərilir ki, bu hökmdar çox müstəbid olub. Məlumdur ki, müstəbidlər hamıya qarşı olmasa da, ayrı-ayrı adamlara qarşı nəcib hərəkətlər ediblər. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Həddən artıq sevir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir…
Babilin asma bağları
 Məlikənin — Semiramidanın şərəfinə salınan bu bağların gerçəkləşməsi üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli inşaatçıları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan Bağlar “Semiramida bağları“ adı ilə məşhurlaşır və tarixin yaddaşında daşlaşır. Lakin yaddaşlarda, hafizələrdə qalan və dillərdə dolaşan bir fikir də var ki, məlikə öz adını daşıyan bu qəsrdə heç vaxt yaşamayıb. Onu da qeyd edək ki, onun adı ilə müxtəlif faciəvi rəvayətlər yaranıb və günümüzə qədər gəlib çatıb. Belə deyirlər ki, faciə böyük adamların, tanınmış şəxsiyyətlərin adı ilə bağlı olmasa, onun dramatizmi olmur…
 Babilistan inşaatçılarının saldığı bu bağlar dörd yarusdan ibarət olub. Yarusların tağları iyirmi beş metr hündürlüyündə sütunlara söykənib. Meydançalara yastı daşlar, qır qarışıqlı, qurğuşun təbəqəli bir qat qamış döşədilib. Bu belə edilib ki, su aşağı yarusa keçməsin. Bütün bunlardan sonra torpaq qatı gəlib. Torpaq qatı çox qalın olub. O qədər qalın olub ki, orada iri ağaclar bitə bilib. Yaruslar pillə-pillə qalxır, əlvan daşlardan hörülmüş əydəmli pilləkənlər bir-biri ilə birləşir.
 Nəhayət, tikinti başa çatır. Kərpic kürələrinin tüstüsü kəsməmiş, saysız-hesabsız araba karvanları hərəkətə gətirilir. Fərat çayının axarından münbit torpaq daşımağa başlayır. Şimaldan nadir bitki və kol toxumu, ağac tingləri gətirilir.
Babilin asma bağları
 Beləliklə, hökmdar Novuxodnosor öz məhəbbətini sübuta yetirir. Babilin yüz metr hündürlüyündə olan divarları üzərində yaşıl ağaclar qalxır. Məlikə yuxarı yaruslarda, kölgədə oturub su şırıltısına qulaq asıb. Dörd tərəfə nəzər yetirib, məmləkətin ucsuz-bucaqsız səhralarını seyr edib.
İran-Əhəməni qəsbkarları bu şəhəri ələ keçirərək öz əyalətlərindən birinin mərkəzi edirlər. İllər, əsrlər bir-birini əvəz etdikcə asma bağlar zamanın faciəli hadisələrinə davam gətirə bilmir. Baxmayaraq ki, o, möhtəşəm, lakin gildən düzəldilmiş zəif nəhəngi xatırladıb. Məhz buna görə də bu bağlar Babilin özü ilə birlikdə məhv olub.
Bu gün İraqa yolu düşənlər Dəclə-Fərat sahillərinə tələsir. Vaxtilə bu yerlərə təşrif buyuranları hökmdarlar, qılınc-qalxanlı cəngavərlər qarşılayıb. İndi isə bələdçilər. Onlara Babildə kərpic və kaşı qırıntıları ilə dolu olan qonur gilli təpələri nişan verib göstərir, Semiramidanın asma bağlarının adını çəkirlər. Haqqında böyük qürurla söhbət açırlar…

Dalidag.az







Kateqoriya: Karusel / Sosium
Tarix: 04-11-2019 12:46
Baxış sayı: 31 526
Müəllif: Melek
Tarix: 28 noyabr 2023 17:25
Babil ehalisi haqqında hekaye yazındaaa plsss✌🏻🙈
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını