“Bu böyük dövlətin, bu qəhrəman xalqın nümayəndəsi olmaqdan şərəf duyuruq” – Tural Vəlizadə yazır...

07-11-2024 18:19
Qarabağ Zəfəri təpədən dırnağa kimi silahlanmış düşməni diz çökdürən, “Qarabağ Azərbaycandır!” deyimini tarixə qızıl hərflərlə həkk edən şanlı bir dastandır. Qəhrəman əsgərlərimizin inamı və əzmi, millətimizin misilsiz fədakarlığı ilə Qarabağda əldə edilən bənzərsiz zəfər ərazi bütövlüyümüzü, nəhaytində dövlət suverenliyimizi təmin etdi.

Qarabağ Zəfəri bir millət olaraq əbədi həmrəyliyimizi ifadə edir. Bu məmləkətin gələcək övladlarının cəsur əsgər, gizir və zabitlərimizin fədakarlıqlarından, birlik və bərabərliklərindən, Qarabağda həyata keçirdiyi ağır mübarizələrdən öyrənəcəkləri çox şey var.

Qarabağda bənzərsiz mübarizəsi ilə Azərbaycan milləti bütün işğala məruz qalanların ümidinə çevrildi, bir çox ölkələr Azərbaycan Ordusunun keçdiyi döyüş yolunu dərsliklərdə öyrənməyə başladı.

Müstəqil Azərbaycan Respublikası xalqımız tərəfindən çətin şərtlər altında əldə edilmiş unikal bir nailiyyətdir. Azərbayacan üzləşdiyi bütün çətinlikləri dəf edərək yoluna davam edən, xüsusilə son dövrlərdəki uğurları ilə bu gün dünyanın yüksələn gücləri arasında yerini tutmağı bacaran bir dövlətdir. Artan iqtisadiyyatı, prinsipial və uzaqgörən xarici siyasəti ilə Azərbaycan bölgəmizdə və dünyada ilham mənbəyi olmağa davam edir.

44 günlük Vətən Müharibəsi xalq-dövlət birliyini bir daha sübut etdi. Həmin günlər dövlətimiz ərazi bütövlüyünü təmin edərək işğalı əbədiləşdirməyə çalışanlara savaş meydanında öz layiqli cavabını verdi. Azərbaycan milləti, Azərbaycan dövləti qaranlıqların ən qaranlıq anında öz parlaq gələcəyini xəyaldan gerçəyə çevirə bildi.

44 günlük mübarizə tarixi millətimizin ən çətin şərtlər altında necə ayağa qalxa biləcəyini göstərən, gələcəyimizə ümid bəxş edən, atdığımız hər addımda dərs almalı olduğumuz bir dövrdür. Bu böyük dövlətin, bu qəhrəman xalqın nümayəndəsi olmaqdan şərəf duyuruq.

Cənab Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azərbaycan xalqı separatizmə, terrorizmə, işğala son qoyaraq bütün ölkə ərazisində dövlət suverenliyini bərpa etdi. İnanıram ki, dünyanın harasında olurlarsa olsunlar, bütün soydaşlarımız, dostlarımız xalqımızın 44 gündə yazdığı şanlı tarixlə fəxr edir, çağdaş Azərbaycanımızla qürur duyurlar. Böyük Zəfərdən aldığımız bu ilham və cəsarətlə Azərbaycanımızı daha işıqlı, daha firavan gələcəyə aparmaq üçün mübarizəmizi davam etdirməliyik.

Düşünürəm ki, bütün vətəndaşlarımız və dostlarımız buna əmin ola bilərlər ki, bu gün Azərbaycan 2023-cü ildən daha güclü, daha ağıllı və daha qətiyyətli bir ölkədir. Birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza, vətənimizə, müstəqilliyimizə, gələcəyimizə yönəlmiş istənilən hücum uğurlu olmayacaqdır. Nə Ermənistan, nə də onlardan istifadə edənlər hədəflərimizə çatmağımıza mane ola bilməyəcəklər.

Bu hiss və düşüncələrlə Azərbaycanımızın 8 noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm. Başda çağdaş Azərbaycanımızın memarı, ümummilli lider Heydər Əliyev olmaqla müstəqilliyimiz uğrunda fədakarcasına mübarizə aparan bütün ötənlərimizi və bu yolda canlarından keçən bütün şəhidlərimizi sayğı və rəhmətlə yad edirəm. Atalarımızın irsini qoruyan qəhrəman xalqımıza və bizə mənəvi dəstək olan bütün dostlarımıza sonsuz təşəkkürümü bildirirəm. Şəhidlərimizin ruhu şad olsun! 8 noyabr – Zəfər Günü mübarək olsun!


Tural Akif oğlu Vəlizadə
Milli Müdafiə Universitetinin müəllimi

[email protected]


Kateqoriya: Sosium
Tarix: 07-11-2024 18:19
Baxış sayı: 290
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını