Müstəqillik Günümüz sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!

27-05-2025 20:00


Tural Akif oğlu VƏLİZADƏ 
Bakı Qızlar Universitetinin baş müəllimi,
Bakı Dövlət Universitetinin 
doktorantı
[email protected] 



Bu gün qüdrətli xalqımız tərəfindən istiqlaliyyəti elan olunan ilk respublikamız - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 ötür.
Köləliyə və zorakılığa boyun əyməyən Azərbaycan xalqı, müstəqilliyinə və gələcəyinə düşmən kəsilən işğalçılara qarşı başladığı azadlıq mübarizəsini 28 may 1918-ci ildə zəfərlə, istiqlaliyyətlə taclandırdı. Azərbaycan xalqının mübarizəsi və müdaxiləsi ilə müsəlman Şərqində ilk demokratik 
Cümhuriyyət yarandı.
Azərbaycan bünövrəsiz, köksüz, amorf və yeni yaranmış dövlət deyil və heç vaxt olmamışdır. Azərbaycan dövlətçiliyinin minilliklərə söykənən tarixi var. Bu dövlətçilik min illər boyu ürəkdən ürəyə, nəsildən nəslə ötürülən möhtəşəm bir xəzinədir.
Azərbaycan xalqının istiqlal şərəfinə düşkün olması tarixi bir həqiqətdir.
Savaşlarda göstərilən qəhrəmanlıq və fədakarlıq bu danılmaz və sarsılmaz milli həqiqətin əlamətidir. Azərbaycan Cümhuriyyətini quran milli iradənin və şüurun mənbəyi tam müstəqilliyə duyulan, tayı və bərabəri olmayan tarixi bağlılıqdır.
Ötən 107 il diqqətlə nəzərdən keçirildikdə, Cümhuriyyətin həm fikir, həm rejim və həm də idarəçilik baxımından ictimai vicdanda kök saldığı görüləcəkdir. Cümhuriyyət öz prinsip və hədəfləri, xalqın arzu və istəklərini müdafiə və təmin etmək keyfiyyəti ilə çətin ərəfələri aşıb sınaqlardan keçərək, xüsusilə Parlamentli hökumət sistemi ilə qüdrətinə güc qatmışdı.
Azərbaycan Cümhuriyyəti Azərbaycan millətinin şərəfidir. Unudulmamalıdır ki, Cümhuriyyətimizin qurulması ümidsizliyə, yoxsulluğa, ruh düşkünlüyünə, soyqırıma düçar olmuş bir xalqın varlığına olan inancın, bu boşluqdan hansı mübarizə üsulu ilə nəticə əldə edə biləcəyinə inamın nadir nümunəsidir.

Azərbaycan xalqının keçmişdə göstərdiyi qəhrəmanlıqlar imperializm altında inləyən və bərabərində kütləvi qətllərə düçar olan, vəhşiliklərə məruz qalan məzlum cəmiyyətlər üçün şübhəsiz ki, mütləq bir ilham mənbəyi olmuşdur.
28 May bütün azərbaycanlıları bir-birinə bağlayan tarixdir. Bu böyük dövlətin, bu qəhrəman xalqın nümayəndəsi olmaqdan şərəf duyuruq.
İnanıram ki, dünyanın harasında olursa olsunlar, bütün soydaşlarımız, dostlarımız 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi – çağdaş Azərbaycan Respublikası ilə qürur duyur, 44 gündə yazdığı şanlı tarixlə fəxr edir.
Şübhə yoxdur ki, Azərbaycan dövləti daim məsud, uğurlu və qalib olacaq, əbədi yaşayacaq və yaşadacaqdır.
İnanıram ki, bütün vətəndaşlarımız və dostlarımız buna əmindirlər ki, bu gün Azərbaycan daha güclü, daha səriştəli və daha qətiyyətli bir ölkədir. Birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza, vətənimizə, müstəqilliyimizə, gələcəyimizə yönəlmiş istənilən hücum uğurlu olmayacaqdır. Və heç bir qüvvə hədəflərimizə çatmağımıza mane ola bilməyəcəklər.
Bu hiss və düşüncələrlə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü – Müstəqillik bayramını sevgi və hörmətlə qeyd edir, sevimli millətimizə, dövlətimizə əbədi xoşbəxtlik arzulayırıq. Atalarımızın irsini qoruyan qəhrəman xalqımıza və bizə mənəvi dəstək olan bütün dostlarımıza ürəkdən təşəkkürümü bildiririk.

Min illərdir ki, müqəddəs vətən torpağını qanları ilə sulayan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qurucu babalarımızı, onların silahdaşlarını və müstəqillik mübarizəmizin bütün qəhrəmanlarını - dövlətimizin əbədi olacağı inancı ilə əsrlər boyu vətənimizə, millətimizə, dövlətimizə xidmət edən hər kəsi sonsuz ehtiram və minnətdarlıqla anırıq.
Azərbaycan Cümhuriyyətinin 107-ci ildönümü – Müstəqillik Günümüz sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun! 
 
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 27-05-2025 20:00
Baxış sayı: 344
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını