Reklam
Murova yüksələn əqidə: Zülfüqar Hüseynzadənin qələm yolu
24-08-2026 16:20
Azərbaycan mediasında Qarabağ haqqında yazan jurnalistlər çox olub. Müharibə, işğal, məcburi köçkünlük, ordu quruculuğu və nəhayət, Vətən müharibəsi minlərlə məqalənin, əsər və kitablarln ana mövzusuna çevrilib. Lakin elə qələm adamlarımız var ki, işğal dövrü onların şəxsi həyatından, ailəsindən, uşaqlığından keçib, yazdıqları ilə yaşadıqları arasında məsafə olmayıb. Moderator.az xəbər portalının qurucusu və baş redaktoru Zülfüqar Hüseynzadə həmin jurnalistlərdən idi. Ölkəmizin media və ictimai fikrində parlaq qələm adamı kimi tanınan, bütün həyatını Vətənin bütövlüyünə həsr edən dəyərli media rəhbərinin yazıları, müsahibələri və xəbərləri bir şəxsiyyətin tərcümeyi-halını müəyyən edir. İllər keçib, siyasi hadisələr dəyişib, milli mətbuat qəzet dövründən rəqəmsal eraya keçib, lakin Zülfüqar Hüseynzadənin fəaliyyətində bir xətt dəyişilməz qalıb: Azərbaycanın torpaq bütünlüyü, Qarabağın azadlığı və doğma Kəlbəcərə qayıdış. Obrazlı deyilsə, Murov dağ massivi onun həyat, əqidə və mənəvi koordinatı, coğrafiyadan çox mübarizə zirvəsi və həyat amalı idi. Zülfüqar Hüseynzadə 1971-ci ildə Kəlbəcərin Başlıbel kəndində doğulmuşdu. Universitet illəri Birinci Qarabağ müharibəsinə düşmüş, könüllü dəstənin tərkibində müharibədə iştirak etmişdi. Kəlbəcərin işğalı onun ailəsinin həyatına da ağır izlər qoymuşdu. Hərəkət edə bilməyən nənəsi Pəri xanım Başlıbeldə qalmış və ev yandırılarkən həyatını itirmişdi. Sonralar ağır faciə ailənin və onun jurnalistikasının yaddaşında daim yaşayacaqdı. Ona görə Başlıbel və Kəlbəcərin hər bir nişanəsi fikir adamı Zülfüqar Hüseynzadənin yaradıcılığında məcburi köçkünlük və milli yaddaş, bir sözlə ifadə olunsa Vətən anlayışlarının birləşdiyi yer idi. Bir gəncin mübarizə idealı xalqımız kimi onun üçün də Moderator.az media quruluşundan xeyli əvvəl formalaşmışdı. Zülfüqar Hüseynzadə müxtəlif vaxtlarda parlament müxbiri kimi çalışdığı dövrdə də Ermənistan-Azərbaycan münaqişəsini əsas mövzularından birinə çevirmişdi. 2010-cu ildə onun “Qarabağ münaqişəsinin həlli yolları: paralellər, paradokslar” adlı məqaləsinin mükafatlandırılması da təsadüfi deyildi. Parlament jurnalistikası onun siyasi düşüncə məktəblərindən biri oldu. Milli Məclisdə illərlə çalışaraq deputatlarla, dövlət və ictimaiyyət nümayəndələri ilə geniş əlaqələr qurdu, sosial, siyasi və milli məsələləri daim fəal şəkildə gündəmə gətirdi. Zülfüqar Hüseynzadənin milli məsələlərə münasibəti yalnız yazılarında görünmürdü. Parlament Jurnalistləri Birliyinin Bayraq Günü münasibətilə bölgələrdən birinə səfəri zamanı onun küçələri gəzərək insanlara Azərbaycan bayraqları paylamasını həmkarları illər sonra xoş və qürurlu hislərlə xatırlayırdılar. Qələbədən sonra qalibiyyət bayrağını doğma Başlıbeldə, şəhidlərin uyuduğu məzarlığın yaxınlığındakı yüksəklikdə öz əli ilə sancdı. Ayrı-ayrı illərdə baş verən iki təsirli hadisəni eyni mənəvi xətt birləşdirir: işğal illərində bayrağı yaşatmaq, Qələbədən sonra onu azad edilmiş yurda aparmaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qazandığı parlaq Zəfər hər bir azərbaycanlını, o cümlədən qələm adamlarımızı ucaltmış, qürurlu bir salnaməyə sahib etmişdi. Onun jurnalistikaya baxışı müstəqil medianı dövlət maraqlarının inkarı kimi qəbul etməməsi idi. 2017-ci ildə Moderator.az-ın beş illiyi münasibətilə verdiyi müsahibədə media fəaliyyətində ölkənin maraqlarının nəzərə alınmalı olduğunu açıq söyləyirdi. Özünün məşhur ifadəsi ilə Moderator.az: “növbətçi aptek kimi həftənin 7 günü, günün 24 saatı işləyirdi.” Başqa bir fikri onun peşəyə münasibətini daha aydın ifadə edirdi: “Çətin olsa da, millətlə, xalqla işləmək şərəflidir.” Seçilən iki cümlədə Zülfüqar Hüseynzadənin redaktor xarakteri aydın görünür: operativlik, fədakarlıq və jurnalistikanı ictimai xidmət kimi qəbul etmək qalib milli mətbuatımızın fəaliyyət kredosunu təşkil edir. Vətən müharibəsinin ilk günlərində fəaliyyəti də xalqımızın arzularına və dövlətçilik prinspilərinə sədaqətini nümunəsi oldu. Döyüşlər başlayanda Bərdə, Ağdam və Tərtər istiqamətində vəziyyəti yaxından izləyir, özünü savaşan ordunun bir üzvü kimi aparır, cəbhəyanı kəndlərdən xüsusi danışırdı. Yazdığı hər söz və çağırış milli səfərbərliyə töhvə oldu. 44 müqəddəs gündə qələmini süngüyə çevirən media kapitanı “insanlarımızın Silahlı Qüvvələrimizə və Ali Baş Komandana etimadı ən yüksək səviyyədədir”, söyləyərək siyasi, sosial, etnik və milli fərqlərə baxmayaraq, bütün dünya azərbaycanlıların bir ideya- Şuşa Zəfəri uğrunda mübarizəyə qalxdığını göstərirdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı və Kəlbəcərin hər addımını yaxşı tanıyan Zülfüqar Hüseynzadə üçün torpaq məsələsində dəyişməyən mövqe, dövlətin bütövlüyünə inam, şəhid qarşısında mənəvi borc və yurda sədaqət onun jurnalist bioqrafiyasının dəyişməyən cəhətləri idi. 2020-ci ildə Vətən müharibəsi zamanı Moderator.az-ın səkkiz yaşı tamam olanda onun yazdığı sözlər uzun illər apardığı fəaliyyətin yekun şüarı kimi səslənirdi:“Hər şey Vətən üçün, hər şey Qələbə üçün.” Savaşlarda millətin vahidliyi yekun nəticəni müəyyənləşdirir. Azərbaycan xalqı və dövləti sübut etdi ki, iki əsr davam edən itkilər silsiləsini durdurmağa qadirdir. Milli iradəni isə hər bir vətəndaşın mübarizəsi formalaşdırır. Nəhayət, Zülfüqar Hüseynzadə illərlə yazdığı torpağa məcburi köçkün kimi deyil, qalib dövlətin vətəndaşı və jurnalist kimi qayıdanlardan biri oldu. Azad Başlıbeldə onun reportajlarının ən təsirli hissəsi şəxsi taleyi ilə ölkənin tarixinin bir hekayədə əks olunması idi. Baş Prokurorluğun əməkdaşları ilə dağıdılmış ata-baba evlərinin yerləşdiyi ərazidə nənəsinin qalıqlarını axtarırdı. Bir vaxt həmin kənddən çıxan 23 yaşlı gənc 28 ildən sonra azad edilmiş Başlıbelə qayıtmışdı. Zülfüqar Hüseynzadənin 2021-ci ildə yazdığı məqalənin adı bir qələm adamının mənəvi aləminin barometridir: “Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...” Bir sərlövhədə onun publisistikasının əsas qayəsi əks olunurdu: ailə yaddaşı, Kəlbəcər, şəhid, Vətən və borc hissi. İllərlə Kəlbəcərin həsrətini yaşadı. Azadlığını gördü. Başlıbelə bir dəfə deyil, dəfələrlə qayıtdı. Doğma kəndindən yazdı, görüntülər paylaşdı, ailəsinin izlərini axtardı. 18 iyun 2023-cü ildə yenə Başlıbeldə arzularının və idealının zirvəsində, həyatından uca tutduğu torpaqda vaxtsız əbədiyyətə qovuşdu. Bir qələmin Şuşa və Murov yüksəkliyində tamamlanan ömür hekayəsi beləliklə, zamansızlaşdı. Lakin xalqı və dövləti qarşısında qoyub getdiyi irs qiymətli miras kimi yaşamağa layiqdir. Onun xatirəsinin yaşadılması da təsadüfi deyil. Moderator.az tərəfindən Zülfüqar Hüseynzadənin adına jurnalist müsabiqələrinin keçirilməsi artıq uğurlu bir ənənəyə çevrilib. Seçimlərin Kəlbəcər, Qarabağa qayıdış, milli dəyərlər və analitik jurnalistika ilə bağlı olması onun adının hansı mənəvi və peşəkar xətt üzrə yaşadıldığını göstərir. Zülfüqar Hüseynzadənin xatirəsinin Kəlbəcərdə əbədiləşdirilməsi yalnız bir jurnalist haqqında xoş niyyətli təşəbbüs sayılmamalıdır, fistedadlı və milli bir qələm sahibinin bioqrafiyasından doğan mənəvi haqqdır. Başlıbeldə doğulan, Birinci Qarabağ müharibəsində iştirak edən, işğaldan sonra Kəlbəcər həsrətini onilliklər boyu qələmində yaşadan, Qarabağ məsələsini yüzlərlə yazı və müsahibənin mövzusuna çevirən, Qələbəni görən, azad Kəlbəcərə dəfələrlə qayıdan və ömrünün son gününü də doğma yurdda keçirən jurnalistin bir yaddaş ünvanının olması yerinə düşərdi. Söhbət mütləq böyük monumentdən getmir. Başlıbeldə onun həyat yolu ilə bağlı uyğun yerdə xatirə lövhəsi, kiçik memorial guşə yaradıla, gələcəkdə Kəlbəcərdə uyğun ictimai məkanlardan birinə adı verilə bilər. Xüsusilə onun son səfərləri, doğma kəndindən hazırladığı materiallar və həyatının məhz burada tamamlanması nəzərə alınaraq həmin məkan jurnalistlərin, qələm adamlarının, gənclərin və Kəlbəcərə gələn insanların ziyarət ünvanlarından birinə çevrilə bilər. Ali Baş Komandanın Zəfəri əbədiləşdirdiyi kimi, sayı 70 mindən artıq orden və medallı oğulların davamı əqidəli jurnalistikaya və jurnalistlərə verilən qiymətin yaşadılmasıdır. Savaşı bir nömrəli xüsusi təyinatlı missiyada keçirən dövlət başçısımızın yaratdığı ənənələr həm də milli mətbuatımızın qürurlu sabahını formalaşdırır. İstər müharibə dövründə, istərsə də Qələbədən sonra peşəkar fəaliyyətini həyata keçirərkən şəhidliyə ucalan qələm adamlarına verilən dəyər dövlətimizin yüksək ehtirama layiq siyasi kursudur. Zülfüqar Hüseynzadənin bioqrafiyasında başlanğıcla sonu arasında nadir bir bağlılıq - Murov yüksəkliyi var. Saflığı zirvə qədər təmiz, Kəlbəcərə bağlılığı qayalar qədər möhkəm, Vətən dedikdə qəlbi və qələmi coğrafi zirvələri qədər uca bir insanın həyat yolu hər zaman ehtirama layiqdir. Qələmini əqidəsi ilə daşıyan jurnalistlər hər zaman xalqımızın xatirəsində hörmətlə yaşayacaqdır.
Kateqoriya: Sosium
Tarix: 24-08-2026 16:20
Baxış sayı: 311Yazı axını
24 / 08 / 2026
24 / 08 / 2026
24 / 08 / 2026
23 / 08 / 2026
22 / 08 / 2026
22 / 08 / 2026
21 / 08 / 2026
20 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
19 / 08 / 2026
18 / 08 / 2026
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
Ən çox oxunanlar




























