Reklam
"Atalı duyurdum özümü, ata, hər çevrilib baş daşına baxanda..."- Namiq Dəlidağlının ata həsrəti
25-12-2020 19:20
Namiq Dəlidağlı
Bu gün atamın bu gidi dünyaya "əlvida" dediyi gündü. Atasızlığın ağrısını 11 yaşımda daddım. Soyuq dekabr günü.
O vaxtdan ürəyim elə üşüyür. Həmin gündən atasızlığın amansız sınağı məni dara çəkdi, acısı-ağrısı, göynərtisi iliyimə işlədi. Bir sözlə, atadan yetim qalmağın dəhşətli üzünü gördüm...Bunu çəkənlər bilir, heç kimə diləmirəm...o gündən ürəyim qorxdu, çöldə-bayırda atalı uşaqlarla sözüm çəp gələndə həmən gözümün önünə onların ataları gəldi, çəkindim, ürəyim istədiyi kimi uşaqlıq şıltaqlığının, nadincliyinin həzzini ala bilmədim...ən çox da bir-birimizlə dalaşanda, sözümüz düz gəlməyəndə ata söyüşündən qorxurdum...bu qorxular bütün vücuduma hakim kəsildi. Yetimlər çiyni çəkik böyüyür. Boyum tay-tuşlarımın boyuna çatmadı...
Hərdən yuxularıma gəldi atam. Yuxu da bir təsəllidi...Bu gecə atamın ruhu qonağım,
bu gecə ən əziz qonağım gəlib.
Bütün qonağımın şahı qonağım,
mənim arxam gəlib, dayağım gəlib.
Ay ata, qoy sənə doyunca baxım,
mən ona bu sözü söyləyəmmədim.
Sənə qulluq edim, atam-qonağım,
atama mən qulluq eyləyəmmədim.
Doyunca ay ata, sözü demədim,
ata nəfəsinə isinməmişdim.
Ay ata, həyatı belə bilmədim,
belə fikirləşib, düşünməmişdim.
Daha fikirləşmək, düşünmək meylim,
özümə təsəlli tapammasam da.
Ata, böyümüşəm mən indi xeyli-
boyda tay-tuşlara çatammasam da.
Atalı günümün düşüb söhbəti,
məni ovunduran göz yaşım olub...
Ata dərdi, intizarı, həsrəti
mənimlə doğulub, yaşdaşım olub.
1991
***
Sonra...Sonralar o qədər şeylər oldu...
Kənd yolunun daşını təmizlədim ki velosipedim olacaq, alınmadı, saz, maqintafon istəyim də arzu kimi qaldı...
Rəhmətlik anam qoçaq və çox qayğıkeş idi, dolanışığımız yaxşı oldu. Ancaq alınmayan və əldə edə bilmədiklərimi atam edəcəkdi...
Atam həm də ilk müəllimim olmuşdu, məni də müəllim görmək istəyirdi. Mən də onu kimi yaxşı müəllim olmaq istəyirdim. Hər ikimizin arzusu puç oldu...və sonra həyatımda nə çatışmamazlıqlar oldu, atamı düşündm...
11 yaşımda atamı, 23 yaşımda məzarı qoynunda uyuyan torpağı itirdim...
Ata, məzarını qoyub gəlmişəm,
bu dərd yandıracaq, yaxacaq məni.
Səni itirmişdik bu ağır bir dərd
indi də itirdik ana torpağı.
Məzarına baş çəkirdim elə hey...
həsrət, hicran ürəyimi sıxanda.
Atalı duyurdum özümü, ata,
hər çevrilib baş daşına baxanda.
İndi təsəllim yox, ümid yerim yox,
indi əsl yetim olmuşam, ata.
Bilmirəm yaşayım, bilmirəm ölüm,
beləcə biçarə qalmışam, ata.
Bu dərdi fil belə daşıya bilməz,
bu dərdi ürəkdə daşımaq çətin.
Bu necə faciə, bu necə itki
buna dözmək çətin, yaşamaq çətin.
Ata, dözəmmərəm mən bu itkiyə,
köksümdə bir qəbir qazdıracağam.
Yonub ürəyimin bir parçasını,
baş daşın əvəzi basdıracağam.
Ata, məzarını qoyub gəlmişəm,
köksümdən qırılb qəlbimin tağı.
Səni itirmişdik bu ağır bir dərd,
indi də itirdik ana torpağı...
aprel 1993
***
27 ildən artıqdır ki, ikiqat yetimlik içimi sökür. 27 ildən artıqdır ki, əlim ata məzarına uzalı qalıb...
Ancaq artıq Kəlbəcərim azaddı.
Torpaqlarımızın yağılardan azad edilməsi uğrunda yüzlərlə Şəhidimiz canından keçdi. Nə qədər övladlarımız ata nəfəsinə həsrət qaldı. Onların ataları ən müqəddəs amal uğrunda canlarından keçsələr də, atasızlığın heç bir təsəllisi yoxdu.
Ağır və ağrılı dərddi. Hər bir Şəhid övladını bağrıma basıb öpürəm. Dərdinizə, ağrınıza şərikəm, deyirəm. Bu gün on minlərlə mənim kimi vətəndaşlarımızın öz ulularının məzarını ziyarət etmək, doğma yurd yerlərimizə dönmək imkanını Şəhidlərimiz, igidlərimiz verdi bizə. Bu yolda sağlamlıqlarını itirən qazilərimizə can sağlığı diləyirəm. Azərbaycan əsgəriylə qürürur duyuram.
27 ildən çoxdur ki "yuxusu dağılmış" atam indi rahat uyuyur. Tezliklə o yerlərə dönəcəyimi gözləyirəm. Ancaq atamın məzarına baş çəkməyə üzüm yoxdu...
və günlərin bir günü
"XATİRƏ VƏ NİFRƏT"i yazdım
...xatirələrim
bağımızdakı alma ağaclarının
budaqlarından,
alça ağaclarının çiçəklərində
asılı qaldı.
Bir də atamın məzarına
qısılı qaldı.
Bir gün geri dönəcəm
xatirələrimi yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın məzarından
xatirələrimi götürməyə
üzüm qalmayıb.
Bilirəm ki, atam
xatirələri nifrətə çevirib
tüpürəcək üzümə...
2016
Dalidag.az
Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 25-12-2020 19:20
Baxış sayı: 4956
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02