"İşsizlərin sayı ilə bağlı prezidentə yalan məlumat verilib" - Vahid Əhmədov

19-04-2020 11:25

"İşsizlərin sayı ilə bağlı prezidentə yalan məlumat verilib" - Vahid Əhmədov

Prezident İlham Əliyev videokonfrans rejimində keçirdiyi müşavirə zamanı birdəfəlik ödəmə ilə bağlı e-sosial.az saytına müraciət edən işsizlərin sayının kəskin artdığını deyib və araşdırılmasını tapşırıb.

“Mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar”.

Dalidag.az bildirir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ümumiyyətlə Azərbaycandakı statistik rəqəmlərin bəzisi dəqiq deyil:

“Son siyahıyaalma zamanı da göründü ki, bir çox evlərə gedilmədi, dəqiqəşdirmə aparılmadı. O cümlədən də cənab Prezidentin də bildirdiyi kimi, işsizlərin sayı dəqiq deyil. 190 manatlıq birdəfəlik ödəmə zamanı da işsizlərin sayı müəyyən qədər bilinir. Bu çox ciddi problemdir və bunu araşdırmaq lazımdır. Cənab Prezidentə yanlış informasiya verənlər mütləq cəzalandırılmalıdır. Necə yəni işsiz adamı işləyən kimi göstərirsən və o da faktiki olaraq yardımlardan kənarda qalır?! Yaxşı ki, cənab Prezident bu kimi neqativləri aşkarlayır. Qeyd edim ki, bu, indinin məsələsi deyil. Bununla bağlı Dövlət Statistika Komitəsində ciddi problemlər var. Ölkədə aparılan siyahıyaalma dəqiq olsa, digər sahələrdə də dəqiqləşmə aparmaq çətin olmaz”.

V.Əhmədov qeyd edib ki, yalan informasiya verənlər mütləq cəzalandırılmalıdır:

“Hər kəs öz mundirini, öz kreslosunu qorumaq üçün istənilən addımı atır. Biz işsizlərin sayının 5 faiz olduğunu deyiriksə, bəs bu gün müraciət edən işsizlərin sayı niyə çoxdur? Yalan informasiyalarla hara qədər getmək olar?! Düzgün məlumat vermək lazımdır ki, cənab Prezident mövcud vəziyyəti analiz edə bilsin. Bilsin ki, ölkədə həqiqi vəziyyət nə cürdür. Prezident təkdir, o hər şeylə tək-tək məşğul ola bilməz. Ona məlumatlar hökumət, nazirlər, İcra Hakimiyyətləri tərəfindən verilir. Koronavirus göstərdi ki, bəzi məlumatlar dövlət başçısına düzgün verilmir. Bu yalnız işsizlərin sayı ilə bağlı deyil, problem digər sahələrdə də var. Hər məmur öz yerini qorumağın hayındadır”.

Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 19-04-2020 11:25
Baxış sayı: 4591
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını